Ruhumun sevgi dolu titrəyişi - Naxçıvan!
Tarix: 10.11.2016 | Saat: 21:07:00 | E-mail | Çapa göndər


Naxçıvanım – şanım mənim!
Qəlbimin şah damarında
Axan təmiz qanım mənim!
İftixarım, şərafətim,
Basılmaz ad-sanım mənim!
Sən ecazkar tariximin
Möhtəşəm bir səhifəsi,
Azadlığın bayraqdarı,
İnqilablar müjdəsisən.
(Xanəli Kərimli)

Tarixin yaşıdı, insan əcdadının beşiyi, qütblərin və qitələrin qovuşduğu müqəddəs məkan, Böyük İpək Yolunun yolçusu Naxçıvan! Ecazkar gözəlliyə, füsunkar təbiətə və min bir təbii sərvətə malik qədim diyar! Hər daşında tarixdən bir iz yaşadan, Gəmiqaya daş kitabəli, Nuh peyğəmbərin həyat rişəsi tapdığı bu ulu yurd nə tufanlara sinə gərmədi ki? Bu əzəli və əbədi Azərbaycan torpağı milli müstəqillik tarixinə təbəddülatlar, keşməkeşlərlə dolu şəraitdə qədəm qoydu. Ötən əsrin 80-ci illərinin sonu – 90-cı illərinin əvvəllərində əsrlərin Araz səddini, aşılmazlığını yarmaqla milli həmrəylik tarixi yazıldı, azğın düşməndən candan sipər çəkib müdafiə olunmaqla Sədərək adlı Qeyrət Qalası ucaldıldı, müasir milli özünüdərk tarixinin bünövrəsi məhz burada qoyuldu. Bu illərdə Vətəndən təcrid olunan Naxçıvan sosial-iqtisadi tənəzzül, xaos, ictimai-siyasi anarxiya, işğal təhlükəsi altında inləyirdi ... 1990-cı ilin 22 iyulunda izdihamla, böyük sevgi və coşqu ilə qarşılanan Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Naxçıvana gəlişi ilə fəlakətlər girdabında boğulan qədim yurdun ümid dolu sabahı, ağ günləri başladı. İlk dəfə Naxçıvan səmasında yenidən ənginliklərə yüksələn üçrəngli bayrağımız altında bütövlükdə Azərbaycan xalqının gələcək müqəddaratını, müstəqillik taleyini həll edəcək mühüm tarixi qərarlar qəbul edildi. Azərbaycanın müstəqillik nicatı 1990-cı ildə Naxçıvan MSSR Ali Sovetinin SSRİ-nin tərkibindən çıxmaq barədə qərarı ilə, 1991-ci ildə Sovet İttifaqının saxlanması üçün keçirilən qanunsuz referenduma “Yox!” deməklə məhz Naxçıvandan başladı.
Üzdəniraq ölkə rəhbərliyinin “Naxçıvanı kor bağırsaq kimi kəsib atmaq lazımdır!” deyərək biganəlik, ögeylik göstərib bu diyarı sanki bilərəkdən pusquda iştahla diş qıcayan işğalçı Ermənistanın qanlı ağuşuna, məhvə sürüklədiyi bir vaxtda naxçıvanlılar öz müdrik xilaskarı ətrafında mütəşəkkil şəkildə birləşərək tarixin ağır sınağından şərəflə, üzüağ çıxdı. Dahi öndərin Naxçıvandakı siyasi fəaliyyəti ərazinin erməni işğalından müdafiəsi, milli azadlıq hərakatının, milli şüurun dirçəlişi, milli dövlət strukturlarının formalaşması kimi mühüm tarixi nailiyyətlər əldə olunması ilə nəticələndi. Ulu öndər 1992-ci ildə tarixi Moskva və Qars müqavilələrini gündəmə gətirməklə Ermənistanın təcavüzkar siyasətini, Naxçıvanın muxtariyyət statusunu, əzəli Azərbaycan torpağı kimi toxunulmazlığını beynəlmiləl səviyyədə bir daha təsdiqlətdi. Bu böyük tarixi şəxsiyyət, siyasi xadim Naxçıvanı qoruduğu kimi, Naxçıvan da öz dahi oğlunu qədirbilənliklə qoruyub tarixin ən sərt sınağında Nicat Günəşi kimi yenidən Azərbaycana bəxş etdi, Azərbaycanın köksündə Qurtuluşdan tərəqqiyə doğru möhtəşəm bir tarix yazmış oldu. Ümummilli liderin Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışı digər regionlar kimi, Naxçıvanın da yeni inkişaf, tərəqqi mərhələsinin təməlini qoydu. 