Sosial tərəqqiyə yönələn siyasət bəhrəsini verdi
Tarix: 02.04.2013 | Saat: 00:06:00 | E-mail | Çapa göndər


Ümummilli lider Heydər Əliyevin dövlət quruculuğunun önəmli tərəflərindən birini ölkə vətəndaşlarının sosial müdafiəsini yüksək səviyyədə formalaşdırmaq təşkil edirdi. Bu amal isə hələ ümummilli lider sovet dönəmində hakimiyyətdə olduğu müddətdə prinsipial şəkildə və uğurla reallaşdırılmışdı.

Məsələn, 1970-1985-ci illərdə ölkəmizdə əmək ehtiyatlarından səmərəli istifadə və respublika iqtisadiyyatının hərtərəfli, kompleks şəkildə inkişafı, xüsusən, əhalinin maddi rifahının yüksəldilməsi nəticəsində respublika ərazisində yüzlərlə zavod, fabrik, istehsalat sahələri yaradılmışdı. 213 sənaye müəssisəsi işə salınmış, eyni zamanda 350 adda məhsulun dünyanın 65 ölkəsinə ixrac olunmasına başlanılmışdı. Bu baxımdan əhalinin əməkhaqlarında da ciddi artım müşahidə olunmağa başladı. Belə ki, 1958-1970-ci illərdə fəhlə və qulluqçuların əməkhaqları 109,6 rubl olduğu halda, 1985-ci ildə 234 rubla çatmışdı. Həmçinin qocalara, əlillərə, əmək qabiliyyətini müvəqqəti itirənlərə, əmək və müharibə veteranlarına, ailə başçısını itirmiş ailələrə və tək analara maddi yardım artırılmışdı. Qocalığa və əlilliyə görə dövlətdən pensiya alanların sayı 1970-ci ildə 643 min idisə, 1989-cu ildə bu göstərici 987 min nəfərə, işləyənlərin sayı 1.273 min nəfərdən 2.361 min nəfərə çatmışdı. Əhalinin sağlamlığının qorunması sahəsində də mühüm tədbirlər həyat keçirilmiş, ambulator-poliklinika yardımı göstərən müəssisələr 1075-dən 1826-ya, qadın məsləhətxanaları, uşaq məsləhətxana və poliklinikalarının sayı 313-dən 1034-ə, həkimlərin sayı 13 mindən 27,5 min nəfərə çatmışdı. 2239 yaşayış məntəqəsində ilk tibbi yardım xidməti təşkil edilmişdi. 10 dekabr 1971-ci ildə isə Azərbaycan SSR-nin Əmək Qanunları Məcəlləsi qəbul edildi.
Ümumiyyətlə, ulu öndərin hakimiyyətdə olduğu 1969-1982-ci illərdə Azərbaycan iqtisadiyyatının, sənayenin, kənd təsərrüfatının inkişafı, yeni strateji əhəmiyyətli müəssisələrin yaradılması, kadr potensialının formalaşdırılması istiqamətlərində uğurlu nəticələr əldə edildi...

