“Rusiya-Ermənistan birləşmiş ordu qruplaşmasının yaradılması çox təhlükəli tendensiyadır”
Tarix: 16.11.2016 | Saat: 00:29:00 | E-mail | Çapa göndər


“Rusiya prezidenti Vladimir Putinin Rusiya və Ermənistan qoşunlarının birləşmiş qruplaşmasının yaradılması haqqında sazişi təsdiqləməsi çox təhlükəli bir tendensiyadır, Cənubi Qafqazı təhdid edən bir situasiya yaradır”. Bunu APA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Q. Hüseynli bildirib ki, hazırda Rusiya Ermənistanı pulsuz silahla təchiz edir, son aylarda isə Ermənistana orta mənzilli “İsgəndər M” tipli ballistik raketlər, “TOS” tipli ağır odsaçan silahlar və digər taktiki raketlər göndərib: “Yəni Ermənistan kifayət qədər Rusiya tərəfindən silahlandırılır.

Ermənistanın hava hücumundan müdafiə sistemi bütünlüklə Rusiyaya tabe etdirilib və hava hücumundan müdafiə sisteminin qurulması Rusiya mütəxəssisləri tərəfindən aparılır. Ermənistanın sərhədlərini onsuz da Rusiya qoşunları qoruyurdu. Ermənistanın əksər zavodları da borc əvəzində Rusiyanın ixtiyarına keçib. Faktiki olaraq, Ermənistan suverenliyini itirə-itirə gedir. İndi isə qoşunların birləşmiş qruplaşmasının yaradılması adı altında qoşunların birləşdirilməsi prosesi gedir. Yəni Ermənistan qoşun birləşmələri ilə Rusiya qoşun birləşmələri vahid kontingentdə birləşir. Guya birləşmiş qoşunların komandanlığı Ermənistana tapşırılır, amma müharibə prosesində guya bu prosesə Rusiya rəhbərlik edir. Qısası, vəziyyət çox gərgindir. Bu addımlar Cənubi Qafqazı təhdid edən bir şəraitin formalaşmasına şərait yaradır ”. Politoloq qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə məşğul olan ATƏT-in Minsk Qrupunun həmsədri kimi Rusiyanın son addımları daha çox mövcud status-kvonun saxlanmasına istiqamətlənib: “2-5 aprel hadisələrindən sonra Azərbaycana vədlər verilməsinə baxmayaraq, bu vədlərin üzərindən sükutla keçildi. İndi isə Rusiyanın yaxından iştirakı ilə regionda hərbi eskalasiya meyilləri artır. Bu, çox təhlükəli bir tendensiyadır. Onlar iddia edirlər ki, bu qoşunlar Dağlıq Qarabağ ərazisinə getməyəcək. Amma Dağlıq Qarabağda qulluq edən hərbçilər Ermənistan hərbçiləridir. Dağlıq Qarabağdakı hərbi hissələr Rusiyanın Ermənistana verdiyi silahlarla təchiz olunurlar. Bunlar hamının bildiyi reallıqlardır” “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə APA-ya açıqlamasında bildirib ki, Azərbaycanla Ermənistan arasında aprel döyüşlərinin 4 gündən çox uzanmamasının səbəbkarı Rusiya olub və Moskva müharibənin uzanmasından narahat olaraq hər iki tərəfi atəşkəsə yenidən riayət etməyə çağırıb: “Halbuki Azərbaycan ordusunun daha uzun məsafələrə irəliləmək imkanları var idi. Bundan sonra Azərbaycanın hakim dairələrində və cəmiyyətinin bir hissəsində belə bir təəssürat yarandı ki, hərbi toqquşmanın genişlənməsi perspektivi Rusiyanı narahat etdiyindən Kreml Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirəcək. Bunun üçün ilk addım olaraq Kreml Ermənistan hakimiyyətinə təzyiq edəcək ki, İrəvan Dağlıq Qarabağ ətrafındakı bir neçə rayonu boşaltsın. Bu proqnozlar doğrulmadı. Əksinə, Rusiya hakimiyyəti iki addımı ilə Azərbaycan-Ermənistan qarşıdurmasında balansı Ermənistanın xeyrinə pozdu. Rusiya birinci addım olaraq Ermənistana “İsgəndər” raketləri göndərdi ki, hərbi balansda Ermənistan Azərbaycana məğlub olmasın. Rusiya ikinci addım olaraq Ermənistanla birgə qoşun birlikləri yaratdı. Faktiki bu, o deməkdir ki, bundan sonra Ermənistan ordusuna Rusiya Müdafiə Nazirliyi nəzarət edəcək. Bu iki addım Azərbaycana qarşıdır”. E. Şahinoğlu vurğulayıb ki, Azərbaycan Rusiya ilə münasibətlərində səmimi siyasət yürüdür və problem yaşamaq istəmir. Bu, anlaşılan siyasətdir: “Ancaq bu o demək deyil ki, Ermənistana artan hərbi dəstək fonunda Azərbaycan Rusiya ilə münasibətlərdə heç nə olmamış kimi davranılmalıdır. Təbii ki, Rusiya prezidentinin məlum sazişi imzalaması Azərbaycanda narahatlığı artırır. Bu, ATƏT-in Minsk Qrupunun həmsədri olaraq Rusiyanın münaqişənin həllindəki tərəfsizliyinə kölgə salır. Ümumiyyətlə, Rusiyanın Ermənistana verdiyi hərbi dəstək rəsmi Bakını öz xarici siyasətinə bir daha göz gəzdirməyə məcbur etməlidir. Yaranmış disbalansın qarşısını almağın yolu Azərbaycanın Türkiyə ilə hərbi əməkdaşlığı üst səviyyəyə qaldırmasından keçir”.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq
13.11.2018
Tereza Mey: “Brexit” müzakirələri son mərhələyə çatıb
10.11.2018
ABŞ İrana qarşı hərbi əməliyyat planlaşdırmır
09.11.2018
Ermənistanın KTMT-dəki nümayəndəsinin geri çağırılması təbiidir, çünki rəsmi Yerevan yanlış siyasət yürüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10463

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info