“AŞPA sədrinin referenduma 20 gün qalmış Venesiya Komissiyasına müraciəti siyasi sifarişdir”
Tarix: 22.09.2016 | Saat: 00:51:00 | E-mail | Çapa göndər


Şahin Əliyev: “Rəy iki həftə müddətində hazırlanıb, bizim dinlənilmək hüququmuz əlimizdən alınıb”

“Biz Venesiya Komissiyası ilə həmişə bir-birimizin rəyinə hörmətlə yanaşmışıq. İndiyə qədər Venesiya Komissiyasının üç aydan tez hər hansı qanun layihəsinə rəy yazması halına rast gəlməmişəm”.

Bu sözləri keçirdiyi mətbuat konfransında Prezident Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev deyib. O bildirib ki, hər hansı qanun layihəsinə rəy verməzdən öncə Azərbaycan tərəfinin mövqeyi öyrənilməlidir: “Ancaq referendum layihəsi ilə əlaqədar bu prosedur pozulub. Bu rəy sentyabrın 6-da AŞPA prezidentinin sorğusu əsasında cəmi iki həftə müddətində hazırlanıb. Bizim dinlənilmək hüququmuz əlimizdən alınıb, biz fakt qarşısında qoyulmuşuq”. Ş. Əliyev bildirib ki, rəydə kifayət qədər qeyri-dəqiqliklər var, hətta kobud səhvlərə rast gəlinir: “Məsələn, rəyin 25-ci bəndində Konstitusiyanın 159-cu maddəsinə istinad edilir, ancaq Konstitusiyamız cəmi 158 maddədən ibarətdir, 159-cu maddə yoxdur. Əsas narazılıqları icra hakimiyyəti şaqulisinin möhkəmləndirilməsi ilə bağlıdır. Söhbət referendum aktı qəbul edilsə, təsis olunacaq vitse-prezidentlər institutundan gedir. Yanaşma budur ki, təyinatlı vitse-prezidentlik institutu demokratik deyil. Hansı beynəlxalq sənəddə belə demokratik standart əksini tapıb? Belə demokratik standart yoxdur. ABŞ-da prezident öz səlahiyyətlərini icra edə bilmədikdə vitse-prezident icra edir. Vitse-prezident bu səlahiyyəti icra edə bilmədikdə, prezidentin səlahiyyətini seçilməmiş nazirlər ardıcıllıqla icra edir, heç kim də bunu qeyri-demokratik adlandırmır”. Ş.Əliyev Nazirlər Kabinetinin ölkədə islahatların lokomotivinə çevrilə bilmədiyi barədə mətbuatda dərc olunan tənqidlərə də toxunub: “Bu fikirlə müəyyən qədər razılaşmaq olar. Hər ay dəyişən iqtisadi vəziyyətdə, hər ay dəyişən maliyyə siyasətində Nazirlər Kabineti aparıcı rol oynaya bilməyib.

“Venesiya Komissiyasının rəyində kifayət qədər qeyri-dəqiqliklər var, hətta kobud səhvlərə rast gəlinir”

Çünki Nazirlər Kabinetinin institusional quruluşu, iş fəaliyyəti bu cür iş fəaliyyəti üçün nəzərdə tutulmayıb. Çevik qərar qəbul edən institutun olması günün tələbidir”. Ş. Əliyevin sözlərinə görə, Venesiya Komissiyasının digər narazılığı prezidentə parlamenti buraxmaq səlahiyyətinin verilməsi ilə bağlıdır: “Bu, günün tələbidir. Parlamentin fəaliyyətində də pat situasiyası yarana bilər. Mətbuatda da vurğulanıb ki, bir sıra hallarda prezidentin parlamentə göndərdiyi qanun layihələri parlamentdə qəbul edilməyib. Məsələn, Fransa prezidenti parlamenti çox asanlıqla buraxa bilər”. Şöbə müdiri Fransada prezidentlik müddətinin 7 il olduğunu söyləyib: “Digər irad prezidentə növbədənkənar prezident seçkiləri təyin etmək səlahiyyətinin verilməsidir. Prezidentin özünəinam votumu ilə bağlı səlahiyyəti olmalıdır. Venesiya Komissiyasının rəyi ilə tanış olan hər kəsdə bunun siyasi sifariş olduğu qənaəti yaranır. İki həftəyə bu dəyişikliklərə rəy vermək mümkün deyildi. AŞPA sədri yalnız referenduma 20 gün qalmış Venesiya Komissiyasına müraciət edib. Mən bunu siyasi sifariş kimi qiymətləndirirəm. Avropa Şurası Parlament Assambleyasında müxtəlif ölkələrin deputatları var. Çox güman ki, bu sifariş həmin deputatlarla bağlıdır”. Şahin Əliyev deyib ki, Venesiya Komissiyası və Avropa Şurası Konstitusiyaya dəyişikliklərlə əlaqədar bizimlə əlaqə saxlamayıb: “Nə rəsmi müraciət, nə də zəng olub”. O bildirib ki, Azərbaycanla ultimatum dilində danışırlar. Ş. Əliyev Azərbaycan tərəfinin Konstitusiyaya dəyişikliklərə rəy verilməsi üçün Venesiya Komissiyasına müraciət etməməsinə də aydınlıq gətirib: “Biz Konstitusiyaya dəyişiklikləri mühüm saymadıq. Söhbət Azərbaycan Prezidentinə əlavə səlahiyyətlər verilməsindən getmir. Vitse-prezidentlər əlavə səlahiyyətlər gətirmir. Söhbət idarəetmənin təkmilləşdirilməsindən gedir. Vitse-prezidentlər adi katiblər də ola bilərdi. Söhbət islahatların sürətlə həyata keçirilməsindən gedir. İnsan hüquqları ilə bağlı məsələlərə isə Venesiya Komissiyasının mənfi yanaşması olmayıb. İnsan hüquqlarına dair dəyişiklikləri də Venesiya Komissiyasına göndərməyə ehtiyac yox idi”.
Fuad




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info