Şərq ölkələrində qanlı olaylar təşkil edən Qərb dövlətləri ölkəmizdəki müxalifətə niyə qucaq açır?
Tarix: 22.09.2016 | Saat: 22:33:00 | E-mail | Çapa göndər


Tahir Kərimli: “Qərb nəyin bahasına olursa- olsun müxalifəti təşkilatlandırıb, Azərbaycana təsir rıçaqları axtarır”

Son günlər müxalifət təkcə keçirdiyi mitinqlərlə deyil, o mitinqlərdə yaşanan olaylar və digər arzuolunmaz hallarla gündəmə gəlib. “Milli şura”nın keçirdiyi mitinqdən sonra Müsavat partiyasının da mitinq təyin eləməsi, müxalifət düşərgəsindəki fikir ayrılığının nə dərəcədə dərin olmasından xəbər verdi. Digər diqqət çəkən amil isə hər iki siyasi qüvvənin təşkil etdiyi aksiyalara proqnozlaşdırdıqları saydan az adamın gəlməsi oldu. Həmçinin, bu mitinqlərdə bir arzuolunmaz yenilik də yaşandı. Bu da dinin siyasətə qatılması cəhdləri idi. Sirr deyil ki, sosial bazasını itirən müxalifət meydanı doldurmaq üçün həmişə hər cür variantlara əl atıb. Pul ilə mitinqə adamların yığılmasından tutmuş, hər adama bir bayrağın verilməsinə qədər olan variantları yoxlayıblar. Əldə şüar və bayraq çox olanda, axı stadion daha çox dolu görünür ... İndiki halda isə stadiona radikal dindarların da cəlb edilməsi təhlükəli hal kimi dəyərləndirilir. Bundan da, təhlükəli hal isə dini siyasətə qatıb ərəb ölkələrini viran qoyan Qərbin məhz bu mitinqlərdə müxalifətə “dindarlara da meydan verin” tapşırığı olması oldu. Azərbaycanın davamlı inkişafı, onun beynəlxalq nüfuzunun yüksəlməsi, ölkədə təhlükəsizlik və sabitlik ABŞ və Qərbin ermənipərəst və islamofob dairələrini narahat edir. ABŞ və Qərbin anti-Azərbaycan dairələri hər dəfə Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən hadisələr ərəfəsində fəallaşır, demokratiya adı altında müxtəlif QHT şəbəkəsi və media vasitəsilə ölkəmizə qarşı çirkin kampaniya təşkil edirlər. Müxalifətin təşkil etdiyi son mitinqlər də Qərbin bu kampaniyasının tərkib hissəsidir.

Bunu deməyə xeyli əsas da var.
Elə millət vəkili Tahir Kərimli də, müxalifətin xarici amillərlə daim bağlı olmasının sirr olmadığını dedi. Müsahibəni oxuculara təqdim edirik:
-Müxalifətin referendumla bağlı təşkil etdiyi mitinqlərdə dini
sferanın önə çəkilməsi, radikal dindarların siyasi çağırışlarla mitinqlərə cəlb etməsi nə dərəcədə təhlükəli haldır?
