Qərbin Azərbaycan üçün hazırladığı “Əhməd Çələbi”
Tarix: 21.09.2016 | Saat: 00:40:00 | E-mail | Çapa göndər


“ABŞ-Gülən şəbəkəsi-Cənubdan idarə olunan radikal şiə qrupları” triosunun Azərbaycana sırımaq istədiyi yeni ssenari ortadadır

Sentyabrın 17-də özünün “milli şura” adlandıran qurumun Yasamal rayonundakı "Məhsul" stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib. Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, saat 15.00-dan 17.00-dək davam edən toplantıda həmin quruma daxil olan ayrı-ayrı partiyaların və bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının ümumi sayı 800 (səkkiz yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.
Adı "Məhsul” olan stadionda aksiyanın belə qeyri-məhsuldar alınması təsadüfi deyil. Bir qayda olaraq əvvəllər özünü milli demokrat, indilərsə liberal demokrat adlandıran müxalifətin mitinqlərində əsas iştirakçı kütlə sabiq hərəkatçılardan ibarət olardı. Həmin iştirakçıların əsas hissəsi fiziki olaraq sıradan çıxıb, bir qismi də indiki mitinqlərdən başqa havalar gəldiyini görüb say artıran "sıra nəfəri” olmaq istəmədi. Əli Kərimlinin AXC-ni ələ keçirməsini etiraz edərək AXCP-dən ayrılmış İbrahim İbrahimliyə tribuna haqqı tanınması da həmin kütləyə hədəflənmişdi. Amma bir zamanlar kərimovçular tərəfindən qaragüruh elan edilən kütlə "səs həmin səs olsa da, nəfəsin özgə olduğunu” sezə bildi. Aksiyada qaldırılmış şüarlar, mitinq qabağı çoxsaylı müraciətlər əsas hədəf auditoriyası kimi "sosial narazıların” seçildiyini göstərirdi. İlk aksiyadan sonra bu təbəqənin yeni hərəkətverici qüvvə olacağına bəslənən ümidlər "sabun köpüyü” kimi dağılıb getdi. Aktiv sosial şəbəkə istifadəçiləri məhz həmin təbəqədən olan kütləyə meydan verilməməsinə etiraz edirdi, Mərdanə Hüseynli adlı bir aktiv isə yazırdı ki, niyə onlara söz verilmir, amma "dünənə kimi iqtidara mədhiyyə yağdıran” Gültəkin Hacıbəyliyə söz verilir?”. Haqlı suallara cavab tapa bilməyənlər hərəkətverici qüvvə olmaqdan da imtina etdilər. Amma "müqəddəs yer boş qalmır” deyərlər. Bəlkə, buna görədir ki, ölkədə "sosial narazı” tapmayan müxalifət xaricdəki havadarlarının tapşırığı ilə bu boşluğu radikal dindarlarla əvəzləməyə çalışdı.

