Peşə seçimi ilə bağlı yeni sistem işçi axtarmaq imkanını sadələşdirəcək
Tarix: 02.04.2013 | Saat: 00:11:00 | E-mail | Çapa göndər


“İctimaiyyət peşə məktəbləri barədə kifayət qədər məlumata malik deyil”
Təhsil Nazirliyində Peşə Seçiminə Dəstək Sistemi (PSDS) portalının (“www. psds.edu.az”) təqdimat mərasimi keçirildi. Təhsil işçilərinin, türkiyəli mütəxəssislərin iştirak etdikləri təqdimat mərasimində təhsil naziri Misir Mərdanov çıxış edərək Prezident İlham Əliyevin təhsilin, o cümlədən peşə təhsilinin inkişafına böyük önəm verdiyini bildirdi.

Şagirdlər peşə məktəblərinə getmədən internet vasitəsilə peşə təhsili müəssisələri ilə tanış olacaq


Nazir bildirdi ki, yeni sistemin yaradılması Azərbaycan cəmiyyətində peşə təhsilinə olan marağın daha da artırılmasına təkan verəcək. Onun sözlərinə görə, Azərbaycanda peşə təhsilinin inkişafı əsas prioritet sahə kimi irəli sürülüb: “Bu gün ölkədə yeni peşə məktəbləri tikilir, əsaslı təmir olunur. Belə bir zamanda insanların peşə təhsili barədə daha ətraflı məlumat alması üçün belə portalın hazırlanması və istifadəyə verilməsi vacibdir. Peşə Seçiminə Dəstək Sisteminin əsas məqsədi orta məktəb şagirdlərini peşələrlə daha yaxından tanış etmək, şagirdlərin bacarıq və maraq dairələrinə uyğun olan peşə sahələrinə istiqamətləndirmək, məzunların işəgötürənlərlə əlaqə qurmalarını təmin etməkdən ibarətdir. Bu sistem valideynləri və şagirdləri sırf maarifləndirmək, ictimaiyyəti məlumatlandırmaq üçün mühüm əhəmiyyət daşıyır. Belə ki, şagirdlər peşə məktəblərinə getmədən internet vasitəsilə peşə təhsili müəssisələri ilə tanış olacaq və sənədlərin qəbulu internet vasitəsilə aparılacaq”.
Yeni sistemlə bağlı bildirildi ki, PSDS portalı “Özünü tanı”, “Peşə ixtisasları”, “Peşə təhsili müəssisələri”, “Şagird qəbulu”, “CV yüklə” və “CV siyahısı” bölmələrini özündə birləşdirir. İstifadəçilər “Özünü tanı” bölməsində 170 sualdan ibarət testləri həll etməklə bacarıq və maraq dairələri ilə bağlı özlərində aydın təsəvvür formalaşdıra bilərlər. “Peşə ixtisasları” bölməsində müvafiq peşələr haqqında dolğun məlumatlar əldə etmək mümkündür. Portal istifadəçiləri “Peşə təhsili müəssisələri” bölməsində seçdikləri peşə ixtisasının hansı peşə təhsili müəssisələrində tədris olunduğu haqqında informasiya ala və həmin peşə təhsili müəssisələrinə dair ətraflı məlumat əldə edə bilərlər. “Şagird qəbulu” bölməsində müvafiq peşə ixtisasına uyğun peşə təhsili müəssisələrinə ərizə ilə müraciət etmək imkanı yaradılıb. İstifadəçilər “CV yüklə” bölməsində özləri haqqında məlumatları daxil edərək işəgötürənlərin onlarla əlaqə saxlamasını təmin edə bilərlər. “CV siyahısı” bölməsində namizəd tələb olunan meyarları daxil edərək istənilən namizəd siyahısına çıxış əldə edə və hər bir namizədin CV məlumatlarını nəzərdən keçirə bilər. Beləliklə, yeni sistem öz növbəsində işəgötürənlər üçün işçi atarmaq imkanını sadələşdirəcək.

