“Rusiya Ermənistana modern silahlar bağışlamaqla, vasitəçi statusuna kölgə salır”
Tarix: 23.09.2016 | Saat: 21:40:00 | E-mail | Çapa göndər


Rusiya və Azərbaycan çoxəsrlik birgə tarixə, sıx mədəni–humanitar, siyasi və iqtisadi əlaqələrə malik iki yaxın qonşu dövlətlərdir. Bu yaxınlığı son illərdə Azərbaycanın Rusiyaya qarşı sərgilədiyi dostluq siyasətindən də aşkar sezmək olar. Azərbaycan iki ölkə arasında münasibətlərin həmişə strateji xarakter daşıdığını bəyan edir, ticari-iqtisadi, siyasi əlaqələrin daha da sıxlaşmasında maraqlı tərəf kimi çıxış edir. Hətta Rusiyaya qarşı Qərb tərəfindən sərt sanksiyalar tətbiq edildiyi dövrdə belə, Azərbaycan xoş qonşuluq, ənənəvi tərəfdaşlıq münasibətlərini pozmamış və sanksiyaları pisləmişdi.Həmçinin Azərbaycan xarici təzyiqlərə baxmayaraq, bu sanksiyaya qoşulmamış, əksinə Rusiyaya kənd təsərrüfatı mallarının ixracını dəfələrlə artırmışdı. Rusiya, eyni zamanda, müstəqil Azərbaycan dövlətinin ən böyük problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə yaradılmış ATƏT-in Minsk qrupunun həmsədridir. Minsk qrupunun həmsədri kimi Rusiya münaqişənin nizamlanmasında həlledici söz sahibi olmağa çalışır.
Amma bu günlərdə Rusiyanın növbəti dəfə Ermənistana əvəzsiz olaraq qiyməti milyardlarla dollar ölçülən ən müasir operativ-taktiki silahlar bağışlaması bəlli oldu. Artıq dəfələrlə təkrarlanan bu fakt Rusiyanın obyektiv və ədalətli vasitəçi imicinə ləkə salır, Rusiyanın özünün də daxil olduğu postsovet məkanında, xüsusən Qafqazda regional təhlükəsizliyi təhdid edir. Hər kəsə bəllidir ki, Ermənistan Azərbaycan ərazilərini işğal edib və hərbi xunta tərəfindən idarə olunan militarist dövlətdir. Qərəzsiz vasitəçilik missiyası işğalın nəticələrini aradan qaldırmaq istiqamətində səyləri artırmağı tələb etdiyi halda, biz bunun əksinə olaraq, işğalçının ən müasir silahlarla silahlandırılmasının şahidi oluruq. Sonuncu dəfə Ermənistana ötürülən silahların dəyəri Ermənistanın dövlət büdcəsindən dəfələrlə böyükdür. Sirr deyil ki, Azərbaycan Rusiyanın hərbi ixracatında ən mühüm tərəfdaş ölkələrdən biridir. Belə bir məntiq hasil olur ki, Rusiyaya Azərbaycana silah satışından əldə etdiyi qazancı eyni silahları Ermənistana ötürməklə ianə edir. Məsələ ilə bağlı fikirlərini öyrəndiyimiz politoloq Elxan Şahinoğlu indiki halda Azərbaycanın Rusiyadan incik düşməsini təbii hal sayır. O, Ermənistanın da aprel hadisələrindən dərs götürmədiyini söylədi:
“Ermənistan paytaxtı İrəvanda Rusiyadan alınan modern, 500 km-ə qədər məsafəyə zərbə endirə bilən “İsgəndər” raketlərinin nümayiş etdirilməsi Azərbaycanda böyük narazılığa səbəb oldu.
Birinci mesaj bundan ibarətdir ki, Rusiyanın Ermənistana verdiyi silahlar, o cümlədən müasir “İsgəndər” raketləri Ermənistanı qorumaq və Azərbaycanı təhdid altında saxlamaq gücündədir. İkinci mesaj isə odur ki, həmin silahlar yalnız Ermənistanı deyil, işğal olunmuş Dağlıq Qarabağı qorumaq üçün nəzərdə tutulub. Başqa sözlə, həmin silahların bir hissəsi Dağlıq Qarabağda yerləşdiriləcək. Halbuki bu, beynəlxalq hüquqa ziddir.
“İsgəndər” raketlərinin separatçıların əlinə keçə biləcəyi Rusiyanı narahat etmir. Əks halda, hansısa rusiyalı rəsmi açıqlama verib deməliydi ki, “Rusiyanın Ermənistana verdiyi silahlar Dağlıq Qarabağda yerləşdirilməyəcək”. Ancaq rusiyalı rəsmilər və diplomatlar belə bir açıqlama da verməyiblər.
Əsas sual budur: İrəvanda nümayiş etdirilən modern “İsgəndər” raketləri Rusiyanın hərbi bazasındakı özəl mülkiyyətidir, yoxsa həqiqətən Ermənistana aiddir?
Bu sual ətrafında ekspertlər müzakirələr aparırlar. Çünki, bu silah çox dağıdıcı xüsusiyyətlərə malikdir. Məsələnin digər tərəfi isə ondan ibarətdir ki, Rusiya bu silahı hər dövlətə satmır. Varlı Səudiyyə Ərəbistanı bu raketləri almaq üçün Moskvaya müraciət etmişdi. Moskva rədd cavabı verdi. Moskva varlı Səudiyyə Ərəbistanının əvəzinə, həmin raketləri kasıb Ermənistana göndərdi.
Görəsən, rəsmi Bakı müraciət etsə Rusiya bu raketləri Azərbaycana da satarmı?”
