Müxalifətin sosial şəbəkələrdəki fəaliyyəti uğursuzluğa düçar olur
Tarix: 19.11.2016 | Saat: 00:07:00 | E-mail | Çapa göndər


Son günlər AXCP-nin sədri Əli Kərimli və qondarma "Milli şura"nın bəzi üzvləri özlərinin və radikal düşərgəyə xidmət edən media orqanlarının “Facebook” səhifələrində Azərbaycan gənclərini hədəfə alıblar. Əli Kərimli, Gültəkin Hacıbəyli, Cəmil Həsənli və digərləri sosial şəbəkələrdə fəallıq göstərən, radikal müxalifət partiyalarının yarıtmaz fəaliyyətini tənqid edən, Azərbaycanın uğurları haqqında çoxsaylı şərh və statuslar paylaşan gəncləri "trol"lar adlandırır, onların ünvanına təhqirlər də yağdırırlar.
Gültəkin Hacıbəylinin "YAP, səhifələrimizə xoş gəldin", "Azadlıq" qəzetinin "Əli Kərimlidən YAP trollarına öldürücü cavab" başlıqlı yazı və paylaşımlarında, Əli Kərimlinin özünün isə 3 statusunda bu mövzuda absurd fikirlər yer almaqla bərabər, həmin paylaşımların şərhlər bölməsində Kərimlinin nəzarətində olan "trol"lar tərəfindən Azərbaycanın sağlam gənclərinin ünvanına böhtan və təhqirlər ifadə olunub. Açıq şəkildə görünür ki, radikallar gənclərin sosial şəbəkələrdəki fəallığından çox dərin narahatlıq keçirirlər. Maraqlı bir sual ortaya çıxır. Uzun müddətdir ki, Azərbaycan gəncləri sosial şəbəkələrdə kifayət qədər fəal olduqları halda, bu, Kərimli və onun dəstəsini niyə indi narahat etməyə başlayıb?
Sirr deyil ki, AXCP sədri real siyasi müstəvidə ardıcıl məğlubiyyətə uğraması və ictimaiyyətin dəstəyindən məhrum olması səbəbindən bütün fəaliyyətini virtual məkana transfer edib. Ona görə də məhz "trollar"ın xidmətlərindən faydalanaraq sosial şəbəkələrdə özünün "piar" kampaniyasını həyata keçirməyə çalışıb. AXCP-nin mətbəxinə bələd olan adamlar mətbuata açıqlamalarında bəyan ediblər ki, təkcə Əli Kərimli və onun müavinlərinin yüzlərlə "saxta profillər"i var. Məsələn, Ə. Kərimlinin sabiq müavini Razi Nurullayev hələ 2 il əvvəl deyirdi ki, AXCP-də partiya funksionerlərinə "Facebook"da yüzlərlə saxta profil yaratmaq tapşırılıb: "Bəzilərinin 100-110 saxta profili var idi. "Facebook"da şərtlər sərtləşdirildikdən sonra onların yarısı bağlandı. Amma indi də partiyanın idarə heyətində təmsil olunan şəxslərin 30-40 saxta profili var”. "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu da rəhbərlik etdiyi qəzetə qarşı AXCP və Əli Kərimli tərəfindən sosial şəbəkələrdə "qara piar" kampaniyası aparıldığını söyləmişdi. O, Əli Kərimlinin konkret bu tapşırığın icrası üçün kompakt bir qrup yaratdığını, həmin qrupun da "internet hücumları" həyata keçirdiyini açıqlamışdı. Müsavat Partiyasının başqanı Arif Hacılı, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Ümid Partiyasının sədri İqbal Ağazadə, "Milli şura"nın keçmiş üzvləri və digərləri də müxtəlif vaxtlarda bununla bağlı şikayətləri dilə gətiriblər. Beləliklə, bir fakt təsdiqini tapır ki, Kərimli və onun ətrafındakı