“Qubada ermənilər tərəfindən törədilmiş vəhşiliyin qalıqları insanın qanını dondurur”
Tarix: 30.03.2013 | Saat: 01:24:00 | E-mail | Çapa göndər


1918-ci ildə ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımı ilə bağlı Türkiyə mətbuatında da yazılar nəşr edilir. Bununla bağlı “Cihan Haber Ajansı”nın yazısını təqdim edirik:
“Ermənilərin Azərbaycanın Quba şəhərində törətdiyi qətliamın izlərini daşıyan kütləvi məzarlıq yaşanan zülmü açıq-aşkar şəkildə gözlər önünə sərir. Azərbaycanın şimal-şərqində yerləşən Quba şəhərində 2007-ci ildə stadion inşaatı zamanı aşkar edilən kütləvi məzarlıqda 1918-ci ildə erməni əsgərləri tərəfindən işgəncə ilə qətlə yetirilən azərbaycanlı, hamçinin ləzgi, tat, avar, yəhudi və digər etnik qruplara aid insanların cəsədləri tapılıb. Törədilmiş soyqırımın ən açıq dəlili olan bu kütləvi məzarlıqdakı üst-üstə və açıq şəkildə olan insan sümükləri ziyarətçilərin qanını dondurur.
Hal-hazırda Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən araşdırmaların davam etdirildiyi kütləvi məzarlıqla bağlı tarixçi Elxan Məmmədov, “Cihan Haber Ajansı” (“Cihan”) müxbirinə açıqlama verib. Məmmədov məzarlıqda özlərinə “cəza dəstəsi” adını vermiş və başlarında Hamazaps adlı bir erməninin olduğu 2 min nəfərlik silahlı qrupun Qubadakı silahsız əhaliyə qarşı törətdikləri qətliam nəticəsində ölən insanların sadəcə bir qisminin olduğunu söylədi. “Quba və ətrafındakı kəndlərdə törədilmiş qətliam nəticəsində 16 mindən çox insan öldürülərkən sadəcə şəhər mərkəzində 3 min insan qətlə yetirildi”-deyə Məmmədov əlavə etdi. Kütləvi məzarlıqda tapılan cəsədlərin bəhs edilən tarixdə qətliama məruz qalmış insanların sadəcə bir qisminə aid olduğunu ifadə edən Məmmədov iki quyu və bir su kanalından ibarət olan bu məzarlığın 2007-ci ilin aprel ayında təsadüfən tapıldığını bildirdi.

İnsanların başlarına
mismar çaxıblar

Məmmədov kütləvi məzarlıqda aparılan araşdırmalarda tapılan bir kəllə sümüyündəki mismarı göstərərək qətliam zamanı insanların başlarına mismar çaxmaq daxil olmaqla ən ağır işgəncələr verilməklə öldürüldüklərini qeyd etdi. Məmmədov qətliamda həyatını itirmiş insanların bir qisminin olduğu bu məzarlıqda 400-dən çox insan skeletinin olduğunu söylədi. Kütləvi məzarlıqda hələ açılmamış bir quyunun da olduğunu bildirən azərbaycanlı tarixçi bəhs edilən quyunun beynəlxalq mütəxəssislərin iştirakı ilə açılacağını ifadə etdi.

Qətliamın acıları hələ də
təzədir

Qubada ermənilərin törətdiyi qətliamla bağlı atasının danışdıqlarını bizə çatdıran 85 yaşlı Sabir Nehmanov adlı Azərbaycan vətəndaşı isə danışarkən duyğulu anlar yaşadı. Nehmanov hadisələrin baş verdiyi tarixdə atasının 16 yaşında olduğunu söylədi. Nehmanov erməni əsgərlərinin Bakıdan qatarla yaxınlıqdakı Xaçmaz stansiyasına gəldiklərini və Xaçmazdan Qubaya qədər bütün kəndləri yandırıb, darmadağın etdiklərini bildirdi. O, ermənilərin Qubada sakinlərini evlərinə girərək qadın, qoca, uşaq demədən hər kəsi öldürdüklərini söylədi. Qubanın Osmanlının göndərdiyi Qafqaz İslam Ordusu tərəfindən qurtuluşundan bəhs edərkən gözləri dolan Nehmanov daha sonra əlavə etdi: “Atamın dediyinə görə, ermənilər qovulduqdan sonra bir fayton gəlib. Önündə və arxasında iki atlı varmış. Faytonun önündəki əsgər “Yaşasın Şükrü paşa!” deyə səslənirmiş. Xalq o anda köməyə gələnin Osmanlı paşası olduğunu anlayıb”. Nehmanov Şükrü paşanın Bakıya Qubanın düşmən işğalından qurtarıldığını xəbər verməsini danışarkən göz yaşlarına hakim ola bilmədi.

Yəhudilər də öldürüldü
Dağ yəhudilərinin yaşadığı Qubanın Qırmızı qəsəbəsində məktəb direktoru kimi fəaliyyət göstərən Yavuşva Simanduyev isə “Cihan” müxbirinə verdiyi açıqlamada qətliam zamanı azərbaycanlılarla birlikdə yəhudilərin də qətl edildiyini söylədi. Simanduyev yüz illərdir bu torpaqlarda ərazidə yaşayan bütün etnik qruplarla qardaş kimi yaşadıqlarını ifadə etdi. Simanduyev Ermənilərin “Böyük Ermənistan” xəyallarından ötrü bölgədə qətliamlar törətdiklərini bildirdi: “Bu torpaqlarda yaşadığımız dövrdə, xüsusilə 1918-ci il hadisələrində ermənilər azərbaycanlılar ilə birlikdə yəhudiləri, ləzgiləri və digər etnik qruplardan olan insanları fərq qoymadan qətl etdilər”. XX əsrin başlanğıcında Azərbaycanın Bakı, Şamaxı və Quba şəhəri başda olmaqla bir çox bölgəsində ermənilər tərəfindən qətliamlar həyata keçirilib. Bu qətliamlarda minlərlə günahsız əhali işgəncələrlə öldürülüb. Qətliamlar 18 oktyabr 1918-ci ildə Nuri paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun Bakını xilas etməsi ilə başa çatdı.
1918-ci ildə öldürülənlərin xatirəsinə mərhum prezident Heydər Əliyev 26 mart 1998-ci il tarixində imzaladığı qərarla 31 mart tarixini Azərbaycanlıların soyqırımı günü elan etdi. Həmin tarixdə hər il ölkənin bütün bölgələrində anım mərasimləri təşkil olunur”.
GÜNAY




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info