Ərzurum – qış turizminin ən cəzbedici məkanlarından biri
Tarix: 29.03.2013 | Saat: 18:34:00 | E-mail | Çapa göndər


Bu gün Azərbaycanla Türkiyə arasında bütün sahələrdə olduğu kimi, turizm sahəsində də əməkdaşlıq dərinləşməkdədir. İki ölkə arasında daha çox yay turizmi inkişaf etsə də, turizmin digər və daha maraqlı, alternativ turizm növləri sayılan qış turizmi, ekoturizm, termal turizm (isti sular-müalicəvi sular), tibbi turizm sahəsində əməkdaşlıq istənilən səviyyədə olmadığından, bu sahədə əməkdaşılğın inkişaf etdirilməsi qarşıya hədəf qoyulub. Artıq bu istiqamətdə əməkdaşlıq dərinləşir, xüsusən də qış turizmi inkişaf etdirilir. Belə ki, Türkiyənin qış turizmi və poitensialı, onun infrastrukturları, turizm kompleksləri barəsində Azərbaycan cəmiyyətinin məlumatlandırılması, azərbaycanlı turistləri bu növ turizm komplekslərində istirahət etmək imkanları barədə məlumatlandırma işi aparılmaqdadır.
Belə layihələr çərçivəsində bir qrup azərbaycanlı jurnalist Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və turizm müşavırliyinin təşkilatçılığı və Azərbaycan Qadın Jurnalistləri Assosasiyasının informasiya dəstəyi ilə bu ölkənin qış turizminin imkanları barədə məlumat əldə etmək məqsədi ilə Ərzurum şəhərində olub.

Ərzurumun qış turizmi

Türkiyənin qış turizminin ən inkişaf etdiyi və əlverişli ərazisi Ərzurum bölgəsidir. Bu məqsədlə ilin demək olar ki, altı ayı soyuq və qar olan Palandökən dağında və Ərzurum şəhərində qış istirahət və idman oyunları üçün bütün şərait, müasir tələblərə cavab verən infrastrukturlar yaradılıb. Palandökən Qış Turizm Kompleksində gündə üç min turisti qəbul edəcək beş otel fəaliyyət göstərməkdədir. Bunlardan da üçü beş, ikisi isə dörd ulduzlu otellərdir ki, orada istirahət edən hər bir turist gündə üç dəfə türk və dünya mətbəxinin ləzzətli yeməklərini dadmaq, gün ərzində sauna və üzgüçülük hovuzunda üzmək, müxtəlif növ əyləncələrdə, şou və diskotekalarda istirahət şansını qazanır. Bütün bunlar turpaketə daxil olan xidmətlərdir.

Qış turizm mövsümündə isə bu turizm kompleksi otuz mindən çox turisti qəbul etmək imkanındadır.
Palandökən Qış Turizm Kompleksini dünyanın digər qış turizm mərkəzlərindən fərqləndirən müsbət cəhəti bu kompleksin hava limanına və şəhərə yaxın olmasıdır. Eyni zamanda, burada xizək sürmək və digər idman oyunları ilə məşğul olmaq üçün geniş imkanlar var.
Burada dağ zirvələri dəniz səviyyəsindən 2500-dən 3200 metr hündürlükdədir. Bu zirvələrə qalxmaq üçünsə kanat yollar və qandolalar fəaliyyət göstərir. İnsanlar təkcə bu zirvələrə qalxıb xizək sürmür, eyni zamanda yüngülvari qəhvəaltı edə-edə təbiətin gözəlliyni seyr etmək və istirahətin kefini çıxarmaq şansı qazanır.
Turizm kompleksinin hava limanı ilə 16 km, şəhərləsə 5 km. məsafə ayırdığından şəhərdəki qış idman əyləncə mərkəzlərində körlinq, hokkey oynayıb, konki sürmək həvəsində olanlar üçün buz meydançaları mövcuddur. Turistlər üçün ən gözəl yerlərdən biri də şəhərin mərkəzindəki xizək qülləsidir (tramplin). Bu tramplinə qalxıb oradan şəhəri yuxarıdan seyr etməyin də bir ayrı ləzzəti var.
Məsafənin yaxın olmasının ən üstün cəhətlərindən biri də bura uzaq yoldan gələn turistlərin çox vaxt itirmədən istirahət mərkəzində yerləşib qışın ləzzətini çıxarmaq imkanının olmasıdır. Bu yüksəkliklərdən təkcə təbiəti deyil, həmçinin Ərzurumun panoramını uca dağ zirvələrindən seyr etmək imkanı əldə etmiş olursan.
Palandökən qış turizm kompleksi haqqında danışmaqla və ya yazmaqla kifayətlənmək mümkün deyil. Necə deyərlər, yüz eşitməkdənsə, bir görmək yaxşıdır.
Bölgənin digər turizm mərkəzləri isə Qarsda Sarıqamışda yerləşir ki, buranı da yazmaqla mükəmməl tərif etmək mümkün deyil.
Ərzurum valisi Səlahəddin Öztürk bizimlə görüş zamanı bildirdi ki, qış turizm mövsümündə Palandökən qış Turizm Kompleksi otuz mindən artıq turisti qəbul etmək imkanındadır: “Amma yaxın beş il ərzində bu sayın iki yüz minə çatdırılması və bu sayda turisti qəbul edə biləcək, onlara xidmət göstərəcək müasir standartlara cavab verən infrastrukturun yaradılmasını qarşımıza məqsəd qoymuşuq.
Biz bu gün əsasən yaxın qonşu Azərbaycandan, Gürcüstandan, İrandan, Rusiyadan, Ukraynadan turistlərin cəlb edilməsi istiqamətində işlər aparırıq. Bu ölkələrlə yanaşı, Avropa və dünyanın digər ölkələrindən turistlərin cəlb olunmasına çalışırıq”.
Valinin sözlərinə görə, 2012- 2013-cü ildə bu turizm mərkəzinə ən çox turist Polşadan gəlib. Sonrakı yerləri Rusiya, Ukrayna, Almaniya və digər ölkələr tutur: “Təəssüflər olsun ki, azərbaycanlı turistlərə daha yaxın, əlverişli və dil baxımından da heç bir problemi olmayan bu turizm istirahət məkanında az rast gəlmək olur. Biz yaxın gələcəkdə onların sayını artacağına ümid edirik və növbəti illərdə burada daha çox azərbaycanlı qardaşlarımız olan turistləri qarşılamqda şərəf duyacağıq. Bu məkana azərbaycanlı turistlər hava yolu ilə İstanbul-Ərzurum reysi ilə, bir də daha qısa və az vaxt aparan yolla Bakıdan Naxçıvana uçmaq, oradan isə cəmi bir neçə saata gələ bilərlər”.

