«Azərbaycan 2020-ci ildə İKT sektorundan 8 milyard dollar gəlir götürəcək»
Tarix: 30.03.2013 | Saat: 01:39:00 | E-mail | Çapa göndər


Alena Salaeva: «İnternet istifadəçilərinin sayına görə 2017-ci ildə Azərbaycan inkişaf etmiş dövlətlərin sırasına daxil olacaq»
«Azərbaycan hökumətinin həyata keçirdiyi ardıcıl siyasət nəticəsində telekommunikasiya, teleradio yayımı, internet-infrastrukturu və informasiya-kommunikasiya texnologiyaları sferasında bir çox uğurlar əldə edilib».
Bu fikirləri rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov «Rossiyskaya qazeta»ya verdiyi müsahibədə səsləndirib. Nazir bildirib ki, qeyd edilən sahələr üzrə Azərbaycan uzun müddətdir ki, postsovet məkanında liderlik edir: «Hələ 2008-ci ildə biz MDB-də birinci olaraq ölkə ərazisindəki bütün yaşayış məntəqələrini telefonlaşdırdıq. Üç il sonra isə ölkədəki bütün ATS-lərin rəqəmsal texnologiyaya keçidini təmin etdik. Eyni zamanda 7 rəqəmli nömrə ilə vahid yığılmanı tətbiq etdik. Azərbaycan 4G texnologiyasını tətbiq edən dövlətlər arasında Avropada 9-cu, dünyada 37-cidir. Elektroəlaqə üzrə Beynəlxalq Təşkilatın araşdırmasına əsasən, Azərbaycan İKT indeksi üzrə vəziyyətini 5 bənd yaxşılaşdıraraq 155 dövlət arasında 68-ci olub. Təşkilatın hesabatında Azərbaycan son 5-7 ildə bu sahədə dinamik inkişaf edən 10 dövlət sırasına daxil edilib». Nazir müsahibəsində ölkədə bu il həyata keçiriləcək «Hər evə optika» layihəsi haqqında məlumat verərək bildirib ki, layihənin dəyəri 500 miylon dollardır və Dövlət Neft Fondu bu il üçün artıq 132 miylon dollar ayırıb: «Üçillik layihə yüksəkrentabellidir. Belə ki, ikinci ildən başlayaraq maliyyələşmənin 30-35 faizi reinvestisiya vasitəsilə həyata keçiriləcək». Nazir bildirib ki, layihənin əsas məqsədi ucqar kənd yaşayış məntəqələri daxil olmaqla bütün ölkə ərazisini 10-100 Mbit/saniyə sürətində yüksəksürətli internetlə təmin etmək və genişzolaqlı internet istifadəçilərinin sayını 85%-ə çatdırmaqdır ki, bu da Azərbaycanın 2017-ci ilə dünyanın inkişaf etmiş ölkələr sırasına daxil olmasına imkan verəcək. Əli Abbasov yaxın perspektivdə Azərbaycanın himayəçiliyi ilə həyata keçiriləcək TASİM layihəsi haqqında da məlumat verib. Nazir layihənin icrası ilə bağlı Azərbaycan, Rusiya, Türkiyə, Qazaxıstan və Çinin nəhəng telekommunikasiya şirkətlərinin hazırlıq işi həyata keçirdiyini qeyd edib: «Layihənin həyata keçirilməsindən sonra Azərbaycan Xəzər regionunda həlledici informasiya mərkəzi olacaq». Nazir müsahibəsində «elektron hökumət», «ASAN xidmət» haqqında danışaraq 2020-ci ilə qədər elektron xidmətlərin bütün dövlət orqanlarını əhatə edəcəyini, bunun isə hökumətin fəaliyyətində tam şəffaflığın təmin edilməsində vacib rol oynayacağını bildirib. Ə.Abbasov həmçinin əlavə edib ki, bu yaxınlarda təsdiq olunan «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasının əsas məqsədi yaxın 8-10 ildə ölkənin ümumi daxili məhsul həcminin ikiqat artırılmasıdır: «Buna qeyri-neft sektorunun, o cümlədən İKT sahəsinin inkişaf etdirilməsi sayəsində nail olmaq nəzərdə tutulur. Lakin bu məqsədə çatmaq tələb olunan müddətdə İKT bazarının həcminin 4-4,5 dəfə artırılmasını nəzərdə tutur. Müqayisə üçün qeyd edək ki, 2011-ci ildə İKT sektorunda gəlir 1,7 mlrd. dollar təşkil edirdisə, 2020-ci ilə bu göstərici 8 mlrd. dollara çatmalıdır. Bu məqsədlər üçün təkcə dövlət xətti ilə 3,6 mlrd. dollar məbləğində investisiyaların yatırılması planlaşdırılır, eyni həcmli qoyuluşları beynəlxalq investorlar daxil olmaqla özəl sektor təmin etməlidir. Beynəlxalq təşkilatlar ölkəmizdə İKT sahəsinin inkişaf perspektivlərinə çox nikbin yanaşırlar. Onların proqnozlarına əsasən, sahə islahatlarının davam etdirilməsi və xüsusilə potensial investorlar üçün imtiyazlı şəraitin yaradılması 2025-ci ilə İKT sahəsinin gəlirlər səviyyəsini ölkə ÜDM-nin 10%-inədək çatdırmağa imkan verəcək. Bu isə dünyanın inkişaf etmiş ölkələrində sahə üzrə nəzərdə tutulan gəlir səviyyəsi ilə uyğun gəlir».
Anar MIRIYEV




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Mərkəzi Klinikanın həkimləri vətəndaşları ödənişsiz müayinə edəcəklər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq
24.09.2018
Səyyar ASAN xidmət davam edir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info