Müxalifətdə kim hansı dövlətə işləyir?
Tarix: 19.03.2013 | Saat: 00:07:00 | E-mail | Çapa göndər



Sərdar Cəlaloğlu: “İsa Qəmbər yanlış fikir bildirib”

Əli Əliyev: “Bəlkə də İsa Qəmbər özü Qərbmeyilli olduğuna görə Qərbin adını hallandırmır”

Seçki ərəfəsində müxalifət partiyaları nümayəndələri və başçıları populist çıxışlar naminə bir-birilərini ittiham etməkdə və şərləməkdə davam edirlər. Bu günlərdə Müsavat başqanı İsa Qəmbər belə bir fikir işlədib ki, “müxalifətdə olan partiyaların bir qismi İrana, bir qismi Rusiyaya, bir qismi də hakimiyyətə işləyir”.

Göründüyü kimi, İ.Qəmbər burada müxalif həmkarlarını açıq-aşkar ittiham edib. Burada hakimiyyətə işləməyi hardasa anlamaq və məqbul saymaq olar, belə ki, hakimiyyət Azərbaycan dövlətini təmsil edir. Amma xarici dövlətlərin maraqlarını ölkədə həyata keçirmək isə təhlükəli fəaliyyət sayılır. Rəyi soruşulan müxalif partiya başçıları da belə hesab edirlər. Amma o da maraqlıdır ki, İsa Qəmbər bu məntiqlə Qərbə işləyən partiyaların adını çəkməyib. Nədənsə o, öz nitqində bu ifadədən yayınıb. Bu isə eyni zamanda, özünün ictimaiyyətdə və müxalifətdə həmin kateqoriyaya aid olduğu barədə söhbətlərin əsassız olmadığı qənaəti də yarada bilər...
Bu məsələ ilə bağlı qəzetimizə fikirlərini bildirən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyir ki, xarici siyasətlə bağlı partiyaların müxtəlif mövqeləri ola bilər: “Məsələn, xarici siyasətdə hər hansı bir dövlətlə münasibətləri daha çox inkişaf etdirməyə tərəfdar olmaq siyasi mövqe kimi qiymətləndirilə bilər. Amma hansısa xarici dövlətdən maliyyələşmək, pul almaq və onun gizli maraqlarını cəmiyyətdə həyata keçirmək artıq dövlətə xəyanət etmək deməkdir. Bu, artıq cinayət tərkibli siyasi fəaliyyətdir. Mənə elə gəlir ki, kiminsə bu cür faktlardan xəbəri varsa, məlumat verirsə və bir vətəndaş kimi bu barədə tədbir görmürsə, müvafiq qurumlara məlumat vermirsə, bunun özü də bir cinayətdir. Əgər İsa Qəmbərdə də belə bir fakt varsa, o, dərhal müvafiq qurumlara xəbər verməlidir ki, hüquq-mühafizə orqanları da bu cür partiyalar barəsində tədbir görsünlər. Bu məsələ o qədər ciddidir ki, buna siyasi populizm xətrinə yanaşmaq, bu cür münasibət bildirmək mümkün deyil”. S.Cəlaloğlu ötən dövrdə müxalifətin birləşməsi söhbəti ortaya çıxarkən də İsa Qəmbərin bu cür təfriqə yaradan fikirlə çıxış etdiyini bildirdi: “Maraqlı budur ki, müxalifət partiyaları barəsində bu məsələdə hakimiyyətin ittihamları ilə İsa Qəmbərin ittihamları tam üst-üstə düşür. Hakimiyyət də uzun illərdir deyir ki, Azərbaycan müxalifəti xarici dövlətlərə işləyir. Belə olduqda, hakimiyyətlə İsa Qəmbərin müxalifəti ittihamları arasında heç bir fərq yoxdur. Kimdə bu barədə fakt varsa, konkret olaraq ortaya qoysun. Ona qalsa, Müsavat, AXCP, Eldar Namazov, lap elə ADP haqqında da cəmiyyətdə bu barədə kifayət qədər deyimlər var. Məsələn, Müsavatı Qərbə işləyən, Eldar Namazovu Rusiyaya işləyən və sair kimi göstərirlər. Bizim haqqımızda da dedi-qodu səviyyəsində bu cür fikirlər var”.
