“Müxalifət liderlərinin səfirliklərdə intensiv görüşlər keçirməsinin mitinqlərlə birbaşa əlaqəsı var”
Tarix: 22.09.2016 | Saat: 17:50:00 | E-mail | Çapa göndər


“Müxalifətin dini sferaya yönləndirilməsi təhlükəli haldır”

Azərbaycanın davamlı inkişafını istəməyən bəzi xarici dairələr milli dövlətçiliyimizi yeni keyfiyyət mərhələsinə daşıyacaq ümumxalq səsverməsi ərəfəsində mövcud sabitliyi pozmaq üçün birgə fəaliyyətə keçiblər. Təsadüfi deyil ki, radikal müxalifət başçıları Qərb ölkələrinin səfirliklərinə çağırılaraq təlimatlandırıldıqdan sonra “milli şura” və Müsavat mitinq keçirmək haqda qərar verdi.
Uğursuz siyasətçilərdən olan Cəmil Həsənlinin Strasburqa səfəri, ABŞ Konqresində, Haaqada Azərbaycanla bağlı müzakirələrin təşkili də bəzi Qərb dairələrinin Azərbaycanda vəziyyəti gərginləşdirmək üçün yenidən hərəkətə keçdiyini sübut etdi. Paralel olaraq qonşu ölkəyə bağlılığı şübhə doğurmayan radikal “Müsəlman Birliyi”nin sədri Taleh Bağırov və İslam partiyasının sədri Mövsüm Səmədovun tərəfdarlarının 11 və 17 sentyabr mitinqlərinə qoşulması, Müsavatın mitinqində İsa Qəmbərin həmin şəxslərin və ETTELAAT-la əməkdaşlığa görə həbs olunmuş Səid Dadaşbəylinin ünvanına xüsusi jestlər etməsi sabitliyi pozmaq planında bəzi qonşu ölkələrin də yer aldığını sübut edir. FETÖ Türkiyədən sonra radikal müxalifət vasitəsilə Azərbaycanda da vəziyyəti nəzarətdən çıxarmaq niyyətindədir. ABŞ-ın dövlət büdcəsindən maliyyələşən “Azadlıq” radiosu “Amerikanın səsi”, BBC müxalifəti dəstəkləyir.
Bütün bu məsələlərlə bağlı fikirlərini öyrəndiyimiz politoloq Qabil Hüseynli deyir ki, bu gün müxalifət düşərgəsində böhran daha da dərinləşib. Mitinqlərdəki bəzi nüanslar isə təhlükəli addımlar sayıla bilər. O, mitinqlərdən öncə müxalifət liderlərinin səfirliklərdə peyda olmaları məsələsində, münasibət bildirdi: “Əslində müxalifət partiyaları rəhbərlərinin Azərbaycanda olan bəzi səfirliklərdə tez-tez görüşlər keçirməsi halları əvvəllər də olub. Bu görüşlərin mahiyyətinin nədən ibarət olması isə çox vaxt müəmmalı idi. Sadəcə olaraq bu tip görüşlər son zamanlar daha çox reallaşdı. Ümumiyyətlə, xaricdən müxalifətə dəstək həmişə göz qabağında olub. Görünür, indi də bu qüvvələr Azərbaycan üçün hansısa planlar hazırlayıblar və nələrisə reallaşdırmaq fikrindədirlər. Düzdür, başqa ölkələrin səfirliklərinin, siyasi təşkilatlarının müxalifət partiyalarına dəstək verməsi bir çox ölkələrdə baş verir. Amma bu hallar çox vaxt mənfi nəticələrə gətirib çıxarır. İndiki halda Azərbaycan böyük siyasi bir hadisənin astanasındadır deyə, görünür xaricdən əhalinin referendumla bağlı fikirlərinə təsir etməyə çalışırlar. Bu nöqteyi-nəzərdən müxalifətin mitinqlərə başlaması ilə onların bəzi səfirliklərdə peyda olmalarında əlaqə axtarmaq mümkündür. Yəni bu təsadüfdən yaranmadı. Amma bir daha demək istərdim ki, müxalifətin səfirliklərdə intensiv görüşlər keçirməsində yeni bir şey də yoxdur, onlar həmişə səfirliklərlə aktiv əlaqədə olublar və məsləhətləşmələr aparıblar, tövsiyələr alıblar”.

“Bir sözlə belə görünür ki, Nardaran hadisələrinin mahiyyətini ya müxalifət düzgün dəyərləndirə bilməyib, yaxud da Nardaranda baş verən siyasi proseslərin-başqa bir ölkəyə meyillənmə hallarının dövlətçiliyimiz üçün təhlükəli olduğunu axıra qədər dərk etmək istəmirlər”

