Əli Kərimli dini radikalizmi siyasətə niyə qarışdırır?
Tarix: 15.09.2016 | Saat: 20:52:00 | E-mail | Çapa göndər


Əli Orucov: “Mitinqi təşkil edənlər dindən deyil, radikalizmdən istifadə etməyə çalışırlar”
Sərdar Cəlaloğlu: “İslamçı qüvvələrin “milli şura”nın mitinqlərinə qatılmağa başlaması təsadüfi hal deyil”
Azərbaycan iqtidarının apardığı uğurlu sosial-iqtisadi siyasət nəticəsində tərəfdarlarının sayı getdikcə azalan radikal müxalifət ölkənin siyasi səhnəsində silinmək təhlükəsi ilə üzləşib. Xalq arasında heç bir dayaq tapa bilməyən bu radikal siyasətçilər dirçəlmək üçün zaman-zaman müxtəlif gedişlərdən yararlanmağa çalışırlar ki, bu da uğursuzluqla nəticələnir. Təsadüfi deyil ki, bəzi xarici qüvvələr də dəstək verməklə, son zamanlarda radikal müxalifəti ölkənin siyasi həyatına qaytarmaq istəyirlər. Bu məqsədi reallaşdırmaq üçün radikal dindarlarla radikal müxalifət arasında da əlaqələr qurulur. “Milli şura”nın son mitinqində Mövsüm Səmədov və Taleh Bağırzadənin tərəfdarlarının iştirakı bunu bir daha sübut edir. Lakin sosial şəbəkələrdə aparılan müzakirələr radikal dindarlarla “milli şura” və AXCP arasında kəskin problemlərin olduğunu göstərdi. Dindarlara “qucaq açan” “milli şura” onları Ə.Kərimlinin siyasi ambisiyalarının reallaşdırılmasında vasitə hesab edir. Sirr deyil ki, dindarlar “milli şura”ya yalnız meydanı doldurmaq və izdiham görüntüsü yaratmaq üçün lazımdır. Amma burada başqa amillər də ola bilər. Axı “milli şura”nı özünün gəlir yerinə çevirən Əli Kərimli daim hiyləgərliklə siyasi partiyalardan öz məqsədləri üçün istifadə edib. Dindarların da, belə aqibətlə üzləşdiyini deyə bilərik. Artıq dindarlar Qərb dairələrinin sifarişini yerinə yetirən Əli Kərimlinin əlində oyuncaq olduqlarını görür və mitinqə qoşulmaqlarını səhv hesab edirlər. Sosial şəbəkələrdə etiraz aksiyası zamanı dindarların nümayəndəsinə söz verilməməsi, onların yalnız sonda ümumi cümlə ilə anılmalarını həzm edə bilmirlər. Aktiv radikal dindarlar “Qərbçi müxalifətin içərisində həzm olunmamaq” üçün tərəfdarlarını ehtiyatlı olmağa çağırır, satqın müxalifətlə əlaqələri tənqid edirlər. Buna misal olaraq Tohid İbarahimbəylinin yazısını deyə bilərik. O, yazır: “İslamçılar Qərbyönümlü müxalifətin içində həzm olunmamalıdırlar. Bu müxalif qrupların islamla ziddiyyətləri var”. Mövsüm Səmədov səhifəsinin admini isə yazıb: “Milli şura” indiyə qədər dəfələrlə mitinqlər edib. Amma heç vaxt bu qədər adam yığışmamışdı”. O, bununla göstərmək istəyir ki, “milli şura”nın mitinqi məhz dindarların hesabına baş tutub. Rauf Musazadə adlı dindar isə təəccüb edir: “2005-ci ildə bunlar Corc Buşun şəklini mitinqdə qaldırırdılar. O vaxt Amerika müsəlman şiə İraq xalqını qətl edir, hərəmləri bombalayırdı”. Başqa bir dindar isə sual edir: “Ə.Kərimlinin məscidə getdiyini, namaz qıldığını görən olub? Amma Amerika səfirliyindən əl çəkmir”. Bütün bu kimi misalları çox göstərmək olar. Sosial şəbəkələrdə yaranan narazılıqların sayı isə