Təqsirləndirilən şəxs : “Taleh Bağırov və Əbülfəz Bünyatov sakinləri silahlanmağa çağırıblar”
Tarix: 18.10.2016 | Saat: 00:03:00 | E-mail | Çapa göndər


Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə vəkil Nemət Kərimli çıxış edərək bildirib ki, ötən iclasdan sonra təqsirləndirilən Abbas Hüseynov cərimə təcridxanasına salınıb, bu gün isə iclasda iştirakına icazə verilmir. Hakim isə deyib ki, ötən iclasda zərərçəkmiş şəxsə qarşı nalayiq hərəkətlər etdiyi üçün onun məhkəmədə iştirakına icazə verilmir. Taleh Bağırov A. Hüseynovun iclasda iştirakının təmin edilməsini istəyib. Bildirib ki, onun iştirakı olmasa, iclasın keçirilməsinə imkan verməyəcəklər. Hakim isə bildirib ki, məhkəmə prosesinin keçirilib-keçirilməməsi təqsirləndirilən şəxslərin icazəsi ilə olmur. Bundan sonra təqsirləndirilən şəxslər siyasi şüarlar qışqırıblar. Məhkəmədə fasilə elan edilib. Fasilədən sonra T. Bağırov yenidən Abbas Hüseynovun iclasda iştirakının təmin edilməsini istəyib. Hakim isə deyib ki, A. Hüseynov məhkəməyə müraciət etsə, onun müraciətinə baxılacaq.
Vəkil Yalçın İmanov isə Abbas Hüseynovun iclasda iştirak etmək istədiyini deyib. Hakim növbəti dəfə fasilə elan edib. Fasilədən sonra iclasda şahidlər dindirilib. Nardaran sakini və hazırda həbsdə olan Nadir Qədirov heç nədən xəbəri olmadığını iddia edib. Nadir Qədirov ibtidai istintaq zamanı ifadəsində isə göstərib ki, Bağırov Taleh Kamal oğlu və Bünyatov Əbülfəz Heydər oğlu 2015-ci ilin avqust-oktyabr aylarında Nardaran qəsəbəsində Hacı Əbülfəzin evində mütəmadi olaraq yığıncaqlar təşkil edib, Azərbaycan dövlətinin əleyhinə, hakimiyyəti devirməyə və konstitusiyaya dəyişikliklər edilməsinə çağırışlar ediblər. Taleh Bağırov və Əbülfəz Bünyatov sakinləri silahlanmağa çağırıblar. 2015-ci ilin noyabr ayının əvvəllərindən etibarən yığıncaq Əbülfəz Bünyatovun evində keçirilib, onun evinə respublikanın cənub, şimal və digər bölgələrindən, ümumiyyətlə, respublikanın bir çox rayonlarından möminlər gəlib. Onlar tərəfindən hazırlanmış “Müsəlman Birliyi Hərəkatı” adlı kitabçaların Nardaran qəsəbə sakinlərinə, eləcə də respublikanın digər bölgələrində paylanmasını təşkil ediblər. Həmin kitabçada Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq dövlət quruluşunu devirmək və Azərbaycanda “İslam” dövlətinin yaradılması təbliğ olunub, həmin kitabçanın bir neçə nüsxəsini o da əldə edib. 26 noyabr 2015-ci il tarixdə günorta saatlarında o, şəhərdən Nardaran qəsəbəsinə gələn zaman görüb ki, Nardaran sakinləri “İmam Hüseyn” meydanında yığışıblar. Sonradan ona məlum olub ki, Əbülfəzin yaşadığı evdə Taleh Bağırov və onun tərəfdarları ilə polislər arasında silahlı toqquşma baş verib. Hazırda həbsdə olan Nardaran sakini, şahid Əliağa Qasımov da əslində evində silahı olmadığını söyləyib. İbtidai istintaq zamanı isə ifadəsində göstərib ki, Taleh Bağırov və digərlərini tanısa da, yaxın münasibətdə olmayıb. Onların yığıncaqlar təşkil etməsini eşidib. 