Təbii qaz ixracının artması ölkəmizə yeni vəsaitlər gətirəcək
Tarix: 08.09.2016 | Saat: 20:16:00 | E-mail | Çapa göndər


Dünya bazarlarında neftin qiymətinin azalması yeni situasiya yaradıb. 2014-cü ilin ortalarında neftin qiyməti 110-115 dollar təşkil edib, daha sonra neft ucuzlaşmağa başlayıb və hazırda 45-50 dollar çərçivəsindədir. Nəticədə, neft şirkətləri iri həcmdə itkilərlə üzləşiblər. Söhbət neft şirkətlərinin ziyana işləməsindən getmir, şirkətlərin əldə etdikləri gəlirlər kəşfiyyata ciddi vəsaitlər ayırmağa imkan vermir. “Wood Mackenzie” şirkətinin hesablamalarına görə, əgər 2014-cü ildə neft şirkətlərinin kəşfiyyat xərcləri 100 mlrd. dollar təşkil edibsə, 2016-cı ildə bu rəqəm cəmi 40 mlrd. dollara bərabərdir. Proqnozlara görə, kəşfiyyata ayrılan xərclər hələ iki- üç il bu səviyyədə qalacaq. Dünya neft sənayesi indi o həddə çatıb ki, mövcud olan yataqlar artıq kəşf edilib, hətta onların əksəriyyəti artıq işlənilir, ehtiyatları artırmaq üçün əsasən çətinliklə gedilə bilən ərazilər, o cümlədən dərin dəniz əraziləri qalır.
Qara qızılın qiymətinin aşağı düşməsi neft ixrac edən ölkələrin iqtisadiyyatına təsirsiz ötüşməmiş və həmin ölkələri digər enerji mənbələrinin istehsal potensialını artırmağa sövq edib. Neft-qaz kimi təbii sərvətlərlə zəngin olan Azərbyacan Respublikasının iqtisadiyyatına isə neftin qiymətinin aşağı düşməsi ciddi təsir etməmiş, ölkəmizdə digər enerji mənbələrinin istehsalı artırılmış və qeyri-neft sektorunun inkişafına dövlət dəstəyi gücləndirilib. Ölkəmizdə təbii qazın istehsalının artırılması və dünya bazarına çıxarılması üçün təkcə ölkə səviyyəsində yox, regional və beynəlxalq səviyyədə tədbirlər görülüb. Ölkəmizdə, hesablamalara əsasən, qaz ehtiyatı 2,5 trilyon kubmetr proqnozlaşdırılır və bəzi mütəxəssislər hesab edirlər ki, bu ehtiyat hətta 5 trilyon kubmetrə çata bilər. “Şahdəniz”, “Abşeron”, “Naxçıvan”, “Şəfəq”, “Asiman”, “Zəfər-Məşəl”, “Ümid”, “Babək” və s. kimi qaz yataqları bizlərə Azərbaycan qazını dünya enerji bazarına ixrac etməyə imkan verir. Prezident İlham Əliyev də qaz ehtiyatlarımızın daha çox olmasına diqqəti çəkib: “Potensial ehtiyatlarının həcmi 5 trilyon kubmetr təşkil edir. Belə həcm bizim üçün, qonşularımız və Avropa istehlakçıları üçün ən azı 100 ilə kifayətdir”.
Statistik məlumatlara görə, “Ümid” yatağında 200 mlrd kubmetr qaz- 40 mln ton kondensant, “Babək” yatağında 400 mlrd kubmetr qaz-80 mln ton kondensant, “Abşeron” yatağında 350 mlrd kubmetr qaz-45 mln. ton kondensant və ən böyük qaz yatağımız olan “Şahdəniz” yatağında isə 1 trilyon kubmetr qaz-300 mln ton kondensant ehtiyatları var. Bu ehtiyatlar Azərbaycana dünya bazarına çıxmağa imkan verməklə yanaşı, həm də regionda təhlükəsizliyin təminatcısına çevrilir.
Görülən işlərin nəticəsidir ki, Azərbaycanın qaz ixracatı ildən-ilə artır. 2016-cı ilin yanvar ayının nəticələrinə görə, Türkiyə Azərbaycandan 594,46 milyon kubmetr qaz idxal edib ki, bu da 2015-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 2.9% və ya 17.1 milyon kubmetr çoxdur.
Dövlət rəsmilərinin dəfələrlə səsləndirilən bəyanatlarına əsasən, ölkədə alternativ enerji sektorunun inkişafı, digər məsələlərlə yanaşı, ənənəvi enerji daşıyıcılarının ixracatının artırılmasına gətirib çıxaracaq. Burada söhbət tək neftdən deyil, həm də qazdan gedir, çünki Azərbaycanda elektrik enerjisinin istehsalı ilk növbədə qaz hesabına edilir. Hökumətin məntiqinə görə, alternativ enerjinin istifadəsi hesabına sərbəstləşən qaz həcmləri ixracata yönəldilə bilər.
