“Yarmarkaya çıxardığım 700 kilo balın 550 kilosunu satmışam”
Tarix: 07.11.2016 | Saat: 16:46:00 | E-mail | Çapa göndər


Xanağa Hüseynov: “Öz işini düzgün qurub arıçılığı ilbəil inkişaf etdirə bilsən, bal bol olar”

Oktyabrın 15-dən başlayan və Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Bakı şəhəri, Nobel prospekti 23 ünvanı, “Amay” ticarət mərkəzində keçirilən arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası davam edir.Yarmarkada olub, arıçılarla söhbət etdik.
Arıçılar bu il təşkil olunan yarmarkada şəffaflığın təmin olunması məqsədilə görülən işlər, həm alıcılar, həm də satıcılar üçün yaradılan münbit şəraitdən razı qaldıqlarını dedilər. Müşahidələrimiz zamanı o da bəlli oldu ki, yarmarkada Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ciddi nəzarət tədbirləri həyata keçirilir. Bunu arıçılar da təsdiq etdilər. Onların sözlərinə görə, gətirdikləri yüksəkkeyfiyyətli arıçılıq məhsulları ilkin olaraq regional baytarlıq laboratoriyalarında, sonra isə Respublika Baytarlıq Laboratoriyasında tam yoxlanılıb.
Yarmarkanda satıcıların hamısı satdığı balın keyfiyyətli olduğunu sübut etməyə çalışırdı. Piştaxtalara baxdıqda isə hər növ arıçılıq məhsullarının satıldığının şahidi olursan. Onu da öyrəndik ki, nisbətən az satılan və kilosu 20 manat olan arı mumunu daha çox kosmetoloqlar alırlar. Min bir dərdin dərmanı sayılan arı südünün 1 qramı isə 5-6 manat arasında dəyişir.
Astaranın Miki kəndindən olan arıçı Hüseynov Xanağa gətirdiyi arıçılıq məhsullarının tam yoxlanıldığını, hətta paytaxtda yaşayan dost və qohumlarına da xeyli satdığını söylədi: “Yarmarka onlar üçün bir fürsət idi ki, gəlib bazarlıqlarını etdilər. Onlar bizim məhsulları hər il alırlar və keyfiyyətindən də razıdırlar. Bundan başqa, bura gələn xeyli sayda müştəri də yarmarkadan əliboş dönmür. Bəyəndikləri, seçdikləri arıçılıq məhsullarını alıb gedirlər və bizə də üstünlük verənlər az olmur. Hər bir işdə halallıq əsas şərtdir. Arıçı da gərək öz arı ailələrinə yaxşı qulluq edə ki, sonradan bunun acısını çəkməyə”. Əsasən, gətirdiyi arıçılıq məhsulları arasında balın daha çox satıldığını deyən arıçı propolisə (arı yapışqanı) də son illərdə marağın artdığını bildirdi: “Bu arı yapışqanı mədə-bağırsaq, bronxit, ağciyər soyuqlamasına çox xeyirdir. Arı südü isə zəif adamlar üçün əsas dərman sayılır. Ümumiyyətlə, nəinki zəifləmiş, əksər xəstəliklərdən əziyyət çəkən hər bir şəxs öz dərdinə davanı arı südündə tapa bilər. Gördüyünüz kimi, əvvəlki illərdən fərqli olaraq bu il arı məhsullarından hazırlanmış kremlər daha çox satışa çıxarılıb. Mən özüm uzun illərdir ki, bu işlə məşğulam. Astarada bir çox arıçı kimi məni də yaxşı tanıyırlar. Ümumiyyətlə, bizim zonada arı məhsulları daha çox keyfiyyəti ilə seçilir. Miki balı isə ad çıxarıb. Görünür, bu səbəbdəndir ki, yarmarkaya bizim zonadan olan tanıdığım bütün arıçılar buraxıldılar. Onların məhsullarında heç bir nöqsan aşkarlanmadı. Özünüz də görürsünüz ki, artıq neçə gündür yarmarkada müəyyən edilmiş keyfiyyət standartlarına cavab verən təbii bal və digər arıçılıq məhsulları satılır. Ümumiyyətlə, nəzarət də çox güclüdür və ötən illərlə müqayisədə daha ciddi şərtlər altında bal yarmarkaya buraxıldı. Keyfiyyət göstəricilərini təsdiq edən müvafiq sənədi olmayan, həm də gətirdiyi məhsulları saxta olan arıçıların sərgi-satış yarmarkasında ballarının nümayişinə və satışına yol verildi. Belələri yaxşı arıçıların da işinə kölgə salır. Şükür Allaha ki, hələlik işimizdən, məhsulumuzdan heç kim narazılıq etməyib. 700 kilo bal gətirmişdim, 500-550 kilo satmışam. On yaşımdan atamın yanında arıçılığın sirlərini öyrəndim. Atam rəhmətə gedəndən sonra onun arı ailələrini çoxaltmışam. Biz ailəvi olaraq bu sənətin sahibiyik, övladlarım da hazırda bu işi davam etdirirlər. Hətta uşaq evindən bir nəfəri də övladlığa götürüb əlini çörəyə çatdırmışam. Doğma övladlarımdan onu ayırmıram və ona da, övladlarıma olduğu kimi, nəsihət edirəm ki, işində daim halal ol. Ümumiyyətlə, saxta bal satanları heç cürə anlaya bilmirəm. İnsan gərək hər işini halallıqla görə, öz vicdanının səsini dinləyə. Satdığımız baldan özümüz də istifadə edirik. Elə siz də mənim piştaxtama yaxınlaşanda dediniz ki, öz satdığınız balınızla çay içirsiniz, deməli, balınız təmizdir, məsləhətlidir. Ümumiyyətlə, inanmıram yarmarkada keyfiyyətsiz bal ola. Gördüyünüz hamısı yoxlamalardan keçmiş ballardır, yarmarka başlamamışdan bir neçə gün əvvəl bunları müvafiq yoxlamalara təqdim etmişdik. Çox təəssüf ki, bu cür sərgi-satış işləri ildə bir dəfə keçirilir. Əslində, bunu başa düşmək də olar, çünki insanlar daha çox təzə bal almaq istəyirlər ki, hər gələn də may balı istəyir. May balını da, təbii ki, yığılan kimi satmırıq. Yay bitəndən sonra bu balı yarmarkada sata bilirik. Amma hazırda avqust balı da satılır”.
