Ərəb ölkələrindən ölkəmizə gələn turistlərin sayı 8 dəfə çoxalıb
Tarix: 28.09.2016 | Saat: 00:20:00 | E-mail | Çapa göndər


Əbülfəs Qarayev: “Şoppinq festivalları” 10-15 gün müddətində iki dəfə keçirməyi düşünürük”

Dünya Turizm Günü və Azərbaycanda “Turizm işçiləri günü” peşə bayramı ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyinin kollektivi və turizm sektorunda çalışanlar dünən Fəxri xiyabanda ümummilli lideri Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad ediblər.

Turizm Şurasının yaradılması da turizm sənayesinin inkişafına müsbət təsir göstərəcək
Daha sonra mətbuat konfransı keçirən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, Prezident tərəfindən imzalanmış sərəncama əsasən hər il sentyabrın 27-si Azərbaycanda “Turizm işçiləri günü” peşə bayramı kimi qeyd ediləcək. Bu günün təsis olunması dövlət tərəfindən turizm sənayesinə və bu sahədə çalışan insanlara böyük diqqətin nəticəsidir. Azərbaycanın dünya turizm bazarındakı mövqeyindən söz açan nazir qeyd etdi ki, ölkəmizin turizm sənayesinin inkişafı dünya turizm sənayesinin ayrılmaz tərkib hissəsidir. Azərbaycan bir sıra beynəlxalq turizm təşkilatlarının üzvüdür. Prezident İlham Əliyevin turizm sahəsinə qayğısı beynəlxalq ictimaiyyət tərəfindən də yüksək qiymətləndirilir.
Ə.Qarayev bildirdi ki, turizmin qeyri-neft sənayesində özünəməxsus yer tutması ölkəmizdə bu sahənin yeni nailiyyətlər əldə etməsinə gətirib çıxarıb. Turizmin Azərbaycanda qeyri-neft sektorunda prioritet istiqamətlərdən biri olduğunu vurğulayan nazir Azərbaycan iqtisadiyyatının milli iqtisadiyyat və onun əsas sektorları üzrə strateji yol xəritəsinə daxil edildiyini bildirdi. Qeyd olundu ki, turizmin qeyri-neft sektorunda özünəməxsus yer tutması ölkəmizdə bu sahənin yeni nailiyyətlər əldə etməsinə gətirib çıxarıb: "Bu sahə artıq dövlətimizin prioritet istiqamətlərindən birinə çevrilib. Turizm əhatə edən bir sıra sahələrin inkişafı üçün dövlət strukturları birgə çalışmalıdır. Biz artıq dövlət başçısının müvafiq sərəncamlarından irəli gələn məsələlərin icrasına başlamışıq. Proses davam edir. Yarım ilin statistikasına görə viza rejiminin sadələşdirilməsi nəticəsində ərəb ölkələrindən ölkəmizə gələn turistlərin sayı 8 dəfə çoxalıb. Digər ölkələrdən də gələn turistlərin artmasında da maraqlıyıq. Azərbaycanda başqa bir yenilik - “Taxifree” sistemi tətbiq olunur. Bu sistemin tətbiqi müsbət nəticə verib”. Nazir vurğuladı ki, turizmin keyfiyyətinin təkmilləşdirilməsi əsas istiqamətlərdəndir. Turizm Şurasının yaradılması da turizm sənayesinin inkişafına müsbət təsir göstərəcək.
Şura turizm sahəsinin inkişafı ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi ilə yanaşı, digər dövlət qurumları arasında əlaqələndirmə funksiyasını yerinə yetirəcək. “Şoppinq festivalları”nın keçirilməsi ilə bağlı məsələyə toxunan nazir bildirdi ki, Bakıda bu festivalların keçirilməsi üçün hər cür şərait yaradılıb: “Belə festivalların keçirilməsi ölkənin daxili maliyyə dövriyyəsinə güclü təkan verəcək. Biz təkliflər hazırlamışıq və aidiyyəti qurumlara təqdim etmişik. Bu festivalları 10-15 gün müddətində iki dəfə keçirməyi düşünürük”. Turizm sahəsində peşə məktəblərinin artırılmasının vacibliyindən də danışan nazir qeyd etdi ki, bu gün turizm sənayesində 30 min işçi çalışır.

