Sahibkarlar niyə kiçik hotellərə üstünlik vermirlər?
Tarix: 28.03.2013 | Saat: 22:21:00 | E-mail | Çapa göndər


Bahadur Bilalov: “Avropa Olimpiya Oyunlarının ölkəmizdə keçiriləcəyini nəzərə alaraq 2 və 3 ulduzlu otellərin tikintisini stimullaşdırmaq lazımdır”

Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkə başçısının toxunduğu məsələlərdən biri də Avropa Olimpiya Oyunlarına hazırlıqla bağlı idi. Bu ildən ölkəmizdə Avropa Olimpiya Oyunlarına hazırlıq işlərinə də başlandığını deyən ölkə başçısı bildirib ki, keçən ilin sonunda Avropa Olimpiya Komitəsinin Baş Məclisində birinci Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi haqqında qərar qəbul edilib ki, bu, ölkəmiz üçün çox ciddi hadisədir: “Eyni zamanda bu, Azərbaycanda son illər ərzində görülən işlərin təzahürüdür, beynəlxalq imicimizin yüksək səviyyədə olmasının əlamətidir. Azərbaycanın iqtisadi və siyasi cəhətdən sabit ölkə kimi tanınmasının nəticəsidir. Əlbəttə, dövlət qurumları bu işlərdə fəal iştirak etməlidirlər. Buraya həm infrastruktur, nəqliyyat, təhlükəsizlik, turizm - yəni, bütün sahələr cəlb edilməlidir. Bir daha biz dünyaya göstərəcəyik ki, Azərbaycan qonaqları qəbul etmək üçün böyük imkanlara malikdir. Azərbaycan bölgədə qonaqpərvərliyin, demək olar ki, rəmzidir. Bizim bütün imkanlarımız var və biz Azərbaycanı güclü müasir dövlət kimi bir daha dünyaya təqdim edəcəyik”.

Yalnız xarici deyil, daxili turistlər də 2-3
ulduzlu hotellərə üstünlük verirlər

Beləliklə, 2015-ci ildə Azərbaycanda keçiriləcək Avropa Olimpiya Oyunları ilə bağlı görüləcək işlər sırasında ölkə ərazisində, xüsusilə də Bakı şəhərində turizm infrastrukturunun inkişafı və formalaşdırılması ön plandadır. Ümumiyyətlə, ölkəmizdə turizm prioritet sahələrdən biridir. Həmin ərəfədə ölkəmizə gələn qonaqların sayının artacağını nəzərə alsaq, müvafiq tədbirlərin həyata keçirilməsi vacib amillərdəndir. Bu baxımdan önəmli olan istiqamətlərdən biri də paytaxtda 1, 2, 3 ulduzlu hotellərin inşasıdır. Qeyd edək ki, xarici ölkələrdə bir, iki, üç ulduzlu otellərin sayı kifayət qədərdir. Bizdə isə əksinə 4-5 ulduzlu otellər üstünlük təşkil edir. Həmçinin kiçik otellərin olması turistləri maddi baxımdan da daha çox cəlb edir. Onu da xatırladaq ki, aşağı ulduz kateqoriyalı hotel dedikdə, heç də xidmət səviyyəsi və şəraitin aşağı olması nəzərdə tutulmur. Turizmdən böyük gəlir götürən ölkələrdə 1 və 2 ulduzlu hotellər sayına görə heç də 3, 4 və 5 ulduzlulardan geri qalmır. Bu hotelləri tikərkən onun yaxınlığında avtobus marşrutlarının keçməsinə, supermarketlərin, teatr, konsert binalarının, metro stansiyalarının, mağaza, kafe və restoranların olmasına böyük əhəmiyyət verilir. Məsələn, Londonda 34 birulduzlu, 200-dək ikiulduzlu mehmanxana fəaliyyət göstərir. Bu hotellər əsasən şəhərin mərkəzində yerləşir. Hollandiyanın paytaxtı Amsterdamda 1 ulduzlu hotellərin sayı 50-dir. Türkiyədə belə otellərin sayı kifayət qədərdir və qiymətlərlərə gəldikdə isə 30, 50 manata kiçik otellər var.
Xatırladaq ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bir qədər əvvəl məsələ ilə bağlı bildirib ki, Bakıda yüksək ulduz kateqoriyası olan hotellər çoxdur. İndi daha aşağı kateqoriyalı hotellər tikilməlidir. Nazir qeyd etmişdi ki, ölkə başçısının tapşırığına əsasən, 2013-cü ildən Bakıda 3 ulduzlu hotellərin inşasına diqqət artırılacaq. Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Tədqiqat işləri, statistika və lisenziyalaşdırma sektorunun məlumatına görə, hazırda Bakı şəhərində 1 ikiulduzlu, 6 ədəd üçulduzlu, 20 dördulduzlu, 16 beşulduzlu olmaqla ümumilikdə 43 hotel fəaliyyət göstərir. Ölkə ərazisində ulduz kateqoriyası alan hotellərin sayı isə 67-dir. Ümumilikdə Azərbaycanda 263 hotel lisenziya ilə fəaliyyət göstərir ki, bunun da 93-ü Bakının payına düşür. Beləliklə, rəqəmlərdən göründüyü kimi, ölkədə aşağı kateqoriyalı hotellər azdır. Mütəxəssislər də 2 və 3 ulduzlu hotellərin tikilməsinin vacib olduğunu bildirirlər. Respublika Turizm və Ekskursiyalar Şurasının sədr müavini Sabir Rəhimovun sözlərinə görə, bu məsələ birbaşa nazirlikdən və dövlətdən asılı deyil. Gərək sahibkarların bu işə marağı olsun: “Paytaxtımızda böyük və yaraşıqlı hotellərin olması, əlbəttə, yaxşı haldır. Bu həm də şəhərimizə əlavə gözəllik verir. Amma nəzərə almalıyıq ki, ölkəyə gələn turistlərin heç də hamısı zəngin, imkanlı şəxslər deyil. Onların məqsədi gəzmək, görmək və zövq almaqdır. Bu insanlar hoteldəki nəhəng çilçırağa və yaxud otağın divarının yarısını tutan televizora baxmağa gəlmirlər. Normal şəraiti və xidmət imkanları olan, münasib qiymətə təklif olunan hotel nömrələrinə daha çox maraq göstərirlər. Onlar ölkəni gəzmək, adət-ənənələrlə, tarixi-mədəni obyektlərlə tanış olmaq həvəsindədirlər. Odur ki, qalmaq üçün 2, 3 ulduzlu hotellər axtarırlar ki, qiymət də ciblərinə uyğun olsun. Buna isə hələlik sahibkarlar elə də maraq göstərmirlər. Halbuki sadə görünüşlü, qiyməti ucuz hotellər rentabellik baxımdan özünü daha tez doğruldur. Çünki müştəriləri çox olur. Bu müştərilər təkcə xarici ölkələrdən gələn turistlər olmur. Daxili turistlər də belə mehmanxanalara üstünlük verirlər”.