Arıçı deyir ki, baldan anlayışı olmayan müştəriləri də maarifləndirirlər: “Məsələn, dünən bir müştəri xarlanmış bala baxıb “pəsox balı”dır dedi. Əlbəttə, bu gülünc doğurur. Avropada kristallaşmayan bala yaxın durmurlar, “saxta bal kristallaşmaz, donmaz” deyirlər. Burada həqiqət var. Amma bizdə, burada kristallaşan balı alıcılar yanlış anlayırlar. Ümumilikdə, şükür ki, yarmarkada alıcılıq qabiliyyəti normaldır”.
Onu da qeyd edək ki, ilin əvvəlindən-yazdan arıçılar bu il balın az olacağı ilə bağlı fikirlər səsləndirirdilər. Bunun müqabilində yarmarkaya xeyli balın çıxarılması maraq doğurmaya bilməzdi. Xanağa Hüseynov deyir ki, əslində, yağıntılar onların işinə bir qədər mane oldu: “Yaz başlayanda arıların artımı-balalama prosesi gedir. Yağıntı olanda onların inkişafı dayanır. Ona görə bir az problemlərlə üzləşdik. Əvvəlki illərə nisbətən bu il məhsul bir qədər zəif oldu. Amma yarmarkaya bu qədər balın haradan gəlməsi sualına gələndə, Azərbaycanda kifayət qədər arıçı var ki, onlar öz işlərinin bilicisidirlər və arı ailələrini də ilbəil artırırlar. Bizim coğrafi mövqeyimiz elədir ki, dağlıq ərazilər, meşələr bizdə çoxdur. Axı biz Ərəbistanda yaşamırıq ki, duraq sual verək, dağ yox, meşə yox, bu qədər bal haradandır? Demək ki, şərait varsa, öz işini düzgün qurub arıçılığı ilbəil inkişaf etdirə bilsən, nəticədə də bal bol olar. Yarmarkaya kifayət qədər saxta bal da gətirmək istəyirdilər, onları satış-sərgidən kənarlaşdırdılar. Saxta ilə əsl balı onsuz da daim bal alan adam rahat müəyyən edə bilir. Əsl balı yodla, isti su ilə, adi salfetlə, hətta qoxusundan belə müəyyən etmək mümkündür. Saxta balı gətirmək istəyənlər, sadəcə, alverçilər idilər, başqa ölkələrdən saxta ballar gətirmişdilər. Amma burada qalan satıcıların doxsan faizi arıçılardır. Onlar ilboyu hazırladıqları məhsulları bazara çıxarırlar. Miki balının əsas xüsusiyyəti isə odur ki, keyfiyyəti daim yüksək olur. Çünki bizim zonada təbiət özü deyir ki, sən, sadəcə, arı ailəsi saxla, mən səni çiçəklə təmin edəcəm. Çoxlu bal verən çiçəklərimiz var. Həm meşədə, həm də çəmənliklərimizdə olan ot növləri çiçək açır və bu, arılar üçün çox əlverişlidir. Meşələrimizdə isə vəhşi gilas, alça, ağcaqayın, vəhşi xurma, qaragilə hamısı bol çiçək açan ağaclardır”.
Qeyd edək ki, yarmarkanın keçirildiyi müddətdə şəffaflığın və təhlükəsizliyin təmin olunması məqsədi ilə arıçılıq məhsullarının müvəqqəti saxlanma anbarında və satış pavilyonlarında müşahidə kameraları da quraşdırılıb ki, bu yolla da satışa ciddi nəzarət həyata keçirilir. Onu da öyrəndik ki, yarmarkada yerlərin bölüşdürülməsi arıçıların iştirakı ilə püşkatma qaydasında müəyyən edilib. Xatırladaq ki, yarmarka noyabrın 15-dək davam edəcək.
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info