-Doğrudan da mitinqlərə fikir versək, deyə bilərik ki, buradakı çıxışların məzmununun heç beş-on faizi referendumla bağlı deyildi. Ancaq hakimiyyət kifayət qədər imkan verdi ki, bunlar referendumla bağlı öz təşviqatlarını aparsınlar, kütləvi tədbirlərini keçirsinlər. Müxalifətə öz sözlərini demək üçün meydan verildi. Amma yalandan toplaşmaq azadlıqlarının olmadığını bağıranların başqa mənzərəni yaratdıqlarını gördük. 11 sentyabr mitinqinin sona çatmasına diqqət çəkmək istərdim. Bu mitinqin videogörüntülərinə baxmışam. Videodan aşkar görünür ki, problemsiz keçirilən mitinq bitsə belə, stadiondan kənarda xüsusi şüarlar səsləndirilir və aksiya bilərəkdən ehtiyac duyulmayan bir istiqamətə yönəlir. İcazə verilən məkandan kənarda belə halların yaradılmasına nə ehtiyac vardı axı? Hətta diqqət çəkən məqam odur ki, bu adamların bəzilərinə belə hallara yol verməməklə bağlı xəbərdarlıqlar edilsə də, həmin insanlar öz bildiklərini edirlər. Ən çox diqqəti cəlb edən isə o idi ki, sualınızda da qeyd etdiyiniz kimi, müxalifət yavaş-yavaş dini sferaya yönləndirilib. Bu mitinqdə hicablı, saqqallı insanlar, dini kəsimi təmsil edənlər daha fəal görünürdülər və çoxluq təşkil edirdilər. Məsələyə başqa tərəfdən baxanda isə deyə bilərəm ki, mitinqlə bağlı fotolardan görünür ki, həmin dini kəsimi təmsil edənlər əllərində həbsdə olan bəzi problemli, polis işçilərimizin ölümü ilə nəticələnən məlum hadisələrin baş verməsinin səbəbkarı olan dindarların fotolarını tutublar. Əvvəla, Azərbaycanda din dövlətdən ayrıdır. Yəni, din siyasət üçün alət ola bilməz. Din bizim mənəvi tərəfimizdir. Dindən siyasət adına istifadə edənləri kəskin şəkildə qınamalıyıq. İkincisi isə nə vaxtdan Qərbə meyillənən siyasi təşkilatlar dindarlarla qardaş oldular axı? İki ayrı-ayrı ideologiyanın təmsilçisi bir yerdə necə birləşə bilərdi?
- Bu barədə sualı belə qoymaq istərdik ki, bəs müxalifəti hansı gizli əl, hansı qüvvə dini amildən istifadə etməyə vadar etdi, heç vaxt yaxın buraxmadığı radikal dindarlarla “qardaş” etdi?
-Ona görə ki, müxalifət özü sosial bazasını qura bilmir. Mitinqlərdə say çoxluğunu necə təmin etmək olardı? Həm də burada Qərb amili də var idi. Ümumiyyətlə bir şeyi deyim ki, bu adamların ideologiyası yoxdur. Əgər ən radikal din xadimlərindən tutmuş, ən liberal, dünyagörüşlü insanlar bir yerə toplanırsa, bu o deməkdir ki, artıq müxalifət bütövlükdə ideologiyadan məhrum vəziyyətə düşüb. Onlar vahid ideologiya, vahid bayraq altında da, birləşə bilmirlər. Deməli bu adamların məqsədi odur ki, nəyin bahasına olursa-olsun, insanlar mitinqə gəlsinlər. Daha o amillərin əhəmiyyəti yoxdur ki, bura hansı kəsim gələcək, gələnin məqsədi, məramı, niyyəti nədir, radikaldır ya yox və s. Amma xalq açıq şəkildə gördü ki, bu mitinqlər heç də onların arzu elədiyi vəziyyətdə deyildi. Yəni, müxalifət hakimiyyəti ciddi tənqid də edə bilmədi, tənqidlərdə isə qərəz görünürdü. Çünki ortaya tutarlı səbəblər qoya bilmədilər. Sifarişli mitinq belə də olmalı idi. Özləri də bilirlər ki, hakimiyyətə gəlmək imkanları yoxdur. Heç, bu adamların sözünü beynəlxalq aləmdə eşidən də yoxdur axı. Dindarların arzuları- həbsdə olan dustaqların azad olunması onların imkanı xaricindədir. Xalq gördü ki, bu mitinqlər hakimiyyət uğrunda mübarizə deyil, müxalifətin aparıcı qüvvəsi olmaq uğrunda aparılır. Sadəcə mövqe savaşıdır, mübarizənin məqsədi budur. Bu xətt özünü mitinqlərdə də göstərdi. Birinci mitinqə uzun illərin yuxusundan ayılmış müxalifətin çağırışına müəyyən qisim insanlar gəlsələr də, sonradan həmin adamlar bu düşərgənin tədbirinə qoşulmaqdan imtina etdilər. Sonrakı mitinqlərdə açıqca göründü ki, nəinki xalq bunların əməllərindən, niyyət və yalanlarından bezib, doyub, eləcə də onlara dəstək olduqlarını göstərən az bir dindar qism də tez zamanda yanlışlığını anladı. Xalqın gözü tərəzidir. İnsanlar gözəl görürlər və bilirlər ki, müxalifət düşərgəsindəki qüvvələr bir-birinə qarşı mübarizə aparırlar. Xalq bunların ambisiyalarından bezib. Dini kəsimi təmsil etdiklərini iddia edənlərin bu aksiyada iştirakı həm də mitinqlərin iç üzünü ortaya qoydu. Əgər sual verilsə müxalifətin keçmişdəki mitinqlərindən bu mitinqlərin fərqi nə oldu? Deyərdim ki, son mitinqlərdə dini kəsim ideyası və dini şüarlar dindarların çoxluğu göz önündə idi. Bunun da təhlükəli və özəl səbəbləri var.