günbəgün artır. Bu da təbii amildir. Qərbə meyilli müxalifətlə Qərbdən qaçan dindarlar neçə bir günün içində birşləşə bilərdi axı? Deməli, burada başqa amillər də var. Hər şey ya süni təşkil olunub, ya da ora gələnlərin hansısa başqa maraqları olub. Millət vəkili Fərəc Quliyev də bu məsələyə reaksiya verib. O bildirib ki, hər bir təşkilat qanunlar çərçivəsində mitinq keçirə, hansısa məsələ ilə bağlı fikirlər səsləndirə bilər: “Amma orada səsləndirilən fikirlər və hədəflər müəyyən olunmalıdır. Mitinqdə məsələlərə şəxsi, müəyyən dairələrin mövqeyindən yanaşmaq fürsətdən istifadə etməkdir. Üstəlik din amilindən, insanların dini etiqadlarından, onların duyğularından fərqli məqsədlər üçün istifadə etmək olmaz. Azərbaycanda din siyasətə qarışmır, ikinci bir tərəfdən də bəzi ölkələr Azərbaycanda din amilindən istifadə edərək qarışıqlıq salmağa çalışırlar. Qanunlar çərçivəsində mitinqlərin keçirilməsinin əleyhinə deyiləm, amma məsələlərə mahiyyəti üzrə fikir bildirmək lazımdır, fürsətdən istifadə etmək doğru deyil. Çünki ölkənin mənafeləri hər şeydən üstündür və təbii ki, bu məsələlərdə heç nədən, xüsusən də dindən istifadə etmək yolverilməzdir”.
Məsələ ilə bağlı fikirlərini öyrəndiyimiz siyasətçi Əli Orucov dindarların hansısa mitinqlərə qatılmasını normal hal saysa da, bunun qruplaşma halında və müəyyən məqsədlər üçün edilməsini düzgün saymadı: “Əslində belə bir siyasi texnologiya var ki, bütün təbəqələri öz ətrafına cəlb edərək öz kursuna, öz addımlarına səfərbər edəsən. Yəni, bu texnologiyadan istifadə edən siyasətçilər olur. Biz sekulyar, dünyəvi bir ölkəyik, din də siyasətdən kənar tutulur. Din siyasətin fövqündə durur. Amma nəzərə alsaq ki, dinin özündə də bir siyasət var, bu baxımdan çevik siyasətçilər çalışır ki, dini kəsimi öz tərəfinə cəlb etsinlər. Xüsusən də, son dövrlər buna hər yerdə cəhdlər olur. Azərbaycanın özündə də, inanclı insanların sayının çoxalması siyasi partiyaları da taktikalarında, strategiyalarında əlavələr etməyə məcbur edib. Türkiyədə də hakimiyyətdə olan partiya islamyönümlü olduğu üçün bu faktlardan bəhrələnməyə çalışırlar. Bu təbii ki, normaldır. Amma bizdə müxalifət fərqli şəkildə bu məsələyə yanaşır. Onlar dindən deyil radikalizmindən istifadə etməyə çalışırlar”. Əli Orucov deyir ki, radikalizmdən çəkinmək lazımdır. Din deyəndə, bunu geniş anlamda qəbul etmək lazımdır. Bundan əxlaqi mənada da istifadə edənlər var və s. Amma mitinqlərdə hansısa ölkələrin təsiri altında olan islamçıların cəlb edilməsi və radikal kəsimin bu aksiyalarda aktiv iştirakı bir qədər təhlükəli hal yarada bilər: “Dünya bu gün radikalizmdən əziyyət çəkir. Yəni, din amilindən yox, radikalizmdən. Burada irqçilik də ola bilər, dini ayrı-seçkilik də və s. amillər ola bilər. Söhbət radikalizmdən gedir. Bundan çəkinmək lazımdır. Hər halda, yəqin bu siyasətçilər hesab edirlər ki, bu radikalları özlərinə tərəf yönəldə, çəkə bilərlər, onlardan siyasətdə istifadə edərlər. Amma bunun sonunu