Attestasiya yeni qaydalar əsasında həyata keçiriləcək
Tarix: 24.10.2016 | Saat: 17:04:00 | E-mail | Çapa göndər


Müasir dünyada müşahidə olunan inkişaf tendensiyaları bir çox sahələrin, o cümlədən təhsilin və onun fəlsəfəsinin dəyişilməsinin zəruriliyi ilə nəticələnib. Artıq “yaddaş məktəbi”ndən “təfəkkür məktəbi”nə keçilib.
Təhsilin məzmununun yeni standartlar əsasında formalaşdırılması məqsədilə 1999-cu ildə “Azərbaycan Respublikasında ümumi orta təhsilin dövlət standartları”, 2006-cı ildə “Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu)” təsdiq edilib. Bu sənədlərə əsasən, 2007-ci ildə ibtidai (I-IV), sonrakı illərdə V-XI siniflər üçün yeni təhsil proqramları (kurikulumlar) işlənib hazırlanıb. Bunun davamı olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 yanvar 2009-cu il tarixli 9 nömrəli qərarı ilə “Azərbaycan Respublikasının ümumi təhsil sistemində qiymətləndirmə konsepsiyası” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 iyun 2010-cu il tarixli 103 nömrəli qərarı ilə “Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları)” təsdiq edilib. Yuxarıda qeyd olunan sənədlərə əsasən, 2008-ci ildən başlayaraq, artıq 9 ildir ki, respublikanın ümumtəhsil müəssisələrində yeni təhsil proqramları (kurikulumlar) tətbiq olunur və yeni məzmun standartlarına uyğun hazırlanmış dərsliklərdən istifadə edilir.
Təbii ki, yeni təhsil proqramlarının tətbiqi ilə təhsil alan şagirdlərin bacarıqlarının ölçülməsi aktual məsələyə çevrildi. Başqa sözlə, respublikada qiymətləndirmə sahəsində yeni yanaşmaya ehtiyac yarandı. Bu ehtiyacın aradan qaldırılması istiqamətində görülən işlərə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Əsasnaməsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2013-cü il tarixli 804 nömrəli Fərmanı güclü təkan verdi. Həmin Fərmanla TQDK-ya yekun qiymətləndirmənin (attestasiyanın) təşkili məqsədilə respublikanın ümumtəhsil müəssisələrinin V-XI sinif şagirdləri arasında monitorinq imtahanlarını keçirmək vəzifəsi həvalə olundu. TQDK bu Fərmandan irəli gələn məsələləri yerinə yetirmək məqsədilə 2013-cü ildən başlayaraq respublikanın ümumtəhsil müəssisələrində (2013-cü ildə V, 2014-cü ildə V və VI, 2015-ci ildə VI və VII, 2016-cı ildə VII və VIII siniflər) monitorinq imtahanları keçirdi. TQDK-da monitorinq imtahanlarının nəticələri üzərində aparılan elmi-tədqiqat işləri əsasında yazı işlərinin, eləcə də esselərin qiymətləndirilməsi prosesini həyata keçirmək üçün yeni qiymətləndirmə mexanizmi işlənib hazırlanıb. Yazı işlərinin bu və buna oxşar üsullarla qiymətləndirilməsinə beynəlxalq təcrübədə də (Böyük Britaniya, ABŞ, Rusiya, Gürcüstan və s.) rast gəlinir. Bu mexanizm respublikamızda qiymətləndirmə sahəsində tətbiq edilən yeni bir metoddur. Monitorinq imtahanlarının yazı işlərinin qiymətləndirilməsində bu metod artıq 4 ildir ki, tətbiq edilir və alınan nəticələr bu metodun yazı işlərinin qiymətləndirilməsi sahəsindəki müxtəlif subyektiv təsirləri (buraya yazı işlərini yoxlayanların öz fərdi yanaşmaları da daxildir) aradan qaldırmasındakı effektivliyini göstərir. Həmçinin bu mexanizm respublikanın ümumtəhsil müəssisələrinin buraxılış imtahanlarında şagirdlərin bacarıq və vərdişlərinin qiymətləndirilməsində yazı işlərindən istifadə edilməsinə imkan verir.
Hazırda 9-cu sinifdə təhsilalanların məzmun standartları üzrə mənimsəmə səviyyələri və bacarıqlarının yoxlanılması yeni qiymətləndirmə vasitələri ilə aparılır. Bunları nəzərə alaraq, 2016/2017-ci tədris ilində ümumi orta təhsil (9 cu sinif) səviyyəsi üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) yeni qaydalar əsasında həyata keçiriləcək.

