İnsan alverinə qarşı mübarizədə QHT-lərin iştirakı
Tarix: 28.03.2013 | Saat: 18:03:00 | E-mail | Çapa göndər


Bu gün bütün dünya cəmiyyətlərinin əsas sosial bəlalarından birinə çevrilmiş insan alveri problemi Azərbaycan cəmiyyətində də yan keçməyib. Müasir köləlik sayılan insan alveri artıq transmilli mütəşəkkil cinayətkarlığın növlərindən biridir. Mahiyyət etibarı ilə hər bir ölkənin təhlükəsizliyinə ciddi təhdidlər yaradan insan alveri artıq ümumbəşəri problemlərdən olub. Bu yazının yazılmasnda məqsədimiz insan alveri probleminin mahiyyəti, cəmiyyətimizdə onun yaratdığı fəsadlar və bu problemə qarşı dövlətlə bərabər, vətəndaş cəmiyyətinin, eyni zamanda QHT-lərin apardıqları mübarizə haqqında qısa araşdırma aparmaqdır.

İlk öncə aydınlaşdıraq görək, insan alveri dedikdə nələr başa düşülür? Beynəlxalq hüquqa görə, insan alveri insanların istismar məqsədi ilə daşınması, ötürülməsi, gizlədilməsi, zor tətbiqi ilə hədələmə, yaxud zor tətbiq etmək, fırıldaqçılıq, aldatma, hakimiyyətdən və vəziyyətdən sui-istifadə etmək yolu ilə oğurlanmasıdır. “İnsan alveri ilə mübarizə haqqında” Azərbaycan Respublikası Qanununda insanların istismarı məcburi əmək (xidmət), cinsi istismar, köləlik, köləliyə bənzər adətlər və onlardan irəli gələn asılılıq vəziyyəti, insan orqanlarının və toxumalarının qanunsuz çıxarılması, şəxs üzərində qanunsuz biotibbi tədqiqatların aparılması, qadının surroqat ana kimi istifadə edilməsi, qanunsuz, o cümlədən cinayətkar fəaliyyətə cəlb etmə, habelə insanların digər formada istismar edilməsi kimi müəyyən edilib. İnsan alverçiləri öz qurbanlarını cəmiyyətin ən zəif təbəqələrindən seçirlər. Statistikaya görə, dünyada hər il xaricə işləməyə gedən 4 milyon insan cinayətkarların qurbanı olur. Qadınlar bu bəlaya daha çox düçar olanlar sırasındadırlar. Mütəxəssislər qadınları insan alveri ilə məşğul olan cinayətkarların “caynağına” salan başlıca səbəblər kimi yoxsulluq və gender bərabərsizliyini vurğulayırlar. İnsan alverinin ən dəhşətli forması isə insan orqanlarının və toxumalarının transplantasiyasıdır. XXI əsrin əvvəllərində qula çevrilmək təhlükəsi hər birimizi addımbaşı, məsələn, küçə elanlarında, ucuz turizm səfərləri barədə broşürlərdə, nikah agentliklərinin reklamında gözləyir. Transmilli mütəşəkkil cinayətkarlıq haqqında BMT Konvensiyasına görə, insan alveri beynəlxalq mütəşəkkil cinayətkarlığın başlıca istiqamətlərindən biridir. Dünya üzrə bu cinayətdən əldə edilən gəlir milyard dollarlarla hesablanır. Bu isə yalnız silah alveri və narkobiznes ilə müqayisə oluna bilər. Məsələn, bəzi mənbələrə görə, insan alverçiləri yalnız qul satışından ildə 7 milyard dollar gəlir götürürlər.
Azərbaycanda bir sıra beynəlxalq sənədlər və BMT-nin “Transmilli mütəşəkkil cinayətkarlığa qarşı” Konvensiyası əsasında ölkə Prezidentinin 6 may 2004-cü il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı” təsdiq edilib. Bu planın həyata keçirilməsi üzrə məsul şəxs - Milli Əlaqələndirici təyin edilib. Respublika Daxili İşlər Nazirliyində İnsan Alverinə qarşı Mübarizə İdarəsi yaradılıb. Bundan əlavə, Azərbaycan Respublikası bir sıra beynəlxalq sənədlərə imza atıb. Ölkəmiz “Transmilli mütəşəkkil cinayətkarlığa qarşı” Konvensiyaya və onu tamamlayan “İnsan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması haqqında Palermo Protokolu”na qoşulub. 2008-ci ildə Azərbaycan Respublikasının 2009-2013-cü illər üçün İnsan alverinə qarşı mübarizə üzrə yeni Milli Fəaliyyət Planı təsdiqləndi. Yeni layihənin məqsədi insan alverinin bütün formalarının aşkar edilməsi və qarşısının alınması, habelə nəticələrinin aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlərin davam etdirilməsidir. Milli Fəaliyyət Planı insan alverinə qarşı mübarizə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, insan alverinin qarşısının alınması və profilaktikası, cinayət təqibinin təkmilləşdirilməsi, qurbanların və ehtimal olunan qurbanların təhlükəsizliyinin gücləndirilməsi, onların reabilitasiyası, insan alverinə qarşı mübarizədə əməkdaşlıq, əlaqələndirmə və maarifləndirmə üzrə tədbirlər müəyyən edir. Qeyd edək ki, bu faəliyyət planınında da insan alverinə qarşı mübarizədə QHT-lərlə əməkdaşlıq edilməsi xüsusi vurğulanır.
