Xaricilər havayı pul paylamırlar
Tarix: 30.03.2013 | Saat: 22:35:00 | E-mail | Çapa göndər


Azər Həsrət: “İstənilən halda burada şübhəyə yer var”

Azərbaycanda fəaliyyət göstərən ABŞ-ın Milli Demokratiya İnstitutunun (MDİ) öz fəaliyyətində qanunvericiliyin tələblərini pozması, qeyri-şəffaflığa yol verməsi və bir qrup gənci siyasi baxımdan radikallaşdıraraq ictimai asayişi pozmağa hesablanmış aksiyalara təhriki ilə bağlı mətbuatda gedən informasiyalar böyük rezonans doğurdu. Çünki birincisi, bu qurumun fəaliyyətindəki nöqsanlar və qaranlıq məqamlarla bağlı fikirlər əsassız deyildi və çoxlu arqumentlərə söykənirdi. İkincisi isə özünü “demokratiya mələyi” kimi qələmə verən xarici qurumlardan olan MDİ-nin əslində nə ilə məşğul olduğu ilə bağlı məqamların üzə çıxması ictimaiyyəti sanki ayıltmış oldu.
Əslində xarici qurumların müxtəlif ölkələrdə sırf öz siyasi, geopolitik maraqlarını reallaşdırmaq üçün fəaliyyət göstərdiyi və bunun üçün bütün vasitələri məqbul bildiyi ilə bağlı faktlar yeni deyil. Bununla belə, MDİ-nin son dövrlərdə aşırı şəkildə bu cür destruktiv fəaliyyətə üstünlük verməsi, təbii ki, Azərbaycan cəmiyyətinin, dövlətinin və hüquq-mühafizə orqanlarının gözündən yayına bilməzdi. Ona görə də Azərbaycanın Baş Prokurorluğu bu məsələ ilə bağlı araşdırmalara başlayıb. Araşdırmalar nəticəsində MDİ-nin «Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında», «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» və «Qrant haqqında» qanunların, Nazirlər Kabinetinin 25.12.2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş «Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesablarının forması, məzmunu və təqdim edilməsi Qayda»sının tələbləri pozulmaqla, 23.07.2012-ci il tarixə kimi Bakı, Gəncə, Tovuz, Şirvan, Yevlax, Şəki, Xaçmaz və Cəlilabad şəhərlərində ofis və regional məlumat mərkəzlərinin müvafiq qaydada qeydiyyata alınmadan və akkreditə olunmadan fəaliyyət göstərərək qrantlar payladığı, hesabat dövrü başa çatdıqdan sonra illik maliyyə hesabatlarının müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsi kimi qanunsuzluq hallarına yol verilıb. Göründüyü kimi, bu halların aşkarlanması ilə bağlı konkret faktlara istinad edilir. Ötən saylarımızda yazmışdıq ki, MDİ-nin ölkəmizdəki nümayəndəliyinin başçısı Aleksey Qriqoryevs bankdan bir milyondan çox pul çıxararaq bu pulun hansı təyinat üzrə, hara xərcləndiyi ilə bağlı heç bir hesabat verməyib. Bu puldan isə bir neçə gənci “Facebook”da Azərbaycan cəmiyyəti və dövlətçiliyi əleyhinə aktivləşdirmək üçün istifadə edildiyi barədə də media kifayət qədər bildirib. Baş Prokurorluq da bildirib ki, Qriqoryevs Beynəlxalq Bankda açılmış hesabından 02.03.2010-cu il tarixdən 13.12.2012-ci il tarixə kimi olan dövr ərzində 1.007.990.44 ABŞ dolları məbləğində pul vəsaitini istifadə olunma təyinatı barədə məlumatlar vermədən çıxarıb. Aşkara çıxıb ki, Milli Demokratiya İnstitutu pulları nağd şəkildə paylayıb. Beləliklə, hər şey ortadadır...

