SOCAR-ın Rumıniya nümayəndəliyi ölkə bazarında layiqli yer tutur
Tarix: 20.09.2016 | Saat: 19:17:00 | E-mail | Çapa göndər


Bu gün Dövlət Neft Şirkəti nəinki regionda, dünya miqyasında
çox böyük nüfuza malik olan beynəlxalq səviyyəli şirkətdir.
Məqsədimiz məhz ondan ibarətdir ki,
SOCAR – Azərbaycan Dövlət Neft Şirkəti
beynəlxalq səviyyəyə çıxsın.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev


Xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi və cənab Prezident İlham Əliyevin uğurla reallaşdırdığı ölkəmizin iqtisadi inkişaf modelinin özəyini təşkil edən "Əsrin müqaviləsi" öz müstəsna tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə Azərbaycanın müasir tarixinin ən şanlı səhifələrindəndir. Müdriklik və uzaqgörənliklə uğurlu gələcəyə hesablanan və tarixə "Əsrin müqaviləsi" adı ilə düşmüş bu saziş Odlar yurdu, qədim neft-qaz ölkəsi olan Azərbaycana əvvəlki şan-şöhrətini qaytarmış, bugünkü müstəqilliyimizin qarantı olan yeni neft strategiyasının əsasını təşkil etmişdir.
Ulu öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanan və onun ən layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən neft strategiyası Azərbaycanın uzunmüddətli, davamlı inkişafına təkan verdi, yeni dövrdə ölkəmizin enerji sektorunda dirçəlişin başlanğıcını qoydu. Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısını yaxından hiss edən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti inamlı inkişaf yolu ilə irəliləməkdədir. Son illər xarici ölkələrdə ARDNŞ-nin təsisçiliyi ilə birgə müəssisələr, çoxsaylı törəmə şirkətlər və treydinq ofisləri yaradılmış, nümayəndəliklər açılmışdır.
SOCAR-ın Rumıniya nümayəndəliyi də 2007-ci ildə fəaliyyətə başlamışdır. Rumıniya Azərbaycanın karbohidrogen ehtiyatlarının Şərqi və Mərkəzi Avropa, eləcə də Balkan ölkələri bazarına çıxışı üçün körpü rolunu oynayır. Şərqi Avropanın Parisi hesab edilən Buxarestdə nümayəndəliyin açılması zərurəti də məhz bu səbəbdən meydana çıxmışdır. Bu gün Azərbaycan və Rumıniya arasında mövcud olan strateji əməkdaşlıq və tərəfdaşlıq münasibətləri yüksək səviyyədədir. Oxucularımız üçün maraqlı olacaq bir tarixi faktı da diqqətinizə çatdırmaq istəyirəm. Azərbaycan və Rumıniya arasında dostluq əlaqələri qədim tarixi köklərə malikdir. 1473-cü ildə Ağqoyunlu dovlətinin başcısı Uzun Həsənlə Böyük Ştefan arasında müttəfiqlik haqqında müqavilə imzalanması da buna sübutdur. XX əsrin sonlarında Azərbaycan ikinci dəfə müstəqilliyini əldə etdikdən sonra ölkələrimiz arasında münasibətlər yeni müstəvidə inkişaf etməyə başlamışdır. 1992-ci ildə Azərbaycan və Rumıniya arasında diplomatik əlaqələr qurulmuş və rəsmi Buxarest Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olmuşdur.
İkitərəfli münasibətlərin əsası Azərbaycan Prezidenti Heydər Əliyevin 1995-ci ildə Buxarestə ilk rəsmi səfəri zamanı qoyulmuşdur. Daha sonra prezidentlər İlham Əliyev və Troyan Baseskunun qarşılıqlı səfərləri bu münasibətlərin inkişafına təkan vermişdir. Hazırda ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə 100-dən çox sənəd imzalanmış, əlaqələrin inkişafı üçün möhkəm hüquqi baza yaradılmışdır. Bu gün Azərbaycan Avro-Atlantik məkana uğurla inteqrasiya edir, Avropanın bir sıra təşkilatları ilə əməkdaşlıq əlaqələri qurur, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında öz töhfəsini verir. Azərbaycan və Rumıniya Xəzər dənizi və Qara dəniz bölgələrini birləşdirən nəqliyyat, enerji (Azərbaycan-Gürcüstan-Rumıniya İnterkonnektor - AGRİ və s.) və iqtisadi layihələri dəstəkləyir.
SOCAR istər ölkə daxilində, istərsə də Azərbaycan hüdudlarından kənarda müəllifi olduğu bir çox iri və beynəlxalq layihələrə uğurla imza atmaqla dünya miqyasında bir brendə çevrilib. Şirkətimizin beynəlxalq aləmdə işgüzar imici durmadan yüksəlməkdədir. SOCAR-ın Rumıniya nümayəndəliyi şirkətimizin Avropada açılan ilk nümayəndəliyidir. 2011-ci ildə SOCAR Rumıniyada növbəti uğurlu layihənin icrasına start verib. Belə ki, Rumıniya ərazisində neft məhsullarının alqı-satqısının təşkili və beynəlxalq standartlara uyğun, keyfiyyətli təchizat xidmətinin həyata keçirilməsi məqsədilə, SOCAR-ın törəmə şirkəti olan "SOCAR Petroleum SA" şirkəti təsis edilib və bu ölkə ərazisində SOCAR brendi ilə kommersiya fəaliyyətinə başlanılıb. Həmin ilin oktyabr ayından etibarən 11 yanacaqdoldurma məntəqəsi ilə müştəriləri "Avro-5" standartlarının tələblərinə uyğun yüksək keyfiyyətli yanacaq məhsulları ilə təmin etməyə başlamışıq.
ARDNŞ öz törəmə müəssisəsi olan "SOCAR Petroleum SA" vasitəsilə hər ay Rumıniyada 15 min tondan artıq neft məhsullarının satışını həyata keçirməkdədir. Hazırda "SOCAR Petroleum SA" şirkətinin əsas fəaliyyət sahəsinə neft məhsullarının topdan və pərakəndə satışı, "SOCAR" brendi altında yanacaqdoldurma məntəqələrinin və digər neft-qaz infrastrukturlarının tikintisi daxildir. Ötən il "SOCAR Petroleum SA"-nın ümumi gəliri təxminən 154 milyon ABŞ dolları təşkil edib. Şirkətimiz Rumıniya büdcəsinə 3 milyon ABŞ dolları vergi ödəyib. Qeyd edim ki, Rumıniya Ticarət Qeydiyyat İdarəsinin açıqladığı məlumata görə, 2014-cü ilin birinci yarısında Rumıniyaya xarici investorlar tərəfindən 1,5 milyard avro sərmayə yatırılıb. ARDNŞ-in Rumıniya nümayəndəliyi 50 böyük xarici investor arasında üçüncü yerdə qərarlaşıb. Şirkət 2015-ci ilin sonunadək Rumıniya iqtisadiyyatına 64 milyon avro sərmayə yatırıb. Əlbəttə, əldə olunan bütün bu uğurların arxasında SOCAR rəhbərliyi ilə yanaşı, Rumıniya bazarında rəqabət qabiliyyətli, əzmlə çalışan, güclü və perspektivli "SOCAR Petroleum SA" kollektivi dayanıb.