MDB məkanında bənzəri olmayan
texniki peşə məktəbi


Texniki-peşə təhsili sahəsi üzrə 2012-ci ilin hesabatına görə, hazırda ölkədə Təhsil Nazirliyinin tabeliyində 104, Naxçıvan Muxtar Respublikasının tabeliyində isə 4 peşə təhsili müəssisəsi, ümumilikdə 108 peşə təhsili müəssisəsi fəaliyyət göstərir ki, bunlardan, 47-sı peşə liseyi, 2-si peşə tədris mərkəzi və 59-u isə peşə məktəbidir. Peşə məktəblərindən 8-i isə cəzaçəkmə müəssisələrinin tərkibində fəaliyyət göstərir. Bundan başqa Nazirlər Kabinetinin 6 dekabr 2012-ci il tarixli 282 nömrəli Qərarına əsasən, Qusar rayonunda faəliyyət göstərən internat məktəbi Qusar peşə liseyinə çevrilib. Nazirlər Kabineti tərəfindən 2012-2013-cü dərs ilində ilk peşə-ixtisas təhsili müəssisələrinə ümumilikdə 20380 nəfər qəbul planı müəyyən edilib ki, bunlardan 17660 nəfər dövlət vəsaiti hesabına, 2720 nəfər isə ödənişli əsaslarla müəyyən edilib. 2011-2012-ci illərlə müqayisədə ümumilikdə qəbul planı 3485 nəfər, dövlət vəsaiti hesabına 3470, ödənişli əsaslarla isə 15 nəfər artıb. Bildirildi ki, ötən il ilk peşə-ixtisas təhsili müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində işlər davam etdirilib. Belə ki, regionların sosial-iqtisadi inkişaf və Bakı şəhəri kənd və qəsəbələrinin inkişaf planlarına əsasən ümumilikdə 7 müəssisədə əsaslı təmir işləri aparılıb. Qeyd edilən inkişaf proqramlarına əsasən, Bakı şəhərində fəaliyyət göstərən 7 və 14 nömrəli peşə məktəbləri və Gəncə şəhərində fəaliyyət göstərən 1, 2 nömrəli peşə liseyləri və 1, 2 və 3 nömrəli peşə məktəbləri əsaslı təmir edilib. Bundan əlavə, sentyabr ayının 14-də Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə yenidən inşa edilmiş 5 nömrəli texniki peşə məktəbinin açılış mərasimi olub. Hazırda MDB məkanında bənzəri olmayan bu texniki peşə məktəbi 1,2 hektarlıq ərazidə yerləşir. 1969-cu ildən fəaliyyət göstərən məktəb yenidənqurmaya qədər tornaçı, bərbər, maliyyə-uçot ixtisasları üzrə təhsil verib. Məktəb xarici görünüşü və maddi-texniki bazası ilə bərabər profilini də dəyişib, kino, teatr, həmçinin mədəniyyət və incəsənətin digər müvafiq işçi bazasını peşəkar texniklərlə təmin etməyi qarşısına məqsəd qoyub. 5 nömrəli texniki peşə məktəbində kino, video çəkiliş üzrə operatorlar, səhnə işıq və qrim ustaları, kino montajçılar, səs operatorları, teatr, kino və telestudio dekoratorları, dərzilər, kompyuterlərin təmiri və xidməti üzrə texniklər hazırlanacaq. O da vurğulandı ki, ötən il “Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardıcı Proqramı” çərçivəsində Təhsil Nazirliyi, Yaponiyanın Azərbaycandakı səfirliyi və Azərbaycan Maarifçi Gənclər Təşkilatının birgə təşəbbüsü ilə “Bakının 2 nömrəli peşə liseyində çilingər və dülgər kursları üzrə peşə təhsili şəraitinin yaxşılaşdırılması” layihəsi üzrə qrant müqaviləsi imzalanıb. Layihənin əsas məramı 2 nömrəli Bakı peşə liseyində çilingər və dülgər kurslarında təhsil şəraitini yaxşılaşdırmaq, məcburi köçkün ailələrindən olan gənclərin peşə təliminə cəlb edilməsi vasitəsilə onların sosial-müdafiəsinin gücləndirilməsinə yardım etməkdir. Bu layihə üçün Yaponiya hökumətinin ayırdığı qrant yardımının ümumi məbləği 99990 ABŞ dollarıdır və TN isə 50 min manat məbləğində vəsait ayırıb. Layihənin həyata keçirilməsi nəticəsində peşə təhsili müəssisəsində oxuyan şagirdlərin müvafiq peşələrə yiyələnmələri üçün daha səmərəli mühit formalaşacaq, peşə liseyinin ərazisində, həmçinin yaxın ərazilərdə məskunlaşmış məcburi köçkün və aztəminatlı ailələrin övladlarının da qısamüddətli kurslar vasitəsilə müvafiq peşə sahibi olmasına şərait yaradılacaq. Azərbaycan hökuməti və Heydər Əliyev Fondu ilə YUNESKO arasında “Azərbaycanın texniki peşə təhsilinin təkmilləşməsi” layihəsi çərçivəsində fərdi kompyuter operatoru və otel nəzarətçisi ixtisasları üzrə əlavə olaraq dərsliklərin və dərs vəsaitlərin çapı davam edib. Fəaliyyət Planının 5.17-ci bəndinin icrasını təmin etmək məqsədilə ilk peşə-ixtisas təhsili müəssisələri üçün dərsliklərin hazırlanması prosesi davam edib ki, dövlət sifarişi ilə çap edilən dərsliklərlə yanaşı, müxtəlif yerli və beynəlxalq qeyri-hökumət təşkilatları ilə birlikdə həyata keçirən layihələr çərçivəsində də müasir məzmunlu dərsliklərin hazırlanmasına önəm verilib. Ümumilikdə ötən il 15 adda dərslik çap edilib. Avropa Komissiyasının dəstəyi və Almaniya Hökumətinin texniki köməkliyi ilə həyata keçirilən “Kənd Təsərrüfatı sahəsində İlkin Peşə Təhsilinin Möhkəmləndirilməsi” TVİNNİNQ layihəsi çərçivəsində Almaniyaya tədris səfəri təşkil edilib. Bundan əlavə, Azərbaycan və Belarusiya hökuməti arasında oktyabr ayında imzalanmış müqaviləyə əsasən, 4 nömrəli Bakı peşə liseyində “Qaynaq” ixtisası üzrə Resurs Mərkəzin yaradılmasına başlanılıb.