MDİ kimi qurumların xüsusi gizli təyinatı var

Bu məqamlar bir daha MDİ kimi qurumların ölkələrdə öz destruktiv bazasını formalaşdırmaq və ictimai-siyasi proseslərə öz maraqları prizmasından təsir etmək, cəmiyyətdə iğtişaşlar törətməyə çalışdığını ortaya qoyur. Bir daha bəlli olur ki, bu cür qurumlar “demokratiya”, “söz azadlığı” kimi gəlişigözəl şüarlar adı altında pərdələnərək müstəqil inkişaf yolu tutmuş, demokratiya, söz azadlığı, insan haqları sarıdan heç bir problemi olmayan ölkələrə təsir göstərmək üçün səy göstərirlər. Həmin qurumlar ölkələrin müstəqil inkişafına müdaxilələr etmək və onları təsir altına almaq üçün xüsusi missiya yerinə yetirirlər. Bu məqsədlə məlumatsız, hələ dünyagörüşü formalaşmamış, təhsili tamamlanmamış yeniyetmə və gəncləri şirnikləndirib öz oyunlarına qurban edirlər. Elə MDİ kimi qurumların təxribatçı fəaliyyətindən törənmiş “NİDA” təşkilatının saxlanılan üzvlərinin evindən “Molotov kokteyli”, külli miqdarda pul və narkotik çıxmasından, onların MDİ tərəfindən radikallaşdırıldıqları barədə etiraflarından da çox şey məlum idi. Bu da göstərir ki, MDİ kimi qurumlar agent və cəmiyyətin asayişinə təhlükəli insanlar formalaşdırmaqda xüsusilə maraqlıdırlar. Bu isə milli təhlükəsizlik və dövlətçilik üçün böyük təhdiddir. Bu cür xarici qurumlar guya özlərini cəmiyyət problemlərinin həllinə yardımçı kimi göstərməyə çalışırlar. Elə isə nəyə görə onlar diqqəti sosial məsələlərə ayırmırlar? Nəyə görə Azərbaycanın ən vacib milli problemi olan Qarabağ problemi nəticəsində kütləvi sayda qaçqın və məcburi köçkünlərin problemlərini həll etmək istəmirlər, onların güzəranı ilə maraqlanmırlar? Bu cür qurumlar deyirlər ki, insan inkişafına, ölkələrdə milli inkişafa dəstək veririk. Nəyə görə, Azərbaycanın ən ümdə milli məsələsi olan qaçqın və məcburi köçkün problemini həll etmirlər, işğal olunmuş torpaqlarımızın həllinə yönəlmiş layihələri maliyyələşdirmirlər? Axı məhz bu yollarla Azərbaycanda insan inkişafına, milli inkişafa töhfə vermək olar! Halbuki MDİ kimi qurumlar həmişə bu əsl sosial, milli məsələlərdən yayınıblar. Onlar “təhsil”, “sosial məsələlər” deyimlərindən öz ritorikalarında istifadə etsələr də, reallıqda əsas diqqəti sırf öz siyasi məqsədlərini reallaşdırmağa yönəldiblər. Çünki bu cür qurumların təyinatı belə verilib. Əgər belə olmasaydı, onlar da xoşməramlı bir xarici qurum olduqlarını sübut edərdilər. Məsələn, Yaponiyanın Azərbaycandakı səfirliyi neçə illərdir Azərbaycanda insan inkişafına prinsipial olaraq töhfə verməkdədir. Bu qurum bircə dəfə də olsun, hər hansı siyasiyönümlü qrantlar paylamayıb. Yaponiya səfirliyi indiyə qədər sırf təhsil, sosial sahələrin inkişafı ilə bağlı ölkəmizə külli miqdarda qrant ayırıb. Bu isə gündoğar ölkəni təmsil edən qurumun ölkəmizə qarşı səmimi, əsl dost münasibətindən irəli gəlir. Ona görədir ki, Yaponiya səfirliyinin bu cür xeyriyyəçi fəaliyyəti Azərbaycanda həmişə bütün dairələrdə olduqca rəğbətlə qarşılanıb. Cəmiyyətin gözü tərəzidir. Azərbaycan cəmiyyəti, mediası nəyin yaxşı, nəyin pis olduğunu çox yaxşı şəkildə ayırd edə bilir. Ona görə də MDİ kimi qurumların fəaliyyəti ifşa olunur və pislənilir, Yaponiya səfirliyinin nümunəsində olan qurumlar isə təqdir edilir...

“Baş Prokurorluğun
müraciəti yetərincə
əsaslıdır”

Bu məsələ ilə bağlı qəzetimizə açıqlama verən Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət belə deyir: “Düşünürəm ki, Baş Prokurorluğun bu müraciəti yetərincə əsaslıdır. Çünki özümün də işinə sayğıyla yanaşdığım ABŞ Milli Demokratiya İnstitutunun buradakı təmsilçisinin maliyyə məsələləri ilə bağlı xəbərlər yayılanda şəxsən məndə də bir sual yaranırdı ki, bu qədər böyük məbləğ nəyə xərclənib, görəsən? Azərbaycan hüquqi dövlətdir, burada hər şeyin hesabatı verilməlidir. Bunu biz ediriksə, bizə demokratiya öyrətmək istəyənlər belə məsələlərdə daha həssas olmalıdır. Mümkün deyil ki, bir şəxs bir milyon dollardan çox pulu göstərilən qısa müddət ərzində şəxsi ehtiyacları üçün xərcləsin. İstənilən halda burada şübhəyə yer var.
Burada bir məsələyə də diqqət çəkmək istərdim ki, əslində, prokurorluq səfirliyə müraciət etmədən də hüquqi işləmlərə başlaya bilərdi. Ancaq anlaşılan odur ki, Azərbaycan dövləti ABŞ-la strateji tərəfdaşlığına sadiq olduğundan məsələyə bu yolla aydınlıq gətirməyə üstünlük verir. Mən şəxsən belə gedişi alqışlayıram. Və istərdim ki, ABŞ səfirliyi də məsələyə bu cür soyuqqanlı yanaşaraq bizim kimi vətəndaş cəmiyyəti fəallarını qane edəcək açıqlama versin. Əks təqdirdə bizim ABŞ demokratiyasına olan ümidlərimizə ciddi zərbə dəyə bilər”.
Ötən saylarımızda qeyd edildiyi kimi, Rusiya Federasiyası öz ərazisində fəaliyyət göstərən bu cür xarici qurumların və xaricdən maliyyələşən təşkilatlarla bağlı yoxlamalara başlayıb və bu sahədə qanunvericiliyə dəyişikliklər edib. Bu isə Rusiyanın milli təhlükəsizlik və dövlətçilik mənafelərindən çıxış etdiyini göstərir. Bu baxımdan Rusiya dövlətinin xarici QHT-lərlə bağlı tədbirləri başadüşüləndir və məqbul sayılmalıdır. Bu məsələyə də münasibətini bildirən A.Həsrət belə qeyd etdi: “İstənilən halda xaricdən maliyyələşən QHT-lər və ya xaricdən gələn maliyyənin nəzarətdən kənar olması yolverilməzdir. Bu baxımdan hesab edirəm ki, hər bir özünə hörmət edən dövlət belə maliyyə axınlarını qanunlar çərçivəsində nəzarətə almalıdır”.
A.Həsrət qeyd etdi ki, bu cür maliyyədən istifadə edən şəxslər və QHT-lər də işlərində şübhəli məqamların olmadığını sübut etmək üçün bu cür nəzarətdən rahatsız olmamalıdır.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info