“Hollandlar bizim tədbirlərimizdən xoş təəssüratla ayrılırlar”
Tarix: 20.09.2016 | Saat: 00:09:00 | E-mail | Çapa göndər


Leyla Babayeva: “...Fikirləşdim ki, əgər diasporun problemlərini Prezident bilirsə, demək, hamısı düzələcək”

Bir neçə diaspor üzvi ilə tanış olmağım mənə Dünya Azərbaycanlılarının IV Qurultayını daha da yaddaqalan etdi. Ən maraqlısı isə bu diaspor üzvlərinin özəl keyfiyyətləri və fəaliyyətidir. Bu baxımdan müsahibimiz Leyla Babayeva diqqətimi daha çox çəkdi. Onun Hollandiyada yaşamasına baxmayaraq, Azərbaycan dilində Borçalı ləhcəsində danışması mənə çox maraqlı göründü. Qəribədir ki, Leyla xanımın övladları (Coen, Nicolette və Julia) da Azərbaycan dilini Borçalı ləhcəsində anlayırlar. O, Azərbaycanın Avropalı Dostları Mərkəzinin (AADM) sədri olaraq təbliğatda yerli xalqla işləməyə daha çox üstünlük verir. Əsas məqsədi hollandlara Azərbaycanı sevdirməkdir. Qeyd edək ki, L.Babayeva Gürcüstanda anadan olub. Rusiyada ali təhsil alıb. Ailə həyatı ilə bağlı olaraq 1994-cü ildən Hollandiyada yaşayır.

-Hollandiyaya getdiyiniz ilk illərdə yad bir həyata uyğunlaşmaq və diaspor işi görmək çətin olmadı?
-İlk dəfə bura gələndə çox darıxırdım. Harada azərbaycanlı görürdümsə evə gətirirdim... Mənim diaspor işinə gəlməyimdə rəhmətlik Gülşən Lətiflə tanış olmağımın çox böyük rolu var. Bir də Hollandiyadakı keçmiş səfirimiz Fuad İsgəndərov mənə bu baxımdan çox dəstək olub. İlk olaraq onlarla birgə işlər görmüşük. Bizim ilk təşkilatımız 2002-ci ildə yaradılan Holland Azərbaycan Dostları Cəmiyyəti (Dutch Friends of Azerbaijan - DufoA) idi. Hollandiyanın Haaqa şəhərində Sülh sarayı var. İlk işlərimizdən biri olaraq biz orda kitabxanaya Xocalı ilə bağlı kitablar təqdim etdik. Oraya təcrübəyə gələnlərin hamısı o kitablara baxırdılar. Daha sonra DufoA-nın təşəbbüsü ilə Hollandiyanın Keukenhof parkında xrizantema (payızgülü) gülünün “Azəri”, daha iki gülün birinin Şuşa şəhərinin, digərinin isə Xocalının şərəfinə adlandırılması və yetişdirilməsi də bu sahədə görülən işlərdəndir. Nəzərə çatdırım ki, Şimali Hollandiyada (Nord Holland) 50 ildən artıqdır hər ilin aprel ayında Gül bayramı keçirilir. Amma heç bir xarici ölkə bu bayramda iştirak etmirdi. Biz ilk xarici ölkə olaraq bayrama qatıldıq. Həmçinin Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə Azərbaycan haqqında sənədli film çəkmək üçün buradan jurnalistlər göndərdik. Həmin film Hollandiya, Belçika və Almaniya televiziyalarında yayımlandı.
Biz 12 ildən çox DufoA olaraq Hollandiyada bu kimi saysız layihələr keçirdik. 2014-cü ildə isə fəaliyyətimizi ümumən Avropada aparmağa qərar verdik. Ona görə elə həmin il DufoA-nın adını dəyişərək Azərbaycanın Avropalı Dostları Mərkəzi (European Center of Azerbaijan Friends) kimi faliyyətimizi davam etdirməyə başladıq. Eyni zamanda Mərkəzin “www.ecaf.nl ” adlı saytını yaratdıq.
-Azərbaycanın Avropalı Dostları Mərkəzi (AADM) adı ilə fəaliyyətə başlamaq hansı zərurətdən irəli gəldi?