Ölkədə peşə təhsilinə böyük ehtiyac var

Bu sahədə mövcud problemlərə də toxunan nazir bildirdi ki, bu gün Azərbaycanda 100-dən çox peşə təhsili müəssisəsi olsa da bununla yanaşı, peşə məktəblərində oxuyanların və çalışanların, nə də peşə təhsili müəssisəsini bitirənlərin peşə təhsili ilə bağlı təsəvvürü yoxdur və ya çox azdır. M.Mərdanovun sözlərinə görə, orta məktəbdə oxuyan şagirdlər, onların valideynləri və müəllimləri peşə məktəbləri barədə kifayət qədər məlumata malik deyil. Nazir onu da qeyd etdi ki, həm orta məktəb şagirdləri, həm müəllimlər, bir sözlə, Azərbaycan ictimaiyyəti görülən işlər barədə məlumatlandırılmalıdır: “Bu gün mən deyəndə ki, peşə məktəblərini qurtaranların 50%-i elə bitirən ili işlə təmin olunur, çox adam buna inanmır. Digər təhsil pillələrində belə bir göstərici yoxdur. Bu onu göstərir ki, Azərbaycanda peşə təhsilinə böyük ehtiyac var. Ölkə başçısı öz siyasətində bunu bir prioritet məsələ kimi qarşıya məqsəd qoyub. Ölkəmizdə müxtəlif yollarla beynəlxalq təşkilatların maliyyə dəstəyi ilə yeni peşə məktəbləri tikilir, əsaslı təmir olunur. Bu görülən işlərin hamısı vaxtında və düzgün formada ictimaiyyətə çatdırılmalıdır”.

Nigar ABDULLAYEVA




 
Bölməyə aid digər xəbərlər
18.12.2018
“Azərbaycan nadir ölkələrdəndir ki, belə genişmiqyaslı sosial layihə icra edilir”
18.12.2018
Əhalinin banklarda 8 milyard manatdan çox əmanəti var
18.12.2018
Azərbaycanda innovasiya sahəsində görülən işlər Avropa İttifaqında təqdim olunub
18.12.2018
Azərbaycan on bir ayda ən çox İtaliya, Türkiyə və İsrailə məhsul ixrac edib
18.12.2018
Bu il 41 rayondan olan 151 fermerə 10 milyon manat aqrar kredit verilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10529

1 Anara Hacıbəyli Pirallahı rayonunda YAP ərazi təşkilatının sədri seçilib
2 “Tbilisi elə bir yerdir ki, burada zamanın necə keçdiyini hiss etmirsən”
3 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
4 Gələn ildən işlə bağlı müraciətlər elektron qaydada aparılacaq
5 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info