Qərbdən Azərbaycan üçün yeni ssenari
Yəqin ki, ABŞ-ın 2005-ci ildə Fərhad Əliyevin qismində hakimiyyət komandasının resurslarını onun özünə qarşı çevirmək planının necə iflasa uğradığı hələ unudulmayıb. Səfir Rino Harniş çox çalışsa da, vaxtilə Serbiyada topladığı təcrübə, Gürcüstan və Ukrayna nümunələrini Azərbaycanda reallığa çevirə bilmədi. Bundan sonra 2012-ci ildə Azərbaycanda sabitlik Quba və İsmayıllıda baş verən lokal çıxışlarla sınağa çəkildi. Həmin dövrdə Vaşinqtonun nəzarətində olan "5-ci kolon” ciddi cəhdlə, xaricdən gələn əsaslı dəstək şəraitində bu çıxışların bütün Azərbaycana yayılmasını təşkil etməyə çalışdı. Hadisənin prosesə çevrilməsi baş vermədi, REAL sədri İlqar Məmmədovun, Müsavat funksioneri Tofiq Yaqublunun İsmayıllı voyajının məqsədi ifşa olundu, məsələ nəzarətə götürüldü və neytrallaşdırıldı. 2013-cü il NDİ-nin Bakı nümayəndəliyinin rəhbərliyi və maliyyə dəstəyi ilə radikal müxalifətin zombiləşdirdiyi gənclər Bakının mərkəzinə axışaraq ordu mövzusunu aktuallaşdırmağa, insanların hisləri ilə oynamağa çalışdılar. Amma yenə də alınmadı. Bütün bu şəbəkənin əlaqələri qısa zamanda ifşa olundu, Aleks Qriqorevs Azərbaycanı tərk etməyə məcbur oldu, "molotov kokteylləri” ilə silahlanmış başıpozuq dəstənin başında duranlar isə "Azadlıq manifestini” layiq olduqları yerdə oxumağa göndərildilər. ABŞ və bəzi Qərb dairələrinin hazırda Azərbaycanda həyata keçirməyə çalışdıqları yeni ssenari isə böyük kataklizmlərə məruz qalmış ərəb ölkələrində sınaqdan çıxarılmış ssenarinin guya Azərbaycan reallığına adaptasiya olunmuş, əslində isə, sadəc, kopyalanmış variantıdır. "Radikal qərbyönümlü müxalifət - narazı sosial təbəqə - radikal dindarlar” düsturu "ABŞ-Gülən şəbəkəsi-Cənubdan idarə olunan radikal şiə qrupları” triosunun Azərbaycana sırımaq istədiyi yeni ssenaridir. Ardıcıllığa diqqət yetirək:
- Türkiyədə iyulun 15-də baş vermiş dövlət çevrilişi cəhdindən sonra AXCP-nin Gülən şəbəkəsi ilə əlaqələri ifşa olundu;
- Avqustda AXCP, Müsavat, Ümid, REAL və digər siyasi qurumları və QHT rəhbərləri ABŞ, Böyük Britaniya və Fransa səfirliyinə dəvət olunurlar, ciddi müzakirələrin təşkil edilir;
- Avqustun 31-də “milli şura” sentyabrın 11-nə mitinq təyin edir;
- Sentyabrın əvvəlində Müsəlman Hərəkatı Birliyinin sədri Taleh Bağırzadə və İslam partiyasının sədri Mövsum Səmədov “milli şura”nın mitinqinə dəstək bəyanatları verdilər və tərəfdarlarını bu aksiyaya qoşulmağa çağırdılar.
Sentyabrın 11-i və 17-də “milli şura”nın, 18-də isə Müsavatın mitinqində Ə.Kərimli, C.Həsənli, İ.Qəmbər və digərləri tərəfindən dindarlara edilən reveranslar, İslam Partiyasının funksioneri Rövşən Əhmədovun “milli şura”nın mitinqinə dəvət olunması və Taleh Bağırzadənin itaətsizliyə çağırış məzmunlu müraciətini oxuması "5-ci kolon”la radikal şiə qrupları arasında ciddi konsolidasiya cəhdlərinin olmasından xəbər verir. Bunda başqa, “milli şura”nın mitinqinə səthi baxış iştirakçıların böyük bir hissəsinin məhz radikal dindarların olduğunu açıq göstərdi. Bu da onu deməyə əsas verir ki, "sosial narazılar” tərəfindən rədd edilən radikal müxalifət ABŞ səfirliyinin tapşırığına əsasən bu boşluğu həmin başıpozuq ünsürlərlə doldurmağa çalışır. Bundan başqa, etibarlı mənbənin verdiyi məlumata görə, ABŞ səfirliyinin “milli şura”ya ödədiyi iddia edilən 130 min dolların bir hissəsi Gülən şəbəkəsi tərəfindən AXCP-yə ötürülüb. Radikal müxalifətin islamçı qruplarla əlaqələrini nə qədər gizli saxlamağa cəhdlər olunsa da, “Facebook” sosial şəbəkəsində bəzi yazışmalar məsələnin üzərindən məxfilik pərdəsini götürməyə imkan yaradır. Radikal dindar baxışları ilə tanınan bir gəncin “Facebook" şərhi və ona edilən xəbərdarlıq bu suala cavabdır: "Etiraz etmək yaxşıdır, amma heç bir Tağut rejimi dinc aksiya ilə dəyişməyib”. Yazılan şərhlərdə lazımi məqamı gözləyən başbilənləri ona xəbərdarlıq edir: "Tələsmə, hələlik bu məsələni açıq müzakirə etməyək. Ehtiyatlı ol. İndi qərbçilərin aksiyalarına dəstək vermək bizə lazımdır”. Yəni radikal dini qrupların müxalifətə dəstəyində öz məqsədləri var və belə çıxır ki, yaxın gələcək üçün Nardaran hadisələrinin daha ifrat variantı hazırlanır. “milli şura”nın aksiyasında oxunmuş T. Bağırzadənin müraciətində də çox maraqlı məqam var: "Dindarlar niyə seyrçidir, zalımın qapısında namaz qılandansa, zülmün qabağında duran ateist yaxşıdır. “Milli şura” bu xalqındır, mən də inanclılarla demokratlar arasında sədləri dağıdıram”. Din haqqında talehvari düsturun dinə-imana nə qədər dəxli olduğu başqa bir mövzudur. Amma görünən odur ki, radikal şiə qrupları Əli Kərimlinin buyruğuna keçiblər. Özü Bakıda dindarları, islamçıları, oğlu isə Vaşinqtonda Qərbi vəsf edən Əli Kərimlinin! AXCP sədrinin bu ikiüzlülüyünü aşkar etmək bu qədərmi çətindir? Amma reallıq odur ki, bu ünsürlər nə dindar, nə də demokratdırlar. Biri Qərbdən, o birilər də Cənubdan gələn buyruq qullarıdır. Deməli, Azərbaycan məsələsində Qərblə Cənub anlaşmış kimi görünür. Amma "birləşmiş ünsürlər” ortaya hansı qüvvəni qoydular?