1995-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilən Vasif Talıbov qısa zaman kəsyində regionda dinamik inkişafa nail oldu. O, görkəmli dövlət xadimi Heydər Əliyevin dövlətçilik proqramını Naxçıvanda dönmədən həyata keçirdiyini öz əməli işi ilə dəfələrlə təsdiqlədi. Ümummilli liderin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qətiyyət və uğurla davam etdirilən milli dövlətçilik siyasətinin işığında Naxçıvan da öz inkişaf və intibah dövrünü yaşamağa başladı. Sosial-iqtisadi və mədəni tərəqqi, ordu qurucluğu, elm, təhsil, səhiyyə və idmanın inkşafı, müasir informasiya texnologiyalarının tətbiqi, işsizliyin aradan qaldırılması istiqamətində görülən işlər, yerli əhalinin sosial rifah halının yaxşılaşması insanlarda qeyri-adi ruh yüksəkliyi yaratdı. Ali Məclisin Sədrinə məxsus yüksək tələbkarlıq, prinsipiallıq, əzmkarlıq, əqidə bütövlüyü, siyasi mövqedə qətiyyətlilik, ən başlıcası isə vətənpərvərlik kimi ali iradi keyfiyyətlər nəticəsində son iyirmi bir ildə muxtar respublikada bütün sahələr üzrə misligörünməmiş uğurlar əldə edildi.
Faktlara nəzər salaq: 1995-2015-ci illər ərzində ümumi daxili məhsul (ÜDM) 56,4 dəfə, sənaye məhsulunun həcmi 100,4 dəfə, kənd təsərrüfatının ümumi məhsulu 10,4 dəfə artıb. Xarici ticarət dövriyyəsi 2015-ci ildə 512,4 milyon ABŞ dolları həcmində olub. 1996-cı ildən 1 yanvar 2016-cı il tarixədək muxtar respublikada iqtisadi və sosial sahələrə 6 milyard 696 milyon 470 min manat həcmində investisiya yönəldilib. 1996-cı ildən 2016-cı ilədək 536 inzibati bina, 356 elm və təhsil, 421 mədəniyyət, 253 səhiyyə müəssisəsi, 44 idman obyekti və digər obyektlər tikilib və ya yenidən qurulub. Ümumilikdə muxtar respublikada ötən 20 il ərzində 385 müəssisə fəaliyyətə başlayıb. Sosial təminat məsələsinə gəldikdə, 86 minə yaxın yeni iş yeri açılıb, orta aylıq əməkhaqqı 400 manata çatıb. Muxtar respublika büdcəsinin gəlir və xərcləri 2017-ci il üçün bərabər olaraq 359.6 milyon manat proqnozlaşdırılır ki, bu da 2016-cı illə müqayisədə 8.1 milyon manat və 2.3 faiz çoxdur. Xərclərin 19.3 faizi və ya 69.5 milyon manatı Naxçıvan Muxtar Respublikasının öz gəlirləri, 80.8 faizi və ya 290 milyon manatı dövlət büdcəsindən ayrılan dotasiya hesabına formalaşdırılıb. Əvvəlki illə müqayisədə Naxçıvan Muxtar Respublikasına dövlət büdcəsindən ayrılan dotasiyanın məbləği 7.6 milyon manat və 2.7 faiz artıb. İlk baxışda adi görünən bu statistik rəqəmlərin arxasında uzaq gələcəyə hədəflənmiş məqsədyönlü siyasət, yurduna, xalqına, dövlətçiliyə bağlılıq dayanır.
