Suriyada böyük savaş gözlənilir
Tarix: 06.10.2016 | Saat: 00:18:00 | E-mail | Çapa göndər


Rusiyanın yeni hava hücumundan müdafiə kompleksi yerləşdirməsinin səbəbi bəlli oldu - ABŞ hərbi müdaxiləyə hazırlaşır

Suriya münaqişəsi ilə bağlı məsələ dünyada yeni siyasi böhran yaradıb. Son aylar ərzində ABŞ və Rusiya arasında aparılan danışıqlar münaqişənin həllinə müəyyən ümidlər yaratmışdı. Ən azından nəticə olmasa belə, tərəflər arasında danışıqlar davam edirdi. Amma son həftə ərzində baş verən hadisələr danışıqların dayandırılmasına, tərəflərin hərbi müstəviyə keçməsinə səbəb olub. Qırılma nöqtəsi Suriya ordusunun bombalanması oldu.
Vaşinqton artıq danışıqların heç bir nəticə vermədiyini və müzakirələrə davam etməyin mənasız olduğunu açıqladı. Bundan sonra Rusiya ABŞ-la pultoniumla bağlı imzalanan müqavilənin dayandırıldığını açıqladı. Bu, Moskva tərəfindən atılmış sərt addımdır. Məsələ ondadır ki, Rusiya həmin müqavilənin bərpası üçün ABŞ-ın Rusiyaya tətbiq etdiyi bütün sanksiyaların ləğvini və dəyən ziyana görə kompensasiya ödənilməsini şərt kimi irəli sürüb. Deməli, Moskva ziddiyyəti daha da dərinləşdirərək geri çəkilməyəcəyini göstərməklə qalmayaraq ciddi həmlə etmiş oldu. İki gün əvvəl Qərb mediasının Rusiyanın Suriyada yeni hava hücumundan müdafiə kompleksi yerləşdirməsi ilə bağlı xəbəri, əslində, pərdə arxasında ciddi olayların getməsinə işarədir. Ekspertlər hesab edir ki, Rusiyanın bu adımı Qərb koalisiyasının Suriyada hansısa əməliyyat həyata keçirəcəyi ilə bağlı ciddi informasiyaya sahib olması ilə bağlıdır. NATO baş katibi dünən bəyan edib ki, alyans Suriyada yerüstü əməliyyatlarda iştirak etməyəcək. Sadəcə, əməliyyatlara dəstək üçün AVAKS təyyarələrini Suriyaya göndərəcək. Moskvanın Suriyada hava hücumundan müdafiə kompleksi yerləşdirməsi Qərbin havadan hücum etmək ehtimalı ilə bağlıdır.

“The Washington Post”:
“Qanadlı raketlər vasitəsilə Suriya hava qüvvələrinin eniş-uçuş zolaqlarının vurulması planlaşdırılır”

ABŞ-ın Suriyada Əsədə zərbə vurmaq üçün yerüstü əməliyyat keçirməsi gözlənilmir. Hazırda ABŞ-ın məhdud sayda əsgəri bölgədə yerləşib. Burada həssas məqamlardan biri Türkiyə ilə bağlıdır. Faktiki olaraq bu gün Suriya ərazisində terrorçularla leqal şəkildə savaşan yeganə dövlət Türkiyənin quru qoşunlarıdır. Mümkün Rusiya-ABŞ toqquşması zamanı Türkiyənin və “İncirlik” bazasının hansı şərtlər daxilində, hansı tərəfdə olacağı bir qədər müəmmalıdır. Politoloqlar hesab edirlər ki, Rusiya dövlət başçısı Putinin oktyabrın 10-da Türkiyəyə edəcəyi səfər iqtisadi məsələlərlə yanaşı, Suriya böhranı üçün mühüm əhəmiyyət kəsb edə bilər. Bu arada ABŞ dövlət katibi Kerrinin Avropa İttifaqının qlobal təhlükəsizliyin təminatı üçün vahid mövqedən çıxış etməsinin vacib olması ilə bağlı bəyanatı da müəyyən şübhələr yaradır. ABŞ bu məsələdə Avropa İttifaqından fərqli səs çıxmasını istəmir. “The Washington Post” yazır ki, ABŞ administrasiyası Əsəd ordusu ilə müxalifət arasında gedən savaşa hərbi müdaxilə etməyə hazırlaşır. Nəşr yazır ki, sentyabrın 28-də Ağ Evdə Dövlət Departamenti, MKİ, Baş Qərargah nümayəndələrinin iştirakı ilə toplantı keçirilib və Əsəd qüvvələrinə məhdudlaşdırılmış zərbələr endirilməsi məsələsi müzakirə edilib. Hərbi müdaxilə tərəfdarları ABŞ-ın bu zərbələrinin Əsədin yanaşmasını dəyişə biləcəyi qənaətindədir. Bu məsələ dünən də müzakirə edilib. Prezident Obamanın rəhbərliyi ilə Təhlükəsizlik Şurasının toplantısının qarşıdan gələn bazar günü keçirilməsi gözlənilir. Müdaxilə ilə bağlı qərarın həmin toplantıda qəbulu gözlənilir. Hökumət müzakirəsində iştirak edən şəxslərdən biri “The Washington Post”a bildirib ki, qanadlı raketlər vasitəsilə Suriya hava qüvvələrinin eniş-uçuş zolaqlarının vurulması planlaşdırılır. BMT Təhlükəsizlik Şurasının qərarı olmadığı üçün bu zərbələrin gizli şəkildə endirilməsi məsələsi də müzakirə edilir. Nəşrin bu məlumatı Rusiyanın yeni hava müdafiə kompleksini Suriyada yerləşdirməsinin izahı üçün kifayətdir. Nəşr yazır ki, Dövlət Departamenti oktyabrın 3-də Rusiya ilə Suriya danışıqlarını dayandırığını elan edib- deməli, “B” planına keçid başlayıb. Rusiya tərəfi də “B” planına hazırlaşır. “İzvestiya” nəşri hərbi-diplomatik dairələr və Federasiya Şurasının müdafiə komitəsinin sədr müavini Frans Klinçevə istinadən yazır ki, Kreml Vaşinqtonun “B” planına qarşı cavab hazırlayır. Həmin kompleks plana Suriya ərazisi və ondan kənarda ABŞ-a hərbi-siyasi cavablar daxildir. “Amerikalıların “B” planına qarşı biz öz diplomatiyamızı qoyacağıq. Eyni zamanda Suriya ordusuna hərbi sahədə dəstəyimizi daha da artıracağıq. Rusiya ordusunun Baş Qərargahı da yeni plan hazırlayıb. Çünki terrorçular onlar bundan sonra bizim Suriyada olan bazamıza daha çox diqqət ayırmağa başlayacaqlar” - deyə Klinçev bildirib. Rusiya Müdafiə Nazirliyindəki mənbə nəşrə bildirib ki, onlar kompleks hərbi-siyasi cavab təbirləri hazırlayıblar. Amma həmin konkret nələr olduğu açıqlanmır. Ekspert Maksim Şepovalenko bildirib ki, Moskva Suriyadakı hava desant qüvvələrinin, radioelektron avadanlığın sayını artıra, Suriya ordusunudaha çox təyyarə və artilleriya qurğusu ilə təmin edə bilər. Ekspert qeyd edib ki, Suriyada yerləşdirilən “C-400” və “C-300V”-lər hava məkanını və Suriya ordusunu qorumaq üçün tam yetərlidir.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info