Biz tez-tez gündəlik xəbərlərdə sözügedən idarə tərəfindən insan alveri ilə məşğul olan şəxlərin və cinayətkar dəstələrin ifşa olunaraq həbs olunduğu haqqında müxtəlif informasiyalar oxuyuruq və eşidirik. Bununla belə DİN İnsan Alverinə Qarşı Mübarizəsi müxtəlif QHT-lərlə, həm yerli, həm də beynəlxalq QHT-lərlə adıçəkilən problemə qarşı profilaktik tədbirlər həyata keçirir. Bura həm əhali arasında müxtəlif məlumatlandırma aksiyaları, maarifləndirici bukletlərin, broşurların paylanması və digər tədbirlər daxilidir. Eyni zamanda QHT-lərin də iştirakı ilə insan alveri qurbanlarına sığınacaqların yaradıldığını, onlara birdəfəlik pul müavinətlərinin ayrıldığını qeyd edə bilərik. Qeyd edək ki, Milli Fəaliyyət Planına uyğun olaraq insan alveri cinayətlərinin qarşısının alınması məqsədilə DİN İnsan Alverinə qarşı Mübarizə İdarəsi və Ombudsman aparatı ilə ilə bərabər bu sahə üzrə ixtisaslaşmış fəal QHT-lərdən olan “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin ofisində “qaynar xətt” yaradılıb. Qeyd edək ki, ki, hazırda bu QHT insan alveri qurbanları üçün reabilitasiya və renteqrasiya mərkəzi kimi də fəaliyyət göstərir. Respublikada insan alveri cinayətlərinin baş vermə səbəb və şəraitini araşdırmaq, əhalinin bu sahədə maarifləndirilməsini təşkil etmək, yerli icra nümayəndəlikləri və bələdiyyə işçiləri, ərazi polis orqanlarının əməkdaşları arasında maarifləndirmə işinin həyata keçirilməsi məqsədilə DİN “Təmiz Dünya” QHT-si ilə birlikdə respublikanın əksər şəhər və rayonlarında məşğələlər keçirib. İnsan alverinə qarşı mübarizə sahəsində QHT-lərin, beynəlxalq təşkilatların yardımından və digər resurslardan istifadə olunub.
Qeyd edək ki, sözügedən problemlə bağlı həm də 28 fevral 2009-cu ildə İnsan Alverinə Qarşı QHT Koalisiyası (İAQQK) təsis olunub. Koalisiyanın əsas məqsədi insan alverinə qarşı mübarizə aparmaq, insan alverinə qarşı mübarizə sahəsində fəaliyyət göstərən QHT-lərin fəaliyyətlərini əlaqələndirmək və bu sahədə həyata keçirilən tədbirlərin səmərəliliyini artırmaqdır. Koalisiya üzvü olan təşkilatların insan alveri ilə mübarizə sahəsində maarifçilik, qurbanlara hüquqi, tibbi və psixoloji yardımların göstərilməsi və digər sahələrdə böyük təcrübəsi var. Onu da deyək ki, 2009-cu ildə İnsan Alverinə Qarşı Mübarizə İdarəsi ilə özündə 45 QHT-ni birləşdirən İnsan Alverinə Qarşı QHT Koalisiyası arasında qarşılıqlı əməkdaşlıqla bağlı memorandum imzalanıb və eyni zamanda şəbəkə də mövcuddur.
İnsan alverinə qarşı mübarizə məsələsi eyni zamanda həm beynəlxalq, həm də yerli donorların diqqət mərkəzindədir. Ötən ildə müxtəlif beynəlxalq və yerli donorların maaliyyə dəstəyi ilə milli QHT-lər tərəfindən insan alverinə qarşı mübarizə istiqamətində xeyli layihə icra olunmuş, bəziləri isə hələ icra müddətindədir. Bu layihələrdən bir neçəsi ilə tanış olaq.