2015-ci ilin sentyabr və oktyabr aylarında əsas yığıncaqlar Əbülfəz Bünyatovun qəsəbədəki evində keçirilib, oraya respublikanın cənub, şimal və digər bölgələrindən çoxsaylı möminlər gəlmiş, yuxarıda adları sadaladığı şəxslər tərəfindən hazırlanmış “Müsəlman Birliyi Hərəkatı" adlı kitabçalar Nardaran qəsəbə sakinlərinə, eləcə də respublikanın digər bölgələrində paylanmasını təşkil ediblər. Daha sonra iclasda vəkil Nemət Kərimli A. Hüseynovun iclasda iştirakının təmin olunması üçün məhkəməyə müraciət edib. Məhkəmə müraciəti nəzərə alaraq onun iştirakına icazə verib və A. Hüseynov iclasda iştirak edib. İclasda hazırda həbsdə olan Nardaran sakini Raci Babayev də istintaq zamanı verdiyi ifadəsindən fərqli ifadə verib. R. Babayev ibtidai istintaqa ifadəsində isə göstərib ki, 2015-ci ilin noyabr ayında bir-iki dəfə Nardaran qəsəbəsində yerləşən Hacı Əbülfəz adlı şəxsin evində olub, orada digər Nardaran sakinləri ilə birlikdə Taleh Bağırovun çıxışlarına qulaq asıb. T. Bağırov əvvəlcə dini mövzuda, yəni dindən, islamdan, şəriətdən danışıb, daha sonra söhbətini hakimiyyət əleyhinə çıxışlara çevirib. Prosesdə dindirilən Nardaran sakini, hazırda həbsdə olan Hüseyn Nəbizadə bildirib ki, evində axtarış aparılan zaman orada olmayıb. N. Nəbizadə də ibtidai istintaq zamanı ifadələrində göstərib ki, «Müsəlman Birliyi Hərəkatı»nın rəhbəri Taleh Bağırov 2015-ci ilin noyabr ayının əvvəllərində yaşadığı Nardaran qəsəbəsinə gəlib və öz yaxın tərəfdarları ilə birlikdə onun xalası oğlu Əbülfəzin evində qonaq qalıb. Hacı Taleh həm Əbülfəzin evində, həm də qəsəbədəki «Hacı Baxış» məscidində öz tərəfdaşları ilə görüşüb, çıxışlar edib. Həm dini mövzuda, həm də siyasətdən, dövlət işlərindən, hakimiyyəti dini qanunlarla idarə etməkdən danışıb.
Nardaran sakini, hazırda həbsdə olan Hilal Cabbarov da prosesdə şahid qismində ifadə verib. Çıxışında o, Taleh Bağırovu müdafiə edib. H. Cabbarov ibtidai istintaq zamanı verdiyi ifadəsində isə göstərib ki, axtarış zamanı Nardaran qəsəbəsində yaşadığı evindən tapılan tüfəng kəsiyi və patronları dəniz kənarından qamışlıqdan tapıb. Onları evə gətirib ki, polisə təhvil versin, lakin buna vaxt tapa bilməyib. «Müsəlman Birliyi Hərəkatı»nın rəhbəri Taleh Bağırovu ilahiyyatçı kimi tanıyıb. T.Bağırov Nardaran qəsəbəsinə tez-tez gəlib-gedib, məscidinə və eyni zamanda Əbülfəzgilin evində xütbələr oxuyub. O, öz dini fikirlərini kənd sakinlərinə çatdırıb ki, onlar haqlarını tələb etsinlər və səslərini dövlətə çatdırsınlar. T. Bağırov kənd sakinlərinə və müxtəlif yerlərdən gələn hərəkat üzvlərinə siyasi çıxışlar edərək bu kimi dini məsələlərə görə tutulmuş məhbuslara azadlıq və məktəblərdə hicablı qız uşaqlarına məktəbə rahat gedib gəlməsinə şərait yaradılmasını tələb etmələrini bildirib. Nardaran sakini, hazırda həbsdə olan şahid Ağasəlim Cəbrayılov məhkəmə prosesində bildirib ki, evindən çıxan silah ona məxsus deyil. A. Cəbrayılov ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərib ki, T. Bağırovun Nardaran qəsəbə sakini Əbülfəz Bünyatovun evində qalıb, orada öz tərəfdarları qarşısında çıxışlar edib, moizələr oxuyub, çıxışlarında dindarları hakimiyyətə qarşı birləşib mübarizə aparmağa və Azərbaycanda dini qanunlarla idarə olunan dövlət qurmağa çağırışlar etdiyini Nardaran qəsəbə sakinlərindən eşidib. 