“Milli şura”nın mövqeyi bizim prioritetlərimizə uyğun gəlmir”
Tarix: 28.03.2013 | Saat: 22:43:00 | E-mail | Çapa göndər


“Müxalifətin digər partiyaları da onlarla bir yerdə deyil”

Ötən sayımızda yazmışdıq ki, Müsavat, AXCP və “El” hərəkatının “milli şura” yaratmaqla bağlı müzakirələri aparılır. Bu müzakirələr isə əslində müxalifətdə yeni bir müxalif formatın ortaya çıxması ilə düşərgədə yeni parçalanma və çatların yaranması deməkdir. Bu isə siyasətçilər, o cümlədən digər müxalifət partiyalarının nümayəndələri tərəfindən mənfi hal kimi qiymətləndirilir. Məsələn, ötən sayımızda Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu qəzetimizə açıqlamasında “milli şura” yaradılması və onun siyahısının ortaya çıxmasını qeyri-ciddi hal və təxribat kimi qiymətləndirmişdi.

Orası başqa məsələdir ki, “milli şura”nı guya təmsil edəcək insanların və qurumların siyahısının müəmmalı bir şəkildə ortaya çıxması orada təmsil olunacaq AXCP, Müsavat və “El” hərəkatı arasındakı ziddiyyətlərdən və tərəflərdən birinin digərinə qarşı təxribatından qaynaqlanır. Qeyd edək ki, bu barədə də ötən saylarımızda kifayət qədər arqumentlər gətirilib. Belə ki, həmin siyahının “ictimai palata”da təmsil olunan Müsavat və AXCP tərəfindən ortaya çıxarıldığı bildirilir. Hər halda, bu “milli şura” məsələsi həm şura yaranarsa, daxilindəki ziddiyyətlərlə, həm də müxalifətdə yeni parçalanmaya səbəb olmaqla yadda qalacaq. Qeyd edək ki, bu “şuranı” təmsil edəcək şəxslərdən biri olan Zəfər Quliyevin açıqlaması da dediyimizdən xəbər verir. Z.Quliyev belə qeyd edib: “Danışıqlar, məsləhətləşmələr davamlı olaraq gedir. Aprelin əvvəlində bu məsələnin geniş müzakirə ediləcəyini gözləyirəm. Təxmini formata gəlincə isə Rüstəm İbrahimbəyov son müsahibəsində də bildirmişdi ki, “milli şura” Müsavat Partiyası, AXCP və EL hərəkatının bazasında yaradılmalıdır”.
Göründüyü kimi, burada müxalifətin bir qismi ilə həmin “şura” məhdudlaşır. Sonradan cəlb ediləcək hər hansı müxalif qurum isə yəqin ki, burada yedək rolunu oynayacaq və subordinasiyaya məruz qalacaq. Bu isə təbii ki, müxalifətin geniş spektrini təmsil edən digər partiya və qüvvələr üçün, təbii ki, qaneedici deyil. Ona görə də həmin partiyalar “milli şura”ya əhəmiyyətsiz və yalnız bir müxalif kəsimin mənafeyinə hesablanmış format kimi yanaşırlar.
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev qəzetimizə bununla bağlı verdiyi açıqlamada bildirdi ki, “milli şura”nın yaradılması ilə bağlı cəhdləri yalnız müxalifətin bir hissəsinin təşkilatlanma cəhdləri kimi qiymətləndirir: “Müxalifətdə bu cür birliklərin yaranmasından qəti narahat deyiləm. Kimin kimlə olması məsələsini hər bir tərəf özü müəyyənləşdirir. Onlar hesab edirlər ki, bu tərkiblə məhdudlaşmalıdırlar. Əslində hələ bu siyahı məsələsi ortaya çıxmamış, mən bu qrupun “milli şura” ilə bağlı müzakirələrinə ehtiyatla yanaşdığımı bildirmişdim. Çünki bizim yanaşmamıza görə, “milli şura” daha çox Rüstəm İbrahimbəyovun ideyasıdır. O isə siyasətçi deyil. Həmçinin onun Rusiyadakı “milyarderlər ittifaqı” ilə əlaqələrini də siyasi baxımdan məqbul hesab etmədiyimi mətbuata bildirmişəm. Ona görə də onun belə bir siyasi layihənin müəllifi kimi çıxış etməsi bir az ehtiyat doğurur. Biz Rüstəm İbrahimbəyovun bütün bu siyasi addımlarına ehtiyatla yanaşırıq. Onun və onun kimi düşünənlərin siyasi mövqeyi bizim partiyanın prioritetlərinə uyğun deyil. Bu baxımdan müxalifətin həmin kəsiminin özü üçün təşkilatlanmasından biz qətiyyən narahat deyilik və onlara qoşulmağı düşünmürük. Əslində bu, tək bizim partiyamızla bağlı olan məsələ deyil. Müxalifətin digər partiyaları da onlarla bir yerdə deyil”.
Əli Əliyev dedi ki, “milli şura” orada təmsil olunmayan bütün müxalifət partiyaları, o cümlədən VİP üçün rəqibdir: “Ona görə də onların fəaliyyətini izləyəcəyik”.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info