Bu dinamika qeyri-istehsal sahələrinin inkişafında da özünü qabarıq şəkildə göstərir. Müstəqillik illərində Naxçıvan Muxtar Respublikasının hərbi potensialı möhkəmləndirilmiş, mütəşəkkil və güclü ordu formalaşmışdır. Silahlı Qüvvələrin hissə və bölmələrinin döyüş qabiliyyətinin artırılması, mərkəzləşmiş idarəetmənin təkmilləşdirilməsi məqsədilə 5-ci Ordu Korpusunun bazasında Əlahiddə Ümumqoşun Ordusunun yaradılmasını strateji əhəmiyyətə malik, blokadada olan bir regionun müdafiəsinin təşkili baxımından zəruri amil kimi qeyd etmək yerinə düşər.
Ümummilli liderin təşəbbüsü ilə 2002-ci ildə AMEA-nın Naxçıvan Bölməsinin fəaliyyətə başlaması qədim tarixə və zəngin mədəniyyətə malik olan Naxçıvanın həm də mühüm elmi-tədqiqat mərkəzinə çevrilməsinə təkan verdi. Cənab Sədrin şəxsi səy və təşəbbüsü ilə 1996-cı ildən etibarən Azərbaycanşünaslığın tərkib hissəsi olan Naxçıvanşünaslıq elmi istiqamətinin təməli qoyuldu, doğma diyarın tarixi, arxeologiya və etnoqrafiyası, mədəniyyəti, ədəbiyyatı, coğrafiyası, təbii sərvətləri vahid elmi konsepsiya şəklində öyrənilməyə başlandı. Yarım əsrlik bir tarixə malik, bu gün dünyanın qabaqcıl universitetləri cərgəsinə qoşulan Naxçıvan Dövlət Universiteti, eləcə də bir-birindən yaraşıqlı, müasir tədris korpuslarına malik olan, yüksək səviyyəli professor-müəllim heyəti, güclü maddi-texniki baza ilə təchiz olunmuş digər ali və orta ixtisas təhsili müəssisələri region üçün kamil mütəxəssis, ixtisaslı kadr potensialı təminatçılarıdır. Uzun illər informasiya blokadasına məhkum edilmiş Naxçıvanda bu gün 3 televizya, 3 radio, 10 adda qəzet və 4 jurnalın, müxtəlif telekanalların və informasiya agentliklərinın bölgə təmsilçilərinin fəaliyyət göstərməsi, genişzolaqlı internet xidməti söz, mətbuat azadlığının təmin olunmasının əyani göstəriciləridir.
Muxtar respublika başçısının tarixi keçmişimizə böyük ehtiramı, maddi-mədəni irsimizin, milli-mənəvi dəyərlərimizin qorunması və tədqiqinə, vətənpərvərlik ruhunun aşılanmasına son dərəcə həssas, yanarlı münasibəti hər bir sıravi vətəndaşa ən gözəl örnəkdir. Məhz bunun nəticəsidir ki, son 21 ildə Naxçıvanda 1200-dən artıq yerli, ölkə və dünya əhəmiyyətli tarixi abidə öyrənilərək pasportlaşdırılıb, onlardan 70-ə yaxını təmir və bərpa edilib. 14 il fatehlər fatehi Əmir Teymura basılmayan, bugünkü yeni əzəmətli görünüşü ilə müasir Naxçıvanın da məğrurluq, yenilməzlik rəmzinə çevrilən Əlincəqalanın mərkəzində vüqarla dalğalanan üçrəngli bayrağımız öz torpağına, tarixinə sahibliyin, zəngin maddi-mədəni irsə varisliyin ən gözəl nümunəsidir. Müstəqillik illərində Tanrı möcüzəsi, adı müqəddəs “Qurani-Kərim”də çəkilən “Əshabi-Kəhf” kimi dini ziyarətgahların, məscidlərin təmir və bərpası dini dəyərlərimizin yaşadılmasına xidmət edən müqəddəs və xeyirxah bir əməldir. Görülən işlərin bəhrəsdir ki, Naxçıvan şəhəri 2018-ci ildə İslam Mədəniyyətinin Paytaxtı elan olunub. Naxçıvan Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşü (2009) kimi mühüm beynəlxalq əhəmiyyətli tədbirlərə, beynəlxalq simpozium və konfranslara, idman yarışlarına ev sahibliyi etməklə müsbət beynəlxalq imic qazanmaqdadır. Muxtar respublikada qanunun aliliyinin gözlənilməsi, hədsiz məsuliyyət hissi və tələbkarlıq, ictimai-siyasi sabitlik onun etimad və nüfuzunu artırmaqdadır. Təsadüfi deyil ki, son illər Azərbaycanda fəaliyyət göstərən əksər xarici ölkə səfirləri Naxçıvana rəsmi səfərlər edərək təmsil etdikləri ölkələrin bölgəyə maraqlarını, çoxşaxəli tərəfdaşlığı inkişaf etdirmək niyyətlərini ifadə edirlər. Ən əsası isə yetmiş ildən sonra sovet imperiyasının buxovlarından azad olan Azərbaycanın bu dilbər güşəsində insanların təfəkkür və şüurunda bir çevriliş, inqilab baş verib. Qədim adət-ənənələrə, milli soy-kökünə qayıdışla yanaşı burada səhiyyə, nəqliyyat, ticarət, turizm-otelçilik və digər sahələrlə bağlı sivil ənənələr, ictimai özünənəzarət, xalq və dövlət əmlakına görə şəxsi məsuliyyət hissi də formalaşıb.