"SOCAR Petroleum SA" yarandığı gündən daha yüksək hədəflərə çatmaq üçün qarşısına bəlli məqsədlər qoyub, Şərqi və Mərkəzi Avropa regionunda yaxın gələcək üçün nəzərdə tutulmuş inkişaf strategiyası işlənib hazırlanıb. Rumıniya bazarında neft məhsullarının pərakəndə və ya topdan satışı, eləcə də yanacaqdoldurma məntəqələri şəbəkəsinin genişləndirilməsi, onların sayının ilbəil artırılması istiqamətində uğurlu addımlar atılmaqdadır. Məlumat üçün bildirim ki, artıq 2 ildir şirkətimiz Beynəlxalq Standartlaşdırma Təşkilatının 4 sertifikatını əldə edib. Bunlar İSO 9001:2008 - Keyfiyyəti İdarəetmə Sistemi, İSO 18001:2008 - Əməyin və Sağlamlığın Mühafizəsinin İdarəetmə sistemi, İSO 14001:2005 - Ətraf Mühitin Mühafizəsi İdarəetmə sistemi və İSO 22000:2005- Qida (Ərzaq) məhsullarının Təhlükəsizliyi İdarəetmə sistemi standartlarıdır. Şirkətimiz ötən il uğurla reallaşdırdığı layihələrin bir qismini bu ildə davam etdirmişdir.