S.Cəlaloğlu qeyd etdi ki, İsa Qəmbər müxalifətin niyə birləşə bilmədiyi barədə sualın cavabını düzgün tapa bilmədiyinə görə bu fikri işlədib. O, bu suala cavab tapa bilmədiyinə görə deyib ki, müxalifətdə hamı agentdir: “Müxalifətdəki həmkarlarını şübhə altına almağın özü siyasi səhvdir və seçki ərəfəsində daha da qarşılıqlı ittihamlara, təfriqələrə yol vermək deməkdir. Bu məsələ birinci olaraq İsa Qəmbərin əleyhinədir. İsa Qəmbərin ətrafında müəyyən qüvvələr var ki, onları da hansısa xarici dövlətə işləməkdə ittiham etmək olar”.
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev isə belə dedi: “Təqsirsizlik prezumpsiyası var. Qoy İsa Qəmbər açıq desin ki, kimdir İrana işləyən, Rusiyaya işləyən müxalifət partiyası kimdir və sair. Eyni zamanda Qərbə işləyən siyasi təşkilatın kim olduğunu da qoy desin. Bunu demədən qeyri-müəyyən fikirlər söyləmək ciddi siyasətçiyə yaraşmır. Əgər vətəndaş məsuliyyətindən söhbət gedirsə, bu cür işləməklə bağlı müvafiq orqanlara da dəqiq məlumat versin, çünki bu, milli təhlükəsizlik məsələsidir. Partiyaların hansısa dövlətin, xüsusi xidmət orqanlarının nəzarətində olması cəmiyyətə təhlükə törədə bilər. Bu, artıq dövlətin təhlükəsizliyi məsələsi ilə bağlıdır. İsa Qəmbər bu haqda danışırsa, vətəndaş məsuliyyətindən irəli gələrək dəqiq məlumatları verməlidir. Əgər məlumatı varsa, bu haqda sona qədər danışsın”.
Əli Əliyev İsa Qəmbərin “Qərbə işləyən” partiyalardan danışmamasını belə dəyərləndirir: “Bəlkə də özü Qərbmeyilli olduğuna görə Qərbin adını hallandırmır. Ola bilsin, öz yaxınlarının və ətrafının Qərbə işləyənlərin siyahısında adları var. Ona görə də Qərbin adını çəkməyib”.
“Qərbə işləmək” məsələsi və niyə İsa Qəmbərin bu ifadəni işlətməkdən çəkindiyinə gəlincə, S.Cəlaloğlu isə belə dedi: “Əgər burada söhbət hansısa Qərb dövlətindən pul alıb onların maraqlarına uyğun fəaliyyət göstərməkdən gedirsə, bu xəyanətdir”.
Cəlaloğlu bu baxımdan “Qərbə işləməyi” də digər qütblərə işləmək kimi dövlətə xəyanət hesab edir.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Humanist addıma kölgə salmaq istəyənlər uğursuzluğa məhkumdur
16.11.2018
İlqar Orucov: Bu gün Azərbaycanı dünyada uğurla təbliğ edən yüksək hazırlıqlı gənclər ordusu formalaşıb
16.11.2018
Koordinasiya Şurası Türkiyə Səfirliyi ilə əməkdaşlığı genişləndirir
16.11.2018
Ramiz Mehdiyevin “Dağlıq Qarabağ – məxəzlərdən oxunmuş tarix” kitabı: bilinməyən həqiqətlərin tarixi təsdiqi
16.11.2018
Türkiyədə daha bir Xocalı abidəsinin açılışı olub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10486

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info