Naxçıvanda üzümçülüyün şöhrəti özünə qaytarılır
Tarix: 14.11.2016 | Saat: 16:03:00 | E-mail | Çapa göndər


İqtisadi səmərəlilik baxımından gəlirli sahələrdən olan üzümçülüyün inkişafı istiqamətində Naxçıvan Muxtar Respublikasında kompleks tədbirlər həyata keçirilir. Bu il oktyabrın 1-nə olan məlumata görə, 9625 ton üzüm toplanması da muxtar respublikada üzümçülüyün inkişaf etdiyini göstərir.
Muxtar respublikanın təbii-iqlim şəraiti üzümçülüyün inkişaf etdirilməsinə imkan verir. Üzümçülüyün inkişafına dair dövlət proqramının icrası diqqət mərkəzində saxlanılır, yeni üzüm bağları salınır, bu sahədə istehsalın həcminin artırılması və bazarın tələbatının ödənilməsi məqsədilə ardıcıl tədbirlər görülür. Təkcə bunu qeyd etmək kifayətdir ki, ötən ay muxtar respublikada keçirilən iməciliklər zamanı Uzunoba su anbarının yaxınlığındakı ərazidə 2 hektar sahədə 2500-ə yaxın üzüm tingi əkilib.
Bu sahədə elmi-tədqiqat işləri də davam etdirilir. AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunda Naxçıvan Muxtar Respublikasında mövcud üzüm genofondunun toplanılaraq qorunması, həmçinin kompleks şəkildə botaniki, genetik və ampeloqrafik tədqiqi aparılmaqla, ərazidə yayılan 120-dən çox aborigen, 23 introduksiya olunmuş, 17 yeni klon variasiyalarından və 50-dən çox seleksiya üsulları ilə alınmış formalardan ibarət “Üzüm genofondu” kolleksiya bağı salınıb.
Muxtar respublikada tarixən formalaşmış üzümçülük ənənələri, yetişdirilən yerli üzüm sortları haqqında danışan AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun meyvə, tərəvəz və üzümçülük laboratoriyasının müdiri, aqrar elmlər doktoru Varis Quliyev AZƏRTAC-ın müxbirinə bildirib ki, regionda tez, orta və gecyetişən, xoşagəlimli əmtəə görünüşlü, gilələrinin müxtəlif rəngləri olan ağ, qırmızı, sarı, qara, qəhvəyi kişmişilər, əsgəri, xəlili, kürdəşi, həmçinin Naxçıvan hüseynisi, bəndi, bənənyari, miskalı, haçabaş, ağ tayfı, ağ aldərə, hənəqırna, Naxçıvan şanısı, Naxçıvan qara üzümü, sahibi, xan üzümü və sair aborigen üzüm sortları ulu babalarımızın bizə miras qoyub getdikləri ən gözəl seleksiya nümunələridir. Bu üzümlərdən kişmiş, mövüc, sirkə, doşab hazırlanmasında istifadə edilir. Vaxtilə Naxçıvanda becərilən çoxlu sayda üzüm sortları buraya gələn səyyahların, tacirlərin diqqətini cəlb etdiyindən sortların bir qismi qonşu ölkələrə yayılıb, müvafiq ad və sinonimlərlə adlandırılıb.
Varis Quliyev onu da qeyd edib ki, hələ miladdan əvvəl 3 min il öncə qədim Naxçıvan diyarında yaşayan türk tayfalarının əsas məşğulluq sahələrindən biri də üzümçülük olub. Ona görə də uzun illərdən bəri xalq seleksiyası nəticəsində çoxlu sayda qiymətli üzüm sortları yaradılaraq nəsildən-nəslə ötürülüb. İslam dininin qəbul edilməsinə qədərki dövrdə bu ərazidə süfrə üzümçülüyü ilə yanaşı, üzümdən, əsasən, şərab məhsullarının hazırlanmasına daha çox diqqət yetirildiyindən üzüm bağlarında texniki sortlar üstünlük təşkil edib. Lakin İslam dininin qəbul edilməsi ilə əlaqədar olaraq, şərab məhsulları istehsalı qadağan olunduğuna görə üzüm bağlarında daha çox süfrə sortlarının becərilməsinə başlanılıb. O dövrdə üzümdən müxtəlif spirtsiz məhsulların, həmçinin qurudulmuş kişmiş və mövüc hazırlanmasında istifadə olunub, hətta belə məhsullar Yaxın Şərq ölkələrinə ixrac edilib. Hazırda Rusiyanın Sankt-Peterburq şəhərindəki Ermitajda saxlanılan və Naxçıvan ərazisindən tapılmış VII əsrə aid üzüm salxımları ilə bəzədilmiş tunc at fiquru əyani şəkildə bu diyarın yerli əhalisinin çox qədimdən üzüm bitkisini becərdiyini göstərir.
AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun meyvə, tərəvəz və üzümçülük laboratoriyasının müdirinin sözlərinə görə, 1995-ci ildən başlayaraq muxtar respublikada aborigen üzüm sortlarının kompleks şəkildə tədqiq olunması, qədim üzümçülük ənənələrinin bərpa edilməsi, üzümçülüklə məşğul olan təsərrüfatçıların yüksəkkeyfiyyətli, immunitetli, müxtəlif vaxtlarda yetişən və iqtisadi səmərəliliyi yüksək olan yeni sort və formalardan ibarət əkin materialları ilə təmin edilməsi öz bəhrəsini verməkdədir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamları ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı” və “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı” Dövlət proqramları muxtar respublikada aqrar sahənin, o cümlədən üzümçülüyün inkişaf etdirilməsində də mühüm rol oynayır. Bunun nəticəsində bu gün muxtar respublikada yüzlərlə hektar üzüm bağları salınıb, istehsal artırılıb.
Qədim Naxçıvan diyarının torpaq-iqlim şəraiti burada dadı və tamı ilə seçilən müxtəlif tərəvəz növləri, meyvə və giləmeyvələr yetişdirməyə imkan verir. Şahtaxtı tutma qovunu, Nehrəm qarpızı, Ordubad limonu və əriyi, Kükü alması, Culfa üzümü kimi nemətlərin dünya bazarlarına və sərgilərə çıxarılması, yüksək mükafatlara, diplomlara layiq görülməsi də bu baxımdan təsadüfi deyil. Onlar içərisində süfrələrimizdə özünəməxsus yeri olan üzüm məhsulları xüsusi seçilir. Bu gün muxtar respublikada görülən işlər Naxçıvan üzümünün şöhrətinin özünə qaytarılmasına xidmət edir.

AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu





 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info