-Bir assosiasiya kimi qeydə alınan bu Mərkəzin yaranması ilə Avropada mərkəzləşdirilmiş və əlaqələndrilmiş əsasda Azərbaycan lobbiçiliyinin bünövrəsi qoyuldu. AADM Hollandiyada yaşayan və çalışan, Avropa ictimai-siyasi sisteminin quruluşu ilə yaxından tanış olan, ölkələrdaxili və ölkələrarası mədəni əlaqələr üzrə müxtəlif təşkilatlarla birgə fəaliyyətdə güclü təcrübəyə malik olan, Avropa dövlətlərinin insan haqları, demokratiya, immiqrasiya, inteqrasiya, kommunikasiya, emansipasiya və demoqrafik siyasəti haqqında dəfələrlə sosioloji və jurnalist tədqiqatlar aparan bir neçə fəal ziyalı azərbaycanlı tərəfindən yaradılıb. Belə bir Mərkəzin hazırkı vaxtda bir çox obyektiv və subyektiv səbəblərə görə labüd olması faktı onun istiqaməti və hədəf yönümü ilə arqumentləşdirilir.
-Mərkəzin əsas məqsədləri nədir?
-Mərkəzin öz qarşısına qoyduğu əsas məqsədlərdən biri Avropada yaşayan azərbaycanlıların yaratdığı təşkilatlara sosial, mədəni, inteqrasiya və partisipasiya məsələləri ətrafında keçirdikləri tədbirlərdə mənəvi və maddi dəstək vermək, onlara bu tədbirlərin orientasiyasında, koordinasiyasında, ərsəyə gəlməsində yüksək professionallıqla yadımçı və məsləhətçi olmaq, ən başlıcası isə onların həyata keçirilməsi üçün fondları cəlb etməkdir.
İkinci əsas məqsəd isə Avropa cəmiyyətinin diqqətini qədim tarixə, yuksək mədəniyyətə, dərin mənəvi-əxlaqi dəyərlərə malik olan Azərbaycanla Avropa ölkələri arasında sosial-mədəni körpülər salmaqdır. Bunun üçün ən gözəl vasitə iki ölkə arasında keçirilən tədbirlərdir. Məlum olduğu kimi, Avropanın bir çox ölkələrində məskunlaşmış azərbaycanlıların müxtəlif ictimai təşkilatları, cəmiyyətləri və dərnəkləri fəaliyyət gostərir. Azərbaycan həqiqətlərinin Avropada üzə çıxmasında, olkə haqqında ictimai-siyasi fikrin formalaşmasında ayrı-ayrılıqda rolu həddindən artıq böyük olan bu təşkilatlar əksər hallarda öz maddi və mənəvi vəsaitləri hesabına tədbirlər təşkil edir və hər bir vasitə ilə ictimaiyyətin nəzərini cəlb etməyə çalışırlar. Lakin vəsaitin çatışmaması ucbatından onların layihələri lazım olan miqyasda həyata keçirilmir.
AADM-ın qəbul etdiyi qərara əsasən, Avropada Azərbaycan lobbiçiliyinə xidmət edən, Azərbaycan haqqında Avropada ictimai fikrin formalaşmasına müsbət təsir edə bilən hər bir təşkilat öz işini irəli sürməsi uçün şans əldə etməlidir. Bu şansı əldə etməkdə onlara yardımçı olmaq üçün AADM Azərbaycan ictimai təşkilatları və fondlar arasında mərkəzi koordinator rolunu oynamağı öz öhdəsinə götürür.
Məhz buna görə də AADM öz işini, müstəsna olaraq, hökumət dairələri, müxtəlif Avropa fond təşkilatları və insan haqları institutları ilə qurur. Mərkəz əməkdaşları Avropanın məşhur fond təşkilatları ilə mütəmadi olaraq peşəkar və metodik surətdə əlaqəyə girərək, onların diqqətini Avropada fəaliyyət göstərən Azərbaycan təşkilatlarına cəlb etməyə çalışır.
“Gizli kapital faktoru” adlı daha bir mühüm amil AADM-ın nəzər-diqqətindədir. Hər hansı bir səbəb üzündən Avropaya mühacirət etmış, yüksək elmi və mənəvi potensiala malik olan (ziyalı) azərbaycanlıların özu ilə gətirdiyi mənəvi kapıtalın cəmiyyətin inkişafı yolunda investisiya olunmasına yardım etmək, onların partisipasiyasını gücləndirərək, ictimai həyatda layiqli mövqe tutmasını təmin etmək ən ümdə vəzifələrdən biridir.
