“Birinci Türkoloji Qurultay türk xalqlarının elmi-mədəni birliyinə üfüqlər açan ictimai hadisədir”
Tarix: 15.11.2016 | Saat: 00:36:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəyasət heyətində Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunan “Türkoloji elmi-mədəni hərəkatda ortaq dəyərlər və yeni çağırışlar” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfrans Təhsil Nazirliyinin, AMEA-nın Nəsimi adına Dilçilik, Nizami adına Ədəbiyyat və akademik Z.Bünyadov adına Şərqşünaslıq institutlarının birgə təşkilatçılığı ilə keçirilib.
AMEA-nın Rəyasət Heyətində təşkil olunmuş tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətindən danışıb. Bildirib ki, Birinci Türkoloji Qurultayın ideyaları sonrakı dövrlərdə milli-mənəvi dəyərlərin və elmi-mədəni inteqrasiyanın formalaşmasında, türkdilli ölkələr arasında tarixi-mədəni əlaqələrin qorunub saxlanmasında və inkişafında müstəsna rol oynayıb. Prezident İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 90 illik yubileyinin keçirilməsi haqqında” 18 fevral 2016-cı il tarixli sərəncamını xatırladan AMEA rəhbəri qeyd edib ki, bu sənəd Birinci Türkoloji Qurultayın dərslərini ictimai və elmi cəhətdən qiymətləndirməyə və nəticələr çıxarmağa imkan verib.
Sonra Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Türk Dil Qurumunun başqanı Kamal Kaçalin, Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu və digərləri Birinci Türkoloji Qurultayın türk dünyasının tarixi elmi-mədəni əlaqələrinin qorunub saxlanmasındakı önəmindən danışıblar. Çıxış edənlər Birinci Türkoloji Qurultayın humanitar xarakter daşıdığını, latın əlifbasına keçid kimi vacib məsələnin müzakirə olunduğunu söyləyiblər.
Konfransda AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli “Birinci Türkoloji Qurultay: dərsləri və çağırışları” mövzusunda məruzə ilə çıxış edib. Akademik bildirib ki, 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk xalqlarının elmi-mədəni birliyinə, ortaq milli-mənəvi dəyərlərinin inkişaf etdirilməsinə, inteqrasiya-proseslərinin dərinləşdirilməsinə geniş üfüqlər açan ictimai hadisədir. İsa Həbibbəyli vurğulayıb ki, bu qurultayda XX əsrin əvvəllərində türkoloji elmi-mədəni mühitin aktual məsələlərinə toxunulub: “Birinci Türkoloji Qurultayın iclaslarında səslənən məruzələrdə humanitar və ictimai elmlərin, türkologiyanın aktual problemləri əhatə olunub və konkret təkliflər irəli sürülüb. Qurultayda keçmiş Sovetlər Birliyində yaşayan türkdilli xalqların, Avropa türkologiyasının nümayəndələrinin təmsil olunması, Türkiyə və İran ziyalılarının iştirakının təmin edilməsi əhatə olunan türkoloji mühitin genişliyini, miqyasını aydın şəkildə təsəvvür etməyə imkan verir. Birinci Türkoloji Qurultayın Bakıda keçirilməsi Azərbaycanın geniş mənada türkologiyanın əsas mərkəzlərindən biri olduğunu göstərir”.
AMEA-nın vitse-prezidenti bildirib ki, Azərbaycan ziyalılarının Birinci Türkoloji Qurultayda fəal iştirakı ölkəmizdə yalnız dilçilik mənasında deyil, ədəbiyyat, tarix, mədəniyyət, folklor, etnoqrafiya və maarifçilik miqyasında böyük elmi və yaradıcı qüvvələrin yetişib formalaşdığını nümayiş etdirir. İsa Həbibbəyli Azərbaycan nümayəndələrinin qaldırdıqları məsələlərin, irəli sürdükləri ideyaların Birinci Türkoloji Qurultayın ana xəttinin, əsas istiqamətlərinin müəyyən edilməsində mühüm rol oynadığını deyib. Akademik türkoloji elmi axının hakim sovet ideologiyasının prinsiplərinə uyğun gəlmədiyi üçün Sovetlər İttifaqının ictimai-siyasi mühitində böyük vahimə və şübhə ilə qarşılandığını xatırladıb: “Birinci Türkoloji Qurultayın demək olar ki, Sovetlər İttifaqından olan bütün əsas iştirakçıları ciddi təqiblərlə üzləşib, həbs cəzasına məhkum edilib, sürgünə göndəriliblər. Lakin nə qədər çətin olsa da, Birinci Türkoloji Qurultayın ideyaları, çağırışları daima öz əhəmiyyətini qoruyub saxlayıb”.
İ.Həbibbəyli məruzəsində Birinci Türkoloji Qurultayda qaldırılan latın əlifbasına keçid məsələsinə də toxunub. Qeyd edib ki, latın əlifbasına keçid XX əsrin əvvəllərində Azərbaycan və Türkiyədə tətbiq olunub, lakin sonradan Sovetlər İttifaqı daxilində bu proses dayandırılıb. Azərbaycanın müstəqillik epoxasında bu ideyanın yenidən dirçəldiyini deyən akademik ümummilli lider Heydər Əliyevin 1 avqust 2001-ci il tarixli xüsusi Fərmanı ilə Azərbaycanda latın əlifbasına tam keçidin təmin edildiyini bildirib.
Akademik İsa Həbibbəyli məruzəsinin sonunda Prezident İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 90 illik yubileyinin keçirilməsi haqqında” 18 fevral 2016-cı il tarixli sərəncamının önəminə toxunub: “Birinci Türkoloji Qurultayın 90 illiyinin yüksək səviyyədə qeyd olunması və müasir vəzifələrin müəyyən edilməsi Azərbaycanda və türk dünyasında humanitar elmlərin, o cümlədən türkoloji elmlər sisteminin bütün yönləri ilə inkişafına təkan verir. Bu isə öz növbəsində həm də dünya elminin daha da zənginləşdirilməsi, beynəlxalq miqyasda inteqrasiya proseslərinin yeni hədəflərə doğru inkişaf etdirilməsi istiqamətində atılan yeni addımların meydana çıxması, qarşıda böyük üfüqlərin açılması deməkdir”.
Konfrans Nizami adına Ədəbiyyat İnstitutunda və Mərkəzi Elmi Kitabxanada “Ortaq türk tarixi” və “Ortaq türk ədəbiyyatı” dərsliklərinin, o cümlədən “Ortaq türk qrammatikası və terminologiyası”nın hazırlanması və digər məsələlərin müzakirəsi ilə davam etdirilib. Qeyd edək ki, Birinci Türkoloji Qurultayın 90 illik yubileyi münasibətilə Türkiyə, Qazaxıstan, Macarıstan və Tatarıstanda da elmi konfranslar keçirilib.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
23.08.2019
Alınmaz qalamız Sədərək düşmənə gözdağıdır
23.08.2019
Masallı rayonunun Güllütəpə kəndi ərazisində səyyar görüş
22.08.2019
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi Şəmkir və Tovuzda vətəndaşları qəbul edib
21.08.2019
Aşura mərasimləri: ənənəvilik və müasirlik
21.08.2019
Masallı rayonunun Birinci Səmidxanlı ərazisində səyyar görüş

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10868

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info