Qeyd edək ki, hal-hazırda Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin Demokratiya Komissiyası Kiçik Qrantlar Proqramının maliyyə dəstəyi və yaxın əməkdaşlığı ilə Azərbaycan Uşaqlar Birliyi (AUB) tərəfindən “Eşidilməyən Səslər” Uşaqlara Qarşı Məcburi Əməyə Son” adlı layihə həyata keçirir. Layihənin məqsədi Azərbaycanda insan alverinin qurbanı olmuş və potensial qurbanı olan uşaqlara sosial, hüquqi və mənəvi dəstək olmaqla insan alverinin aradan qaldırılmasına yardım etmək və “İnsan Alverinə qarşı Milli fəaliyyət Planı”nın icrasında dövlət tərəfindən aparılan fəaliyyətlərə dəstəkdir. Eyni zamanda layihə insan alverinə qarşı mübarizə sahəsində fəaliyyət göstərən ictimai qurumların və QHT-lərin “İnsan alverinə qarşı Milli fəaliyyət Planı”nın icrasında dövlət tərəfindən aparılan fəaliyyətlərə cəlb olunması üçün imkanlar yaradır. Ötən ilin iyul ayından icrasına başlanan layihə 11 ay müddətində həyata keçirilməsi nəzərdə tutulub, Bakı şəhərini və onun ətraf ərazilərini, o cümlədən Azərbaycanın Gəncə və Yevlax rayonlarını əhatə edir.
Bu istiqamətdə 2013-cü ilin yanvar ayından başlayarq “Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyi tərəfindən İREX-Azərbaycan təşkilatının maliyyə dəstəyi ilə Zaqatala, Ucar, Şəmkir və Bərdədə həyata keçrilən “Yeni media vasitəsi ilə insan alverinə qarşı mübarizə” mövzusunda olan layihəsi diqqəti cəlb edir. Layihənin icrası zamanı insan alverinin səbəbləri, formaları, insan alverinə cəlbetmə yolları və vasitələri, insan alverindən azadolma yolları, qurbanların ehtiyacları, bu sahədə internet resursları, insan alverinin qarşısının alınmasında yeni medianın rolu istiqamətində maarifləndirmə işləri aparılıb.
Ötən ildə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən dəstəklənən layihələr arasında isə İnsan Alverinə Qarşı Mübarizə Təşkilatının “Zorakılıq və istismara yox deyək! Narkomaniyaya qarşı təbliğat tədbirlərinin reallaşdırılması” adlı layihəni qeyd etmək olar. Layihə regionlarda insan alverinin yaratdığı təhlükələrin qarşısının alınması üçün görülən işlərin nəticələri və bu sahədə qarşıda duran problemləri həll etmək, əhali arasında insan hüquqlarına dair maarifçilik işi aparmaq məqsədi ilə Zərdab, Göyçay və Ağdaş rayonlarında icra olunmuşdur. QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən dəstəklənən daha bir layihə isə Müasir Azərbaycan Qadını İctimai Birliyinin “İnsan Alveri ilə mübarizədə profilaktik və maarifləndirmə tədbirlərinin aparılması” adlı layihəsi olub. Bu layihə də Qəbələ, Quba, Xaçmaz rayonlarında insan alveri ilə mübarizədə ictimaiyyətlə əlaqənin gücləndirilməsi və bu cinayətin qarşısını almaq məqsədi ilə icra olunub.
QHT-lər təklif edirlər ki, qadınlar üçün sosial, psixoloji, hüquqi, reabilitasiya və digər mərkəzlərin sayı artırılmalıdır. Hər bir xidmət pulsuz olmalıdır. Maarifləndirmənin daha təsirli və effektiv olması üçün mütləq qüvvələrin birliyi təmin olunmalıdır.
Transmilli cinayətlər qlobal xarakter daşısa da, hər birimizə aid ola bilər. Bu baxımdan, dövlətin, hökumətin və vətəndaş cəmiyyətinin, eləcə də QHT-lərin Şərq ilə Qərbin qovuşuğunda yerləşən Azərbaycan ərazisinin qlobal cinayətlər və cinayətkarlar üçün əlverişli məkana çevrilməməsi istiqamətində birgə fəaliyyəti vacibdir. İnsan alveri, narkotrafik və s. kimi qlobal cinayətləri dünyanın sürətlə inkişaf edən ölkələrindən birinə çevrilən Azərbaycan ərazisindən uzaqlaşdırmaq üçün səmərəli tədbirlər davam etdirilir.
Elməddin HACILI,
Vətəndaş Cəmiyyəti
Problemlərinin Tədqiqi Mərkəzinin sədri




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info