Politoloq deyir ki, “İsgəndər” raketlərinin ancaq bir dövlətə məxsus olması hərbi balansı pozur. Demək o biri dövlətdə də, bu raketlərdən olmalıdır. Rusiya rəsmi Bakının da raketləri əldə etmə müraciətinə rədd cavabı verərsə, deməli Kremlin “hərbi balans pozulmamalıdır” kimi problemi yoxdur: “Əlbəttə, rəsmi Bakı raketlərlə bağlı Rusiyaya nota verə bilməz. Rəsmi Bakı Rusiyanın silahı kimə satması və hədiyyə verməsi işinə qarışa bilməz, bu, Moskvanın daxili işidir. Ancaq Azərbaycan XİN heç olmazsa öz kanalları ilə məsələni aydınlaşdırmalı və bu haqda Azərbaycan ictimaiyyətinə məlumat verməlidir ki, İrəvanda nümayiş etdirilən “İsgəndər” raketləri kimə məxsusdur, Rusiyaya, yoxsa Ermənistana? Məsələ burasındadır ki, Ermənistan hakimiyyətinin qəsdən həmin şəkilləri saytları vasitəsilə yaymasının məqsədi bu raketlərlə Azərbaycan cəmiyyətində qorxu yaratmağa hesablanıb. Ona görə də məsələyə aydınlıq gətirilməlidir. Rusiya XİN və ya Müdafiə Nazirliyi açıqlama verib deməlidir ki, həmin “İsgəndər” raketləri onlarındır, yoxsa ermənilərin?”
Politoloq onu da vurğuladı ki, Azərbaycanın dostcasına yanaşdığı Rusiya rəsmiləri və hərbçilərinin hələ ki, susması düzgün addım deyil. Raketlər Rusiyaya məxsus olsaydı, Ermənistan hakimiyyətinin həmin raketləri özününkü kimi nümayiş etdirməsi Moskva tərəfindən təkzib olunmalı idi. Təkzib yoxdursa və ya susqunluq nümayiş etdirilirsə, deməli bu raketlərin Ermənistana məxsusluğu və ya Ermənistanın maraqları üçün istifadə oluna biləcəyi faktı ortaya qoyulmuş olur: “Bu isə o deməkdir ki, həmin silahlar çox rahatlıqla Dağlıq Qarabağda və digər işğal altındakı ərazilərimizdə peyda ola bilər. Bu faktor Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə xidmət etmir. Bundan başqa Ermənistan hakimiyyəti yenə köhnə təxribatına əl ataraq işğal altındakı Ağdam və digər ərazilərdə hərbi təlimlərə başladı. Demək, aprel döyüşləri rəsmi İrəvana heç nəyi anlatmadı. Ermənistan əvvəlki tək Rusiyaya arxayındır.
Rusiya hakimiyyətinin və hərbi-sənaye kompleksinə rəhbərlik edən şəxslərin hesablamadığı məqam var: Azərbaycan başqa ölkələrdən də modern silahlar alır. Həmin ölkələr isə Rusiyadan fərqli olaraq Ermənistana pulsuz silah vermirlər. Bu ölkələrin Azərbaycanla Ermənistan arasında hərbi balansın qorunması kimi problemi yoxdur.
Ona görə də, Azərbaycan silah ehtiyatını çoxaltmaq və çeşidləndirmək məcburiyyətindədir. Rəsmi Bakı hər zaman çalışacaq ki, bölgədə hərbi balans Azərbaycanın xeyrinə olsun. Bu halda Ermənistan digər dövlətlərdən də, silah almaq məcburiyyətində qalacaq. Ermənistanın silahlanmaya daha çox maliyyə xərcləməsi isə bu dövlətin problemlərini artıracaq. Ermənistan Rusiyadan silah alsa da, bu ölkənin başqa növ silahlara da ehtiyacı var. Həmin silahları isə Ermənistan müxtəlif dövlətlərdən pulla almaq məcburiyyətindədir.
Rusiya Ermənistana modern silahlar bağışlamaqla və sentyabrın sonunda Dağlıq Qarabağ separatçılarının Moskvada konfransda iştirakına şərait yaratmaqla vasitəçi statusuna kölgə salır. Aydındır ki, belə bir şəraitdə Moskva Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini sürətləndirməyəcək. Belə vəziyyətdə danışıqlar prosesində irəliləyiş olmayacaq. Bu isə növbəti hərbi qarşıdurma ehtimalını artırır”.
Elxan Şahinoğlunun sözlərinə görə, Azərbaycan Prezidenti Konstitusiya dəyişikliklərindən sonra daxildə mövqelərini bir az daha gücləndirəcək. Bu isə dövlət başçısına Dağlıq Qarabağ istiqamətində daha strateji addımlar atmağa imkan verəcək: “Bu arada, müdafiə naziri Zakir Həsənov sentyabrın 21-də Prezidentin tapşırığına əsasən, Müdafiə Nazirliyinin rəhbər heyətinin iştirakı ilə müşavirə keçirdi. Müdafiə nazirinin müşavirədə səsləndirdiyi əsas fikir bu idi: “Azərbaycan üçün yarana biləcək istənilən hərbi təhdid ehtimalını nəzərə alaraq, düşmənin bütün ərazisindəki strateji və hərbi təyinatlı obyektlərə nəzarətin gücləndirilməsi, zərurət yaranarsa, onların əhəmiyyətinə görə, dərhal məhv edilməsinə hazır olmalıyıq”.
Həm Zakir Həsənovun açıqlaması, həm də eyni gündə İlham Əliyevin Azərbaycan hərbi-sənaye kompleksinin istehsalı olan “Zərbə” pilotsuz uçuş aparatlarına baxış keçirməsi Ermənistanın “İsgəndər” raketlərinin nümayişinə verilən cavablar idi”.
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info