düşünmürlər. Bu, çox təhlükəli yanaşma olar ki, radikal qruplaşmaya siyasi dəstək verəsən, onu öz taktikana, strategiyana salasan. Bu qruplar da hesab etsələr ki, siyasi dəstəkləri var, o zaman radikalların əl -qolu daha geniş açılacaq. Belə amillər radikalların aktivləşməsinə imkan yaradacaq. Hər halda hesab edirəm ki, kütləvi aksiyalara dindarların geniş şəkildə cəlb edilməsi ciddi problemlər yaradacaq”. Əli Orucov onu da vurğuladı ki, belə yaxınlaşmanın arxasında kəskin qarşıdurmalar da ola bilər. Aqressiv, radikallığa meyilli dindarların siyasi təcrübəsi olmur, siyasət adamları isə onları meydanlara çəkirlər: “AXCP artıq iqtidara qarşı siyasi mübarizə çərçivəsindən çıxıb. O baxımdan, müəyyən qruplaşmaları öz tərəflərinə çəkib, onları yönəldə də bilərlər. Bizdə dini problem yoxdur axı... Dindarlar nədən narazı ola bilərdilər ki? Deməli, siyasi çalarlar var ki, radikallar bu aksiyalara gəldilər. Yenə də o fikrə qayıdıram ki, bu siyasi seçimə, gedişə normal yanaşmıram. Bu,məsələnin bir tərəfidir. Digər tərəfdən Nardaran olaylarına görə, Taleh Bağırzadə amilinə görə, aksiyaya gəlib şüarlar səsləndirənlərlə bağlı ayrıca danışmaq lazımdır. Onları mitinqə kim dəvət etdi, öz xoşları iləmi gəldilər? Bax, bu da maraqlı sualdır. Ümumiyyətlə, bu cür hadisələrdə Azərbaycanın maraqları qorunmalıdır. Şəxsi maraqlar, şəxsi münasibətlər, düşmənçilik kimi məsələlərin araşdırılmasına daha tünd çalarlar vermək doğru deyil. Onu da deyim ki, radikalizm meyillərinin artmasının səbəblərindən biri məhz Qərb amili olub. Dəstək olmasa, heç bir qüvvə ortaya çıxmaz. Araşdıranda radikalların, terror təşkilatların əlaqələri gedib Qərb dövlətlərinə çıxır. Burada dərin mənalar var. İndi bizdə dini kəsimin, radikal islamçıların meydanlara çıxmasının səbəbini isti başla dəqiq müəyyən etmək çətindir. Bir müddət keçəndən sonra bu da məlum olacaq. Bir çox suallara müəyyən müddət keçəndən sonra aydınlıq gətirmək mümkün olacaq. O da mümkündür ki, meydanı doldurmaq, izdiham yaratmaq üçün də onlara yer verilə, çağırışlarla mitinqlərə cəlb edə bilərlər. Qısası, bu məqamın daha dərin çalarları var və növbəti proseslərdə özünü büruzə verəcək”.
Məsələyə münasibət bildirən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə dindarların aksiyalara qatılmasını təbii hal saysa da, onlardan siyasi məqsədlər üçün istifadə edilməsini anormallıq kimi dəyərləndirdi: “Əslində mitinqin hədəflərindən biri dindarların da siyasətə cəlb edilməsi idi. Mən təkcə meydanların doldurulması üçün dindarlardan istifadə olunması amilini deməzdim, Qərb amilinin də bu mənzərəni yaratdığını deyərdim. Hamımız gözəl bilirik ki, Nardaranda hansı vəziyyət idi və mitinqdə də Nardaranla bağlı şüarların səsləndirilməsini bəzi dini dairələrin Qərblə yaxınlaşması ilə əlaqələndirirəm. Mitinqə aqressivləşmiş dindarların gəldiyini düşünürəm. Mitinqdə islamçılardan istifadə olunması düzgün addım deyil”.
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info