Əgər 2011-ci ildə Rumıniya ərazisində SOCAR brendi altında 11 yanacaqdoldurma məntəqəsi ilə fəaliyyətə başlamışdıqsa hazırda ölkə üzrə məntəqələrin sayı 34-dür. Əlbəttə, açılan yeni məntəqələr yeni iş yerləri deməkdir. Məntəqələrdə ümumilikdə 500-dən çox insan işlə təmin olunub. Şirkətimizin Rumıniya üzrə əhatə coğrafiyası da genişlənib, ölkənin şimal, şərq və qərbini də əhatə etməklə 16 regionunda - Botoşan, Suçeava, Nyamts, İaşi, Bihor, Buzau, Bakau, Vrancea, Timiş, İlfov, Kluj, Valcea, Arad, Bistritsa-Nasaud və Sibiuda yanacaq doldurma şəbəkələrimiz fəaliyyət göstərir. Uğurlu və məqsədyönlü investiya layihələrini davam etdirərək Rumıniya ərazisində növbəti il daha 10 yeni YDM açmağı planlaşdırırıq. Yaxın illər üçün qarşıya qoyulan əsas məqsədlərdən biri də bütün Rumıniyanı əhatə etməklə bu məntəqələrin sayını 100-ə çatdırmaq, bununla da yanacaq bazarının 10 faizinə sahib olmaqdır. Bu məntəqələrdə istehlakçılara yüksək səviyyədə xidmət göstərilir. YDM-lərdə istehlakçıların "Euro Dizel 95", "Super Euro Dizel 98", "Benzin 95" və "Benzin 98" tipli neft məhsulları ilə, mavi qazla təmin edilməsi üçün hər cür şərait yaradılmışdır. YDM-lərdə ənənəvi olaraq "NAR" kafe fəaliyyət göstərir, 24 saat pulsuz internet xidmətləri təqdim edilir. Hazırda "SOCAR Petroleum" tərəfindən "SOCAR Fleet CARD" layihəsi də dövriyyəyə buraxılıb, sürücülər yanacaq doldurarkən müəyyən bonuslar da əldə etmiş olurlar.

Nümayəndəliyimiz hər zaman ölkəmizlə bağlı sosial-mədəni tədbirlərin keçirilməsi, ölkə həqiqətlərinin rumın ictimaiyyətinə çatdırılmasına daim dəstək olur. Rumıniya nümayəndəliyi bu ölkədə yaşayan türk və tatar icmalarının aztəminatlı hissəsini də yaddan çıxartmır. İstər bayramlarda, istərsə də digər əlamətdar günlərdə hər zaman onlara yardım edir. Şirkətimiz idman sahəsinə də hər zaman böyük diqqət və qayğı göstərir. Ənənəvi olaraq hər ilin mayında ulu öndər Heydər Əliyevin doğum günü ərəfəsində nümayəndəliyin dəstəyi ilə "Heydər Əliyev kuboku" uğrunda futbol turniri təşkil olunur.
SOCAR-ın Rumıniyada, eləcə də Şərqi Avropa ölkələrində uzunmüddətli biznes layihələrini nəzərə alaraq maliyyə, bank, sığorta, marketinq və mühasibat üzrə gənc mütəxəssislərə hər zaman ehtiyacı var. Artıq 4-cü ildir ki, Rumıniyanın nüfuzlu ali təhsil ocaqları ilə əməkdaşlıq edilir. Bu məqsədlə Rumıniyanın Dövlət İqtisadiyyat Akademiyası ilə SOCAR-ın Rumıniya nümayəndəliyi arasında memorandum da imzalanıb. 2012-ci ildən başlayaraq nümayəndəliyimiz Rumıniya İqtisadiyyat Akademiyası ilə birgə “SOCAR üstünlük təqaüdləri” tədris proqramını reallaşdırır. Artıq bir neçə ildir ki, qeyd olunan proqram çərçivəsində akademiyanın təhsildə yüksək nəticələr qazanan və şirkətimizin elan etdiyi müsabiqədə qalib gələn üç tələbəsinə tədris ili ərzində ayda 100 avro olmaqla “SOCAR” təqaüdü verilir.
SOCAR-ın Rumıniya nümayəndəliyi mütəmadi olaraq dövlət və hökumət nümayəndələri ilə də görüşlər keçirir, qarşılıqlı maraq doğuran məsələlərlə bağlı müzakirələr aparır, Rumıniya və qonşu ölkələrdə keçirilən beynəlxalq enerji sammitlərində, neft-qaz konfransları və sərgilərində fəal iştirak edir. Bu il həmçinin "SOCAR Petroleum SA" üçün əlamətdar ildir. Şirkətimizin təsis olunmasının 5 ili tamam oldu. Artıq deyə bilərik ki, qısa müddət ərzində „SOCAR Petroleum SA” Rumıniya bazarında topdan və pərakəndə satış biznesində qiymət əmələgəlmə prosesində iştirak edən şirkətlər sırasına daxil olub.

Beynəlxalq qurum kimi fəaliyyətini durmadan genişləndirən ARDNŞ bu gün böyük enerji və biznes imkanlarına malik beynəlxalq şirkətlər sırasına daxil olaraq dünya enerji sektorunda özünə layiqli yer tutmuşdur. Xarici ölkələrdə həyata keçirilən investisiya layihələri Azərbaycanın ümumi strateji inkişafına zəmin yaradır, enerji sahəsində əməkdaşlıq xalqlar arasında uzunmüddətli münasibətlərin yaranmasına xidmət edir. ARDNŞ-nin Rumıniya nümayəndəliyi də fəaliyyət göstərdiyi müddət ərzində bu prinsiplərə sadiq qalaraq, fəaliyyətini ölkə bazarında layiqli yer tutmağa və möhkəmlənməyə hədəfləmişdir.
Həmzə Kərimov,
“SOCAR Petroleum SA"-nın baş direktoru




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info