“Ənənəvi müxalifətin “milli şura”sı məhvə məhkumdur”
Tarix: 30.03.2013 | Saat: 01:03:00 | E-mail | Çapa göndər


“Bu qurumun axırı puç olacaq”
Müxalifətin bir qismini təşkil edən AXCP, Müsavat və “El hərəkatı”nın “milli şura” yaratması ilə bağlı deyilənlər bu gün müxalifət düşərgəsində birmənalı qarşılanmır. Bu qurumun da digər müxalif qurumlar kimi perspektivsiz olacağı, yeni düşərgədaxili parçalanmalara yol açacağı və artıq açmaqda olduğu bildirilir.
Belə ki, bu şura hələ yaranmamış, onun yaradılması ilə bağlı müzakirə aparan tərəflər artıq müxalifətin digər partiyaları tərəfindən parçalanmaya yol verməkdə ittiham olunurlar. Bundan başqa isə həmin qurumun ehtiva etdiyi bir qrup müxalifətçi və partiyanın adı olan siyahının ortaya çıxması da düşərgədə əlavə təfriqələrə yol açıb. Bundan başqa, “milli şura”nı bir araya gətirəcək qüvvələrin özləri bir-birilərilə ziddiyyət təşkil edirlər və seçkidə də onların bir-birilərinə namizədlik məsələsində güzəşt edəcəkləri inandırıcı görünmür. Bu baxımdan AXCP-Müsavat ziddiyyətlərini və eləcə də bu iki partiyanın təmsil olunduğu “ictimai palata”-“El hərəkatı” ziddiyyətlərini ortaya qoymaq olar. Belə ki, AXCP sədri Əli Kərimli ilə Müsavat başqanı İsa Qəmbər hazırda namizədlik məsələsində çəkişirlər və bu iki tərəfin indiyə qədər prezident seçkiləri ilə bağlı hər hansı konsensusa nail olmaları baş verməyib və bundan sonra da baş verməyəcəyi ilə bağlı ekspertlər, eləcə də düşərgə mənsubları bildirirlər. Bundan başqa “ictimai palata”dakılar özlərini qərbmeyilli, “El hərəkatı” isə rusiyameyilli kimi təqdim edir və yaxud onlar arenada bu cür tanınırlar. Belə olduğu təqdirdə, bu tərəflərin ziddiyyətli qütblərin təmsilçiləri olduqları və yaxud İsa Qəmbərin təbirincə desək, birinin Rusiyaya, digərinin isə Qərbə “işlədiyi” müxalif rəydə qəbul edilir. Bu isə o deməkdir ki, “milli şura” yaratmaq iddiasını ortaya qoyan tərəflər seçkidə real olaraq heç məqamda vahid mövqedən çıxış edə bilməzlər. Belə olanda da “milli şura” ilə müxalifətin hər hansı seçki nailiyyətindən söhbət gedə bilməz...
