Müxalifət dini radikalizmə niyə qucaq açır?
Tarix: 16.09.2016 | Saat: 20:09:00 | E-mail | Çapa göndər


“Milli şura” mitinqlərdə Qərbin siyasi texnologiyaları ilə hərəkət edir


Son günlər ölkə mətbuatının gündəmi “milli şura”nın təşkil etdiyi uğursuz mitinqdə dini-siyasi çalarların qabarıq nəzərə çarpması oldu. Ümumiyyətlə, seçkidən-seçkiyə yuxudan ayılan radikal müxalifət nümayəndələrinin siyasi fəaliyyətində həmişə xəyanət, xaos yaratmaq cəhdi, maksimum dərəcədə siyasi proseslərdə bazarlığa getmək kimi neqativ hallar müşahidə olunub. Özünə tərəfdar toplamaq, mitinqdə izdiham görüntüsü yaratmaq üçün adam toplaya bilmədiyini görən radikallar indi də yeni texnologiyadan yararlanmağa çalışırlar-inanclı insanlara yalandan şirin vədlər verib, ya da onların guya dini azadlıqlarının, hüquqlarının pozulduğunu deyib, özlərinə tərəf çəkmək istəyirlər. Məsələnin ən təhlükəli tərəfi isə odur ki, bu adamların ətrafına toplanan dini inanclı insanlar yox, dini radikallar olur. Bəs ideoloji baxımdan fərqli istiqamətdə olan hər iki radikal qüvvəni bir yerə toplayan nə oldu axı? Hansı maraqlar və ya gizli əl bu iki radikal kəsimi birləşdirdi? Kimlərin sifarişi ilə radikal dindarlar siyasi toplantıya-aksiyaya qatılmağa başladılar?
Burada bir qədər haşiyə çıxıb demək istərdik ki, bu gün dünyada radikal dindarlardan siyasi alət kimi istifadə olunması artıq adi hal alıb. Bu siyasi texnologiyanı isə meydana Qərb gətirdi. Hər kəsə gün kimi aydındır ki, “İŞİD”, “Əl Qaidə” və digər bəşəriyyətin bəlasına çevrilmiş terror təşkilatları Qərbdə hazırlanan ssenari əsasında meydana gəldi. Bu gün də radikallar vahid mərkəzdən idarə olunaraq, Qərbin maraqlarına uyğun siyasətdə istifadə olunurlar, çevriliş cəhdlərində, müharibələrdə, sözün həqiqi mənasında siyasi alətə çevriliblər. İraqda, Suriyada, Yəməndə, Liviyada və s. müsəlman ölkələrində baş verən savaşlar, kütləvi insan qırğınlarının hər birinin kökündə bu faktorun izləri dayanır. Artıq bu siyasi texnologiyanı- dini radikallaşdırıb siyasətə qatmağı sınanmış metod kimi Azərbaycanda da tətbiq etməyə çalışırlar. Qərb sevdalıları olan “milli şura”da toplananların son mitinqində ideoloji cəhətdən tamamilə bir-birinə zidd qüvvələrin toplanması da buna misal ola bilər. Deməli, təkcə radikal müxalifəti yox, dini azadlıqlar, tolerantlığa görə dünyada ad çıxaran Azərbaycanın əleyhinə gedən radikal dindarları da xaricdən təhrik edən, idarə edən qüvvələr aktivləşiblər. Hər kəsə bəllidir ki, Nardaran olayları zamanı radikallar hansı fəsadları törətdilər. Azərbaycan dövlətçiliyi əleyhinə çıxış edən Taleh Bağırzadə və digərlərinin tərəfdarlarının mitinqdə dini şüarlar səsləndirməsi anormal görünməyə bilməz. Müxalifətin təşkil etdiyi mitinqdə radikal dindarların müəyyən siyasi şüarlar səsləndirməsi və dövlətçilik əleyhinə fikirlər bildirməsi diqqət çəkməyə bilməzdi. Əslində, buna –radikal müxalifətlə radikal dindarların eyni mövqedən çıxış etmələrinə- qeyri-adi məsələ kimi baxmaq lazım deyil. Ona görə ki, həm radikal dindarların, həm də radikal müxalifətin təkcə ideoloji yox, həm də maliyyə qaynaqları eynidir. Onların fəaliyyətinə bələd olan şəxslər bilir ki, həm radikal müxalifət, həm də radikal dindarların arxasında kimlər dayanır, onların maliyyəsi haradan gəlir. Ümumiyyətlə isə, AXCP-nin Qərbin siyasi texnologiyaları ilə hərəkət etməsi əvvəldən sezilirdi. Nardaranda hüquq-mühafizə orqanları əməkdaşlarının şəhid olmasına səbəb olan hadisələr zamanı Əli Kərimli və onun tərəfdaşları bu məsələyə münasibət bildirməkdən qaçaraq, radikal dindarları dəstəklədiklərini bildirirdilər. Hər zaman KİV olaraq yazmışıq ki, dindarlar dini fəaliyyətlə məşğul olmalıdır, siyasətçilər də siyasətlə. Azərbaycanda dindarların siyasətlə məşğul olmağa cəhd etməsi, AXCP rəhbərinin onlardan bir vasitə kimi istifadə edərək özünə dividend qazanmaq cəhdi Qərbdən qaynaqlanan ideyadır və bu ideyalar da, əvvəlki ideyaları kimi puça çıxacaq. Azərbaycanı İraq, Suriya, Liviya, Əfqanıstan və digər başıbəlalı müsəlman ölkələri kimi viran hala gətirmək reallaşmayacaq. Azərbaycanda dini radikalizmi siyasətə gətirmək, onları meydanlara daşımaq bir siyasi texnologiya kimi alınmayacaq. Çünki Azərbaycan güclü dövlətdir, onun rəhbərinin arxasında xalq var. Bu radikalların arxasında isə öz havadarlarından başqa heç kim durmur. Sadəcə olaraq, iflasa uğramış müxalifət Qərbin bu siyasi texnologiyalarını tətbiq etməyə başlayıb ki, bu da təhlükəli hal sayılmalıdır.


