Kompyuter alarkən nələrə diqqət yetirməliyik?
Tarix: 27.03.2013 | Saat: 21:34:00 | E-mail | Çapa göndər


Müasir dövrdə kompyuter həyatımızın ayrılmaz elementinə çevrilib. Kompyuterin köməyi ilə yaxınlarımızla əlaqə yaradır, musiqiyə, kinoya baxır, kitab oxuyur və məlumatlar əldə edirik. Bəs kompyuter alanda nəyə diqqət etmək lazımdır?
Məlum olduğu kimi, kompyuterlər çoxsaylı hissələrə və funksiyalara malikdir və fərqli qiymətlərə satılır. Bütün bunlar isə onun alınması zamanı istehlakçını çətinliklərlə üz-üzə qoyur. Ona görə də, kompyuter almazdan əvvəl ondan nə üçün istifadə edəcəyinizi özünüz üçün aydınlaşdırın. İnternetdən istifadə, yoxsa hansısa mühüm əməliyyatları həyata keçirmək üçün sizə kompyuter lazımdır sualına cavab verdikdən sonra məsələnin əsas hissəsini həll olunmuş hesab etmək və axtarışa çıxmaq olar.
Bu məsələdə qərara gəldikdən sonra kompyuter seçmək olar. Kompyuteri həm hazır, həm də tələbə və zövqə uyğunlaşdırmaqla almaq olar. Əgər kompyuter sistemlərinin xüsusiyyətlərini istənilən səviyyədə bilmirsizsə, onları quraşdırmaqda çətinlik çəkəcəksinizsə, bu halda hazır kompyuter almaq daha məqsədəuyğundur. Nəzərə alın ki, kompyuterin yaddaşının çox, prosessorunun yüksək iş həcminə malik olması müsbət cəhətlərindəndir. Yox əgər bu tip texnologiyalar haqqında kifayət qədər məlumatlısınızsa, onda müxtəlif hissələri sifariş verməklə sizə lazım olan kompyuteri komplektləşdirə bilərsiniz.
Kompyuter mürəkkəb texnoloji məhsul olduğuna görə, onu alarkən qarşıya çıxan çətinliklərdən biri xüsusi terminlərin nə anlama gəldiyini bilməməkdir. Bu səbəbdən malı seçərkən satıcıdan həm kompyuter, həm də onun komplektləşdirici hissələri haqqında müfəssəl məlumat almaq vacibdir. Müqayisə aparmaq üçün müxtəlif mağazalardan eyni qəbildən olan kompyuter haqda da informasiya əldə etmək olar. Məhsulla bərabər istehlakçıya üzərində malın və satıcının adı, satış tarixi, qiyməti, eyni zamanda satışı həyata keçirən şəxsin imzası əks olunan sənəd verilməlidir. İstehlakçıya eyni zamanda mağaza tərəfindən malın sənədləri (satışın tarixi və yerini göstərilən texniki pasport, zəmanət talonu və ya onu əvəz edən digər sənəd, istismar təlimatları və digər sənədlər) təqdim edilir.
Kompyuter alarkən keyfiyyətinə əmin olmaq üçün onun sənədlərinə diqqət yetirin. Belə ki, satışa qoyulan kompyuterlərin müvafiq sənədləri, o cümlədən texniki pasportu və zəmanət talonu olmalıdır. Onu da qeyd edək ki, mürəkkəb texniki qrup malların texniki pasportsuz satılmasına və ya texniki pasportların düzgün tərtib edilməməsinə görə qanunvericilikdə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən, bu sahədə qanun pozuntusuna yol vermiş fiziki şəxslər 350 manatdan 500 manatadək, vəzifəli şəxslər 1650 manatdan 2200 manatadək cərimə edilirlər.
Kompyuter alarkən onun qablaşdırılmasına fikir verin. Mağazada kompyuter və onun hissələrinin qutusunun sizin yanınızda açılmasına çalışın və bunu tələb edin. Bilin ki, istehsalçı tərəfindən qablaşdırılan və möhürlənən qutularda olan mallar daha etibarlıdır.
İstehlakçı olaraq hər kəs bilməlidir ki, satış üçün təqdim olunan kompyuterlərin nümunələri üzərində onların adı, qiyməti ilə yanaşı markası, modeli, əsas texniki xüsusiyyətləri göstərilməlidir. Satıcı istehlakçının istəyinə uyğun olaraq onun iştirakı ilə malın keyfiyyətini, komplektliyini, ona aid sənədləri yoxlanmasına şərait yaratmalıdır.
Kompyuter alındıqdan sonra dərhal evə tələsməyin. Onun hissələri, hətta səsgücləndirici, çap maşını, modeminə kimi mağazada işə salıb yoxlayın. Gedib evdə qüsuru müəyyən etməkdənsə, yerində həll etmək məqsədəuyğundur. Müvafiq proqramların, drayverlərin kompyuterə yüklənib-yüklənmədiyini yoxlayın. Drayverlərin istehlakçı tərəfindən quraşdırılması o qədər də asan deyil, təcrübə tələb edir.