Dindarların mitinqdə peyda olmasına münasibət bildirən Qabil Hüseynli deyir ki, din siyasətə qatılanda radikal dindarlar önə çıxır. Azərbaycana da, bu arzuolunmaz ənənəni gətirmək istəyənlər isə bunun acı sonluğunu düşünmürlər: “Dindarların mitinqlərə cəlb edilməsi yaxşı hal deyil. Müxalifətin əvvəlki aksiyalarında onları belə təşkilatlanmış halda görməmişdik. Çox təəssüf edirəm ki, Müsavat Partiyasının da, “milli şura”nın da mitinqlərində səsləndirilən şüarlar içərisində məlum Nardaran olayları ilə bağlı həbs edilənlər haqqında çoxlu çağırışlar edildi. Bir sözlə, belə görünür ki, Nardaran hadisələrinin mahiyyətini ya müxalifət düzgün dəyərləndirə bilməyib, yaxud da Nardaranda baş verən siyasi proseslər-başqa bir ölkəyə meyillənmə hallarının dövlətçiliyimiz üçün təhlükəli olduğunu axıra qədər dərk etmək istəmirlər. Bəlkə də, təhlükəni görürlər. Sadəcə, öz mitinqləri xatirinə bu şüarlara, belə meyillərə icazə verirlər. İndiki halda müxalifətin dini sferaya yönləndirilməsi təhlükəli haldır. Hər halda, siyasi partiya öz mübarizəsini dindarlara qucaq açmaqla deyil, dürüst elektoral baza axtarıb tapmaqla, onlara söykənməklə aparmalıdır. Hər bir cəmiyyətdə, ölkədə olduğu kimi, bizdə də narazı elektorat var. Bunu tapmaq, seçmək özünə tərəf çəkmək çətin bir iş deyil. Bu gün bu narazı elektorat müxalifətə doğru getmirsə, deməli müxalifətin fəaliyyətində bir çatışmazlıq var. Bu siyasətçilərin əməllərində demək ki, narazı elektoratı razı salmayan bir fəaliyyət var”.
Siyasi şərhçinin sözlərinə görə, müxalifətin son addımları Azərbaycan dövlətçiliyinin maraqlarına uyğun gəlmir, digər siyasi qüvvələr onları bu səbəbdən dəstəkləmir və mitinqlərin belə təşkili vətənpərvərlik və azərbaycançılıq mövqelərinə sığmır. Bu səbəbdən də görürük ki, “Xalqın gözü tərəzidir” misalı burada öz sözünü deyir. Mitinqdən- mitinqə onlara dəstək verənlərin sayı azaldı və azalır da. Prezident seçkiləri zamanı da keçirdikləri mitinqlərdə deyirdilər ki, hər mitinqdə minlərlə adam toplayacayıq. Bunu bacarmadılar: “Əslində bu, Azərbaycanda müxalifətçilik ideyasının iflası deyil. Hər bir demokratik dövlətdə müxalifətçilik ideyaları olur. Bu, sadəcə, müxalifət liderlərinin iflasıdır. Bir daha qeyd edirəm ki, bu siyasətçilər cəmiyyətdə olan narazı qüvvələri belə, öz tərəflərinə çəkə bilmədilər. Çəkdikləri adamları da gördük ki, təhlükəli çağırışlar edən dindarlar oldu. Bir sözlə, bütün bunlar onu göstərir ki, müxalifət dərin siyasi böhran keçirir və bu siyasi böhrandan çıxmaq üçün də, heç bir yol axtarıb tapmaq potensialına malik deyil. Onlar nəinki geniş kütlədən dəstək almırlar, heç müxalifət partiyalarına öz düşərgələrindən də dəstək gəlmir. Bu adamlar daim bir-birləri ilə intriqadadırlar, küsülü davranışlar, sözatmalar, hikkə, hədələr bu düşərgədə adi haldır. Göründüyü kimi , Müsavat Partiyası “milli şura” ilə deyil, ayrı aksiya təşkil etdi. Əgər bunlar öz aralarında dil tapa, birləşib vahid şəkildə hərəkət edə bilmirlərsə, hansı vədlərdən danışırlar axı? Belədə, bu siyasətçilər xalqa nə gün ağlaya bilərlər? Siyasətçilər cəmiyyətə nümunə təqdim etməlidirlər. Birləşmək, həmrəy olmaq, siyasi inteqrasiya, güzəşt nümunələri bunlarda yoxdur. Sözügedən siyasi partiyalar cəmiyyətə siyasi proqramlar da təklif etməlidirlər. Elə, aqressiv şəkildə meydanlara tökülüşüb üç-beş şüarla diqqət çəkmək, hakimiyyət iddiasında olmaq alınmaz. Mitinqlərdəki maliyyələrin xaricdən cəlb edilməsi məsələsinə gəldikdə isə, düzü, bununla bağlı əlimdə fakt olmalıdır ki, hansısa qəti fikir yürüdəm. Amma bu o demək deyil ki, kimlərsə mənim xəbərim olmadan, hansısa qüvvələrdən maliyyə almayıb. Maliyyə dəstəyi olanda bu proses o dərəcədə gizli və məhdud qrupun əli ilə baş verir ki, bunu çox adam görmür, hiss eləmir. Qısası, bu gün siyasi arenada müxalifət adına hər cürə neqativ hallar baş verir ki, bu da təəssüf doğurur”.
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Birinci vitse-prezident NATO nümayəndə heyəti ilə görüşüb
20.09.2018
NATO baş katibinin müavini: “Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir”
20.09.2018
“Bugünkü Ermənistanın ideologiyasının faşist ideyalarına əsaslandığı aydın görünür”
20.09.2018
ABŞ: Azərbaycan 2017-ci ildə terrorçuluqla mübarizədə Birləşmiş Ştatların güclü tərəfdaşı olub
20.09.2018
Bolqarıstan Azərbaycanın həyata keçirdiyi qlobal layihələrə böyük maraq göstərir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info