2015-ci ilin noyabr ayının ortalarında, dəqiq xatırlamadığı tarixdə, günorta saatlarında yaşadığı evin yaxınlığında olan zibil qablarının yerləşdiyi yerdə, tünd rəngli sellofan torba bağlamasını aşkar edib, həmin bağlamanı ayağı ilə tərpətdikdə onun ağır olduğunu hiss edib, torba bağlı olduğu üçün onu götürüb yaşadığı evə gətirib, torbanı açıb içərisində doqquz ədəd patron və bir ədəd, içərisinə naməlum kütlə doldurulmuş qapağında fitil olan şəffaf su qabının olduğunu görüb, hərbi xidmətdə olduğu üçün patronların avtomat silaha aid olduğunu, su qabının içərisindəki maddənin isə partlayıcı olduğunu başa düşüb, həmin əşyaları yenidən zibilliyə atmaq istəsə də, onların kimsə tərəfindən götürüb istifadə edə biləcəyini fikirləşib, bu səbəbdən polis idarəsinə təhvil vermək fikrinə gəlib. Lakin yaşadığı Nardaran qəsəbəsində vəziyyət gərgin olduğu üçün qərara gəlib ki, hələlik həmin əşyaları evində gizlətsin, ara sakitləşəndən sonra isə polisə təhvil versin. Bu səbəbdən o, tapdığı patronları və partlayıcı qurğunu evində gizlədib. Nardaran sakini, hazırda həbsdə olan Zahid Zəkiyev də prosesdə şahid qismində ifadə verib. Z. Zəkiyev iş üzrə ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərib ki, 2015-ci ilin noyabr ayının əvvəllərində xatırlamadığı tarixdə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində “İmam Hüseyn” meydanında olduğu zaman “Müsəlman Birliyi Hərəkatı”nın rəhbəri Hacı Taleh Bağırovun və həmkəndlisi Əbülfəz Bünyatovun yanına gələn şəxslərdən olan tanımadığı bir nəfər ona yaxınlaşıb, bir ədəd bir litrlik kapron qabda əldə düzəldilmiş partlayıcı maddəni və Taleh Bağırovun üç ədəd müraciət kitabçasını ona verib bildirib ki, «bunları saxla, kitabçanı oxu və haqqını tələb et». Beləcə, o, tanımadığı şəxsin ona verdiyi müraciət kitabçasını oxuyub və görüb ki, kitabçada Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq dövlət quruluşunu devirmək və Azərbaycanda “İslam” dövlətinin yaradılması təbliğ olunur. Şahid, hazırda həbsdə olan Cavanşir Tağıyev də məhkəmədə ifadə verib. O, ibtidai istintaq zamanı ifadəsində isə göstərib ki, ilk vaxtlar “Müsəlman Birliyi Hərəkatı”nın rəhbəri Taleh Bağırovu ilahiyyatçı bir şəxs kimi tanıyıb. T. Bağırov kənd sakinlərinə və müxtəlif yerlərdən gələn hərəkat üzvlərinə siyasi çıxışlar edərək bildirib ki, dövləti bu formada idarə etmək onları və milləti məhvə aparacaq, bu səbəbdən də dövlətin idarəçilik sistemi dəyişdirilməli, dinə uyğun quruluş əsasında strukturlar yaradılmalı və bu formada idarə olunmalıdır. O və onun kimi şəxslər Taleh Bağırova inanaraq sonuncunu dəstəkləyərək öz qəsəbələrində sığınacaq veriblər. Proses oktyabrın 19-da davam edəcək.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda müsabiqə elan edildi
19.11.2018
Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar
19.11.2018
KİV nümayəndələri “Mazımçay“ gömrük postundakı yeniliklərlə tanış olublar
19.11.2018
Noyabrın 22-i Azərbaycan ədliyyəsinin yaranmasının 100 illiyidir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info