Fındığı xarici valyutaya çevirək
Tarix: 15.09.2016 | Saat: 00:44:00 | E-mail | Çapa göndər


Mütəxəssislərin fikrincə, təsərrüfatçılarımız fındıq kollarının məhsuldarlığını iki dəfəyədək artıra və 100 milyon dollaradək gəlir əldə edə bilərlər

Ticari dəyəri yüksək məhsullardan biri fındıq hesab edilir. Hazırda Türkiyə dünya fındıq istehsalında ilk sırada yer alır və ümumilikdə fındıq istehsalının 62-65 faizini təşkil edir. 2013-cü il dünya fındıq istehsalında 1-ci yeri Türkiyə, 2-ci yeri İtaliya, 3-cü yeri isə 35 min ton istehsalla Azərbaycan tutub. Bundan başqa, Çin, İran, Çili, Avstraliya və Fransa fındıq istehsalında əhəmiyyətli ölkələrdəndir. Siyahıdakı ölkələrlə yanaşı, kiçik miqdarlarda istehsal edən digər ölkələr də vardır ki, bunlara Polşa, Yunanıstan, Belarus və digər ölkələr daxildir. Fındıq istehsalında ilk yeri tutan Türkiyə bu sahədə yeni bir layihəyə başlayır. Belə ki, Türkiyə Elm, Sənaye və Texnologiya Nazirliyi tərəfindən həyata keçirilən rəqabətədavamlı sektorlar proqramı çərçivəsində noyabrın 1-də açılacaq birja Türkiyənin ilk lisenziyalı Fındıq Anbarı və Birjası (FAB) olacaq. Birjanın fəaliyyətə başlaması ilə fındığın beynəlxalq rəqabət gücünü və istehsal keyfiyyətini artırmaq hədəflənib. Eləcə də layihədə dünya fındıq qiymətlərinin Avropa İttifaqındakı birjalar əvəzinə Giresundakı birja tərəfindən müəyyənləşdirilməsi istiqamətində addımlar atılması nəzərdə tutulur. Birjanın açılması sahibkarlara və istehsalçılara da bir çox üstünlüklər verəcək. Qeyd edək ki, Türkiyə 2014-2015-ci ildə isə 217 min 500 ton fındıq ixrac edib ki, nəticədə təxminən 2,9 milyard dollar valyuta əldə edib.