Ərzurumun tarixi abidələri...

Şərqlə Avropanı birləşdirən, İpək Yolu üzərində yerləşən beş min ilədək tarixi olan və bizanslar dönəmində Filodesiya adını daşıyan indiki Ərzurum 12-ci əsrdə Səlcuqlar dövründə bölgədə ən önəmli şəhərlərdən biri olmaqla regionda böyük rol oynayıb. Qədim olmasına baxmayaraq, bu şəhərdə daha çox 12-ci əsrdə Səlcuqlar dövrünə aid tarixi-memarlıq abidələri tariximizin bu gününədək yaşamaqdadır. İnanıram ki, bu türk tarixi-memarlıq abidələri bundan sonra da hələ uzun müddət gələcək tarixə şahidlik edəcək və tarixin çətin günlərinə sinə gərəcək.
Şəhərin qədim yaşayış yerlərinin hər addımında rastlaşdığın bu tarixi abidələr səni uzaq tarixə apararaq, dərin düşüncələrə, təəccübləndirməyə vadar edir.
Səhəri gəzdikcə istər 12-ci əsr Səlcuqlar dövrünə aid qoşa minarəli mədrəsəni, Ulu Camini, Yakutiyyə mədrəsəsini, hamamı, “Taşhan” karvansarayını, Ərzurum qalasını görmək olar. Bu tarixi məkanlar bir türk qonaqpərvərliyi nümayiş etdirərək qapıları hər zaman açıqdır. Özünəməxsusluğunu qoruyub saxlayan (Bu gün muzey kimi qorunan-müəllif) qədim Ərzurum evlərində mütəkkələr üzərində əyləşib türk şirniyyatları ilə bir fincan qəhvənin, çayın, südlü səhləbin, Ərzurumun ən məhşur və özəl yeməkləri olan Cağ kababın və yaxud Kadayıf dolması kimi şirniyyatın dadına baxa bilərsən. Bax bu da sənin gün ərzində yorğunluğunu yadından çıxaran ləzzət olacaq. Bu gün muzey kimi qorunan qədim Ərzurum evləri keçmişimizi bu günə daşıyan məişət, geyim, rəndə təsərrüfatı, ov, xizəklər və sair əşyalarla bəzədilib. Bu evlər buranı ziyarət edən hər bir insanda xoş nostalji hissi oyadan ən gözəl məkanlardandır.
Şəhərdə döyüşlərə sinə gərən Ərzurum qalası ilə yanaşı, digər hərb-müdafiə xarakteri daşıyan tarixi abidələrə də rast gəlmək olar. Burada 1870-72-ci illlərdə rus-osmanlı döyüşünün izləri bu gün də qalmaqdadır. Şəhərin müdafiəsi üçün tikilən müdafiə istehkamları, cəbbəxanalar, hərbi kazarmaları bu gün də qorunur. 20-dək belə hərbi təyinatlı müdafiə istehkamı mövcuddur.
Qış və tarixi turizmlə yanaşı, burada tibbi, dağ turizmi, ekoturizm üçün də şərait yaradılıb. Bundan əlavə olaraq, termal sularda da müalicə olunmaq mümkündür. Bunun üçün Ərzurum bölgəsində 150-dək 50-60 dərəcə istilikdə olan belə termal bulaq, sanatoriya və hotellər var.





 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb
14.11.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10472

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info