Psevdodemokratların
Hüseyn yolu

İndi radikal müxalifətin elektorat daha məhduddur, faktiki yox dərəcəsindədir, 1992-cı ilin havası başından getməmişlər "Qırmızı kitab”lıq hərəkatçılardan, Əli Kərimlinin “Facebook” "qvardiyası”ndan və postneft dövrünün iqtisadi reallıqlarına adaptə oluna bilməyən azsaylı kəsimdən ibarətdir. Mitinqlərdə şüarların çoxu da məhz sonunculara ünvanlanıb. Amma maraqlıdır ki, sosial şüara reaksiya verməyən mitinq iştirakçıları hər dəfə T Bağırzadənin, Abgül Süleymanovun, Abbas Hüseynovun, Mövsüm Səmədovun adları çəkildikcə sanki qəflət yuxusundan oyanır, "Azərbaycan hüseynçilər yurdudur”, "Dində təqvadır, ürəkdə davadır" , "Ya Əli, Ya Hüseyn!", "Allahu Əkbər” sədaları meydanın bambaşqa kütlənin ixtiyarında olduğunu təsdiqləyirdi. Dini radikalların hələlik ateistləri lider elan etməsi, sadəcə, cari praqmatizmdirmi? Əli Kərimlinin siyasi əxlaqı üçün xarakterik olan "hamıyla hamıya qarşı "prinsip(sizliy)ini nəzərə alsaq, "Bəli!” cavabı verilməlidir. Lakin siyasi kuluarlarda "etibarsız tərəfdaş” imici ilə tanınan Əli Kərimli, deyəsən, "Hüseyn yoluna” (hizbullahçılığa) ciddi önəm verir. Məhz Əli Kərimlinin redaktəsi ilə "Azadlıq " qəzeti Əbülfəz Elçibəyin "Bütöv Azərbaycan” ideyasını və "Bütöv Azərbaycan Birliyi”ni tənqid edir, bu ideyanı "cənuba yürüş” adlandıraraq ələ salırdı. İllər sonra bu yazıların qonşu ölkənin səfirliyi tərəfindən xüsusi təqdirlə qarşılandığı bəlli olduqda, təşəkkür məktublarının o zaman "Azadlıq”da müəllif yazıları ilə çıxış edən Fazil Mustafaya ünvanlandığı iddia olunacaqdı, halbuki nə o zamankı, nə də sonrakı fəaliyyətində F.Mustafanın "hüseynçi”lərlə hər hansı əlaqəsinin olmadığını bilirdik. Məhz Əli Kərimlinin təşəbbüsü ilə BAB-a alternativ qurum yaradılmışdı. İndi müxalif kəsimdə "panazərbaycanizm” bir ideya olaraq sıradan çıxıb. Bu nə ilə əvəzlənib? Əli Kərimli "Azadlığ”ı radikal şiələrin müəyyən dövrdə sözçülüyünə iddia edənlərin tribunasına çevirmişdi. Çe Gevara və Lev Trotskinin "permanent inqilab” ideyasını şiə ladına uyğunlaşdırıb "asi şiə ruhu (daimi şiə inqilabı)” ideyasına çevirən Əli Şəriətinin AXCP-nin seksual fetişist görüntüləri ilə yadda qalan mətbuat katibi Natiq Adilov tərəfindən təbliğ olunması təsadifidirmi? Bəs, Cəmil Həsənli və Əli Kərimliyə birdən-birə T.Bağırzadə ilə işləmək tapşırığı hardan verilib? Ərəb və türk mediasında müsəlman dünyasında Səudiyyə Ərəbistanı və Türkiyənin artan rolunu kiçiltmək üçün İranın klerikal dairələri ilə birgə yürüdüləcək xüsusi plan olduğu qeyd edilir. Həmin planda nəzərdə tutulan "Şiə ayparası”na İran, İraq, Yəmən, Livan, Suriya, Bəhreyn ... və Azərbaycan daxil olmalıdır. Konspiroloji təhlilləri nə qədər yaxın buraxmaq istəməsək də, plan sadalanan ölkələrin hamısında icra mərhələsindədir, yeganə istisna Azərbaycandır. İqtidar-xalq birliyi, xalqımızın ifrat dindarlığı inkar etməsi, tolerant mühit bu planın üzərində ciddi əngəldir. ABŞ və İran arasında yaxınlaşma, postneft dövrünün proqnozlaşdırılan vaxtdan daha tez başlamasının doğurduğu fəsadlar səbəbindən etiraz elektoratın genişlənməsinə yaranan "ümidlər” bu plana yeni nəfəs verib. Lakin Azərbaycanda bu planın tam klerikalların istəyi üzrə yürüməməsi üçün işin başında qərbçilərdən kimsə dayanmalıdır. Sosial şəbəkələr vasitəsilə radikal dindarlara xitabən "Etiraz edin, amma ehtiyatı əldən verməyin, qərbçilərə sonacan inanmayın” xəbərdarlığı yəqin bundan irəli gəlir. Azəri "Əhməd Çələbi” rolu isə Əli Kərimliyə həvalə olunub. Onun arxasınca isə "azəri Müqtəda əs-Sədr və Sistanilər”: T. Bağırzadələr və adlarını hələ duymadığımız yeraltı köstəbəklər gələcək..