Bu gün dünyada radikal dindarlardan siyasi alət kimi istifadə olunması artıq adi hal alıb. Bu siyasi texnologiyanı isə meydana Qərb gətirdi. Hər kəsə gün kimi aydındır ki, “İŞİD”, “Əl Qaidə” və digər bəşəriyyətin bəlasına çevrilmiş terror təşkilatları Qərbdə hazırlanan ssenari əsasında meydana gəldi. Bu gün də radikallar vahid mərkəzdən idarə olunaraq, Qərbin maraqlarına uyğun siyasətdə istifadə olunurlar, çevriliş cəhdlərində, müharibələrdə, sözün həqiqi mənasında siyasi alətə çevriliblər


Bir daha qeyd edək ki, həmişə Qərbə meyilli olan siyasi təşkilatlar, müxalifətlə dini təşkilatlar və dindarlar arasında fikir ayrılığı olub, dindarlar daim müsəlman ölkələrində terror dalğalarının Qərbin əsdirdiyini düşünüblər. İndiki halda, bu iki fərqli düşüncəli və fərqli istiqamət seçən qrupların bir araya gəlməsində yeganə məqsəd var ki, bu da maddi maraq və ölkədə xaos yaratmaq cəhdidir
Əsl dini inanclı insanlar isə siyasətlə yox, dini biliklərlə, təbliğat və s. ilə məşğul olar. Elə bunu din alimləri, dini təşkilatların rəhbərləri də dilə gətirirlər.
Buna misal olaraq Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəylinin verdiyi açıqlamanı göstərə bilərik. O “milli şura” adlı qondarma siyasi təşkilatın din amilindən istifadə eləməyə başlamasını anormal hal sayır: “Bu gün məkrli niyyətə bürünən birilərinin dindarların dini duyğularını istismar edərək onların adından çıxış etməsi dinimizin prinsiplərinə zidd olduğu qədər, həm də bizim milli kimliyimizə bir ləkədir”. O, mitinqə Əli Kərimlinin dindarları da cəlb etməsini təhlükəli amil sayır və belə cəhdləri pisləyib. Camal Əzimbəyli bildirib ki, Azərbaycanda milli-mənəvi, dini dəyərlərin həqiqi təəssübkeşi Azərbaycan dövləti və dövlət başçısıdır: “Vətəninə, dövlətinə bağlı olan, siyasi əqidəsindən asılı olmayaraq hər kəs Azərbaycandakı bu dəyərlərin dövlət tərəfindən qorunmasını hər zaman təsdiq edir. İndiki həssas bir dövrdə Azərbaycan dünyəvi ölkə olmaqla, dünyada tolerantlığın nümunəsinə çevrilib. Bu baxımdan heç bir dindarın indiki şəraitdə Azərbaycan dövlətinə qarşı hansısa çağırışlar etməsi heç bir halda yolverilməzdir”. Camal Əzimbəyli qeyd edib ki, “milli şura”nın adı bir ləkədir: “Mən dəfələrlə demişəm ki, bu qurumun “milli şura” adlandırılması keçmişimizə, tariximizə də bir ləkədir. Bu mənim açıq fikrimdir. Milli kimliyi ilə dini kimliyinin vəhdətini yaşayan hər hansı bir şəxs dini bu cür istismar edən və insanların dini duyğularından istifadə edənlərə heç bir halda dəstək verə bilməz və bu mümkünsüzdür. Mən bunu təmsil etdiyim 100 minlərlə inanclı, Azərbaycan dövlətinə bağlı insanların adından cəsarətlə deyirəm”.
Artıq dini inanclı insanlar yox, bütün cəmiyyət radikal müxalifətin radikal dindarları mitinqə cəlb etməsini pisləyir və aksiyalara toplaşanların əsl dindarlar adından danışmağa haqlarının olmadığını düşünürlər. Bunu ziyalıların, siyasətçilərin və tanınmış dindarlarımızın da açıqlamalarından görmək olar. Qısası, Qərbin çaldığı havaya uyğun oynayan müxalifətin dinə radikallığı gətirmək cəhdi də heç olacaq. Bu cür siyasi texnologiyaların işə yaraması üçün onun tətbiq edildiyi cəmiyyətdə, ölkələrdə münbit şərait olur ki, bu zaman radikal dindarların at oynatması, siyasətə dəstək verməsi real olur. Azərbaycanda isə belə münbit şərait yoxdur və bütün arzuları kimi bu arzu və xəyalları da Əli Kərimli və tərəfdarlarının gözündə qalacaq!
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Diaspor fəaliyyətində qadınların rolu güclənir
20.11.2018
Belarus Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyir
20.11.2018
Nyu-Yorkda Amerika Azərbaycanlılarının Koordinasiya Şurası təsis edilib
20.11.2018
Pakistanlı tibb işçiləri ölkəmizdə təcrübə keçəcəklər
20.11.2018
Prezident İlham Əliyev: Azərbaycan üçün Belarus mehriban dost və etibarlı tərəfdaşdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info