“Milli şura”nın daha bir uğursuzluğu
Tarix: 15.09.2016 | Saat: 00:50:00 | E-mail | Çapa göndər


Əhməd Oruc:
“Milli şura”nın mitinqindəki dini çağırışları qəti şəkildə qəbul edə bilmərəm”

Daha çox radikal müxalifət nümayəndələrinin toplandığı “milli şura” yenidən gündəmə mitinqlə gəlmək istədi. Böyük bir mitinq keçirəcəklərini vəd edən “milli şura” rəhbərləri sonda fiaskoya uğradıqlarını anladılar. Əslində, xaricdən maliyyələşən və ideyaları xaricdəki havadarlarından alan “milli şura” rəhbərləri bu mitinqi keçirməklə öz gəlirlərini artırmağı düşünürdülər. Xalqdan da dəstək almayan radikal müxalifətçilər, beləcə, Qərbin etimadını doğrultmadı. Qərb ölkələrinin səfirlərinə mitinqə on minlərlə adam çıxaracağını vəd edən Əli Kərimli “Məhsul” stadionunun yarısını doldura bilmədi. Məlumata görə, mitinqə ayrılmış vəsaitin əsaslı hissəsi AXCP sədri Əli Kərimli tərəfindən mənimsənilib. Bu da təəccüb doğurmur. Çünki xaricdən gələr gəlirlərin bölüşdürülməsi məsələsində dəfələrlə bu düşərgədə qalmaqalların şahidi olmuşuq ki,bu məsələdə də ittihamların da əsas hədəfi həmişə Əli Kərimli olub!
O da məlum olub ki, mitinqə adam cəlb etmək üçün bölgələrə ayrılan vəsait də ünvanına çatmayıb. Təsadüfi deyil ki, mitinq zamanı Əli Kərimli, Nurəddin Məmmədli və digər çıxışçılar aksiyaya az adam qoşulmasından məyusluqlarını gizlədə bilmədilər. Nurəddin Məmmədli mitinqə biganə qalanları cəhənnəmlə hədələdi. Mitinqin aparıcısı İlham Hüseyn isə mitinqi rədd edən ziyalıları təhqir etdi. Əli Kərimli mitinqə xalqın biganəliyini prosesin başlanğıc mərhələdə olması ilə əlaqələndirməyə cəhd göstərdi.
Mitinqin təşkilatçıları Taleh Bağırzadənin terrorçu tərəfdarlarını, islamçıları aksiyaya cəlb etməklə boşluğu doldurmağa çalışdılar.
Digər diqqətçəkən məqam isə o oldu ki, aksiya başlayandan 10-15 dəqiqə sonra iştirakçılar mitinqi tərk etməyə başladılar. Əli Kərimlinin çıxışı zamanı bu, daha intensiv xarakter aldı. Cəmil Həsənli sədri olduğu təşkilatın mitinqinə gəlmədi. Buna səbəb onunla Əli Kərimli arasında yaranmış ziddiyyətdir.
“Milli şura”nın mitinqi müxalifətin “xalqın müxalifəti dəstəkləməsi”, “hakimiyyəti istəməməsi” və s. bu kimi iddialarını alt-üst etdi. Qısası bu aksiya cəhdi radikal müxalifətin xalq tərəfindən qəbul edilmədiyini, insanların “milli şura” ideoloqlarının iddialarına qeyri-ciddi yanaşdığını açıq göstərdi.
Azadlıq Partiyasının sədri Əhməd Oruc mitinqlərin çıxış yolu olmadığını düşünür. O, “milli şura”nın tez-tez deyil, onlara lazım olan vaxtda mitinqlərlə gündəmə gəlmək istəməsini də anormal hal saydı: “Əslində hansısa çatışmazlıqlara etiraz bildirilməsi siyasətçilərin, partiya və siyasi qurumların işidir. Amma baxır onu hansı formada edirsən. Bir də məqsədin nədir burda. “Milli şura” da yaranan gündən geniş kütlədə dayaq tapmadı. Bu aksiya isə referendumla bağlı planlaşdırılsa da, orada xoşagəlməz şüarlar və çağırışlar oldu. Mən bunları qəti şəkildə qəbul edə bilmirəm. Xüsusən də orada hicabla bağlı çağırışlar arzuolunan deyildi ki, bunu da, təbii ki, aksiyaya cəlb edilən Taleh Bağırzadənin tərəfdarları səsləndirirdilər. Mən əvvəldən də demişəm ki, dövlətimizin Nardaranla bağlı yürütdüyü siyasət təqdir olunmalıdır. Amma mitinqlərə bu amildən yararlanıb, həmin dindar olduqlarını deyən insanları cəlb etmək və orada mitinqə dəxli olmayan şüarlar səsləndirmək ciddi narahatlıq doğurmalıdır. Buna da, yəqin ki, son qoyulacaq. Çünki məlum qanun layihəsi hazırlanır və aidiyyəti olmayan yerlərdə dini mərasimlərin keçirilməsi, çağırışların edilməsi, şüarların səsləndirilməsi və toplantılar qadağan ediləcək. Ümid edək ki, siyasi aksiyalarda da dindarlardan yararlanmaq halı bu qanunun təsiri ilə azalacaq”.
Siyasi şərhçi Elxan Şahinoğlu radikal müxalifət nümayəndələrinin aksiya qərarının təsadüfdən yaranmadığını deyir. O, referendumla bağlı keçirilməsi planlaşdırılan bu mitinqin sonda fərqli çağırışlarla təşkil olunmasını “milli şura”ya başucalığı gətirmədiyini dedi. Elxan Şahinoğlu radikal müxalifətin mitinqdən öncə səfirlərlə görüşlər təşkil etmələrini də təsadüfi hal saymadı: “Konstitusiya dəyişikliklərini nəzərdə tutan referenduma sayılı günlər qalıb. Ona görə də, bu mövzu ətrafında siyasi polemikanın genişlənməsi təbiidir. Qərb ölkələrinin səfirlərinin son zamanlar fəallaşmasını da yaxınlaşmaqda olan Konstitusiya dəyişiklikləri ilə əlaqələndirirəm. Bəli, Azərbaycanda bəzi siyasi və iqtisadi islahatların dərinləşdirilməsinə ehtiyac var. Ancaq bu islahatlar inqilabi yol ilə deyil, təkamül yolu ilə həyata keçirilməlidir. Ətrafımızdakı “rəngli inqilabların” və “ərəb baharının” uğursuzluqları uğurlarını xeyli üstələdi. Ona görə də ağlı başında olan kimsə eyni ssenarinin Azərbaycanda təkrarlanmasını istəməz”.
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Türkiyə KİV-ləri: 20 Yanvar faciəsi məqsədli şəkildə törədilmiş hərbi cinayətdir
21.01.2019
20 Yanvar hadisələri Özbəkistanda anılıb
19.01.2019
“The Washington Times“: Müstəqil Azərbaycan 20 Yanvar faciəsinin qurbanlarının xatirəsi üçün ən yaxşı dəyərdir
19.01.2019
Bakıdakı 5 saylı “ASAN xidmət” mərkəzinin fəaliyyəti Zimbabve Prezidentində böyük maraq doğurub
18.01.2019
Azərbaycanın müstəqil siyasətinə heç bir kənar qüvvə təsir edə bilməyəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info