Kompyuter alarkən seçimdə əsas rol oynayan vacib amillərdən biri də mala verilən zəmanət müddətidir. Hər bir istehlakçı bilməlidir ki, kompyuter zəmanət müddəti ilə satılmalıdır və bu müddət onun zəmanət talonunda göstərilməlidir. Mal zəmanət müddəti ilə satılarkən, satıcı məmulatın zəmanət talonunda malın bu obyektdən alındığını və malın satıldığı tarixi təsdiq edən ştamp vurur.
Bu gün istehlak bazarında satılan kompyuterlərə müxtəlif satıcı və istehsalçılar tərəfindən fərqli zəmanət müddətləri tətbiq olunur. Bu adətən 6 aydan 12 aya qədər müəyyənləşdirilir. Yalnız monitor və printerlərə verilən zəmanət nisbətən uzun müddətli olur. Lakin 2 və 3 il zəmanət verilən mallar da vardır. İstehlakçılara məhz belə mallara üstünlük verməyi tövsiyə edirik. Digər analoji mallardan bir qədər baha qiymətə satılsa da zəmanət müddətinin çox olması həmin malların keyfiyyətinə əminliyi artırır, istehlakçıların mal alındıqdan sonrakı dövrdə rahatlığını təmin edir.
İstehsalçı (icraçı) malın, həmçinin komplektləşdirici məmulatların qanunvericilikdə nəzərdə tutulan zəmanət müddəti ərzində, bu müddətlərin olmadığı hallarda isə müqavilə ilə müəyyənləşdirilmiş qaydada normal işini təmin etməlidir.
Bir sıra hallarda alınmış kompyuterdə qüsur aşkar olunduğu halda istehlakçı qeyd edilən hüquqlarından istifadə etməkdə çətinlik çəkir. Belə ki, bəzi hallarda əsasən servis mərkəzləri zəmanət şərtlərindən istifadə edərək kompyuteri təmir etmək və ya dəyişdirilməsindən imtina edir. Buna görə də müddətdən əlavə zəmanətin şərtlərinə də diqqət yetirmək lazımdır. Adətən bir çox satıcılar satışdan sonrakı dövrdə özlərini sığortalamaq və məsuliyyətini azaltmaq üçün zəmanət şərtlərinə bir sıra məhdudlaşdırıcı müddəaları daxil edirlər. Bu əsasən komplektləşdirici hissələrə zəmanət verilməməsi və ya çox qısa zəmanət müddəti müəyyənləşdirilməsi ilə bağlı olur. İstehlakçılar çox vaxt mal alarkən belə xüsusiyyətlərə fikir vermirlər. Ancaq malın özünə iki il zəmanət müddəti göstərib onun xeyli komplektləşdirici hissələrinin 1 ay və ya daha qısa, yaxud bir qədər artıq zəmanət müddətinin müəyyən edilməsi əsas malın da zəmanətini praktik olaraq bu müddətlərə qədər endirir.
Ona görə də zəmanət talonunu alarkən onun üzərində bütün zəruri qeydlərin edilmiş olmasına diqqət yetirin. Belə ki, zəmanət talonu istehsalçı firmanın səlahiyyətli servis mərkəzi tərəfindən müvafiq qaydada doldurulmadığı təqdirdə istehlakçıya zəmanətli xidmət göstərməkdən imtina edilə bilər.
İstehlakçı zəmanət müddəti ərzində alınan malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, qanunvericiliklə müəyyən edilmiş hüquqlarını tələb edə bilər. Bu sırada isə istehlakçının zəmanət müddəti ərzində aldığı malı lazımi keyfiyyətli mala dəyişdirməyi, satış qiymətini uyğun məbləğdə azaltmağı, malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini, malın, həmin mala uyğun digər modelli (markalı, tipli və s.) mal ilə dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini, müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini tələb etmək hüquqları yer alır. Qüsurlu mal lazımi keyfiyyətli, eyni modelli (markalı, tipli və s.) mala dəyişdirilərkən qiymət dəyişərsə, istehlakçı qiymət fərqini ödəmir.
İstehlakçının malın dəyişdirilməsi ilə bağlı tələbi ticarət obyektində lazımi keyfiyyətli, eyni modelli, markalı, tipli mal mövcuddursa, satıcı tərəfindən dərhal təmin olunmalıdır. Azərbaycan Respublikasından kənarda istehsal olunmuş və ya vasitəçilərdən alınmış malların dəyişdirilməsi ilə bağlı öhdəliklər satıcı tərəfindən yerinə yetirilməlidir.
Təqdim etdi: İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info