Keçən ilə nisbətən regionlarda bu ilin ilk yarısında hotellərin tutulması 23,5 faiz artıb
Nazir onu da bildirdi ki, keçən ilə nisbətən regionlarda bu ilin ilk yarım illiyində hotellərin tutulması 23,5% artıb. Ə. Qarayevin sözlərinə görə, yerlərin dolma faizinə görə bu il artım çoxdur: "Belə ki, İsmayıllı və Şamaxıda 92%, Göygöldə 95-100%, Qəbələdə 100%, Lerikdə 90%, Təngaltıda 95% yerlər tutulub. Hələ ki, Mingəçevir və Xızıda (30%) bu il yerlərin tutulması az faiz təşkil edib".
O da vurğulandı ki, Azərbaycanda təsdiq edilən turizm zonaları - Quba, Qusar və Xızıda ərazilər artıq turizm sektoru üçün fəaliyyət göstərəcək. Bu zonalarla bağlı xüsusi layihələr hazırlanıb. Bu ərazilər perspektiv plan əsasında fəaliyyət göstərəcək. Eyni zamanda Dubayda, Rusiyada, Almaniyada olan nümayəndəliklərimizi digər ölkələrdə də açmağı planlaşdırırıq. AZAL-la daimi əməkdaşlıq çərçivəsində yeni reyslər və aviaşirkətlər açılmasını təşkil edəcəyik".
Nazir sonra bildirdi ki, sərhəd məntəqələrində buraxılış sisteminin təkmilləşdirilməsi üçün tədbirlər görülür: "Artıq 3 ulduzlu hotellərin tikilməsinə böyük ehtiyac var. Bu istiqamətdə digər qurumlarla birgə layihələr həyata keçirilir. Termal turizm artıq öz axarına düşüb. Qış mövsümündə də daimi turizmin təmin edilməsi üçün layihələri həyata keçirilir. Gömrük Komitəsi ilə müzakirələr aparılır. Ölkəyə gələn turistlərin rahatlığını təmin etmək üçün birgə işlər görüləcək".

“Multikultural cəmiyyəti və turizm”
Qeyd edək ki, mətbuat konfransından sonra “Multikultural cəmiyyəti və turizm” mövzusunda “dəyirmi masa” keçirildi. Tədbir “Ümumdünya Turizm Günü”ndə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan olunması və Azərbaycanın BM ÜTT-yə üzv qəbul olunmasının 15 illiyinə həsr edilib.
Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək son vaxtlar dövlətimizin bir çox sahələrdə qazandığı nailiyyətlərdən danışdı. Bildirdi ki, Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsi dövlətimizin dünyada artan nüfuzundan və qüdrətindən xəbər verir. Ölkəmizdə multikulturalizm və mədəniyyətlərarası dialoqun inkişafından söz açan nazir Azərbaycanın bu yöndə dünya dövlətləri arasında tutduğu mövqedən bəhs etdi. Qeyd olunub ki, Prezident tərəfindən 2016-cı ilin “Multikulturalizm ili” elan olunması bir daha göstərdi ki, Azərbaycan tolerant ölkədir və bu ənənə tarixi səciyyə daşıyır. Xalqımızın qonaqpərvər olmasına diqqət çəkən Ə.Qarayev bildirdi ki, bunun göstəricisi kimi, Azərbaycana gələn turistlərin sayı da artıb. Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla tədbirdə çıxış edərək multikulturalizm ənənələrindən söz açdı: “Azərbaycan multikulturalizmi Portuqaliyadan tutmuş İndoneziyayadək ölkələrin universitetlərində tədris edilir. Bu da xalqımızın mədəniyyətinin, ictimai-siyasi həyatının, ədəbiyyatının, dilinin və dininin öyrənilməsi deməkdir. Bu gün Avropanın bir sıra ölkələri multikulturalizmdən imtina ediblər. Bu, multikulturalizmə olan bədbin münasibətin nəticəsidir. Dövlət başçısının ölkəmizdə multikulturalizmi dövlət siyasəti elan etməsi multikultural həyatın nikbin ruhunu müəyyənləşdirir”.
DTT-nin proqramlar və əlaqələndirmə üzrə icraçı direktoru Zoltan Somogyi tədbirin əhəmiyyətindən söz açdı. Azərbaycana beşinci dəfədir gəldiyini deyən Z.Somogyi hər səfər zamanı ölkəmizin surətlə inkişafını müşahidə etməsini vurğuladı. Onun sözlərinə görə, son zamanlar Azərbaycanın turizm sahəsində əldə etdiyi uğurlar danılmazdır. Turizm sənayesinin inkişafı ölkə iqtisadiyyatının əsas parametrlərindən biridir. Diqqətə çatdırıldı ki, dünyada son beş ay ərzində turizm sahəsində beş faiz artım müşahidə olunub. Z.Somogyi dünyada turizm sənayesinin inkişafında təhlükəsizlik mexanizmlərinin vacib olduğunu qeyd edərək turistlərin rahat, maneəsiz hərəkətləri üçün lazımi şəraitin yaradılmasından danışdı. Multikultural cəmiyyətdə turizmin inkişafı, ümumiyyətlə, bu sahənin perspektivləri və turistlərin ölkəyə cəlb olunması istiqamətində zəruri işlər görülməlidir. Turizmin inkişafı üçün dünyada sülhün bərqərar olması vacibdir.

