Kerri-erməni əməkdaşlığının 30 ildən çox tarixi var
Tarix: 04.10.2016 | Saat: 23:59:00 | E-mail | Çapa göndər


Son açıqlamalar Kerrinin Azərbaycan hakimiyyəti ilə mübarizə üçün xüsusi qərargah yaratması barədə məlumatların əsassız olmadığını təsdiqləyir

Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi ilə yaranan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində uzun illərdir aparılan danışıqlar heç bir müsbət nəticə vermir. Ermənistan tərəfinin danışıqlar prosesində konstruktiv mövqe tutmaması danışıqların dalana dirənməsi ilə nəticələnir. Amma bu ilin aprel ayında erməni təxribatından sonra baş verən 4 günlük savaş status-kvonun dəyişməsinin nə qədər vacib olduğunu ortaya qoydu. Artıq bütün dünya gücləri etiraf etdi ki, münaqişənin həlli üçün status-kvo mütləq dəyişməlidir. Bunun üçün isə Ermənistan işğal etdiyi əraziləri azad etməlidir. ATƏT Minsk qrupunun həmsədr ölkələrinin rəhbərləri səviyyəsində bəyan edilib ki, status-kvo dəyişməlidir. Aprel döyüşlərindən sonra münaqişənin həlli ilə bağlı aktiv danışıqlar fazası başladı. Amma bu danışıqlar prosesinin də nəticəsi olmadı. Belə siyasi fonda ABŞ dövlət katibi Kerrinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı açıqlaması məyusluq yaradır.

Kerrinin açıqlaması ABŞ-ın vasitəçilik missiyasına uyğun deyil
Kerrinin münaqişənin hazırda nizamlanmasının mümkünlüyünün nəzərdən keçirilmədiyini bildirməsi və bunu “liderlər buna hazır deyillər” səbəbi ilə izah etməsi Kerrinin və ümumilikdə ABŞ-ın ikili standart siyasətinə daha bir faktdır. Kerrinin bu açıqlaması ən azından münaqişənin həlli ilə bağlı yaradılan Minsk qrupunun həmsədr dövləti kimi ABŞ-ın vasitəçilik missiyasına uyğun deyil. ABŞ güclü dövlət kimi münaqişənin həllinə çox böyük təsir göstərə bilər. Dünyanın, NATO-nun ən böyük gücünün Ermənistan kimi asılı dövlətə təsir edə bilməməsinə inanmaq “uşaq başı aldatmaqdan” daha betərdir. Yəni, ABŞ istəsə, İrəvana ciddi şəkildə təsir göstərərək nizamlanmaya töhfə verə bilər. Elə Ermənistana böyük təsiri olan erməni lobbisinin ipi də onların əlindədir. Belə olan halda Kerrinin “mümkünsüz”, “liderlər hazır deyillər” mesajı Azərbaycana münasibətdə qərəzli, ikili standart yanaşmasıdır. Bunu təsdiq edən daha bir fakt odur ki, ABŞ kimi dövlətin xarici siyasətinə bilavasitə rəhbərlik edən şəxs Sovet İttifaqının dağılmasından sonra yaranan Dağlıq Qarabağ münaqişəsini 1948-ci ildən bu günə kimi davam edən İsrail-Fələstin münaqişəsindən daha mürəkkəb hesab edir... Amma Serbiya, İraq, Liviya, Ukrayna ilə bağlı tam fərqli mövqe ortaya qoyulur. Bu mövqenin qərəzdən, ölkəmizə qarşı dəfələrlə təkrarlanan ikili standartdan başqa adı yoxdur. Axı, münaqişənin həlli ilə bağlı elə onun təmsil etdiyi dövlətin də səs verdiyi BMT qətnamələri var və orada Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi açıq şəkildə qeyd edilib. Münaqişəni həll etməyin yolu bəllidir. Amma Kerrinin timsalında ABŞ bunu “görməzdən” gəlir və hər şeyi liderlərin üstünə atır.
Əgər, hər şey liderlərdən asılıdırsa, Azərbaycan və Ermənistan dövlət başçıları özləri razılaşacaqsa, onda həmsədrlərə, vasitəçilik missiyasına nə ehtiyac var?

“Məqsəd aydındır- Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanı güzəştə məcbur etmək. İndi görünür ki, ABŞ-ın “demokratiya” oyunlarının arxasında “5-ci kolon” vasitəsilə Azərbaycan hakimiyyətini Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi güzəştlərə məcbur etmək məqsədi dayanıb”

Burada ortaya məntiqi bir sual çıxır- əgər, hər şey liderlərdən asılıdırsa, Azərbaycan və Ermənistan dövlət başçıları özləri razılaşacaqsa, onda həmsədrlərə, vasitəçilik missiyasına nə ehtiyac var? Belə görünür ki, aprel döyüşlərindən sonra, aktiv danışıqlar fazasından sonra Kerrinin belə açıqlama ilə çıxış etməsi səbəbsiz deyil. Kerri belə bəyanatla münaqişənin həlli istiqamətində Rusiyanın fəallığını zəiflətmək və gündəlikdə olan təşəbbüslərin reallaşmasını sabotaj etmək istəyir. Səbəb- Kerrinin ermənilərlə olan yaxınlığıdır. ABŞ dövlət katibinin ermənilərlə əlaqəsi ilə bağlı yetərincə faktlar var. Dövlət katibi postundan getməyə hazırlaşan Kerri bu vəzifəsinin son aylarında yenidən ermənilərin maraqlarına xidmət etməyə başlayıb. Onun karyerası demək olar ki, bütünlüklə ermənilərlə, erməni lobbisi ilə sıx bağlıdır.

