Xarici QHT-lərin pozucu fəaliyyəti
Tarix: 27.03.2013 | Saat: 22:40:00 | E-mail | Çapa göndər


Onların ifşa olunmasında hər bir vətəndaş
cəmiyyəti nümayəndəsi və əhali aktivliyini artırmalıdır

Qeyri-hökumət təşkilatlarının - vətəndaş cəmiyyəti institutlarının rolu cəmiyyətin üzləşdiyi problemlərin həllində təşəbbüslərlə çıxış etmək, hökumətin girə bilmədiyi və yaxud dövlətin nəzərindən yayınan məsələlərin həllində yardımçı olmaqdır. Bununla onlar vətəndaş təşəbbüslərini reallaşdırırlar və cəmiyyətdəki problemlərin həllinə yardımçı olmaqla ümumi inkişafa töhfələrini verirlər.
Amma əfsuslar olsun ki, bir sıra xarici QHT-lər yenicə müstəqillik qazanmış ölkələrdə bu sahə ilə bağlı vaxtilə mövcud olmuş situasiyalardan yararlanaraq destruktiv və pozucu fəaliyyətə başladılar. Həmin qurumlar müxtəlif məsələlərlə bağlı kamuflaj olunaraq xaricdən koordinasiya olunan təlimat əsasında indi də fəaliyyət göstərməkdə davam edirlər. Ölkələrdə aparılan siyasi kampaniyalar zamanı bu cür xarici qurumların aktivliyi xüsusilə artır, onlar cəmiyyətdə təxribatlara, qarşıdurmalara çalışırlar. Bu məqsədlə əhalinin məlumatsız olan müxtəlif təbəqələrini, xüsusilə də yeniyetmə və gəncləri cəlb edirlər.
Qeyd etmək lazımdır ki, Azərbaycanda da bu cür xarici QHT-lərin pozucu fəaliyyəti istisna edilmir. Bu yaxınlarda ABŞ-ın Milli Demokratiya İnstitutunun (Institute of National Democracy) ölkədə NİDA adlı bir gənclər qurumu formalaşdırıb, həmin qurumdakı bir qrup gəncdən istifadə etməklə təxribatlar törətdiyi ifşa olundu. NİDA-çı gənclərin evindən “Molotov kokteyli”, narkotik və külli miqdarda pulun çıxması onların ictimai təhlükəliliyini və pozucu fəaliyyətini ortaya qoyurdu...


Ramiz Mehdiyev: “Azərbaycanın milli təhlükəsizliyinə təhdidlər yarananda, hökumət hansısa addımlar atanda onların maliyyələşdirdiyi yerli müdafiəçilər, beynəlxalq havadarları dərhal hay-küy salır, birləşmək, söz azadlığının pozulduğunu iddia etməyə başlayırlar”