Nabi Avcı:
"Azərbaycanla birlikdə hərəkət edəcəyik"
Türkiyənin mədəniyyət və turizm naziri Nabi Avcı iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığa toxunaraq vurğuladı ki, bu gün Azərbaycanda bütün sahələrdə, o cümlədən turizm sənayesində böyük irəliləyişlər müşahidə edilir. Türkiyənin və Azərbaycanın zəngin mədəniyyətə sahib olduğunu bildirən türkiyəli nazir, dünyada mədəniyyətlərarası dialoqun əhəmiyyətindən və Azərbaycanda multikultural dəyərlərdən söz açdı. N.Avcı iki ölkə arasında əlaqələrin daha da genişlənməsi istiqamətində bütün sahələrdə, o cümlədən mədəniyyət və turizm sahələrində əməkdaşlığa hazır olduqlarını diqqətə çatdırdı: “Mərhum Prezident Heydər Əliyevin dediyi kimi, biz Azərbaycanla iki dövlət, bir millətik. Türkiyə Azərbaycanla turizm daxil olmaqla bütün sahələrdə əməkdaşlıq edir". Nazir qeyd etdi ki, önümüzdəki illərdə Azərbaycanla Türkiyə arasında qarşılıqlı gediş-gəlişin sayı daha çox artacaq: “Biz, bundan əlavə, üçüncü ölkələrə istiqamətlənən turizm kampaniyalarında da birlikdə hərəkət edəcəyik. Həm Azərbaycanın, həm də Türkiyənin turizm məntəqələrinin bazarlarının və məhsullarının çeşidlənməsinin böyük faydaları var. Azərbaycan və Türkiyə olaraq fərqli ölkələrə yönələn tanıtım kampaniyalarında birlikdə hərəkət etmək potensialına malikik. Bunun örnəklərini fərqli dövlət qurumlarımız göstərir. İnşallah, gələcək illərdə iş birliyimiz həm turizm, həm də mədəniyyət sahəsində genişlənəcək. Bunu indidən söyləyə bilərəm". Tədbirdə Bakıda keçirilmiş BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunu əks etdirən videoçarx nümayiş olundu. Daha sonra “dəyirmi masa” panellərlə öz işini davam etdirdi.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına geniş yol açıb
21.09.2018
“Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir”
21.09.2018
Aİ rəsmisi Azərbaycanda “bir pəncərə“ prinsipi ilə görülən işləri təqdir edib
21.09.2018
Tümen vilayəti Azərbaycanla ikitərəfli sazişlər imzalamağı planlaşdırır
21.09.2018
2 mindən artıq insanı mövsümi işlə təmin edən müəssisə, ilk müasir kənd təsərrüfatı kompleksi

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info