Həm kəndlilər, həm dövlət üçün ən çox gəlir gətirən məhz fındıqçılıqdır

Ölkəmizdə də qeyri-neft sektoru inkişaf edir və bu gün ölkəmizin iqtisadiyyatının təxminən 70 faizini təşkil edir. Qeyri-neft sektorunun inkişafı kənd təsərrüfatına diqqətin daha da artırılmasını tələb edir. Bu baxımdan ölkəyə valyuta gətirən müxtəlif kənd təsərrüfatı məhsullarının istehsalına önəm verilməsi vacibdir. Bu sahədə əsas məhsullardan biri kimi fındıq ixracı böyük əhəmiyyət kəsb edir. Hazırda bu məhsulun 80-90 faizi xaricə satılır. Əvvəllər ölkəmizin ləpə və qabıqlı fındığın ən böyük bazarı Rusiya olsa da, hazırda Avropada Azərbaycan fındığı keyfiyyətli məhsul kimi tanınmağa başlayıb. Keçən il fındığın ixracından Azərbaycana 90 milyon dollar vəsait gəldiyini deyən ölkə başçısı bildirib ki, fındıq istehsalında Azərbaycan dünya miqyasında 3-cü və 4-cü yerdədir və bizim məhsulumuza çox böyük tələbat var. Təkcə şimal-qərb zonasında deyil, bir çox rayonlarda fındıq istehsalı mümkündür. Ona görə, bütün rayonlar üzrə araşdırmalar aparılmalıdır, harada münbit iqlim şəraiti var, dövlət burada çox ciddi dəstəyini göstərməlidir ki, fındıqçılıq sürətlə inkişaf etsin və insanlar daha çox pul qazansınlar.
Bugünlərdə Prezident İlham Əliyev Xaçmaz rayonuna səfəri çərçivəsində “Yalama” Südlük-Maldarlıq üzrə Damazlıq Dövlət Kənd Təsərrüfatı İstehsalı Müəssisəsinin bazasında yaradılmış Yalama Aqroparkının açılışında iştirakı zamanı bir daha bu sahənin inkişafına toxunaraq bildirib ki, kənd təsərrüfatının inkişafı, ixrac potensialına malik məhsulların yetişdirilməsi, xüsusilə fındıqçılıqla bağlı əlavə tədbirlər görüləcək: “İndi biz bu sahəyə daha böyük diqqət yetirməliyik. Çünki həm kəndlilər, həm dövlət üçün ən çox gəlir gətirən məhz fındıqçılıqdır. Mənə verilən məlumata görə, indi təqribən 5 min hektar fındıq bağları var. Biz onların ərazisini genişləndirməliyik. İndi təkliflər hazırlanır. Dövlət də öz dəstəyini verəcək, kömək göstərəcək ki, bu sahə daha da sürətlə inkişaf etsin, insanlar daha çox pul qazansınlar və ölkəmizə valyuta gətirsinlər. Çünki bu, ixrac məhsuludur”.
Ölkə başçısının bu tövsiyəsindən irəli gələrək artıq bir sıra bölgələrdə bu istiqamətdə ciddi tədbirlərin həyata keçirilməsinə başlanılıb. Qeyd edək ki, ölkəmizdə 30 min hektar sahədə fındığın 130-dan çox sortu yetişdirilir.
Kənd təsərrüfatı naziri Heydər Əsədov da bildirib ki, yalnız Xaçmaz rayonu üzrə 2015-ci ildə 4650 hektardan çox fındıq bağından 4 min tona yaxın məhsul götürülüb. 2016-cı ilin məhsul yığımının əvvəlindən bəri isə həmin bağlardan 3 min tondan çox fındıq məhsulu emal müəssisələrinə və qəbul məntəqələrinə təhvil verilib. Hazırda fındıq məhsulunun yığımı və təhvili işləri davam etdirilir. Prezident İlham Əliyevin ölkəmizdə fındıq ağaclarının əkininin artırılması ilə bağlı verdiyi tapşırığa uyğun olaraq 2016-2017-ci illərdə Xaçmaz rayonunda əlavə olaraq 5016 hektarda fındıq bağının salınması nəzərdə tutulub. Fındıq bağı salınacaq torpaqların 2070 hektarı dövlət, 2946 hektarı bələdiyyə mülkiyyətindədir. Həmin ərazilərin 1596 hektarı asudə dövlət ehtiyat fondunun torpaqları, 2946 hektarı örüş və boş torpaqlar, 474 hektarı isə meşə fonduna aid boş torpaqlardır.
İsmayıllıda dövlət başçısının tapşırığı ilə fındıqçılığın əsaslı inkişaf istiqamətlərinin müəyyənləşdirilib və yeni bağlar salınacağı ərazilər müəyyənləşdirilib, fındıq bağlarının 2000 hektara, illik məhsul istehsalının 4000 tona çatdırılacağı nəzərdə tutulub.
Ölkə başçısının regionların mövcud iqtisadi potensialından daha səmərəli istifadə olunması ilə bağlı verdiyi tapşırığın icrasını təmin etmək məqsədilə Oğuz rayonunda da fındıqçılığın inkişaf etdirilməsi üçün konkret hədəflər müəyyənləşdirilib. Kənd əhalisinin əsas gəlir mənbələrindən olan fındıqçılığı inkişaf etdirmək üçün yaxın illərdə rayon ərazisində 2 min hektarda yeni fındıq bağlarının salınması nəzərdə tutulur. Hazırda isə rayonda mövcud fındıq bağlarının ümumi sahəsi 1555 hektardır. Bu bağların 1122 hektarı barverəndir. 2015-ci ildə rayonun fındıq bağlarından 996 ton məhsul əldə olunub.
Balakən rayonunda da son illər bu gəlirli sahəyə maraq xeyli artıb. Təkcə bu il rayonda 139 hektar sahədə yeni fındıq bağları salınıb. Hazırda rayonda fındıq bağlarının ümumi sahəsi 4454 hektardır. Bu bağların 3449 hektarı barverəndir.
Qeyd edək ki, ötən il rayonun fındıq bağlarından 4 min tondan çox məhsul götürülüb.
Artıq göründüyü kimi, bölgələrdə bu sahəyə maraq getdikcə artmaqdadır. Hazırda fındıq bağlarının, istehsalın artırılması istiqamətində tədbirlər həyata keçirilir. Mütəxəssislərin fikrincə, təsərrüfatçılarımız fındıq kollarının indiki məhsuldarlığını iki dəfəyədək artıra bilər və ölkəmiz 100 milyon dollaradək gəlir əldə edə bilərlər. Eyni zamanda biz bu sahədə qonşu Türkiyədə fəaliyyətə başlayacaq FAB-ın fəaliyyətindən də yararlanmalıyıq.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info