Prezident Kitabxanasında özbək alimin kitablarının təqdimatı olub
Tarix: 25.10.2016 | Saat: 19:48:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında özbək tarixçi-publisisti və görkəmli alim Şuxrat Salamovun “Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar: Fərqanədən Qarabağadək” və “Qarabağ: ideyalar müharibəsi” kitablarının təqdimatı olub.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun genişləndirilmiş Elmi Şurasının iclası çərçivəsində keçirilən tədbirdə Prezident Kitabxanasının direktoru Mail Əhmədov özbək alimin müəllifi olduğu kitabların məziyyətlərindən bəhs edib. Bildirilib ki, mühüm elmi və siyasi əhəmiyyət kəsb edən bu kitabların təqdimatının keçirilməsi Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünün ölkəmizdə və xaricdə qeyd olunduğu günlərə təsadüf edir. Məhz müstəqilliyin verdiyi imkanlar sayəsində Azərbaycanın dünya ölkələri, xüsusən də türkdilli dövlətlər ilə əlaqələri genişlənir. M.Əhmədov diqqətə çatdırıb ki, Ş.Salamovun imzası Azərbaycan ictimaiyyətinə yaxşı tanışdır. O, “Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar Fərqanədən Qarabağadək” kitabı üzərində işləyərkən günlərlə Prezident Kitabxanasında çalışıb, lazımi ədəbiyyatla təmin edilib. Prezident Kitabxanasının əməkdaşları tərəfindən yaradılan və uydurma “erməni məsələsi”nin mahiyyətini ortaya qoyan, erməni vandalizminin iç üzünü açan elektron resursların materialları da həmin kitabın ərsəyə gəlməsində müəllifə kömək olub. Özbək alim hazırda Dağlıq Qarabağ münaqişəsinin hüquqi-siyasi aspektlərini əhatə edən yeni kitab üzərində işləyir.
Elmi Şuranın iclasında Azərbaycan və özbək xalqları arasındakı əlaqələrin dərin tarixi köklərə malik olmasından danışan AMEA-nın Tarix İnstitutunun direktoru, akademiyanın müxbir üzvü, Milli Məclisin deputatı Yaqub Mahmudov vurğulayıb ki, təqdim olunan kitabların əsas mövzusu erməni daşnaklarının bütövlükdə türk xalqlarına qarşı yönəlmiş soyqırımlarını aşkara çıxarmaqdır. Azərbaycan xalqına qarşı erməni daşnakları tərəfindən zaman-zaman soyqırımların törədildiyi sənədlər əsasında sübut olunub. Yaqub Mahmudov bildirib ki, “Qarabağ: ideyalar müharibəsi” kitabında erməni daşnaklarının öz havadarlarının köməyi ilə necə ideyalar irəli sürdükləri, insanları ideoloji müharibəyə necə hazırladıqları barədə tarixi faktlar əksini tapıb. Təkzibolunmaz və çoxsaylı arxiv sənədləri sübut edir ki, XX əsrin əvvəllərində böyük dövlətlərin köməyi ilə terrorçu-ekstremist erməni təşkilatlarının Azərbaycan, Şərqi Anadolu və Mərkəzi Asiyanın türk-müsəlman əhalisinə qarşı həyata keçirdiyi soyqırımları dünya tarixinin ən dəhşətli faciələrindəndir.
Sonra Ş.Salamov “Daşnaksütyun Azərbaycanda və Türküstanda soyqırımların təşkilatçısı kimi” mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, erməni millətçiləri Azərbaycan torpaqlarında, Gürcüstanda, Özbəkistanda müxtəlif zamanlarda ağır cinayətlər, qırğınlar, terror aktları törədib, soyqırımları həyata keçiriblər. O deyib: “Bolşevik terroru nəticəsində Türküstanda milyonlarla insan öldürülüb. Bu qırğında erməni daşnaklarının rolu böyükdür. Dinc əhalinin vəhşicəsinə qırılması əsl terror, etnik təmizləmə və soyqırımıdır”. Ş.Salamov qeyd edib ki, “Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar: Fərqanədən Qarabağadək” kitabında Ermənistan-Azərbaycan münaqişəsindən də bəhs olunur, ermənilərin bu ölkəyə qarşı ərazi iddiaları irəli sürməsi tutarlı faktlarla ifşa edilir. Həmçinin tarixi Azərbaycan torpağı olan İrəvan xanlığının ərazisində Ermənistan adlı dövlətin yaradıldığı vurğulanır. Alim əminliklə deyib ki, Azərbaycan Ordusu işğal olunmuş bütün torpaqlarını qısa zamanda azad edə bilər. Amma azərbaycanlılar uşaqları, dinc əhalini öldürməzlər. Çünki multikultural dəyərlərə üstünlük verən Azərbaycan xalqı bütün dünyada sülhsevərliyi ilə tanınır.
Tədbirdə çıxış edən Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov və başqaları bildiriblər ki, kitablarda böyük regional dövlətlərin öz geosiyasi məqsədlərinə çatması üçün erməni amilindən istifadə etməsi, Türküstanda, Cənubi Qafqazda, Kiçik Asiyada türk etnosuna qarşı aparılan soyqırımı siyasəti tarixi faktlarla sübut olunur. Ermənilərin türk xalqlarına qarşı törətdikləri cinayətlərdən və soyqırımı siyasətindən bəhs edən bu qiymətli əsər Orta Asiyada bu mövzuda yazılan ilk tədqiqat işidir.
Sonda Ş.Salamova Tarix İnstitutunun fəxri doktoru adı verilməsi haqqında Elmi Şuranın qərarı səsləndirilib və özbək alimə fəxri doktor diplomu təqdim olunub.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.11.2019
İcma sədri Ankarada xarici ölkələrin səfirlərinə Ermənistanın təcavüzü haqda danışıb
20.11.2019
Almaniya məhkəməsindən azərbaycanlı mühacir alverçiləri barədə şok faktlar
19.11.2019
Sədr dəyişikliyi “milli şura”nın nüfuzunu qaldırmayacaq
19.11.2019
Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri Los Ancelesdə Amerika Yəhudi Komitəsinin rəhbərliyi ilə görüşüb
19.11.2019
Deputatlar bu gün nəyi müzakirə edəcək?

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10948

1 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
2 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
3 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
4 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
5 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info