“Əllərindəki daş və dəmir parçalarını polislərə tərəf atırdılar”
Tarix: 22.10.2016 | Saat: 00:19:00 | E-mail | Çapa göndər


Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər hadisələr zamanı xəsarət almaları haqqında ekspertiza aparan şəxsdən narazılıq ediblər. Bildiriblər ki, ekspert xəsarətləri qeydə almır. Hakim deyib ki, hələ ekspertiza rəyi məhkəməyə gəlmədiyi üçün nəsə edə bilməzlər.
Daha sonra vəkil Yalçın İmanov vəsatətlə çıxış edib. O bildirib ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə sorğu ilə müraciət edərək Nardaranda keçirilən əməliyyatda neçə nəfərin iştirak etməsi və onlarda hansı silahların olmasını öyrənməyə çalışıb. Lakin buna cavab verilməyib. Vəkil sorğunun məhkəmə adından həmin idarəyə göndərilməsini istəyib. Vəkillər zərərçəkmiş polis əməkdaşı İbrahim Kazımovun növbəti dəfə məhkəməyə çağırılması haqqında da vəsatət veriblər. Prokuror isə vəsatətin təmin edilməməsini istəyib. Bildirib ki, İ. Kazımov iki dəfə məhkəmədə dindirilib. Bu isə təqsirləndirilən şəxslərin narazılığına səbəb olub. Hakim vəsatətə sonra münasibət bildirəcəklərini deyib. Sonra prosesdə şahid qismində Sabunçu rayon Polis İdarəsinin (RPİ) əməkdaşı Nadir Vəliyev ifadə verib. Bildirib ki, ötən il noyabrın 5-də bir qrup şəxs polis idarəsinin qarşısına toplaşıb Elçin Qasımovun azadlığa buraxılmasını istəyib. O, ərazidə daş parçaları görsə də, onu kimin atdığını bilmədiyini deyib. Bildirib ki, hadisə zamanı polis əməkdaşlarının xəsarət almasından xəbəri var.
Sabunçu RPİ-nin PPX-nin tağım komandiri Vəliyev Nadir Hüseyn oğlu ibtidai istintaq zamanı ifadəsində göstərib ki, 5 noyabr 2015-ci il tarixdə saat 22 radələrində təxminən 100-150 nəfər kişi, əsasən Nardaran-Maştağa kənd sakinlərinin Sabunçu RPİ-nin inzibati binasının qarşısına toplaşaraq idarəyə gətirilmiş Elçin Qasımovun buraxılmasını hədə-qorxu və aqressiv şüarlarla tələb etmələrini, polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq inzibati binaya hücum etdiklərini, əllərindəki daş, dəmir parçalarını polis əməkdaşlarına tərəf atdıqlarını, bir neçə polis əməkdaşının xəsarət aldığını, köməyə gəlmiş çevik polis alayının əməkdaşlarının birgə əməliyyat tədbiri ilə iğtişaşın qarşısını aldıqlarını, fəal şəxslərin tutularaq polis idarəsinə təhvil verildiyini göstərib. Sonra Sabunçu Rayon Polis İdarəsinin əməkdaşı Şahbaz Orucov ifadə verib. Ş. Orucov N. Vəliyev ifadə verən zaman yan otaqda onun dediklərini eşitdiyini, onun dedikləri ilə razılaşdığını bildirib. Vəkillər isə buna etiraz ediblər. Hakim digər şahidin ifadəsini eşitdiyinə və bu ifadələri təkrarladığına görə Ş. Orucovun şahidlik statusuna məhkəmə tərəfindən xitam verildiyini elan edib. Ş. Orucov ibtidai istintaq zamanı isə N. Vəliyevlə oxşar ifadə verib. Sonra prosesdə ifadə verən Sabunçu RPİ-nin əməkdaşı Cavid Qafarov deyib ki, həmin vaxt futbolda olub, idarəyə çağırıldığı üçün gəlib və hər hansı qarşıdurmanın şahidi olmayıb. O da ibtidai istintaq zamanı N. Vəliyev və Ş. Orucovla oxşar ifadə verib. Sabunçu rayon RPİ-nin əməkdaşı Eyvaz Hüseynov isə prosesdə ifadə verərək, idarənin qarşısında daş parçaları görsə də, kimin atdığını bilmədiyini deyib.