Buraxılış imtahanında iştirak etməyən şagirdlərə ümumi orta təhsil haqqında sənəd verilməyəcək

Buraxılış imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən mərkəzləşdirilmiş qaydada Azərbaycan bölməsinin şagirdləri üçün – Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün – rus dili və hər iki bölmə üzrə riyaziyyat fənnindən ibarət olmaqla iki mərhələdə keçiriləcək.
Birinci mərhələdə şagirdlərə Azərbaycan dili və rus dili fənlərindən oxuyub anlama və yazı bacarıqlarını yoxlamaq məqsədilə 2 mətn əsasında 10 açıq, 10 qapalı, riyaziyyat fənnindən riyazi bacarıqları yoxlamaq üçün 10 açıq, ümumilikdə, iki fənn üzrə 30 test tapşırığı təqdim ediləcəkdir. İkinci mərhələdə digər məzmun standartları üzrə bilik və bacarıqları yoxlamaq məqsədilə hər bir fənn üzrə 30 qapalı, ümumilikdə 60 test tapşırığı təqdim ediləcəkdir. Bundan əlavə, şagirdlər birinci mərhələdə təqdim edilmiş mövzu üzrə könüllülük prinsipi əsasında inşa (esse) yazacaqlar. Ümumi orta təhsil haqqında fərqlənmə attestatı almaq üçün inşanın (essenin) qiyməti nəzərə alınacaq.
Azərbaycan və rus dilləri istisna olmaqla, tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanını yalnız riyaziyyat fənnindən verəcəklər. Onlara birinci mərhələdə 10 açıq, ikinci mərhələdə 30 qapalı test tapşırığı təqdim ediləcək.
Birinci mərhələnin 2017-ci ilin fevral və mart, ikinci mərhələnin isə iyun ayında keçirilməsi nəzərdə tutulur.
Buraxılış imtahanında iştirak etməyən şagirdlərə ümumi orta təhsil haqqında sənəd verilməyəcək.
Pedaqoji ictimaiyyətin, valideynlərin və şagirdlərin buraxılış imtahanında tətbiq olunacaq bu yeni qaydalarla tanış olması məqsədilə ilk olaraq 22 oktyabr 2016-cı il tarixində Gəncə şəhərində seminar keçirilib. Müəyyən olunmuş qrafik üzrə Naxçıvan, Şəki, Lənkəran, Xaçmaz, Ağcabədi, Göyçay və Şirvanda bölgə seminarları keçiriləcək. Yaxın vaxtlarda “Abituriyent” jurnalının xüsusi buraxılışında ümumi orta təhsil səviyyəsi üzrə yeni təhsil proqramları (kurikulumları) üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) həyata keçirilməsinin qaydaları, Azərbaycan dili, rus dili və riyaziyyat fənlərindən buraxılış imtahanı proqramları, imtahanda V-IX siniflər üzrə yoxlanacaq məzmun standartları, tapşırıq nümunələri və onların qiymətləndirmə meyarları nəşr ediləcək. Həmçinin həmin fənlərdən respublikanın ümumtəhsil müəssisələrində istifadədə olan IX sinif dərslik komplektləri əsasında qiymətləndirmə vəsaitləri çapa hazırlanır.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur
13.11.2018
1100-dək kiçik ailə təsərrüfatı yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10461

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info