Müstəqil Azərbaycanın sosial müdafiə sistemi
yenidən quruldu


Müstəqilliyə yenicə qovuşandan sonra isə ölkədə bu sahədə bir sıra yenidən təşkilolunma işləri başladı. Azərbaycan Prezidentinin “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaradılması haqqında” 10 dekabr 1992-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Sosial Təminat Nazirliyi ilə Azərbaycan Respublikasının Dövlət Əmək və Sosial Məsələlər Komitəsi ləğv edilərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yaradıldı.
Amma məlum olduğu kimi, müstəqilliyin ilk illərində ölkədə ağır sosial-iqtisadi və siyasi gərginlik hökm sürürdü. Əsas səbəb isə ölkə rəhbərliyinə siyasi baxımdan naşı, qeyri-peşəkar və təcrübəsiz, dövlət idarəçiliyi sahəsində heç bir qabiliyyət və səriştəsi olmayan, intriqant şəxslərin gəlməsi ölkədə və siyasi arenada ciddi kataklizmlərə, sosial-iqtisadi həyatda dərin resessiyalara gətirib çıxardı. Siyasi oyunbazlıq və hakimiyyətdaxili qarşıdurmalar, ictimai-siyasi xaos ciddi sosial-iqtisadi tənəzzülə və cəmiyyətdə özbaşınalıqlara yol açdı. Belə bir zamanda isə dövlət qurumları da faktiki olaraq ümumi hərc-mərclik burulğanında funksiyasızlaşmışdılar. Ölkədə hökm sürən separatizm, ayrı-ayrı silahlı dəstələrin bir-birilərinə qarşı əməliyyatları, hər bir kəsin cəbhədəki ayrı-ayrı batalyon və digər hərbi hissələrə təkbaşına başçılıq etməsi və sair xaotik göstəricilər ölkəni əldən salmışdı. Belə bir şəraitdə isə ölkədə hər hansı sosial müdafiədən danışmağa dəyməzdi. Bu baxımdan sosial müdafiə ilə bağlı qurumların fəaliyyəti də iflic vəziyyətinə düşmüşdü. İqtisadi sahədəki maliyyə çatışmazlığı və məhrumiyyətlər, sosial-iqtisadi vəziyyətin sabitləşdirilməsi üçün real addımların atılmasını mümkünsüz edirdi. Sosial müdafiə proqramları isə sadəcə olaraq formalaşdırılmamış və həyata keçirilməmişdi. Bu isə cəmiyyətin bütün əsas təbəqələri arasında dövlətə qarşı narazılıqları gücləndirmişdi. Ona görə də əhali ilə cəbhə hakimiyyəti arasındakı ziddiyyətlər və əksliklər getdikcə qabarırdı...
Bu zaman Azərbaycanı hər baxımdan xilas edən ümummilli lider Heydər Əliyev 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə ikinci dəfə qayıtdı. Bu zaman isə Azərbaycan dövlət müstəqilliyini itirməkdə idi, ölkənin parçalanma təhlükəsi son həddə çatmışdı. Amma xalqın fədakar lideri bütün ağır sınaqlardan Azərbaycanı uğurla çıxararaq ölkədə sabitliyə, inkişafa və tərəqqiyə nail ola bildi. Ümummilli liderin sosial sahəyə davamlı diqqət və qayğısı müstəqil Azərbaycanın sosial siyasətinin formalaşması və təkmilləşməsinə səbəb olmaqla, sosial müdafiə sistemində müsbət dəyişikliklərə yol açdı. Bu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətində də ciddi dönüşün yaranmasını, əmək və əhalinin sosial müdafiəsi istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirilməsini şərtləndirdi. Kəskin böhranlar burulğanında olan ölkə vətəndaşlarının sosial müdafiəsinin yaxşılaşdırılması məqsədilə ulu öndər 1994-cü ilin 15 iyunda “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi və iqtisadiyyatın maliyyə vəziyyətinin sabitləşdirilməsi tədbirləri haqqında” fərman, fərmandan irəli gələn vəzifələrin daha səmərəli yerinə yetirilməsi üçün “Əhalinin sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” növbəti sənəd imzaladı. İnsanların sosial müdafiəsinin mükəmməl və etibarlı şəkildə təmin olunması üçün hüquqi bazanın daha da möhkəmləndirilməsi istiqamətində 1995-ci ildə ümummilli liderin birbaşa müəllifliyi ilə hazırlanmış Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi. Həmin Konstitusiyanın 16-cı maddəsində deyilirdi