Enerji daşıyıcıları ilə zəngin olan ölkələrin əsas problemlərindən biri bu ehtiyatların sərfəli qiymətlərlə xarici bazarlara nəqli məsələsidir. Azərbaycan dövlətinin, xüsusən də Prezident İlham Əliyevin bu sahədəki məqsədyönlü fəaliyyəti təbii qazın ixracı ilə bağlı problemlər həllini tapıb. 2007-ci ildə Azərbaycan Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihəsini reallaşdırdı. Hazırda isə “Cənub” Qaz Dəhlizi- TANAP-TAP irimiqyaslı qaz nəqli layinəsinin həyata keçirilməsinə başlanılıb.
Respublika Prezidenti 2016-cı ildə bu haqda çıxışlarının birində vurğulayır: “Neft-qaz sektoru ilə bağlı bu ilin fevral ayında Bakıda “Cənub” Qaz Dəhlizi Məşvərət Şurasının ikinci toplantısı keçirilmişdir. Məşvərət Şurası toplantısının yekunları ilə bağlı Birgə Bəyannamə imzalanmışdır. Bu Bəyannaməni 11 ölkə imzalamışdır.... Sənəddə Azərbaycanın bu işlərdə aparıcı, strateji, liderlik rolu qeyd edilib. Yəni bu, artıq bütün beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilir və bilinir, tanınır ki, əgər biz təşəbbüs göstərməsəydik, əgər biz maliyyə vəsaiti ayırmasaydıq, “Cənub” Qaz Dəhlizi gözəl ideya kimi hələ qalacaqdı, bunu onilliklər bundan sonra da müzakirə edəcəkdik. Biz bu ideyanı reallığa çeviririk. “Cənub” Qaz Dəhlizi bizim üçün çox böyük əhəmiyyətə malik olan bir layihədir və imkan verəcək ki, zəngin qaz resurslarımızı ixrac edək. Əgər bu layihə icra edilməsəydi bu ehtiyatlar dənizin dibində qalacaqdı. Biz onları çıxarırıq, minlərlə, on minlərlə iş yeri yaradılmaqdadır. Azərbaycanın ixrac potensialı güclənəcək. Bizim önəmimiz daha da artacaq. Azərbaycan Avropa üçün əvəzolunmaz ölkəyə çevrilir. Bizim maraqlarımız təmin ediləcək, gücümüz daha da artacaq”.
Ölkəmizin coğrafi mövqeyi, regional dövlətlərin və Mərkəzi Asiya ölkələrinin təbii sərvətlərinin ixracına imkan yaratmaqla Azərbaycanı tranzit ölkəyə çevirir. Dünyada çox böyük qaz ehtiyatlarına malik olan Türkmənistanın Avropa bazarına çıxışı yalnız Azərbaycan vasitəsilə mümkündür. İranın təbii sərvətlərinin Azərbaycan üzərindən nəqli də Azərbaycana tranzit ölkə kimi vəsait gətirəcək.
Region ölkələri arasında iqtisadi əlaqələrin güclənməsi siyasi münasibətlərin daha da möhkəmlənməsinə şərait yaradır. Bu haqda 8 avqust 2016-cı ildə Bakıda Azərbaycan, Rusiya, İran prezidentlərinin üçtərəfli zirvə görüşündə İran prezidenti Həsən Ruhani belə deyib: “Müxtəlif potensiallardan istifadə, enerji məsələləri, habelə geosiyasi, coğrafi mövqe üç qonşu ölkə arasında əlaqələrin genişləndirilməsi baxımından böyük bir fürsətdir”. Rusiya prezidenti Vladimir Putin isə regional əməkdaşlığı belə qiymətləndirdi:“Üç ölkəni birləşdirən əsas amil geniş əhatəli regional və qlobal məsələlərə yanaşmanı əlaqələndirməyə hazır olmağımız, ticari-iqtisadi sahədə çoxplanlı praktiki əməkdaşlığı bundan sonra da genişləndirmək istəyimizdir”.
Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti – SOCAR rəhbərliyi Xəzərin İran və Rusiya sektorlarında aparılan işlərdə iştirak etməkdə maraqlı olduğunu bildirib.
Beləliklə, təbii qaz istehsalı və ixracatının artması ölkəmizə həm yeni maliyyə vəsaitləri gətirəcək, həm də regional əməkdaşlığı gücləndirəcək.
Mahmud Sadıqov

































 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Birinci vitse-prezident Mehriban Əliyeva İtaliya Senatının sədri ilə görüşüb
25.09.2018
Prezident “ADEX-2018” Beynəlxalq müdafiə sərgisi ilə tanış olub
25.09.2018
Dövlət Gömrük Komitəsi 3 istiqamətdə islahatlar aparır
25.09.2018
Yaxın gələcəkdə Ticarətin Asanlaşdırılması Mərkəzi istifadəyə veriləcək
25.09.2018
Birinci vitse-prezident Mehriban Əliyeva İtaliyaya rəsmi səfərə gedib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10142

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info