-Bəs, mitinqlərdən öncə Qərb ölkələrinin Azərbaycandakı səfirlikləri ilə qurulan təmasların çoxalması onu deməyə əsas verirmi ki, bütün ssenarilər xaricdən hazırlanır?
-Məsələni çox düzgün qoydunuz. Bu gün ABŞ və onun Avropadakı müttəfiqləri müxtəlif bəhanələrlə müstəqil ölkələrin daxili işlərinə müdaxilə edir, sabit cəmiyyətlərdə xaos yaradır, hakimiyyət çevrilişləri ssenariləri həyata keçirir. Müxtəlif ölkələrdə həyata keçirilən hakimiyyət çevrilişi və hərbi müdaxilə ssenariləri qanlı müharibələrə, on minlərlə insanların ölümünə, sosial-iqtisadi infrastrukturun dağılmasına səbəb olub.
KİV-lər hətta saatına kimi dəqiqliklə Qərb ölkələrinin səfirlərinin və nümayəndələrinin müxalifət liderləri ilə görüşləri haqqında yazmışdı və maraqlıdır ki, bu yazıya müxalifətin özündən etiraz gəlmədi. Çünki bu məlumat, yazı tamamilə faktlara əsaslanmışdı. Bu amil də onu göstərir ki, Qərb nəyin bahasına olursa- olsun müxalifəti təşkilatlandırıb, bəzi müxalif düşüncəli siyasətçilərdən istifadə edib Azərbaycana təsir rıçaqları axtarır. Yəni, Azərbaycan hakimiyyətinin ciddi qüvvə və ölkədə sabitliyin mənbəyi olmasına, xalqın da bu sabitliyi qəbul etməsinə, eləcə də xalqın birmənalı şəkildə seçkilər yolunu seçməsinə, Ərəb ölkələrindəki variantdan imtina etməsinə pərişan olan Qərb bu adamları toplayıb onlardan maşa kimi istifadə edir. ABŞ və onun partnyorları bizdən əvvəl Misir, İraq, Liviya, Suriya və digər ölkələrdəki qanlı olayları bu tipli müxalifətin əli ilə etdilər. Odur ki, Şərq ölkələrindəki son vəziyyətə görə Qərb dövlətləri birbaşa cavabdehlik daşıyırlar.
Qərb ölkələri bizim səbatsız müxalifətdən də hakimiyyətə təzyiq vasitəsi kimi istifadə etmək niyyətində idi, bunun üçün də görüşlər təşkil olundu. Vaxt o qədər dar idi ki, əvvəllər görüşlər gizlin aparılırdısa, indi bu təmasları gizlətmək mümkün olmadı. Bu işdə tələskənliyə yol verdilər. Venesiya Komissiyasının indiki rəyi kimi... Vaxt azlığı bu qüvvələri çaşdırdı və xalqın gözünün qabağında belə bir təlimatlar verildi.

“Azərbaycan hakimiyyətinin ciddi qüvvə və ölkədə sabitliyin mənbəyi olmasına, xalqın da bu sabitliyi qəbul etməsinə, eləcə də, xalqın birmənalı şəkildə seçkilər yolunu seçməsinə, Ərəb ölkələrindəki variantdan imtina etməsinə pərişan olan Qərb bu adamları toplayıb onlardan maşa kimi istifadə edir.”