O da bəllidir ki, “milli şura” ideyası siyasətçi olmayan, kinodramaturq Rüstəm İbrahimbəyov tərəfindən irəli sürülüb və əslində ideya baxımından da yeni deyil. Yəni indiyə qədər müxalifətin bu və ya digər adlar altında dəfələrlə müxtəlif formatlarla çıxış etməsi və uğursuzluğa düçar olması müşahidə edilib. Bu yaradılacağı bildirilən qurum da həmin formatlardan biri kimi qəbul edilməlidir. R.İbrahimbəyovun özü isə hazırda Azərbaycanda yoxdur və ölkədən çıxıb gedəndə də “bir müddət burda olmayacağı” ilə bağlı mesaj verib. “Milli şura” ilə bağlı isə düşərgənin xaotik vəziyyəti bir az da mürəkkəbləşib və düşərgədəki ziddiyyətlər bir az da kəskinləşib. Bununla bərabər, R.İbrahimbəyova elə gəlir ki, o, “bütün proseslərə nəzarət edir”. “Milli şura” ilə bağlı siyahı ortaya çıxandan sonra bu, İbrahimbəyov, E.Namazov və digərləri tərəfindən təkzib edildi. Ardınca isə İbrahimbəyov iddia edir ki, o, “yeni siyahını rəsmi şəkildə elan edəcək”. Sanki düşərgədə, eləcə də “milli şura”nın müzakirəsində iştirak edən və bir-birilərilə həmişə kəllə-kəlləyə vəziyyətdə olan partiya və şəxslər İbrahimbəyovun bir sözü ilə razılaşıb sakitləşəcəklər və onun zühur edəcək “yeni siyahısı” “hər şeyi həll edəcək”. O, siyasətin içində olmadığı və son dövrlərdəki biznes uğursuzluqlarının acığından siyasətə baş qoşmaq istədiyi üçün hər şeyi asan bilir. Halbuki reallıqda İbrahimbəyovun düşərgədəki proseslərə hər hansı bir təsir imkanları yoxdur. Heç düşərgədə də onu siyasətçi kimi tanımırlar və bu barədə müxaliflər yeri düşdükcə ironiya ilə bildirirlər. Buna baxmayaraq, o, artıq özünü “çox şeyə nail olmuş siyasətçi” kimi təsəvvür edir. Burada Ziqmund Freydin bir müddəası yada düşür. Təxminən belədir ki, bir məsələdə uzun müddət uğursuzluğa düçar olmuş, bütün cəhdlərinə baxmayaraq, heç nəyə nail ola bilməmiş adamda nevrotiklik yaranır və ona elə gəlir ki, artıq həmin məsələdə məqsədinə nail olub. Buna görə də o cür adamlar nevrotikcəsinə qeyri-real açıqlamalar verirlər və uğursuzluqların gətirdiyi psixoloji travmadan özlərini “uğurlu” saymağa başlayırlar...
Siyasi arena mənsublarından rəyini soruşduğumuz hər bir siyasətçi və ya siyasi ekspert də “milli şura”nın perspektivsiz olacağı və düşərgə üçün heç bir uğur gətirməyəcəyi qənaətindədir. Bu barədə qəzetimizə fikirlərini bildirən siyasi ekspert Zərdüşt Əlizadə dedi ki, “milli şura”dakı qeyri-rəsmi siyahıda adının olduğunu eşitsə də, bu məsələ onun ürəyincə deyil: “Mən siyasətlə məşğul olmuram, özümü onlarla birgə siyasətdə görmürəm, ona görə də mənim adımın bu cür siyahılarda olması ilə razı deyiləm”.
Z.Əlizadə ənənəvi müxalifətin bu siyahıda çoxluqda olması ilə bağlı belə dedi: “Bu “milli şura”da ənənəvi müxalifət iştirak edir. Onun yaradılmasında əsas baza ənənəvi müxalifətdirsə, bu qurumun axırı puç olacaq. Çünki ənənəvi müxalifətin “nəyə qadir olduğu” bəllidir. Müxalifətin zəkavi və intellektual potensialı yoxdur, ona görə də onların yaratdığı bu “milli şura” da məhvə məhkumdur”.
Politoloq qeyd etdi ki, həmin müxalifətin “milli şura” yaradılmasında iştirakına görə, kimsə bu qurumdan yaxşı nəticə gözləməməlidir.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Müdafiə naziri yüksək dağ zirvələrində yerləşən bölmələrin döyüşə hazırlığını yoxlayıb
18.09.2018
Paşinyanın oğlunun hərbi xidmət piarından yararlanmaq cəhdi nə vəd edir...
18.09.2018
Çində Azərbaycan haqqında daha çox informasiya veriləcək
17.09.2018
Azərbaycanlılar Avropada yeni media orqanı təsis ediblər
17.09.2018
“Türkmənistan TANAP-a iqtisadi böhrandan çıxmaq üçün yeganə çıxış yolu kimi baxır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info