. “Pambıqçılığın inkişafı valyuta, iş yeri və bölgələrə əlavə gəlir gətirəcək”
Tarix: 20.09.2016 | Saat: 00:21:00 | E-mail | Çapa göndər


Professor Çingiz İsmayılov: “Xammal pambığın dəyəri dəfələrlə ucuzdur. Ancaq hazır məhsulun dəyəri dəfələrlə artıqdır. Lakin biz bunu mərhələ-mərhələ etməliyik. İlk mərhələdə pambığın istehsalı artırılmalıdır”


Bu günlərdə Prezident İlham Əliyevin sədrliyi ilə Sabirabadda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilib. Azərbaycanda kənd təsərrüfatının inkişafı prioritet sahə olduğunu deyən ölkə başçısı bildirib ki, bütün pambıq əkilən rayonlarımızda pambıqçılığın bərpası işi sürətlə gedəcək: “Biz pambıqçılığın şöhrətini bərpa edəcəyik. Bu, həm insanlar, həm dövlət üçün böyük gəlir gətirən bir sahədir. 1970-80-ci illərdə bir milyon ton pambıq tədarük edilirdisə, keçən il cəmi 35 min ton yığılıb. Əgər o illərdə 300 min hektarda pambıq əkilirdisə, keçən il cəmi 18 min hektarda pambıq əkilib. Bu, nə deməkdir?! Bu, pambıqçılığın məhvi deməkdir. Bu, dözülməzdir və artıq ciddi tədbirlər görülür. Düzdür, biz bu il bir az gecikmişik. Ancaq bu il yenə də yaxşı nəticələr gözlənilir. Bu il bütövlükdə 51 min hektar sahədə pambıq əkilib. Keçən illə müqayisədə bu, təxminən üç dəfə çoxdur. Əgər keçən il 35 min ton pambıq yığılıbsa, bu il ən azı 100 min ton pambıq yığılmalıdır. Gələn il üçün bizim daha da böyük planlarımız var. Gələn ilə hazırlıq işləri artıq başlayıb. Bu il buna böyük vəsait sərf olunub, operativ olaraq bütün lazımi tədbirlər görülüb”.
Mütəxəssislərimiz də kənd təsərrüfatının daha da inkişafı istiqamətində tədbirlərə ehtiyac olduğunu, o cümlədən pambıqçılığın inkişafının vacib olduğunu deyirlər.
Müsahibimiz Regional İnkişaf Mərkəzinin rəhbəri, professor Çingiz İsmayılovdur:
- Prezident bugünlərdə keçirdiyi müşavirədə qeyd etdi ki, ərzaq təhlükəsizliyinin təmin edilməsində, kənd təsərrüfatı, xüsusilə də bitkiçilik və heyvandarlıq böyük önəm daşıyır. Azərbaycanın əkin sahələrinin əsas hissəsi aran bölgəsində, Kür-Araz ovalığında yerləşib və burada tarix boyu ənənələr olub. Müxtəlif istiqamətdə kənd təsərrüfatı ixtisaslaşması gedirdi. 1980-ci illərdə aran bölgəsində kənd təsərrüfatının aparıcı ixtisaslaşmış sahəsi pambıqçılıq idi. Həmin dövrdə 1 milyon tona yaxın pambıq istehsal olunmuşdu və indi bu dəfələrlə aşağı düşüb. 30 min ton çox aşağı göstəricidir, hazırda 100 min ton, gələn il 2 dəfə daha da artırmaq nəzərdə tutulur. Niyə məhz pambıqçılıq? Birincisi bizim əmək vərdişləri var, illərlə zəhmətkeşlərin pambığın becərilməsində iş təcrübəsi yaranıb. İkinci vacib məsələ, Azərbaycanın ixracyönümlü, yəni valyuta təmin edəcək sahələrdən biri, təbii ki, pambıqçılıqdır. Yəni ölkəmizdə keçmiş dövrdə ixtisaslaşmış bir neçə sahə var idi ki, bunlar Azərbaycanın kənd təsərrüfatı baxımından siması idi. Onlar pambıqçılıq, üzümçülük, çayçılıq idi. Əfsuslar olsun ki, həmin sahələr 90-cı illərin əvvəllərindən başlayaraq tənəzzülə uğradı. Çox yaxşı haldır ki, 2000-ci illərdən bərpaedilmə istiqamətində bu sahələrə diqqət yönəldi, investisiyalar ayrılmağa başladı. Üzümçülüyün, pambıqçılığın, çayçılığın inkişafı ilə bağlı yeni məqsəd və vəzifələr qoyulub. Hazırda üzümçülük də, çayçılıq da inkişaf edir. Pambıqçılıqda əkin sahələri böyük sahələri, əraziləri tutur. Əkinçilikdə ən vacib məsələ suvarma sistemidir ki, hazırda suvarma sistemi qurulub, kollektorlar var. Düzdür, sovet dövründə suvarma sistemi o qədər də təkmil olmadığı üçün əkin sahələrinin çox hissəsi şoranlaşıb. Təbii ki, şoranlaşmış torpaqları təmizləyib istehsala cəlb etmək lazımdır. Kənd təsərrüfatı əkin sahələrini bərpa etmək lazımdır. Torpaqları yumaq lazımdır və onlar kənd təsərrüfatına yönədilməlidir. Orada imkanlar çox böyükdür, xüsusilə də pambıqçılığın inkişafı ilə bağlı və düşünürəm ki, Prezidentin qarşıya qoyduğu bu vəzifələr yerli idarəetmə orqanları tərəfindən çox ciddi qəbul olunacaq. Pambıqçılığın tədarükü, istehsalı artacaq ki, buda ölkəyə valyuta axınının artmasına öz təsirini göstərəcək.