Xaricdə ulduz dərəcəsi olmayan hotel tipli
müəssisələr var ki, qiymətləri turistləri qane edir

Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimovun sözlərinə görə, hətta ulduzsuz hotellər də var: «Hotellərin müxtəlif tipləri olur, məsələn, motellər, kempinqlər və s. Ümumiyyətlə, turizmin inkişaf etdiyi ölkələrdə bütün kateqoriyalı insanların tələbatını ödəyə biləcək hər cür hotel tipləri olmalıdır. İnsanlar müxtəlif səviyyədə yaşadıqlarına və müxtəlif imkanlı olduqlarına görə təbii ki, hotel tipləri də müxtəlif olmalıdır. Xarici ölkələrdə bu təcrübədən geniş yararlanırlar. Hətta elə hotel tipli müəssisələr var ki, heç ulduz dərəcəsi də yoxdur. Amma qiymətləri ucuz olduğuna görə belə yerlərdə qalanlar çoxdur. Belə şərait onları qane edir».
Azərbaycan Turizm İnstitutunun “Turizm biznesinin təşkili və texnologiyası” kafedrasının müdiri Bahadur Bilalov bildirdi ki, ölkə başçısı İlham Əliyev çıxışlarının birində qeyd etmişdi ki, son dövrlərdə Bakı şəhərində brend otellərin açılışı onu göstərir ki, Azərbaycanda elitar turizm inkişaf edir: “Rəsmi statistikaya görə də ölkəyə gələn turistlərin böyük əksəriyyətini biznes məqsədilə gələnlər təşkil edir. Elə bunun nəticəsidir ki, indiyə kimi ölkəmizdə inşa edilən otelləri yalnız 4-5 ulduzlular təşkil edir. Amma turizmin inkişaf etdiyi ölkələrin təcrübəsi göstərir ki, inkişaf üçün kütləvi turist axınına nail olmaq lazımdır. Bu səbəbdən də düşünürəm ki, 2 və 3 ulduzlu otellərin tikintisini stimullaşdırmaq lazımdır. Bunun üçün vergi qoymada da differensasiya edilməlidir. Yəni, 2-3 ulduzlu otellərə vergi güzəştləri tətbiq edilməlidir. Bu halda qiymətlərdə kəskin endirimlər etmək, ölkəmizə gəlməli olan potensial müştərilərin qonşu ölkələrə üz tutmasının qarşısını almaq olar. Xüsusən də Avropa Olimpiya Oyunlarının ölkəmizdə keçiriləcəyini nəzərə alaraq bu məsələ sürətləndirilməlidir. Hesab edirəm ki, turistlərin yerləşdirilməsi ilə əlaqədar mehmanxanalara heç bir qadağa tətbiq edilməməli, əksinə öncədən bronlaşdırma üçün tədbirlər görülməli, reklam kampaniyaları aparılmalıdır”.
Nigar ABDULLAYEVA




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“ADEX-2018” Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir
25.09.2018
Nəsimi rayonunda yeni park istifadəyə verilib
25.09.2018
Yaponiya Zaqatala və Qax rayonlarına təcili tibbi yardım maşınları verib
25.09.2018
“Loqos” psixoloji maarifləndirilmə sahəsində yeni bir fəaliyyətə imza atıb
25.09.2018
Azərbaycana, o cümlədən Naxçıvana gələn turistlərin sayını artırmaq üçün geniş imkanlar var

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info