“Prezidentin sərəncamı ölkəmizdə turizmin inkişafına yeni təkan verəcək”
Tarix: 10.09.2016 | Saat: 00:31:00 | E-mail | Çapa göndər


“Azərbaycanda turizmin mövsümi xarakter daşımasının aradan qaldırılması ilə bağlı işlər də davam etdiriləcək”
Qeyri-neft sektorunun sürətli inkişafına nail olmaq, iqtisadiyyatın səmərəliliyini, rəqabət qabiliyyətini artırmaq və innovasiya əsaslı irəliləyişini təmin etmək Azərbaycan dövlətinin iqtisadi siyasətinin prioritet istiqamətlərindəndir. Ötən dövr ərzində qeyri-neft sektorunun prioritet sahələrindən olan turizm sənayesində görülmüş məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda bu sektorun inkişafı üçün münbit şərait yaradılıb və milli turizm kompleksinin rəqabətə davamlılığı yüksəldilib. Ölkədə turizm infrastrukturunun inkişaf etdirilməsi və beynəlxalq standartlara cavab verən turizm xidmətlərinin formalaşdırılması bu sahənin qanunvericilik bazasının və dövlət tənzimlənməsi mexanizmlərinin təkmilləşdirilməsini, mövcud turizm potensialından istifadə imkanlarının genişləndirilməsini, regionlarda turizm fəaliyyətinin stimullaşdırılmasını, yeni turizm marşrutlarının yaradılmasını zəruri edir. Qeyd edək ki, bu günlərdə ölkə başçısı tərəfindən imzalanan turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında sərəncam da məhz bu istiqamətə yönəldilib.

“Turizm kənd təsərrüfatı ilə bərabər, ən çox gəlir gətirən sahədir”
Bu günlərdə Prezident İlham Əliyev bölgələrə səfəri zamanı da ölkədə turizmlə bağlı mövcud vəziyyət və bu sektorun inkişafı istiqamətində həyata keçirilən tədbirlərə toxunub. Xaçmaz rayonuna səfəri zamanı ölkə başçısı rayon ictimaiyyəti ilə görüşündə bildirib ki, rayonun turizm potensialı daha da geniş olmalıdır: “Düzdür, son vaxtlar Xaçmaz rayonunda, xüsusilə Yalama-Nabran zonasında çoxlu istirahət zonaları yaradılıb və turistlərin sayı kifayət qədərdir. Ancaq hesab edirəm ki, bu, daha da geniş vüsət ala bilər, daha da keyfiyyətli xidmət göstərilə bilər. Əlbəttə ki, burada ekoloji məsələlər də öz həllini tapmalıdır. Müvafiq göstərişlər verilib. Yolların çəkilişi ilə bağlı artıq işlər görülür. Bax, bu Xudat-Yalama-Zuxuloba yolu, eyni zamanda, turizm obyektlərinə gedən yoldur. Sahil yolu da var, lazım olarsa, orada da təmir-bərpa işləri aparılacaq. Çünki turizm bu zona üçün kənd təsərrüfatı ilə bərabər, ən çox gəlir gətirən sahədir. Biz bu sahələri inkişaf etdirməliyik”.
Qusar rayonuna səfəri zamanı isə ölkə başçısı rayonun böyük turizm potensialı olduğunu deyib: “Mən ötən səfərimdə də qeyd etmişdim ki, biz Qusarı beynəlxalq turizm mərkəzinə çevirməliyik - nəinki ölkə miqyasında, beynəlxalq miqyasda. Biz artıq buna nail oluruq. “Şahdağ” Turizm Mərkəzi bu gün dünya miqyasında öz gözəlliyi, rahatlığı, yaradılmış şəraiti ilə fərqlənir. Yadımdadır, ilk dəfə o yerlərdə olanda, orada heç nə yox idi - heç bir infrastruktur, yol, işıq, qaz, su, çılpaq dağlar idi. İndi isə dünya səviyyəli beynəlxalq kurort yaradılıb, 5 otel fəaliyyət göstərir, minlərlə rayon sakini işlə təmin edilib və hər il buraya 10 minlərlə turist gəlir, həm ölkə daxilindən, həm də xaricdən. İnsanlara şərait yaratmışıq. Azərbaycanda, ümumiyyətlə, heç vaxt dağ xizəyi kurortu olmayıb. Biz bunu yaratmışıq və bu gün vəzifə ondan ibarətdir ki, bu kurort zonası yay mövsümündə də tam gücü ilə işləsin. Bu ilin yayında Qusara gələn turistlərin sayı artıb və əslində, bu mərkəz ilboyu fəaliyyət göstərməlidir. Çünki Azərbaycana gələnlərin sayı getdikcə artır. Ölkə vətəndaşları daha çox Azərbaycanda dincəlməyə üstünlük verirlər. Çünki indi bizim gözəl imkanlarımız - gözəl otellər, istirahət zonaları, yollar var”.

