“Referendum xalqın iradəsinin birbaşa təzahürüdür“
Tarix: 15.09.2016 | Saat: 00:48:00 | E-mail | Çapa göndər


Eldar Mirzəliyev: "Konstitusiyada yaş senzi ilə əlaqədar dəyişikliklərdə seçmək və seçilmək hüququnun yaş həddi baxımından eyniləşdirilməsi gənclərə verilən önəmin nümunəsidir"

Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi ilə bağlı sentyabrın 26-da referendumun keçirilməsi gənclər tərəfindən də alqışla qarşılanıb. Elə müsahibimiz gənc ictimai fəal, Bakı şəhər Suraxanı rayon Qaraçuxur Bələdiyyəsi Yerli Büdcə Məsələləri Daimi Komissiyanın sədr müavini Eldar Mirzəliyev də qəzetimizə müsahibəsində bu haqda danışıb.
-26 sentyabrda referendumun keçirilməsi hansı zərurətdən irəli gəlib?
-Hər birimizə məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26 iyul 2016-cı il tarixli sərəncamına əsasən 26 sentyabr 2016-cı il ümumxalq səsverməsi (referendum) günü kimi təyin edilib.
İlk olaraq qeyd edim ki, referendum xalqın iradəsinin birbaşa təzahürüdür. Azərbaycan Respublikası Konstitusiyası Azərbaycan xalqına referendum yolu ilə öz suveren hüququnu reallaşdırmaq imkanı verir, həmçinin xalq referendum yolu ilə dövlət və cəmiyyət üçün çox zəruri, taleyüklü məsələləri həll edir. Bu səbəbdən də bu gün hər birimiz üçün məsuliyyətli bir gündür.
Müstəqilliyimizi bərpa etdikdən sonra yeni Konstitusiya layihəsi üzərində ciddi iş başlandı. 1994-cü ildə ulu öndər Heydər Əliyevin sədrliyi ilə Konstitusiya komissiyası fəaliyyətə başladı və layihə 1995-ci ildə ümumxalq müzakirəsinə verildi. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Azərbaycanın Respublikasının ilk Konstitusiyası qəbul olundu.
Təcrübəli dövlət qurucusu, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün müdafiəsinə, qanunların aliliyinə, ədalətli iqtisadi və sosial qaydalara uyğun layiqli həyat səviyyəsinə, ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamağa, insan hüquq və azadlıqlarının müdafiəsinə təminat verən konstitusiya hazırlandı. Konstitutsiyamız bütün demokratik dəyər və prinsipləri özündə əks etdirir.
Müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunda konstitusiyaya iki dəfə-24 avqust 2002-ci ildə və 18 mart 2009-cu ildə əlavə və dəyişikliklər edilib. Yenidən belə bir zərurətin yarandığını nəzərə alan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 26 iyun 2016-cı il tarixində “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında” sərəncam imzalayıb.
Yeni təklif edilən Referendum Aktında Azərbaycan Respublikasının Konstitusiyasının 23 maddəsində dəyişiklik edilməsi, eyni zamanda 6 maddənin əlavə edilməsi nəzərdə tutulur.
Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizin demokratik yolla inkişafına ən başlıca təminatdır. Bu səbəbdən dəyişikliklərdə, əsasən, insan hüquq və azadlıqlarının qorunmasının gücləndirilməsi və dövlət idarəetməsinin təkmilləşdirilməsi nəzərdə tutulub. Ümumilikdə bütün əlavə və dəyişikliklər ölkədə baş vermiş əsaslı dəyişikliklərdən irəli gəlir.
-Bəziləri Konstitusiyaya ediləcək əlavə və dəyişikliklərin zəruriliyini, eləcə də mahiyyətini anlamadan bu haqda lüzumsuz fikirlər söyləyirlər. Bu haqda sizin fikriniz nədir?
-Yeni təklif edilən Referendum Aktı barədə siyasətçilər, millət vəkilləri, ekspertlər müxtəlif fikirlər söyləyiblər. Fikir ayrılığı olan əlavə və dəyişikliklərin bəziləri barədə fikir söyləmək istərdim.
İlk olaraq, bəziləri 58-ci maddəyə olan əlavə və dəyişikliklərin insan hüquqlarının məhdudlaşdırdığını söyləyir. Lakin bu dəyişiklik Avropa İnsan Hüquqları Konvensiyasına tam uyğundur və konvensiyanın insanlara birləşmək hüququ verən 11-ci maddəsinin 2-ci bəndində milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, iğtişaşın və cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan məhdudlaşdırmaların qoyulması barədə geniş yazılmışdı. Bu səbəbdən burada hər hansı insan hüquqlarının məhdudlaşdırılmasından söz gedə bilməz.
85-ci, 100-cü və 126-cı maddələrə yaş senzi ilə əlaqədar dəyişikliklərdə seçmək və seçilmək hüququnun yaş həddi baxımından eyniləşdirilməsi, yəni 18 yaş həddinə çatdırılması vətəndaşların konstitusion seçilmək hüququnun demokratik təminatının və gənclərə verilən önəmin nümunəsidir. Bu da gənclər və xalqımız tərəfindən müsbət qarşılanır.
98-ci maddəyə edilən yeni əlavəyə gəldikdə isə parlamentin ölkə rəhbəri tərəfindən buraxılması prosedurları bir çox Avropa ölkələri - Almaniya, Fransa, İtaliya, İrlandiya, Rumıniya, Ukrayna, Gürcüstanda, həmçinin MDB ölkələri - Rusiya, Moldova, Qazaxıstan, Qırğızıstanda da mövcuddur.
101-ci maddənin I hissəsinə edilən dəyişikliklə Prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə dəyişdirilməsi isə dünya təcrübəsində rast gəlinən bir məqamdır. Misal olaraq İsrail, İrlandiya və İtaliyanı göstərmək olar. Bu isə səlahiyyət müddəti zamanı dövlət başçısının inkişaf planının effektivliyini artırır.
Konstitutsiyaya yeni əlavə edilən 103-cü, 106-cı, 108-ci və 110-cu maddələrlə vitse-prezidentlər institutunun təsis edilməsi məsələsi gündəmə gəlibdir. Bu təcrübəyə bir çox dünya ölkələrində rast gəlmək olar. Vitse-prezidentlər institutu 1789-cu ildən ABŞ-da, Avropa ölkələrindən İsveçrə və Bolqarıstanda, daha çox Latın Amerikası və Afrika ölkələrində tətbiq olunur. Dövlət idarəetməsinin təkmilləşdirilməsi üçün biz də bu təcrübədən yararlana bilərik.
İnanıram ki, daima Prezident İlham Əliyevi dəstəkləyən Azərbaycan xalqı 26 sentyabr 2016-cı il tarixində keçiriləcək referendumda “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktına “HƏ” deyəcək.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır
09.11.2018
Azərbaycan Prezidentinin rəhbərliyi ilə uğurlu xarici siyasət fəaliyyəti həyata keçirilir
08.11.2018
“Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info