"Əhməd Çələbi”nin
alternativləri

Orijinaldan - iraqlı Əhməd Çələbidən fərqli olaraq Azərbaycan Əhməd Çələbisi alternativsiz deyil. "Dünya azərilərini imam yoluna qaytarmaq” kimi iddiaya düşən (və ya bu tapşırığı alan) Ərdəbil imamcüməsi Həsən Amuliyə yaxın saytların, sosial səhifələrin izləyiciləri bilir ki, REAL hərəkatına da xüsusi jestlər edilməkdədir. İlqar Məmmədovun fotoları, haçansa dediyi və ya onun adına çıxılan fikirlər həmin resursların bəzəyidir. Radikal "Müsəlman Birliyi Hərəkatı”nın aktiv üzvləri olan bir çox şəxslər siyasi meydana REAL-çı kimi atılıb sonradan radikal dini çevrəyə transfer olublar. Nardaran hadisələrinin qızğın fazası zamanı isə REAL-ın aparıcı simalarından olan Erkin Qədirli dindarların (oxu: Müsəlman Birliyinin) ölkədə demokratiyanı təmin edə biləcəklərini, hətta dini ideologiyalı dövlət ideyasının demokratiyanı təhdid etmədiyini yazmışdı. Amma məhz o, Vaşinqtondakı son dinləmələrə buraxılmadı. İndi bəlli olur ki, bu, AXCP düşərgəsindən edilmiş bir donos sayəsində baş verib. Həbsdə olan REAL üzvləri ilə bağlı da "Azadlıq” qəzeti yazmağa yox, susmağa üstünlük verir. Buna "Əhməd Çələbi " olmaq yarışının doğurduğu rəqabət hissi də demək olar. T.Bağırzadənin son müraciəti "azərbaycanlı Əhməd Çələbi” roluna Əli Kərimlinin "layiq” bilindiyini göstərir. Amma bu, müvəqqətidirmi, ya davamlı olacaq?
F.ABASOĞLU




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info