-Bəs AADM olaraq hansı layihələr həyata keçiribsiz?
-AADM bir təşkilat kimi, bir çox beynəlxalq miqyaslı layihələrin müəllifidir. “Change Makers” adlı ilk layihəmizi Hollandiyanın Daxili İşlər Nazirliyi və VON təşkilatı ilə həyata keçirdik. Bu layihəni on nəfər azərbaycanlı gəncdən ibarət bir qrupla icra etdik.
- Dünya Azərbaycanlılarının IV Qurultayında siz də iştirak edirdiz. Necə fikirləşirsiz, belə qurultayların keçirilməsi diasporumuzun problemlərinin həllinə nə kimi kömək olur?
-Hər bir xalq kimi, bizim diasporun da bir sıra problemləri var. Fikrimcə, bunları gizlətmək lazım deyil. Yeri gələndə bu problemləri qabardıb həlli yollarını tapmaq lazımdır. Çünki bunlar qaldıqca digər problemlərə də yol açır... Mən əvvəllər elə bilirdim ki, bizim diaspor olaraq qarşılaşdığımız problemlərdən Azərbaycan dövlətinin xəbəri yoxdur. Amma Qurultayda Prezident çıxış edəndə bütün problemlərimizə toxundu. Mən fikirləşdim ki, əgər bunları Prezident bilirsə, demək, hamısı düzələcək. Mən buna ümid edirəm.
-Yerli xalqın diasporumuza münasibətinin dəyişməsi üçün nə etmək olar?
-Gərək hollandlarla birgə işləyəsən. Bizdə bir çox diaspor təşkilatları öz tədbirlərinə, əsasən, azərbaycanlıları çağırılar. Necə deyərlər, özümz çalıb, özümüz oynayırıq. Ona görə də tədbirlər istənilən effekti vermir. Lakin biz bütün tədbirlərimizi yerli xalqla edirik. Azərbaycanlıları da çağıranda deyirəm ki, hərə özü ilə başqa bir millətin nümayəndəsini gətirsin. Təəssüf ki, bir-iki nəfərdən başqa kimsə bunu etmir. Hollandlar bizim tədbirlərimizdən xoş təəssüratla ayrılırlar. Hətta eləsi var ki, deyir ki, Azərbaycana gedəndə onu da özümüzlə aparaq. İstəyirəm ki, mən Azərbaycanı necə sevirəmsə, hollandlar da elə sevsinlər.
-Başqa xalqların diasporundan hansı təcrübəni götürməyə ehtiyac var?
-Mən türk diasporunun təcrübəsindən yeri gələndə yararlanmağı üstün tuturam. Onlar ən kiçik tədbirlərinə belə, 400 nəfərə yaxın insan toplaya bilirlər. Türk diasporunda birlik çox güclüdür. Amma, təəssüf ki, bizim birliyimiz zəifdir. Burada çoxlu diaspor təşkilatları var, amma bəziləri bir-biri ilə düşmən kimidir. Mən çalışıram ki, hamısı ilə münasibət qurum. İstərdim ki, milli diaspor təşkilatları arasında həmrəylik olsun.
-Hollandiyada diasporumuzun yetişən yeni nəslinin dil problemi varmı?
-Əlbəttə, əgər ailədə Azərbaycan dilində danışılmasa, yeni nəsildə dil problemi yaşanacaq. Çünki uşaqlar vaxtın çoxunu məktəbdə keçirir. Daha sonra idmana, rəqsə və s. dərnəklərə gedirlər. Evə də gələndə televizorda holland dilində danışılır. Bu da onların dili yadırğamasına gətirib çıxarır. Ümidvaram ki, yeni nəsil Avropa azərbaycanlıları üzərinə düşən məsuliyyəti və vətəndaşlıq borcunu layiqincə icra edəcək. Onlar ilk növbədə dilimizi, dinimizi və mədəniyyətimizi təbliğ etməkdə böyük rol oynayacaqlar.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar
07.09.2018
“BANM-i bitirdikdən sonra bacarıqlı mühəndis olacağıma inanıram”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info