“Pambıqçılıq yüngül sənayeni də inkişaf etdirəcək”
Tarix: 22.09.2016 | Saat: 00:38:00 | E-mail | Çapa göndər


Rauf Sultanov:
“Şirvanda, Mingəçevirdə yüngül sənaye inkişaf etdiriləcək, əhalinin sıx yaşadığı iri şəhərlərdə sənaye obyektlərinin tikilməsi üçün şərait yaradılacaq”

Bu gün ölkədə həyata keçirilən tədbirlərin hər biri iqtisadiyyatın inkişafına yönəldilib. Kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən davamlı tədbirlər, sahibkarlar üçün imkanların daha da artırılması, yeni aqroparkların, eləcə də yeni zavodların açılması məhz iqtisadiyyatımızın inkişafı istiqamətində atılan addımlardır. Mütəxəssislərimiz də bu gün ölkədə həyata keçirilən tədbirləri ölkəmizin inkişafı üçün vacib və uğurlu hesab edirlər. Müsahibimiz Azərbaycan Dövlət Pedaqoji Universitetinin Biologiya fakültəsinin professoru, Azərbaycan Ekologiya Standartlarının Monitorinq Fondunun prezidenti Rauf Sultanovdur:

- Ölkədə yüngül sənayenin inkişafı üçün hansı imkanlar var?
- Bu gün Sabirabad, Saatlı, Bərdə, Ağdamda pambıqçılığı inkişaf etdirmək üçün böyük imkanlar var. Məsələ burasındadır ki, həmin əraziləri yalnız pambıqçılıq sahəsində istifadə etmək olar. Bu gün həmin sahələr istifadə edilmir və boş qalıb. Burada yenə də aqrokomplekslərin yaradılması vacib məsələdir. Eləcə də pambıqçılıqla bağlı qəbul məntəqələrinin yaradılması önəmlidir. Burada yalnız istehsaldan söhbət getmir. Şirvan rayonunda yüngül sənayenin, toxuculuğun inkişaf etdirilməsi nəzərdə tutulur. Nəticədə Şirvanda, Mingəçevirdə yüngül sənaye inkişaf etdiriləcək, əhalinin sıx yaşadığı iri şəhərlərdə sənaye obyektlərinin tikilməsi üçün şərait yaradılacaq. Niyə görə biz yüngül sənayeni inkişaf etdirməyək? Bu gün bizim yüngül sənayemiz Türkiyədən, Avropadan və digər ölkələrdən asılıdır. Nə üçün əhalinin geyimə olan tələbatını təmin etməyə öz imkanımız olduğu halda, başqa ölkələrdən asılı olmalıyıq. Biz pambığı xammal kimi xaricə satmaqla kifayətlənməməliyik, istehsal etməklə onu məhsul şəklində satmaq lazımdır. Eləcə də xammalı emal etdikdə, sənaye müəssisələri yaradılanda işçi qüvvəsi lazımdır. Bunların hamısı əhalinin güzəranının yaxşılaşdırılmasına, gəlirlərinin artmasına təsir göstərən əsas amillərdir. Biz bu sahənin inkişafına nail olmalıyıq, dağıdılmış təsərrüfatlar bərpa olunmalıdır. Yəni bu kiçik fermer təsərrüfatları şəklində yox, iri komplekslər şəklində olmalıdır. Ona görə də ölkə başçısı iri aqrar təsərrüfatların yaradılmasını qarşıya məqsəd qoyub.
-Bu günlərdə Bakıda Heydər Əliyev adına neft emalı zavodunun yenidən qurulması layihəsi çərçivəsində yeni bitum istehsalı qurğusunun təməlqoyma mərasimi oldu. Layihənin icrası Bakı şəhərində ekoloji durumun yaxşılaşdırılmasına və ümumilikdə ölkənin sosial-iqtisadi inkişafına necə təsir göstərəcək?