- Prezident bildirdi ki, böyük torpaq sahələri daha da səmərəli şəkildə dövriyyəyə buraxılacaq. Bəzi torpaqlar müxtəlif adamlar tərəfindən qanunsuz olaraq zəbt edilib və o torpaqlarda heç bir fəaliyyət göstərilmir. O torpaqların icarə müqavilələri ləğv edilməlidir. Siz bu sahədə mövcud problemin həlli ilə bağlı nə deyərdiniz?
- Əsas problem odur ki, torpaqların böyük əksəriyyəti özəlləşdirilib, çoxu istifadə edilmir. Dünya təcrübəsi belədir ki, kənd təsərrüfatına yararlı torpaqlar istifadə edilmədiyi halda, 3-5 il ərzində monitorinqə götürülməlidir və onu hərraca çıxarmaq lazımdır. O sahibkar qarşısında öhdəliklər qoyulmalıdır. Kənd təsərrüfatına yararlı torpaqlar özəl də olsa, dövlətin, ölkənin sərvətidir, sadəcə, onu götürüb saxlaya bilməz, o ondan vergi verməlidir, gəlir almalıdır. Bacarmırsa, onu qanun əsasında hərraca çıxarmaqla bacarıqlı sahibkara verməlidir ki, həm pul qazansın, vergi versin, həm də bu, kənd təsərrüfatı baxımından iqtisadi inkişafda əlavə bir faktordur.
-Sizcə, bu gün pambıqçılığın inkişafı yüngül sənayenin də inkişafına təkan verəcəkmi?
- Strateji baxımdan bu cür yanaşılmalıdır. Yəni xammal pambığın dəyəri dəfələrlə ucuzdur. Ancaq hazır məhsulun dəyəri dəfələrlə artıqdır. Lakin biz bunu mərhələ-mərhələ etməliyik. İlk mərhələdə pambığın istehsalı artırılmalıdır. O istehsalın xaricdə tələbatı və daxili pambıq məmulatlarına tələbata uyğun olaraq emaledici müəssisələrin strategiyası qurulmalıdır. Biz bunun trendini, artımın inkişafını, tələbatın artmasını görməliyik. Düzdür, pambıq məhsuluna tələbat hər zaman olub və olacaq. Ancaq biz bilməliyik bu nə dərəcədə artır. Nədən çox gəlir əldə edə bilərik. Bu, bir faktdır ki, istər buğda, neft, pambıq olsun, hər birinin ən son hazır məhsulunun dəyəri xammaldan dəfələrlə bahadır. Biz strateji baxımdan emaledici sahələri inkişaf etdirməliyik. İndiki mərhələdə istehsala fikir verməliyik, istehsal artdıqca xammaldan alınan valyuta hesabına həmin sahibkar özünün kiçik bir emaledici müəssisəsini də tikə bilər. Dövlət də bu sahədə yalnız pambıq emaledici müəssisələr üçün öz köməyini verə bilər, kredit ayırar.
-Pambıqçılığın inkişafının yerlərdə əhalinin işlə təmin olunmasında hansı rolu ola bilər?
- Sovet dövründə minlərlə insan bu işlə məşğul idi və kifayət qədər böyük gəlir əldə edirdilər. Müşavirədə çıxışı zamanı Prezident də bildirdi ki, gələn ildən iki dəfə çox xammal pambığın alınmasında qiymətlər qaldırılacaq. Təbii ki, burada əmək vərdişləri olan, pambığın əkilməsində, becərilməsində təcrübəli adamların köməyi çox vacibdir. Buna görə də təcrübəsi olan mütəxəssisləri cəlb etmək lazımdır. Bundan başqa, bu sahənin inkişafı birincisi, əlavə iş yerləri açmaq üçün imkandır, ikincisi, gənclərin Bakı istiqamətində miqrasiyasının qarşısını alacaq, üçüncüsü, bölgələrə əlavə gəlirlər olacaq. Yəni bütövlükdə böyük effekti var və bu bölgələrin sosial-iqtisadi inkişafına, məşğulluğun səviyyəsinin artırılmasına, işsizliyin aşağı salınmasına böyük təkan verəcək.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
İlkin Əsgər: ““İndiki əsərlərin bir qismindən zövq almaq olmur”
20.11.2018
“Azərbaycanda Ədliyyə Nazirliyi vətəndaş cəmiyyəti ilə əməkdaşlıq edən ilk dövlət orqanı kimi tarixə düşüb”
19.11.2018
“BANM-ın tələbələri məzun olan kimi ən yaxşı şirkətlərə işə qəbul ola bilir”
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info