E. Hüseynov da istintaq zamanı digər polis əməkdaşları ilə oxşar ifadəni verib. Polis əməkdaşı Ruslan Məhərrəmov da həm prosesdə, həm də ibtidai istintaq zamanı da oxşar ifadələr verib. Daha sonra prosesdə ifadə verən Sabunçu RPİ-nin əməkdaşı Ramil İsmayılov bildirib ki, 2015-ci il noyabrın 5-də idarədə xidmətdə olan zaman bir qrup şəxs binaya daxil olaraq Elçin Qasımovun azadlığa buraxılmasını istəyib. Bu zaman o, “Növbətçi hissə”yə məruzə edib. Adamlar getdikcə çoxaldığına görə Çevik Polis Alayanı köməyə çağırıblar. Həmin şəxslər “Elçin Qasımova azadlıq” şüarları qışqırıblar və əmrə tabe olmayıblar. Hadisə zamanı onun əl qandalı və dəyənəyi itib, dəbilqəsinin isə şüşəsi çatlayıb. O, ibtidai istintaqa ifadəsində də göstərib ki, 5 noyabr 2015-ci il tarixdə Sabunçu RPİ-nin qarşısında iğtişaş törədən kütlənin arasında qalan zaman 1 ədəd əl qandalı və 1 ədəd rezin dəyənəyini itirib, onlara atılan daş və dəmir parçalarının dəyməsi nəticəsində 1 ədəd gözlüklü dəbilqə və 1 ədəd qoruyucu qalxanı isə çatlayıb. Daha sonra iclasda şahid qismində Sabunçu RPİ-nin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili Ağaəli Ələkbərli ifadə verib. O bildirib ki, idarənin qarşısına 80-100 nəfər yığışıb Elçin Qasımovun zadlığa buraxılmasını tələb edib. A. Ələkbərli həmin gün idarənin qarşısında təqsirləndirilən şəxslərdən Zakir Mustafayevi gördüyünü deyib. Lakin Z. Mustafayev həmin gün orada olmadığını bildirib. A. Ələkbərli bildirib ki, kiməsə idarədə işgəncə verilməsinin şahidi olmayıb. O, ibtidai istintaq zamanı isə ifadəsində göstərib ki, 5 noyabr 2015-ci il tarixdə idarədə növbətçi olan zaman Elçin Qasımov və Sahib Həbibov adlı şəxslər idarəyə gətirilib, saat 21 radələrində 70-80 nəfərdən ibarət qrup idarənin darvazasının qarşısında yığılaraq onların buraxılması ilə bağlı şüarlar səsləndirməyə başlayıb, əks təqdirdə, zor tətbiq edəcəklərini bildiriblər. Qrupa yaxınlaşaraq gətirilən şəxslərin araşdırma qurtardıqdan sonra buraxılacağını bildirsələr də həmin şəxslər şüarlar səsləndirməkdə, ictimai asayişi pozmaqda davam edib, avtomobil yolunu kəsiblər. Həmin şəxslər Sabunçu RPİ-nin yaxınlığına daş və taxta parçaları yığmağa başladığı üçün onlara müdaxilə edib dağıtmaq istədikdə həmin şəxslər onları taxta və daş parçaları ilə vurmağa başlayıblar. Təxminən 40-50 dəqiqə qarşıdurma olub və həmin şəxslər xuliqanlıq hərəkətləri ilə yanaşı, polis əməkdaşlarına müqavimət göstəriblər. O, xəsarət almasa da, polis əməkdaşlarından bir neçəsi xəsarət alıb, bundan sonra hadisə yerinə ÇPA-nın əməkdaşları gəlib, bu vaxt iğtişaş edənlərin içərisindən daha fəalları saxlanılaraq idarəyə gətirilib, həmin şəxslərin üzərinə baxış keçirilən zaman üzərlərindən beşbarmaq və bıçaqlar çıxıb. Daha sonra iclasda şahid qismində Sabunçu RPİ-nin əməkdaşı İlkin İbrahimov ifadə verib. O, futbol tədbirində olduqları zaman həyəcan siqnalı verildiyi üçün idarəyə gəldiklərini, oraya çatan zaman sakitlik olduğunu gördüyünü deyib. O da ibtidai istintaq zamanı Nadir Vəliyev və digər polis əməkdaşları ilə oxşar ifadəni verib. Sonra iclasda Sabunçu RPİ-nin əməkdaşı Firəddin İsmayılov ifadə verərək bildirib ki, idarənin qarşısına toplaşanları sakitliyə dəvət etsələr də, buna məhəl qoyan olmayıb. Hadisə zamanı heç kimi saxlamayıb və kiməsə xəsarət yetirməyib. O da ibtidai istintaq zamanı digər polis əməkdaşları ilə oxşar ifadəni verib. Təqsirləndirilən Abbas Hüseynov isə iclasda çıxış edərək Milli Məclisdə başqa problemlərin yox, dini azadlığı sıxışdırmaqla bağlı müzakirələrin aparılmasından narahat olduğunu deyib. Hakim isə bildirib ki, onlar Milli Məclisin işinə qarışmırlar. Proses oktyabrın 24-də davam edəcək.




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Paytaxtın bəzi rayonlarının təbii qaz təchizatında məhdudiyyət olacaq
22.01.2019
Gələcəkdə “BakıKart”ların balansının onlayn artırılması mümkün olacaq
22.01.2019
“Bakcell”dən 6 bölgənin sakinlərinə 5 GB PULSUZ İnternet!
22.01.2019
Azərbaycanda tolerantlıq mühitinin qorunub saxlanılması üçün hüquqi baza formalaşdırılıb
22.01.2019
Mübariz Qurbanlı şimal bölgəsindən olan sakinlərin müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info