ki, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsinin, onun sosial müdafiəsinin və layiqli həyat səviyyəsinin qayğısına qalır. Beləliklə də, ölkədə bu istiqamətdə hüquqi bazanın möhkəmləndirilməsi və təkmilləşdirilməsi məqsədilə ardıcıl addımlar atıldı. Ulu öndərin aztəminatlı vətəndaşlara diqqət və qayğısının nəticəsi olaraq, əlil və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, əlillərin tibbi-sosial reabilitasiyası sisteminin müasir tələblər səviyyəsində qurulması, əlillərin minik avtomobilləri, veloarabalar və digər reabilitasiya vasitələri ilə təminatı, pensiya və müavinətlərin artırılması, əhalinin məşğulluğunun gücləndirilməsi və s. istiqamətlərdə uğurlu tədbirlərin həyata keçirilməsinə başlanıldı.
Bir sözlə, 1993-2003-cü illərdə ölkəmizdə bütün sahələrdə olduğu kimi, sosial müdafiə sahəsində də konkret işlər görüldü, ümummilli liderin imzaladığı 60-dan artıq sənəd sosial sahədə inkişafın təmin olunmasına xidmət etməyə başladı. Xüsusilə qeyd etmək lazımdır ki, sosial siyasət təkcə əhalinin əməkhaqları və müavinətlərlə, pensiya ilə təmin olunması ilə məhdudlaşmırdı. Milli Məclisin Sosial siyasət komitəsinin sədri, millət vəkili Hadı Rəcəbli bildirir ki, burada yeni məktəblərin, səhiyyə ocaqlarının tikilməsi prosesinin başlanmasını da xüsusi olaraq qeyd etmək lazımdır. Həmçinin kütləvi qaçqın şəhərciklərinin salınması və qaçqınların məskunlaşdırılması da bu sırada qeyd edilməlidir.
Millət vəkili Zahid Oruc qeyd edir ki, ümummilli liderin hakimiyyətə gəlişi ilə müvafiq qanunvericiliyin formalaşdırılması, təqaüd, müavinətlər, o cümlədən şəhid ailələri ilə bağlı xüsusi statusun və ona adekvat təminat sistemlərinin yaradılmasına nail olundu: “Burada birmənalı qeyd etmək lazımdır ki, bu, çox mürəkkəb və həddindən artıq maliyyə məsrəfləri tələb edən bir sahədir. Ötən illər ərzində bu yöndə müxtəlif addımlar atıldı. Bu sahə çox ciddi və çətin mərhələlərdən keçməli oldu. İlk növbədə sadəcə sovet dövründə fəaliyyət göstərən insanların pensiya hüquqlarından danışırdıqsa, sonrakı dövrdə onların müxtəlif indeksasiyalarla zəhmətinin, ümumiyyətlə, dövlətin həyatına verdiyi töhfənin daha obyektiv qiymətləndirilməsi üzərində düşünüldü. Yalnız ötən il bu yöndə daha prioritet addımlar atıla bildi. Bu sahədə konkret reallaşdırıla bilən sənədlərin qəbulu və icrası da əlamətdardır. Öz-özlüyündə bu, çox mütərəqqi bir haldır. Yəni ayrı-ayrı məsələlərə cari və reflektiv reaksiyadan yox, daha perspektiv planları özündə ehtiva edən proqramların reallaşdırılmasından söhbət gedir”.
Millət vəkili qeyd edir ki, Azərbaycanın büdcə ehtiyatları, iqtisadi sürət tempi, düzgün sosial siyasət, sosial dövlət formalaşdırmaq yönündə həyata keçirilən tədbirlər, beynəlxalq aləmdə mövqeyin daha da güclənməsinə yönələn uğurlu strategiya, təşəbbüskar beynəlxalq siyasət, milli inkişafa və rifaha əsaslanan strateji xətt Azərbaycan vətəndaşlarının sosial rifahını gələcəkdə daha yüksək səviyyədə təmin etməyə imkan verəcək: “Bütün bunlar imkan verəcək ki, müxtəlif əhali kateqoriyaları üzrə daha sistemli yanaşmalarımızı təqdim edə bilək. Ümummilli lider Heydər Əliyevin bu sahələr üzrə əsasını qoyduğu strategiyanın əzmlə reallaşdırılması bunu təmin edəcək. Sosial dövlət modeli təkcə onu ehtiva etmir ki, insanlara sadəcə büdcədən vəsaitlər yönəldilsin. Burada orta təbəqənin formalaşması, özünütəminat sisteminin bərqərar edilməsi, əhalinin əmək qabiliyyətinə, sahibkarlıq işlərinə və sairə geniş meydan tanımaq sosial dövlətçiliklə birbaşa bağlıdır. Bu işdə Heydər Əliyev siyasi kursuna sadiq Azərbaycan dövlətinin görməyi planlaşdırdığı çox işlər var”.

