Səlim Müslümov: “Özünüməşğulluq proqramı yeni iş yerlərinin açılması prosesinin daimi olması hədəfinə istiqamətlənib”
Tarix: 21.09.2016 | Saat: 17:53:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 7 aprel 2016-cı il tarixli Sərəncamının icrası işləri uğurla davam etdirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünüməşğulluq proqramında iştirak etməkdən ötrü müraciət edən şəxslərə biznesin təşkili üzrə təlimləri həyata keçirəcək daha bir qrup şəxs (təlimçi) üçün təşkil edilmiş təlim kursu başa çatıb.
Kursları başa vuran təlimçilərə sertifikatların təqdim olunması ilə bağlı keçirilən tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov vurğulayıb ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı dövlət məşğulluq siyasətinin aktiv əmək bazarı proqramlarının əhəmiyyətli şəkildə genişlənməsinə əsaslanan yeni keyfiyyət mərhələsinə daxil olmasına şərait yaradıb: “Ötən dövrdə ayrı-ayrı dünya ölkələrində özünüməşğulluqla bağlı layihələr formatında müəyyən təcrübələr olsa da, ilk dəfə Azərbaycanda məhz dövlət səviyyəsində və bütün ölkəni əhatə edə biləcək şəkildə, geniş formada özünüməşğulluq proqramı icra olunur. Bu proqram ayrı-ayrı fərdlərin, onların timsalında ailələrin özünüməşğulluğuna yönəlsə də, nəticə etibarilə iqtisadiyyatda mühüm faktor olan kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi, yeni iş yerlərinin açılması prosesinin daimi olması hədəfinə istiqamətlənib”.
Nazir bildirib ki, ölkəmizdə özünüməşğulluq proqramının uğurlu icrasına əminlik yaradan əsaslardan biri də son illərdə bu sahədə pilot layihələr çərçivəsində görülmüş işlərin müsbət nəticələridir: “Belə ki, Göyçay və Şamaxı rayonlarında 32 nəfər şəxsi (o cümlədən 11 nəfər əlilliyi olan şəxsi) əhatə edən iki layihə özünü doğrultdu. Layihələrə cəlb olunan insanlar müəyyən müddətdən sonra heyvandarlıq, quşçuluq, arıçılıq, bağçılıq, tərəvəzçilik (istixana), pərakəndə satış kimi istiqamətlər üzrə uğurlu şəkildə özünməşğulluq fəaliyyəti qurublar. Hətta bu fəaliyyətdən gəlir əldə etməklə fəal vergi və sosial sığorta ödəyicisinə çevriliblər. Onlardan bəziləri yeni işçilər də işə cəlb ediblər”.
S.Müslümov diqqətə çatdırıb ki, dövlət başçısının qeyd edilən Sərəncamı ölkəmizdə bu sahədə təcrübənin xeyli genişlənməsinə imkan yaradıb: “Sənədin yüksək səviyyədə icrası və özünüməşğulluq fəaliyyətinin təşkili ilə əlaqədar müvafiq normativ-hüquqi bazanın formalaşdırılması, ölkənin bölgələrində kiçik və mikro sahibkarlıq fəaliyyəti sahələrinə olan tələbatın öyrənilməsi, hər bir bölgə üzrə özünməşğulluq fəaliyyəti çərçivəsində dayanıqlı və gəlir gətirə bilən biznes sahələrinin müəyyən olunması işləri görülüb. Bu işlər yekunlaşdıqdan sonra Nazirliyin Kollegiyasının müvafiq Qərarı ilə təsdiq edilmiş “İşaxtaran vətəndaşların özünüməşğulluq fəaliyyətinin təşkili Tələbləri” əsasında özünüməşğulluq proqramının praktik icra mərhələsinə keçilib”.
Nazir qeyd edib ki, proqramda iştirak etmək üçün müraciət edən vətəndaşlarda şəxsi bizneslərin təşkili ilə bağlı zəruri bilik və bacarıqların formalaşdırılması, bu məqsədlə onlara təlimlərin keçilməsi üçün hər bir rayon və şəhər üzrə təlimçilər seçilib: “Təlimçilərin seçilməsi prosesi Beynəlxalq Əmək Təşkilatının (BƏT) müvafiq meyarları əsasında və bu qurumun baş təlimçisi ilə birgə, müsahibə şəraitində aparılıb. Təlimçilərin bir qismi də işsiz və işaxtaran kimi məşğulluq orqanlarında qeydiyyatda olan və uyğun bacarıqlara, keyfiyyətlərə malik şəxslər arasından müəyyən olunub. Cari ilin avqustun 4-dən BƏT-in baş təlimçisi tərəfindən nazirliyin Göyçay rayonundakı Regional Peşə Tədrisi Mərkəzində təlimçilər üçün hər biri bir həftəlik təlim kurslarına başlanılıb. Hər bir kursda 15 nəfər təlimçi əhatə olunur və kursları bitirdikdən sonra onlara sertifikatlar verilir. Hazırda artıq 5-ci təlim kursu yekunlaşıb ki, bu kursu uğurla başa vuranlara sertifikatlar təqdim ediləcək. Təlim kursları davam edir və ümumilikdə ölkə üzrə özünüməşğulluq proqramı ilə bağlı 142 təlimçinin hazırlanması nəzərdə tutulub. Onlardan 75 nəfəri artıq hazırdır. Bu şəxslərlə müvafiq müqavilələr imzalanıb və onlar təlimçi kimi əmək fəaliyyətinə başlayırlar”.
