“Başa düşdüm ki, onların fikri dövlət çevrilişi etməkdir, oradan uzaqlaşdım“
Tarix: 27.10.2016 | Saat: 00:51:00 | E-mail | Çapa göndər


Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Prosesdə şahid qismində Nardaran sakini Valeh Abbasov ifadə verib. O, ibtidai istintaqa verdiyi ifadəni təsdiq etməyib. Bildirib ki, yazıb-oxuya bilmir. Sonra onun ibtidai istintaq zamanı verdiyi ifadə elan edilib.
O, ifadəsində bildirib ki, T. Bağırovun Nardaranda Əbülfəz Bünyatovun evində qonaq olmasını, orada gündə iki dəfə yemək verilməsini eşidib həmin evə gedib. T. Bağırovu ilk dəfə orada görüb. T. Bağırov dini mövzulardan başqa, Azərbaycanda dövlət çevrilişi etmək, silahlanmaq, dini dövlət qurulması haqqında çıxışlar edib: "Mən başa düşdüm ki, onların fikri dövlət çevrilişi etməkdir, oradan uzaqlaşdım". Prosesin gedişində məhkəmə zalında Sabunçu rayon Polis İdarəsi 14-cü Polis Bölməsinin əməkdaşlarının əyləşməsi məlum olub. Təqsirləndirilən şəxslər onlardan zalı tərk etməyi tələb ediblər. Onlar zaldan çıxarılıblar. Sonra iclasda ifadə verən Maştağa sakini Bəxtiyar Aşurov deyib ki, yolda gedəndə polislər onu saxlayıb ifadə almağa aparıblar. Onun da ibtidai istintaqa verdiyi ifadə elan edilib. O, ifadəsində deyib ki, Hacı Baxış məscidində Taleh Bağırovun dövlətə qarşı çıxışlar etməsinin şahidi olub. Prosesdə ifadə verən şahid Samir Babayev isə ötən il noyabrın 5-də Elçin Qasımovun həbsinin səbəbini öyrənmək üçün Sabunçu rayon Polis İdarəsinin qarşısına getdiklərini, orada saxlanılaraq bir gündən sonra sərbəst buraxıldığını, T. Bağırovun dövlət əleyhinə çıxışlarının şahidi olmadığını deyib. Bildirib ki, onu BMCMİ-də İslam Ağabəyov dindirib. Vəkillər isə İ. Ağabəyovun iş üzrə zərərçəkmiş olduğunu deyiblər və bu məsələnin araşdırılması üçün onun yenidən dindirilməsi barədə vəsatət veriblər. Məhkəmə vəsatəti təmin etməyib. Prosesdə fasilə elan edilib. Günün ikinci yarısında davam etdirilən prosesdə şahid qismində İlqar Atakişiyev ifadə verib. O, Fuad Qəhrəmanlını sosial şəbəkədən tanıdığını deyib. Bildirib ki, istintaq zamanı verdiyi ifadələrin çox hissəsini oxumadan imzalayıb. O, F. Qəhrəmanlının yazdığı statuslara rəy yazdığını deyib. Bildirib ki, F. Qəhrəmanlının statuslarını oxuyandan sonra ondan dövlət çevrilişinə cəhd etmək kimi fikirlər yaranmayıb. İ. Atakişiyev ibtidai istintaqa ifadəsində isə bildirib ki, Fuad Qəhrəmanlının “Facebook” sosial şəbəkəsində olan şəxsi səhifəsində sonuncu tərəfindən yazılan çıxışa bəyənmə işarəsi edib. Məqsədi isə Fuad Qəhrəmanlını dəstəkləmək olmayıb. Fuad Qəhrəmanlı ilə həyatda və sosial şəbəkələrdə heç bir şəxsi və uzaq tanışlığının olmadığını qeyd edən İ. Atakişiyev sonuncunu mediada və sosial şəbəkədə şəkillərini və yazılarını görərək tanıdığını bildirib. O, Fuad Qəhrəmanlının siyasi fikirlərini bəyənmədiyini deyib, bunu Fuad Qəhrəmanlının xalqı mitinqlərə, aksiyalara, nizam-intizamsızlığa, iğtişaşlara, hakimiyyəti güc yolu ilə dəyişməyə çağırışları ilə izah edib. İfadəsində onu da bildirib ki, hətta son zamanlar F. Qəhrəmanlının fikirlərinin tam əleyhinə gedərək öz-özlüyündə sonuncunun xalqı çaşdırmağına, gənclərə pis nümunə olaraq onları vətəndaş davasına, dini nifrət və dinlər arasında təfriqə və düşmənçilik yaratmasına etirazını bildirərək bu kimi şəxslərin xalqın və millətin gənclərini, vətəndaşlarını yanlış fikirləri ilə çaşdıraraq uçuruma aparmasını yəqin edib. Proses oktyabrın 28-də davam edəcək.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10127

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info