Sənaye parklarının yaradılması ölkənin gələcək inkişafında mühüm rol oynayacaq
Tarix: 23.09.2016 | Saat: 01:08:00 | E-mail | Çapa göndər


Ölkə başçısının Bakı, Gəncə, Sumqayıt və Mingəçevir şəhərlərində sənaye zonalarının təşkil olunması ilə bağlı irəli sürdüyü təşəbbüsün mahiyyətində dayanan mühüm amillərdən biri də sənaye parklarının yaradılmasıdır. Bununla da əsas diqqət ölkədə qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsinə, sahibkarlığın dəstəklənməsinə, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye müəssisələrinin təşkilinə və əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasına yönəlib.
Bu günlərdə Prezident İlham Əliyev Mingəçevir Sənaye Parkının təməlqoyma mərasimində iştirak edib. Qeyd edək ki, Mingəçevir Sənaye Parkı Azərbaycanın və Zaqafqaziyanın ən nəhəng müəssisəsi Parkı olacaq. Sənaye Parkının nəzdində 9 fabrik - pambıq iplik, akril iplik, yun iplik, corab məhsulları, ayaqqabı istehsalı, toxuma, parça boyama, tikiş və tibbi kosmetika fabrikləri inşa edilib istifadəyə veriləcək. Ölkə başçısı da bildirib ki, layihənin şəhərin inkişafına, iş yerlərinin yaradılmasına, ümumiyyətlə, kənd təsərrüfatının, sənaye potensialının inkişafına çox böyük xeyri olacaq: “Bu Sənaye Parkında fəaliyyət göstərəcək müəssisələr ixracyönümlü müəssisələrdir. Bizim qarşımızda duran əsas vəzifələrdən biri də ondan ibarətdir. Son illərdə gördüyümüz işlər bu məqsədi güdür ki, Azərbaycanın qeyri-neft potensialını artıraq və ixracyönümlü məhsullar istehsal edək. Bu müəssisələrdə istehsal olunacaq pambıq ipliyi, yun ipliyi, dəri məmulatları, akril ipliyi ixracyönümlü məhsullardır”. Ümumiyyətlə, bu bir faktdır ki, dünya ölkələrində Sənaye Parklarının yaranması həmin ölkələrin iqtisadi inkişafında mühüm rol oynayıb. Bu gün inkişaf etmiş ölkələrin bir qismində məhz sənaye zonalarının yaradılması ilə inkişafa nail olunub.

Dünyada ilk Xüsusi
Sənaye Bölgəsi

Dünyada Xüsusi Sənaye Bölgəsi (OSB) ilə bağlı məlumata ilk dəfə XIX əsrin ilk yarısında ABŞ-da rast gəlinib. 1885-ci ildə Amerikada hazırlanan bir hesabatda isə iqtisadiyyatın inkişaf etdirilməsi ilə əlaqəli olaraq "Sənaye Bölgəsi" fikri ortaya qoyulub. Hesabatda, sənaye bölgələrinin yaradılmasının sənayenin inkişaf etdirilməsi üçün əhəmiyyətli bir vasitə olacağına diqqət çəkilir. Bu sahədə ilk mütəşəkkil tətbiqə isə 1896-cı ildə İngiltərənin Mançester şəhəri yaxınlığında qurulan "Trafford Park" ilə başlanılıb. ABŞ-da isə bu bölgənin ilk tətbiqi 1899-cu ildə reallaşıb. ABŞ-da ilk nümunələrin özünü doğrultması uzun zaman alıb və uğurlu nəticələr əldə edilib. Həmçinin 1905 və 1909-cu illərdə sahibkarlar Çikaqo şəhərində "Central Manufacturing" və "Clearing" adını verdikləri iki sənaye bölgəsini qurublar. Bunlar, eyni zamanda, müasir mənada sənaye bölgələrinin ilk nümunələri sayılır. Burada məqsəd, sənaye ilə məşğul olan firmaların mənfəət əldə etmələri idi. Yəni ABŞ-dakı ilk OSB proqramları özəl sektor tərəfindən mənfəət əldə etmək məqsədi ilə həyata keçirilib. İkinci Dünya müharibəsi dövründə, OSB-lər dövlət sərmayəsi kimi nəzərə alınıb və inkişaf etməkdə olan ölkələrdə kiçik və orta müəssisələrin inkişaf etdirilməsinə xidmət edən bir hala salınıb. Ancaq gec sənayeləşən ölkələrdə OSB-lərin tətbiqi üçün 1950-ci illəri gözləmək lazım gəldi.
OSB-nin İngiltərədəki tətbiqində əsas məqsəd iqtisadi baxımdan geri qalan bölgələrdə işsizliklə mübarizə aparmaq idi. İngiltərədə ilk olaraq OSB-lər Birinci Dünya müharibəsindən sonra yayılmağa başladı. Dünya böhranın ingilis iqtisadiyyatını çökdürdüyü 1929-cu ildə, böhrandan çox təsirlənən kömür, polad və gəmi inşası sahələrində işsiz qalanlar inkişaf etmiş sənaye mərkəzlərinə axın edib. Müəyyən bölgələrin köç səbəbiylə həddindən artıq əhali itkisinə qarşı tədbir olaraq 1936-cı ildə dövlət "Xüsusi İnkişaf Sahələri və Tərəqqi” haqqında qanun qəbul edib. Bu qanun çərçivəsində görülən tədbirlər sayəsində 1936-1938-ci illərdə Şotlandiyada və Uelsdə altı sənaye bölgəsi qurulub.
İkinci Dünya müharibəsindən sonra müəyyən bölgələrdə “sənaye partlayışı”nın olacağı nəzərdə tutularaq 1945-ci ildə "Sənaye bölgüsü” qanunu qəbul edilib.