S.Müslümov ötən müddətdə təlim kurslarını bitirərək sertifikat almış təlimçilərin öz rayonlarında müvafiq işlərə başladıqlarını diqqətə çatdırıb: “Təlimçilər tərəfindən artıq 19 rayon (Ağdam, Bərdə, Tərtər, Hacıqabul, Salyan, Ağcabədi, Laçın, Xocavənd, Beyləqan, Göyçay, Şirvan, Füzuli, Yevlax, Neftçala, Saatlı, Biləsuvar, Cəbrayıl, Sabirabad, Kürdəmir) üzrə özünüməşğulluq proqramında iştirak etmək üçün müraciət etmiş 367 nəfər işaxtaran və işsiz vətəndaş üçün hər biri iki aylıq təlimlər həyata keçirilir. Təlimlər zamanı iştirakçılara biznesin təşkili üzrə biliklərin aşılanması və təlim müddətində onlar tərəfindən özünüməşğulluq fəaliyyəti göstərəcəkləri müvafiq istehsal və xidmət sahələri üzrə biznes-planların hazırlanması nəzərdə tutulur. Biznes-planların nazirlikdə yaradılmış müvafiq komissiya tərəfindən qiymətləndirilməsi və müdafiəsi prosesinin nəticəsinə uyğun olaraq onların özünüməşğulluq fəaliyyətinə başlamaları məqsədilə şəxsi ailə təsərrüfatlarını qurmaları üçün mal və materiallarla təminatı həyata keçiriləcək”.
Özünüməşğulluq proqramında iştirak etmək üçün müraciət edənlərin seçimi məsələsinə toxunan nazir bildirib ki, onlar dövlət başçısının müvafiq Sərəncamının imzalandığı vaxta, yəni 07 aprel 2016-cı il tarixədək məşğulluq orqanlarında işaxtaran və işsiz kimi qeydiyyatda olan vətəndaşlar arasından seçilir: “Onların ev təsərrüfatlarına baxış keçirilir, özünüməşğulluq fəaliyyəti üçün potensial imkanları nəzərə alınmaqla bu seçim aparılır. Cari ilin sonunadək özünüməşğulluq proqramında iştirak etmək və bunun üçün təlimlərə cəlb olunmaq üçün ümumilikdə 1500 nəfər seçiləcək. Əgər hər ailədə orta hesabla 5 nəfərədək ailə üzvünün olduğunu nəzərə alsaq, bu proqram 1500 ailə üzrə ümumilikdə 7,5 min nəfərədək insanın rifahında müsbət dəyişikliklərə imkan yaradacaq”.
Daha sonra S.Müslümov təlim kursunu başa vurmuş şəxslərə müraciət edərək, öz vəzifələrini daim layiqli şəkildə, göstərilən inam və etimada uyğun səviyyədə yerinə yetirmələrini tövsiyə edib: “Bu proqramın icrası işlərində iştirak edəcək hər bir şəxs cənab Prezidentin sözügedən Sərəncamının yüksək səviyyədə həyata keçirilməsi üçün səylərini daim artırmalıdır. Bizim bu sahədə birgə görəcəyimiz işlərin uğurlu nəticələri təbii ki, ölkəmizdə sosial və iqtisadi baxımdan xeyli önəmli olan özünüməşğullluq fəaliyyətinin növbəti illərdə daha da genişləndirlməsi üçün mühüm əsas yaradacaq”.
Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparatının Məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdiri Elnur Süleymanov, nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin rəisi Anar Bədəlbəyli və BƏT-in sertifikatlı baş təlimçisi Azad Rəhimov proqramın icrası sahəsində aparılan işlələ bağlı məlumat veriblər. Onlar təlimçilərin seçilməsi və onlar üçün təlim kurslarının təşkili, kursları bitirənlər tərəfindən özünüməşğulluq proqramında iştirak etmək üçün müraciət edənlərə təlimlərin keçirilməsi prosesinin BƏT-in meyarlarına əsasən aparıldığını diqqətə çatdırıblar.
Daha sonra təlim kursunu başa vurmuş təlimçilərə sertifikatlar təqdim olunub.
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info