Ümummilli liderin uzaqgörən siyasəti sayəsində qorunub saxlanılan tarixi nailiyyətimiz – Naxçıvanın muxtariyyətinin müstəqillik illərində 75, 80, 85, 90 illik yubileyləri dövlət səviyyəsində, təntənəli şəkilldə qeyd olundu. Ümummilli lider Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müxtəlif dövrlərdə dəfələrlə bölgəyə səfər edərək görülən işləri yüksək qiymətləndirmələri, yerli əhali ilə xoş, səmimi və unudulmaz görüşləri, bu jestləri ilə nazirlərin, dövlət məmurlarının fəaliyyət istiqamətlərini regiona yönəltmələri sübut edir ki, illərdir blokadada olan, mühüm hərbi, siyasi və iqtisadi strateji əhəmiyyətə malik bu region Azərbaycan hökumətinin daim diqqət mərkəzindədir. Prezident İlham Əliyevin ölkə başçısı kimi Naxçıvanda son illər qazanılan misilsiz nailiyyətlərlə bağlı bu fikri hər bir naxçıvanlı üçün fəxarət və qürurdur: “Azərbaycanın qədim torpağı olan Naxçıvan çox sürətlə inkişaf edir və naxçıvanlılar ölkəmizin hərtərəfli inkişafına öz töhfəsini verirlər. Mən Naxçıvanın rəhbəri Vasif Talıbovun fəaliyyətini xüsusi qeyd etmək istəyirəm. Onun fəaliyyəti nəticəsində burada bu işlər görülür və o da sizə arxalanır. Öz fəaliyyəti ilə ulu öndər Heydər Əliyevin tutduğu yolu Naxçıvanda davam etdirir. Bu, çox böyük nailiyyətdir”. Bəli, son iki onillikdə misligörünməmiş şəkildə dəyişən, gözəlləşən, sözün əsl mənasında cahanın nəqşinə çevrilən Naxçıvan bu gün əfsanəvi bir tarix yaşayır. Dünən hər an işğal təhlükəsi yaşayan bu yurdun indi səmasından belə düşmən səkə bilmir. Şəhidlərimizin uğrunda qan töküb can verdiyi bu torpaq düşmənə göz dağıdır. Dünəni qaranlıq zülmətlər içində keçən, bu günsə gecəli-gündüzlü nura qərq olan Naxçıvan indi özü ətrafa işıq bəxş edir. Bu fikri bu ulu yurdun bu gün də görkəmli tarixi şəxsiyyətlər, elm xadimləri, ədəbi simalar, sənət adamları yetirməsi anlamında məcazi mənada da başa düşmək olar. Bu gün ən ucqar dağ kəndinə aparan yağ kimi hamar, bir mötəbər qonağın dili ilə desək “yuyulub ütülənmiş” asfalt yollar klassik Şərq və müasir Qərb memarlıq üslubunun sintezindən yaranan gözəl binalarla süslənmiş paytaxtımızı və digər şəhərlərimzi, tanınmaz dərəcədə dəyişib şəhərləşən kəndlərimizi qonaqlara sevdirir. İnanılmazdır ki, bir zamanlar – yerli əhalinin yaşamaq uğrunda mücadilə etdiyi vaxtlar meşəlikləri kötük başdaşıları ilə dolu bir qəbiristanlığa çevrilən xan çinarlı Naxçıvanda bu gün ötən əsrin 90-cı illəri ilə müqayisədə 10 dəfədən artıq –16 min hektardan çox meşə massivləri, meyvə bağları və yaşıllıq zolaqları, 