- Bu gün ölkədə neft, qaz istehsalı ilə yanaşı, onu xam şəklində xarici ölkələrə satırıq. Məsələn, nefti Türkiyəyə satırıq, ancaq orada böyük neft emalı zavodu tikilir. Yaxşı olardı ki, belə bir neft emalı zavodu Azərbaycanın özündə tikilsin. Yəni, xam neftin satışı yox, ondan istehsal olunan məhsulları ixrac edək. Ona görə də bitum zavodunun tikilməsi Azərbaycan iqtisadiyyatının inkişafına müsbət təsir göstərəcək. Neftayırma zavodlarının tikilməsi çox önəmlidir. Bu sahəni daha da inkişaf etdirmək üçün böyük perspektivlər var və bu imkanlardan istifadə etmək lazımdır. Ulu öndər Heydər Əliyevin vaxtında Bakı şəhərində neftayırma zavodlarının şəhərin mərkəzindən kənara köçürülməsi layihəsi var idi. Bu gün həmin layihə həyata keçirilir. Bu o deməkdir ki, ölkənin ekoloji mühiti yaxşılaşır, həmin ərazilərdə parklar salınacaq, əhalinin istirahəti üçün şərait yaradılacaq. Əhali şəhərdə ekoloji cəhətdən münbit şəraitdə yaşamalıdır. Bakı dünyada yaşıllıqlara qərq olunaraq, ən yaxşı ekoloji şəraiti olan şəhərə çevrilməlidir. Ölkə başçısı bitum istehsalı qurğusunun təməlqoyma mərasimində çıxışında da bildirdi ki, layihənin icrası Bakı şəhərində ekoloji durumun yaxşılaşdırılmasına və ümumilikdə ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verəcək: “Bakının ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün də bunun çox böyük əhəmiyyəti var. Bu ərazidə külək əsəndə bəzi hallarda hiss olunan iylər aradan qalxacaq, dəniz kənarında yerləşən neftayırma zavodu köçürüləcək, onun yerində gözəl ictimai yerlər salınacaq. Necə ki, indi yeni bulvar və “Ağ şəhər” bulvarı yaradılıb. İndi “Ağ şəhər” bulvarı gəlib neft emalı zavoduna çatıb. Bu yenidənqurmadan sonra o zavod oradan köçürüləcək və beləliklə, Bakı sakinləri üçün əlavə bir neçə kilometr gözəl ictimai istirahət zonası da yaradılacaq. Yəni bu işlər bir-biri ilə bağlıdır - ekoloji təmizlik, iqtisadi inkişaf, enerji təhlükəsizliyi, şəhərimizin gözəlləşdirilməsi. Bu işlərin bir məqsədi var - Azərbaycanın inkişafı və daha da güclü ölkəyə çevrilməsi”.
Onu da qeyd edim ki, bitum yol-nəqliyyatın inkişafına da mühüm təsir göstərir. Asfalt istehsalı ölkəmiz üçün əsas sahələrdən biridir. Bu gün ölkəmizdə yol-nəqliyyat strukturu nə qədər inkişaf etsə də bölgələrdə hələ də bəzi problemlər qalır. Yol-nəqliyyat strukturunun inkişafı, əhalinin işlə təmin olunmasına imkan verir. Sovet dövründə belə bir layihə var idi ki, istehsal vasitələrini istehsal edən vasitələrin istehsalını artırmaq. O zaman bu layihə reallaşmadı. Ölkəmizdə bu layihəni həyata keçirmək olar. Belə ki, toxuculuq maşınları, traktor, kombayn, kibrit istehsal edən maşınlar istehsal etmək lazımdır. Bu texnikanı xaricdən almaq yox, ölkəmizdə istehsal etsək daha yaxşı olar. Bu gün Azərbaycan neft istehsal edir, enerji ilə özünü təmin edir. Avropanı enerji ilə təmin edir. Bu illər ərzində ölkəmiz yüksək sürətlə inkişaf edir. Eyni zamanda bu inkişaf gələcək Azərbaycanın investisiya, sənaye sahəsində inkişafını təmin etməlidir.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar
07.09.2018
“BANM-i bitirdikdən sonra bacarıqlı mühəndis olacağıma inanıram”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info