Şagirdlərin Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiyası təşkil olunub
Tarix: 21.09.2016 | Saat: 17:25:00 | E-mail | Çapa göndər


Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad qəsəbə tam orta məktəbinin şagirdlərinin rayon Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiyası təşkil olunub.
Sədərək Rayon Gənclər və İdman İdarəsinin, Təhsil Şöbəsinin və Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə baş tutan tədbirin məqsədi yeniyetmə və gənclərin tariximizi əks etdirən eksponatlar haqqında ətraflı məlumatlandırılması, tarixi keçmişimizin unudulmaması və gələcək nəsillərə çatdırılması olub.
Muzeyin bələdçisi bildirib ki, 1995-ci ildən fəaliyyət göstərən rayon Tarix-Diyarşünaslıq Muzeyi üçün Heydərabad qəsəbəsində 2010-cu ildə yeni bina ucaldılıb. İkimərtəbəli yaraşıqlı bina milli üslubda inşa edilib, gözoxşayan ornamentlərlə bəzədilib. 2002-ci ildə muzeyin 4 bölməsi, 613 eksponatı olub. Hazırda isə eksponatların sayı bir neçə dəfə artıb. Muzeyin ekspozisiyasındakı 16 bölmədə Sədərəyin qədim tarixini əks etdirən eksponatlar, o cümlədən mühüm elmi və tarixi əhəmiyyət kəsb edən arxeoloji qazıntılar nəticəsində tapılan əşyalar, dekorativ tətbiqi sənət, xalçaçılıq nümunələri, kənd təsərrüfatı alətləri, bütövlükdə, 1200-dən çox eksponat nümayiş etdirilir.
Qeyd olunub ki, muzeydə qədim və orta əsrlərə aid nadir əşyalar çoxdur və onların hamısı rayon ərazisində yerləşən qədim yaşayış məskənlərindən – Kərki nekropolundan, Vəlidağ ətəklərindən, “Sədərək qalası”, “Kültəpə”, “Şəhər yeri”, “Bulaq başı”, “Karvansara” adlanan yerlərdə aparılan arxeoloji qazıntılar zamanı tapılıb. Muzeyin arxeologiya və etnoqrafiya bölməsində nümayiş etdirilən Tunc dövrünə və orta əsrlərə aid eksponatlar – daş baltalar, çapacaqlar, küpə, çölmək, həvəngdəstələr, dən daşları və digər nümunələr Sədərək ərazisində hələ eramızdan əvvəl II minilliyin sonu, I minilliyin əvvəllərindən yaşayış olduğunu təsdiqləyir. Bölgənin qədim dövründən bu günədək olan şərəfli tarixini özündə əks etdirən dəyərli arxeoloji tapıntılar, mənəvi dəyərlərimizin parlaq təcəssümü olan mədəniyyət nümunələri, xalq tətbiqi sənət əsərləri, nümuzmatik materiallar, heykəltəraşlıq, qrafika, Erkən Dəmir dövrünə aid keramika məmulatları, soyuq silahlar, misgərlik nümunələri muzeydə özünə yer alıb. Bölmələrdə nümayiş olunan dulusçuluq, zərgərlik, toxuculuq məmulatları, dekorativ bəzək əşyaları qədim İpək Yolu üzərində yerləşən ulu yurdda sənətkarlığın, mədəniyyətin inkişafından xəbər verir. Buradakı əkinçilik alətləri – xış, kotan, vəl, mərəndi, mərgüz, göndən hazırlanmış xəlbir, nehrə və sair əşyalar sədərəklilərin hələ qədim zamanlardan əkinçiliklə, maldarlıqla məşğul olduqlarını göstərir.
Bölgənin flora və faunasından bəhs edən bölmə də öz zənginliyi ilə diqqəti çəkir, bu yurdun əsrarəngiz təbiəti haqqında dolğun təəssürat yaradır. Muzeydə “Sədərək” sözünün etimoloji mənası, elmi şərhi barədə bilgilər də yer alıb. “Kitabi-Dədə Qorqud”da adıçəkilən Sədərəyin Uşun oğlu Səkrəyin adından yaranma ehtimalı, türk səyyahı Övliya Çələbinin, fransız səyyahı Jan Şardenin XVII əsrdə bu yerin çox böyük yaşayış məntəqəsi olması, geniş meyvə bağları, abad meydanları, yaraşıqlı binaları, məscidləri, dükan-bazarı barədə məlumatları da diqqət çəkir.
“Sədərək qeyrət qalasıdır” bölməsində isə 1990-cı illərdə 14 dəfə erməni təcavüzünə məruz qalan Sədərəyin ağır həyatı, mərdliklə müdafiə olunması canlı eksponatların dili ilə buraya gələnlərə çox həqiqətləri danışır. Onlar bu torpaq uğrunda canını fəda edən 108 şəhid, o cümlədən sədərəkli 52 şəhid haqqında muzeydə dolğun məlumat alırlar. Sədərək rayonunun son illərdəki sosial-iqtisadi inkişafını əks etdirən bölmə də şagirdlərin diqqətini cəlb edib. Muzeyin foyesində isə rayon mərkəzi Heydərabad qəsəbəsinin dünəni və bu gününü əks etdirən stend qurulub.
Muzeylə tanışlıq şagirdlərin marağına səbəb olub və onlarda zəngin təəssürat yaradıb.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info