3 yasaqlıq, 1 milli park, 1 qoruq var. İnanılmazdır ki, bugünkü bağlı-bağatlı, barlı-bərəkətli Naxçıvanda göz işlədikcə uzanan sarı-qızılı taxıl zəmiləri əvəzinə bir zamanlar uzun-uzadı çörək növbələri olub. Vaxtilə qonşu dövlətlərdən iqtisadi asılılıq təhlükəsi yaşayan Naxçıvanda bu gün ərzaq təhlükəsizliyi məsələləri demək olar ki, tamamilə həll olunub. Aqrar bölgə kimi tanınan Naxçıvanda bu gün həm də sənaye sektorunun üstün inkişafına nail olunub. Bunlar inanılmazdır, amma müstəqil Azərbaycanın reallıqlarıdır, Heydər Əliyev ideyalarına sadiqliyin, idarəetmə qabiliyyətinin, siyasi səriştə və uzaqgörənliyin, əzmkarlığın bəhrələridir. Bu uğurlar cəmiyyətimizdə çox haqlı olaraq İnkişafın Naxçıvan Modeli kimi dəyərləndirilir.

Beləcə, hər sabah sübh şəfəqləri zirvəsindən arzuların haçalandığı əzəmətli Haçadağdan boylanıb qədim dövlətçilik tariximizin rəmzi Möminə Xatunun nadir nəqşləri üzərində bərq vuranda, möcüzəli Duzdağın “bar”ının işıltıları ilə qovuşanda xalqın dahi oğlu, xilaskarı Heydər Əliyev əbədiləşmiş daş siması ilə arzularının çiçəkləndiyi bu ulu yurdu məğrurluq və məmnunluqla salamlayır. Milli birlik və həmrəylk rəmzi, dünyaca məşhur Şərur yallısının sədaları qolça qopuzlu Ulu Qorqudun əsrlərin daş yaddaşından süzülüb gələn xeyir-duasına qarışır. Doğma diyarın buz bulaqlarından, dumduru, ayna göllərindən paklıq, dağlarından əzəmət, vüqar, Günəşindən hərarət, şaxtasından mətanət alan insanları yorulmadan, usanmadan, yaşamaq eşqi ilə min bir büsat qurur. Günümüzün Arpaçay əfsanəsi dövlət-xalq vəhdətinin, məhəbbətinin, müstəqilliyin qadir olduğu möcüzələrdən söhbət açır. Bu torpaq, bu dövlət, bu xalq dar günündə dözümsüzlük edib yurdundan ayrı düşən övladlarına da bu gün Ana mərhəməti, şəfqəti ilə yenidən qucaq açmağa hazırdır. Bu yurdun tək nisgili Kərkini düşmən tapdağından azad etməkdir. Bir də hər daşı, qayası, qalası – bütün varlığı ilə məxsus olduğu Azərbaycana ərazi etibarilə də birləşmək arzusu var. Az qala bir əsrdir ki coqrafi baxımdan Azərbaycandan ayrı düşən Naxçıvanın bu istəyi, yavru quşcuğazın Anasına qovuşmaq həsrəti ilə çırpınması kimi xəritəmizdən də açıq-aydın görünür. Gün gələcək, “Tarixi yaşadanları tarix də yaşadacaqdır!” amalı ilə müasir Naxçıvanın intibah dövrünü yaradanların nurlu ideyaları, işıqlı əməlləri ilə doğma yurdumuz bu istəyinə də çatacaq!...
Mehriban Sultan
Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti,
filologiya üzrə fəlsəfə doktoru




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info