Kerrinin ermənilərlə əlaqəsinə dair kifayət qədər fakt sadalamaq mümkündür
1992-ci ildə erməni lobbi təşkilatlarının dəstəyi ilə Kerri və konqresmen Ueyn Ouens Azadlığı Müdafiə Aktına bədnam “907-ci düzəlişi” irəli sürüblər və onun qəbul edilməsinə nail olublar. 1990-cı il 20 yanvar hadisələri ərəfəsində Qorbaçova müraciət ünvanlayaraq “160 min Dağlıq Qarabağ ermənisinin Ermənistanla birləşməsinin zəruriliyini” önə çəkən senatorlardan biri də Kerri olub. Seçim kampaniyalarında erməni lobbisindən maliyyə yardımları alan Kerri bunun müqabilində onların maraqlarını ifadə etməklə məşğuldur. Kerri-erməni əməkdaşlığının 30 ildən çox tarixi var. Hələ 1983-cü ildə, o, Masseçusets ştatının qubernatoru, anti-türk baxışları ilə ad çıxarmış Maykl Dukakisin köməkçisi olub. Prosesləri yaxından izləyənlər yaxşı xatırlayar - Kerri 2004-cü ildə Demokratlar Partiyasının prezidentliyə namizədi olanda "erməni soyqırımı"nı tanıyacağını vəd etmşdi. O, senator olduğu dövrdə də “erməni soyqırımı” iddiasının tanınmasına ciddi dəstək verib, bununla bağlı Konqresdə qətnamənin hazırlanmasında iştirak edib. Belə ki, Kerri 2005-ci il aprel ayının 23-də ABŞ-ın 32 senatoru və 175 konqresmeni ilə birgə C.Buşdan aprelin 24-də "erməni soyqırımı"nın tanımasını tələb edib. 2008-ci il sentyabrın 26-da ABŞ senatorları Robert Menendez və Kerri ABŞ-ın Türkiyədəki gələcək səfiri Ceyms Ceffridən qondarma "erməni soyqırımı"nı tanımağı tələb ediblər. 2012-ci il sentyabrın 5-də isə Kerri Ramil Səfərovun azad olunmasını pisləmiş və bundan “şoka düşdüyünü” demişdi. Kerri dövlət katibi işlədiyi dönəmdə də erməniləri heç vaxt unutmayıb. Onun Vaughan Turekiyan alı ermənini özün müşavir təyin etməsi də ermənilərlə sıx işbirliyinə sübutdur.

Azərbaycan Prezidentinin prinsipial və barışmaz mövqeyi sayəsində Ermənistan, erməni lobbisi və onun Kerri kimi təəsübkeşləri istəklərinə nail ola bilməyiblər
Kerri ermənilərlə işbirliyini heç danmır da. O, 2013-cü il mayın 5-də Ermənistan xarici işlər naziri Edvard Nalbandyanala görüşü zamanı bildirmişdi: “Mənim çoxlu erməni dostlarım var. Uzun illər mən dostlarımla Ermənistanda bir sıra müxtəlif məsələlər üzərində işləmişik”. Kerrinin ermənilərlə əlaqəsinə, onların maraqlarına xidmət etməsnə dair daha çox fakt sadalamaq mümkündür. Burada bir məqamı xatırlatmaqda fayda var. Məsələ ondadır ki, xatırladacağımız məsələ Kerrinin bu açıqlamasının arxasında əslində hansı səbəbələrin dayanmasını gün işığına çıxarır. Xatırladaq ki, bir müddət əvvəl ABŞ-ın nəzarətində olan bir sıra KİV orqanları, QHT-ləri, ekspertlər və Azərbaycanda olan radikal müxalifətin ölkəmizə, Azərbaycan hakimiyətinə qarşı apardığı kampaniyanın Kerrinin otağından idarə olunması ilə bağlı məlumatlar yayılımışdı. Avropa Oyunları ərəfəsində bu kampaniya pik həddə çatmışdı. Son açıqlamalar bu faktı təsdiqləməklə sübut edir ki, Kerri Azərbaycan hakimiyyəti ilə mübarizə üçün xüsusi qərargah yaradıb. Məqsəd aydındır- Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanı güzəştə məcbur etmək. İndi görünür ki, ABŞ-ın “demokratiya” oyunlarının arxasında “5-ci kolon” vasitəsilə Azərbaycan hakimiyyətini Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi güzəştlərə məcbur etmək məqsədi dayanıb. Bütün cəhdlərə baxmayaraq, Azərbaycan öz düzgün yolundan geri çəkilməyib, Azərbaycan Prezidenti İlham Əliyevin prinsipial və barışmaz mövqeyi sayəsində Ermənistan, erməni lobbisi və onun Kerri kimi təəsübkeşləri istəklərinə nail ola bilməyiblər. Bundan sonra da Azərbaycana qarşı nə qədər uydurma kampaniyalar aparılsa da, heç bir şeyə nail ola bilməyəcəklər.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Vyetnam Prezidentinin ölüm səbəbi açıqlanıb
21.09.2018
Hindistan İran neftini rupi ilə alacaq
21.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident nəticəsində azı üç nəfər ölüb
20.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident baş verib
20.09.2018
“ABŞ-ın tarixində “ən böyük səhv” Yaxın Şərqə qoşun yeritməkdir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info