İngiltərədə sənaye bölgələri vasitəsilə geri qalmış bölgələr inkişaf etdirilib
Bu tənzimləmədə məqsəd sənaye müəssisələrinin coğrafi yayılmasını tənzimləmək idi. Beləliklə, inkişaf sahəsi olaraq təyin olunan bölgələrdə, yeni sənayenin inkişafına kömək etmək üçün layihələrin maliyyələşməsinin dövlət tərəfindən həyata keçirilməsi təmin edilib. Eləcə də “Şəhər və qəsəbə planlaşdırma aktı" çıxarılaraq yerli planlaşdırma təşkilatlarına sənaye bölgəsi qurma hüququ verilib. Beləliklə, dövlət az inkişaf etmiş bölgələrin sənayeləşmə yolu ilə inkişaf etdirilməsi məqsədi ilə bir neçə vasitədən birlikdə istifadə edib. İngiltərə bu tənzimləmələrlə uzun illər uğurlu sənayeləşmə siyasəti həyata keçirib.
İkinci Dünya müharibəsindən sonra İngiltərədə geniş şəkildə yaradılan OSB vasitəsilə, bir tərəfdən geri qalmış bölgələrdə yeni sənaye mərkəzləri yaradılıb, digər tərəfdən sənayenin şəhər xaricində inkişaf etdirilməsi təmin edilib.
ABŞ-da isə OSB-lərin adı "Sənaye Parkı" dır. Bunların əsas məqsədi əhatəli bir plan çərçivəsində müəyyən bir sahənin inkişaf etdirilərək sənayeyə təqdim edilməsidir. Burada əsas məqsəd müxtəlif xidmətlərdən, iş əlaqələrindən, nəqliyyat və maliyyə vasitələrindən, ixtisaslaşan kadr gücündən istifadə edərək, sənaye mərkəzlərini böyük şəhərlərin yaxınlığında toplamaq idi. Həmçinin kifayət qədər bazarın, işçi qüvvəsinin və xammalın olduğu kiçik şəhərlərin ətrafı da sənaye üçün maraq doğurur. ABŞ-da sənaye bölgələrinin inkişafı federal dövlətin dəstəyi olmadan ortaya çıxıb, lakin 1951-ci ildən sonra hökumətin siyasəti sənaye parkının tətbiqinə müəyyən dərəcədə təsir edib, xüsusilə yeni sənaye mərkəzlərinin ölkədə yayılmasında strateji bir rol oynayıb. ABŞ-da bunun reallaşmasının bir xüsusiyyəti də sənaye bölgələrinin əhəmiyyətli hissəsinin qeyri-kommersiya təşkilatları tərəfindən yaradılmasıdır. Burada məqsəd məşğulluğun, ödənişlərin, ticarətin, xidmətlərin və vergi gəlirlərinin artırılmasından faydalanmaq olub.

Hindistan sənaye bölgələrinin yaradılması ilə dirçəlib
Digər bir təcrübə də Hindistana aiddir. Hindistan iqtisadi inkişafını kiçik miqyaslı sənaye müəssisələrinin istehsalına əsaslanaraq reallaşdırıb. Bu müəssisələr kifayət qədər olmayan sərmayə qaynaqları, müasir texnologiya, istehsal və marketinq üsullarının olmaması və keyfiyyətli əmək çatışmazlığı kimi ciddi problemlərlə qarşılaşıblar. Kiçik müəssisələrin öz varlıqlarını qoruya bilmələri baxımından lazım olan rəqabət gücünü qazana bilmələri və mövcud çətinlikləri aradan qaldırmaq üçün dövlət köməyinə ehtiyac olub. Onlara verilən dövlət dəstəyi, həm əhəmiyyətli ölçüdə maliyyə dəstəyi, həm də sənaye bölgələrinin qurulması və dəstəklənməsi şəklində olub. Hindistanda bu sahənin bir başqa əhəmiyyətli tərəfi kiçik müəssisələrin eyni zamanda iqtisadi inkişafı reallaşdıracaq əhəmiyyətli vasitə olması idi. OSB-nin Hindistandakı tətbiqi nəticəsində əmək şərtlərinin yaxşılaşdırılması yolu ilə məhsuldarlığın artırılmasına, kiçik müəssisələrin xarici iqtisadi əlaqələrinin güclənməsinə, kooperativçiliyin inkişafına, sahibkarların birləşmə yolu ilə güc qazanmasına nail olundu. Beləliklə, Hindistanda sənaye bölgələrinin yaradılması plan əsasında olub və bu siyasət ölkənin bu gün əldə etdiyi inkişafda böyük rol oynayıb. Beləliklə, dünya təcrübəsi də göstərir ki, Azərbaycanda bu gün həyata keçirilən iqtisadi siyasət, sənaye parklarının, aqroparkların yaradılması ölkənin gələcək inkişafında mühüm rol oynayacaq.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Azərbaycan dünyanın 25-ə yaxın ölkəsinə fındıq məhsulu ixrac edir
12.11.2018
AQTA-da meyvə-tərəvəz istehsalı və ixracatı ilə məşğul olan sahibkarlarla görüş keçirilib
12.11.2018
Azərbaycan Şəkər İstehsalat Birliyindən iqtisadiyyata daha bir töhfə
12.11.2018
Bakı rusiyalı turistlərin şopinqi üçün ən yaxşı şəhərdir
12.11.2018
Prezident Elektron Hökumətin İnkişafı Mərkəzinin inzibati binasının açılışında iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info