“Yaxın gələcəkdə 2 və 3 ulduzlu hotellər şəbəkəsinin yaradılması nəzərdə tutulur”
Ölkə başçısının turizmlə bağlı müvafiq sərəncamının bu sektorun inkişafında mühüm rolu olacağını mütəxəssislərimiz də təsdiq edirlər. Bu istiqamətdə keçirilən tədbirlərdən biri kimi dünən Azərbaycan Turizm Assosiasiyasında (AZTA) turizm şirkətlərinin nümayəndələri ilə toplantı keçirilib. Toplantıda Prezident İlham Əliyevin sentyabrın 1-də imzaladığı “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamdan irəli gələn məsələlər geniş müzakirə olunub.
Sərəncamın əhəmiyyətini diqqətə çatdıran mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Azərbaycanda turizm sənayesinin inkişafı üçün atılan addımlar öz bəhrəsini verməkdədir: “Bu gün turizm Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun aparıcı qüvvəsinə çevrilməkdədir. Son bir neçə ildə ölkəmizdə böyük turizm infrastrukturu qurulub, brend hotellər istifadəyə verilib. Bunun nəticəsində dünya turizm bazarında Azərbaycan lüks turizm xidmətləri təklif edən ölkə kimi tanınıb. İndi bu sahədə görülən işlər davam etdirilməkdədir. Yaxın gələcəkdə 2 və 3 ulduzlu hotellər şəbəkəsinin yaradılması nəzərdə tutulur. Bununla da ölkəmizə müxtəlif təbəqələrdən olan xarici turistlərin axını təmin edilmiş olacaq”.
Əbülfəs Qarayev turizm sənayesinin inkişaf etdirilməsinin Prezident İlham Əliyevin xüsusi diqqət mərkəzində olduğunu vurğulayıb. Qeyd edib ki, bu istiqamətdə aparılan islahatlar son illər daha da intensiv xarakter alıb.
Dövlət başçısının sentyabrın 1-də imzaladığı sərəncam respublikamızda turizmin inkişafına yeni təkan verəcək. Sərəncamda Turizm Şurasının yaradılması, turizm sahəsinin müasir tələblər baxımından yenidən qurulması, ölkənin turizm potensialının təşviqi, yeni əlverişli aviareyslərin açılması, ticarət festivallarının (“shopping festival”) keçirilməsi, o cümlədən digər mühüm məsələlər öz əksini tapıb və müvafiq tapşırıqlar verilib. Nazir deyib: “Bu Sərəncam Azərbaycan turizminin inkişafının növbəti mərhələsini müəyyən edərək, turizm sənayesində çalışan hər bir işçinin üzərinə məsuliyyət qoyur. İndi ölkəmizdə mövcud olan bütün turizm sənayesi işçiləri xidmət səviyyəsinin daha da yüksəldilməsi işinə öz töhfəsini verməlidir. Bu məqsədlə Azərbaycan Turizm və Menecment Universiteti Azərbaycan Turizm Assosiasiyası ilə birlikdə xidmət sahəsində çalışanlar üçün kursların, treninqlərin təşkili istiqamətində işlərin həyata keçirilməsini də nəzərdə tuturuq”.
Nazir vurğulayıb ki, Azərbaycanda turizmin mövsümi xarakter daşımasının aradan qaldırılması ilə bağlı işlər də davam etdiriləcək. Bunun üçün dəniz turizminin inkişafı, rekreasiya zonalarının yaradılması, sağlamlıq turizminin növlərinin artırılması, qış turizminin daha da inkişaf etdirilməsi də əsas istiqamətlərdəndir. Həmçinin Azərbaycana xarici turistlərin cəlb olunması üçün təbliğat işlərinin gücləndirilməsinin vacibliyini qeyd edib.
Ölkəmizdə tətbiq olunan “Tax free” sisteminin əhəmiyyətinə toxunan Əbülfəs Qarayev bildirib ki, bu sistemə qoşulan ticarət obyektlərinin sayının artırılması təmin olunacaq. Ticarət festivallarının (“shopping festival”) keçirilməsi istiqamətində görüləcək işlərlə əlaqədar olaraq turizm obyektləri də müvafiq təkliflər verə bilərlər. Həmçinin ölkə başçısının müvafiq sərəncamına uyğun olaraq, sentyabrın 27-si - Dünya Turizm Günü bu ildən etibarən Azərbaycanda “Turizm işçiləri günü” peşə bayramı kimi qeyd ediləcək.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info