Yeni dövrdə sosial
siyasətin Azərbaycan
modeli


Hazırda ümummilli lider Heydər Əliyevin siyasi kursu Prezident İlham Əliyev tərəfindən zamanın bütün tələbləri nəzərə alınmaqla yeni tərəqqi müstəvisində davam etdirilir. Dövlət başçısının müstəqil dövlətçilik və milli inkişaf siyasəti nəticəsində Azərbaycan inkişaf dinamikasına görə dünyanın lider ölkəsinə çevrilib. Eyni zamanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi, aztəminatlı əhali qruplarına dövlət qayğısının artırılması istiqamətində mühüm uğurlar qazanılıb. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi dövlətin ilbəil güclənən sosial siyasətinin yüksək səviyyədə icrasına, ölkə əhalisinin rifah halının yaxşılaşdırılmasına mühüm töhfələr verən və bu səbəbdən cəmiyyətin inam və etimadını qazanmış bir hökumət strukturu kimi fəaliyyətini uğurla davam etdirir. Modernləşmə kursu yürüdülən Azərbaycanda iqtisadi və sosial tərəqqiyə yönəlmiş dövlət siyasəti öz bəhrəsini verməkdədir. Təsadüfi deyil ki, dərin maliyyə böhranı bir sıra ölkələrdə iqtisadiyyatın tənəzzülə uğramasına və sosial gərginliyin artmasına gətirib çıxarıb, həmin dövlətlər sosial ödəmələri kəsməyə məcbur olublar. Hazırda da ən inkişaf etmiş ölkələrdə belə, ciddi sosial kataklizmlər yaşanır. Amma bunun əksinə olaraq Azərbaycanda yeni-yeni iş yerləri yaradılır, əməkhaqları, pensiyalar intensiv olaraq artırılır. Aparılan islahatlar, müxtəlif sahələri əhatə edən dövlət proqramları və genişmiqyaslı infrastruktur layihələrinin uğurla icrası ölkədə yoxsulluq və işsizlik kimi ictimai problemlərin səviyyəsini minimuma endirib. Prezident İlham Əliyevin bu sahə ilə bağlı prinsipial mövqeyi belədir ki, ölkədə yoxsul olmamalıdır.
Millət vəkili H.Rəcəbli bildirir ki, Heydər Əliyev məktəbinin sosial sahədə həyata keçirdiyi uğurlu siyasət son 10 ildə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilib. Bu sahədə əldə edilən uğurlar son nəticədə əhalinin sosial rifahının yüksəlməsinə yol açıb. Bu gün bütün sivil ölkələrin əsas məqsədi insanların rifah halının yüksəldilməsi olduğundan sosial dövlət çoxcəhətli xarakter daşıyır. Dünyada mövcud olan sosial siyasət modelləri vətəndaşların sosial müdafiəsinin və ümumi rifahının təmin olunması, işsizliyin aradan qaldırılması, yoxsulluğun azaldılması istiqamətində özünəməxsus kurs kimi müəyyənləşdirilib”.
Beləliklə, əsası ümummilli lider tərəfindən qoyulmuş sosial siyasətin Azərbaycan modeli dünyada bütün göstəricilər baxımından ən etibarlı və əhalinin mənafeyinə, rifahına əsaslanan model olaraq xarakterizə edilir.

İlkin AĞAYEV

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən elan edilmiş yazı müsabiqəsinə təqdim edilmək üçün




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info