ABŞ hələlik Suriya müxalifətinə «Patriot» raket komplekslərini vermək niyyətində deyil. Bu barədə Ağ Evin rəsmi nümayəndəsi Cey Karni bəyan edib. Bir müddət öncə Suriya Müxalif və İnqilabi Qüvvələrinin Milli Koalisiyasının lideri Əhməd Muaz əl-Xətib ABŞ-dan Türkiyə-Suriya sərhədində yerləşdirilmiş «Patriot» komplekslərindən Suriyanın şimal rayonlarını qorumaq üçün istifadə etməyi xahiş etmişdi.
Əl-Xətibin sözlərinə görə, ABŞ dövlət katibi Con Kerri bu məsələyə baxmağa söz verib. «Bizim bu xahişdən xəbərimiz var. Hazırda NATO Suriyaya hərbi müdaxiləyə hazırlaşmır. Hesab edirəm ki, «Patriot» kompleksləri hərbi yardım sayıla bilər. Türkiyədə yerləşdirilmiş «Patriot»lar yalnız müdafiə məqsədləri üçündür, onlar Türkiyənin müdafiə qabiliyyətinin gücləndirilməsi, onun ərazisinin və xalqının müdafiəsi üçündür»- deyə Karni bildirib.
|