Təbii ki, Qərbin hakimiyyətə təzyiq üçün tətbiq etdiyi belə metodlar uğur qazana bilməzdi. Çünki xalq məsələnin mahiyyətini anladı və əslində, xalq gözəl bilir kimin ardınca getmək lazımdır. Xalqın bu qüvvələrə əks hərəkət etməsi mitinqlərin kütləvi olmamasından aşkar göründü. Bu təmasların ortaya çıxması müxalifətin hakimiyyətə qarşı və ümumilikdə dövlətçiliyə qarşı xarici faktorlardan yararlanmaq cəhdidir ki, bu da pislənməlidir. Birmənalı şəkildə siyasi partiyalar haqqında qanun xaricdən maliyyələşməyi və xarici amillərdən təlimatlanmağı qəbul etmir.
- Müxalifətin ayrı-ayrılıqda aksiya təşkil etməsini vurğuladınız. Vahid məxrəcə gələ bilməyənlərə Qərb necə inanır axı? Bunların öz aralarındakı davaları heç bitmir, nəinki təşkilatlanmaları ola...
-Elə məsələ də ondadır ki, Qərb bunlardan oyuncaq kimi istifadə edib atır. “Milli şura” heç cür Müsavat partiyasının bu qurumdan çıxmasını bağışlaya bilmir və oradakı siyasətçilər bunu həzm etməyəcəklər də. İndiyə kimi də “milli şura”dakılar Müsavatı sıradan çıxardıb özlərini vahid cəbhə kimi ortaya qoymaq istəyirlər. AXCP və onun əsasındakı qüvvələrlə yeni müxalifət anlayışı gətirmək istəyirlər. Ard –arda alternativ mitinqləri təşkil etmələri də bu amilin göstəricisidir. İkinci bir tərəfdən “milli şura”dakılar Müsavatın zəifliyini də önə çəkməyə çalışırlar. Onlar istəyirlər ki, müxalifətdə ən güclü özlərinin olduqlarını isbatlayalar. Belə olan halda xaricdən də diqqətləri özlərinə çəkə bilirlər axı... Yəni, ölkədə müxalifət mənəm, əsas müxalif qüvvə bizik, nə işiniz, tapşırığınız, yardımızın olsa, yalnız bizimlə təmasa girin. Hər iki qüvvə keçmişdə gücünün doxsan faizini itirib. Amma müəyyən qədər gücləri də qalıb. Dirənməyə, çoxluğun onların tərəfində olduğunu göstərməyə çalışırlar. Burada xalqın da diqqəti bir daha o amilə yönəldi ki, bu qüvvələr mitinqlərlə bir-birinə qarşı mübarizə apardılar. Arif Hacılı və ya Əli Kərimli, Müsavatla AXCP sanki yarışa çıxdılar ki, hansımız daha çox müxalifət adına iddialı ola bilərik. Müsavatdan çıxan Tural Abbaslı belə bu hərəkətlərdən, daxili intriqalardan bezib bu amilə görə sözügedən qüvvələrdən uzaq durduqlarını nümayiş etdirdi. Hətta, öz içlərindən özlərinə nifrət oyada bildilər, nəinki xalqdan. Sadiq fəalları bu gün bu adamlardan imtina etməkdə davam edirlər. Çünki onlar da bezirlər və görürlər ki, liderlərinin niyyətləri heç də dövlət və hakimiyyət istəyinə bağlı deyil. “Kim daha güclüdür?” prinsipi ilə davranırlar. Ona görə də geniş kütlə bu qüvvələri dəstəkləmədi və dəstəkləməyəcək də. Get-gedə rəzil olurlar axı. Birləşə bilməyən qüvvələr hakimiyyətə gəlib xalqa nə verə bilərlər axı? Qısası, sadaladığımız amillər xalqa gün kimi aydın oldu deyə, xalq arasında olan az qismli narazı elektorat bu adamları dəstəkləmədi.
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
23.09.2018
Biz tələbələri nəzəri cəhətdən çox yaxşı hazırlayırıq, ancaq praktiki cəhətdən yox
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info