Qeyd edək ki, Azərbaycan dövləti bütün göstəricilər baxımından yüksək sürətlə inkişaf edən dövlətdir. Azərbaycan bu baxımdan inkişaf etmiş ölkələrə sürətlə yaxınlaşmaqdadır. Ölkəmizdə bütün sahələr, o cümlədən də vətəndaş cəmiyyəti sektoru da tərəqqi dövrünü yaşayır. Belə ki, artıq 2008-ci ildən başlayaraq Azərbaycan dövləti QHT-lərə Dövlət Dəstəyi Şurası vasitəsilə qeri-hökumət təşkilatlarının layihələrini maliyyələşdirməyə başladı. Həmçinin ötən ildən fəaliyyət göstərməyə başlayan Azərbaycan Prezidenti yanında Gənclər Fondu gənclər təşkilatlarının və yaradıcı gənclərin kütləvi sayda layihələrini maliyyələşdirməkdədir. Bundan başqa, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu vasitəsilə ölkədə fəaliyyət göstərən mətbuat orqanları və eləcə də media QHT-ləri hər il bir neçə dəfə maliyyələşdirilir. Beləliklə, dövlətin iradəsi ilə ölkədə vətəndaş cəmiyyəti nümayəndələrinin təşəbbüslərini dəstəkləyən, layihələrini maliyyələşdirən milli donorçuluq institutu formalaşıb. Bu isə onu deməyə əsas verir ki, Azərbaycan cəmiyyətinin və millətinin inkişafına yönələn bütün vətəndaş təşəbbüsləri müsabiqə əsasında maliyyələşdirilir və dövlət tərəfindən dəstəklənir. Dövlət ictimai və milli inkişaf üçün bütün QHT təşəbbüslərini ardıcıl olaraq dəstəkləyir. Belə bir şəraitdə Azərbaycanda öz maraqları olan xarici qurumların və onların yerli nümayəndəliklərinin fəaliyyəti isə yalnız ölkədə özlərinə sərf edən şərait formalaşdırmaq, aranı qatmaq və bunun üçün ölkədə yerli qurumlardan və şəxslərdən ibarət şəbəkə yaratmaqdır. Onlar bu məqsədlə müxtəlif formalarda qeyri-leqal fəaliyyət göstərirlər və fəaliyyətlərində şəffaflıq prinsipini, eyni zamanda qanunvericiliyin tələblərini açıq-aşkar pozurlar. Məsələn, ölkəmizdə qeydiyyatdan keçməyən, lakin faktiki işləyən təşkilatlar var. Onların bu cür fəaliyyəti isə qanunazidd olmaqla yanaşı, həm də olduqca mübhəmdir. Yaxud qeydiyyatdan keçən beynəlxalq QHT-lərin maliyyə hesabatlılığı çox acınacaqlı vəziyyətdə olduğundan, xarici donorlardan daxil olan qrantların və ianələrin böyük hissəsinin gerçəkdə hara xərcləndiyi bilinmir. Qanunvericiliyə görə, yerli və xarici QHT-lərin gəlirləri və xərcləri barədə məlumat dövlət və ya kommersiya sirri ola bilməz. Onlar hər il Maliyyə Nazirliyinə müvafiq hesabat verməli, nazirlik isə qanunun tələblərinin yerinə yetirilməsinə ciddi nəzarət etməlidir. Bir sıra hallarda bu təşkilatların əsl hədəfləri gizli qalır. Bu baxımdan Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev AzərTAc-a müsahibəsində doğru olaraq bildirib ki, Azərbaycanın milli təhlükəsizliyinə təhdidlər yarananda, hökumət hansısa addımlar atanda onların maliyyələşdirdiyi yerli müdafiəçilər, beynəlxalq havadarları dərhal hay-küy salır, birləşmək, söz azadlığının pozulduğunu iddia etməyə başlayırlar: “Bəzən həmin saxta QHT-lər diplomatik müdafiədən də istifadə etməkdən çəkinmirlər.
Aparılan təhlillər göstərir ki, hətta qrantlar qeydiyyata alındıqdan sonra külli miqdarda maliyyə vəsaitinin ayrılması davam etdirilir və onların barəsində məlumatlar verilmir. Vəsaitlərlə bağlı aparılan əməliyyatlar, məlumatsızlıq latent korrupsiya təzahürlərindən xəbər verir”.
Xarici qurumların yerli QHT-ləri ölkəmiz, təhlükəsizliyimiz üçün zərərli əməkdaşlığa cəlb etməsi də ayrıca bir istiqamətdir. Məsələn, xarici QHT-nin yerli nümayəndəliyi qeydiyyata alınmayanda, həmin xarici qurum yerli QHT-lərə qrant verir və ya əksinə, yerli nümayəndəlik qeydiyyata alınır, amma baş təşkilat yenə də yerli QHT-lərə birbaşa qrant verməkdə davam edir. Yerli nümayəndəliklərin qeydiyyata alınmamasına baxmayaraq, bəzi beynəlxalq QHT-lərin baş təşkilatları hər hansı bir şəxsə etibarnamə verir və onu nümayəndə təyin edirlər. Həmin şəxs ölkədə fəaliyyətə başlayır. Bu fəaliyyət qanunazidd olmaqla yanaşı, həm də Azərbaycanın milli, ictimai və dövlət mənafelərinə ziddir və təhlükə törədir. Xarici qurumların öz fəaliyyət istiqaməti və mandatlarına uyğun olmayan bir şəkildə layihələr maliyyələşdirməsi və bu cür layihələrin çox vaxt cəmiyyətdə təfriqə, qarşıdurma yaratmağa yönəlməsi də olduqca aktuallıq doğurur. Onlar rəsmi olaraq müəyyən qrant layihəsi elan edir, lakin reallıqda tamamilə başqa, bir çox hallarda dağıdıcı məqsədlər üçün vəsait ayırırlar.
Bu cür xarici QHT-lər qeyd etdiyimiz kimi, postsovet ölkələrində, müstəqil və milli inkişaf yolu tutmuş dövlətlərdə xüsusilə fəaldırlar. Məsələn, almanların “Süddeutsche Zeitung” qəzeti yazır ki, artıq bu məsələ Rusiyada da aktual qəbul edilir. İndiyə kimi, Milli Demokratiya İnstitutu, “Amnesty International” və sair qurumların adları bu cür destruktiv fəaliyyətdə hallandırılırdı. Bundan başqa Almaniyaya aid xarici QHT-lərin də bu cür əməlləri üzə çıxıb. Ona görə də Rusiyada bu qurumlar da yoxlanılır. Məsələn, Fridrix Ebert Fondu, Konrad Adenauer Fondu kimi qurumlarda yoxlamalara başlanılıb və onların işçiləri prokuraturaya çağrılıb.
Bu cür hallar göstərir ki, ölkəmizdə birinci növbədə vətəndaş cəmiyyəti ayıq olmalı, eləcə də vətəndaşlar cəmiyyətimizdə təxribatlar yaratmaq istəyən antiazərbaycan qüvvələrin, QHT-lərin fəaliyyətinin ifşa olunması üçün aktivlik göstərməlidirlər.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
XİN:İşğal olunmuş ərazilərdə növbəti təxribatçı addım ağır fəsadlara yol aça bilər
25.09.2018
“Aksam.com.tr”: “Türk Aerokosmik Sənayesi Azərbaycanla əməkdaşlıq etməyə hazırlaşır”
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi “ADEX-2018”də 270-dən çox məmulat nümayiş etdirir
25.09.2018
“Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
25.09.2018
Müdafiə Nazirliyi: Düşmənin istənilən uçuş vasitəsi tərəfimizdən dərhal neytrallaşdırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info