azsaylı qrup həmişə "trol"ların və "saxta profillər"in vasitəsilə bəzən AXCP sədrinin guya ciddi fiqur olması yönündə rəy formalaşdırmağa çalışıb, bəzən də bu üsulla rəqiblərinə qarşı çirkli təbliğat aparmaq həvəsinə düşüb. Hazırda isə vaxtilə Kərimlinin "trol"luğunu edən azsaylı qrup da AXCP sədrinin yaralarına məlhəm olmur. Onlar verilən müxtəlif şirnikləndirici vədlərin, pafoslu bəyanatların real həyatda öz təsdiqini tapmadığını görüb, Kərimlidən üz döndərirlər. Əgər bir neçə ay əvvəl Kərimlinin günəmuzd "trol"larının sayı onlarla ifadə olunurdusa, artıq bu gün onların sayı barmaqla sayılacaq qədər azdır. Azərbaycan dövlətinin və xalqının maraqlarını qoruyan sağlam gənclər ordusunun sıraları isə gündən-günə genişlənir, antimilli ünsürlərin zərərli və zəhərli kampaniyalarına qarşı gənclərin müqaviməti artır. Gənclər Əli Kərimlinin, Gültəkin Hacıbəylinin, Cəmil Həsənlinin, "Azadlıq" qəzetinin, "Azadlıq" radiosunun və "Meydan TV"-nin sosial şəbəkələrdəki səhifələrində yazdıqları şərhlərdə Azərbaycanda mövcud olan real inkişaf göstəricilərini, milli maraqlara xidmət edən informasiyaları təbliğ etməklə yanaşı, böhtan və təhrif olunmuş məlumatlara da faktlarla cavab verir, antimilli müxalifətin yarıtmaz fəaliyyətini ifşa edirlər. Bu da Əli Kərimlini, Gültəkin Hacıbəylini, Cəmil Həsənlini və antiazərbaycan dairələrin sifarişlərini icra edən digərlərini narahat edir.
Dağıdıcı düşərgə üzvlərinin "troll" məsələsində irəli sürdükləri iddiaların çürük olduğunu sübut edən başqa bir fakt ondan ibarətdir ki, Kərimlinin dəstəsinin diqqətini indi çəkən gənclər, əslində, həmişə sosial şəbəkələrdə Azərbaycan dövlətinin və xalqının maraqlarını ləyaqətlə qoruyub, ölkəmizin uğurlarının təbliğində, tarix və mədəniyyətimizin tanıtımında fəal şəkildə iştirak edib, bu virtual meydandan məhz dövlətimizin müdafiəsi naminə uğurla faydalanıblar. Hələ ötən il keçirilən Avropa Oyunları ərəfəsində, həmçinin mühüm beynəlxalq forum və konfranslar, ölkəmiz üçün əhəmiyyət kəsb edən digər tədbirlər zamanı da bu gənclər ordusunun yüksək fəallığı sayəsində Azərbaycanın təbliğinə xidmət edən səhifələr, "həştəqlər" dünyada ən çox müraciət olunan və ən geniş təbliğ olunan səhifə və "həştəqlər" sırasında ilk onluqda qərarlaşıb. Azərbaycan gənclərinin Xocalı soyqırımı, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı paylaşımları beynəlxalq ictimaiyyətin də diqqətini çəkib, Gənclərimizin bu fəallığından Kərimlinin xəbərsiz olmasını, bunu yeni cəmiyyətə bir situasiya kimi təqdim etməyə çalışmasını da başa düşürük. Çünki Azərbaycan gəncləri məhz bu səmərəli fəaliyyətlə məşğul olduğu vaxtlarda AXCP sədrinin oğlu Türkel Kərimli ABŞ-da Azərbaycanın işğal edilmiş torpaqlarında yaradılmış separatçı rejimin rəhbəri Bako Saakyanın oğlu ilə çiyin-çiyinə antiazərbaycan təbliğatı aparır, Kərimlinin xaricdəki manqurt gəncləri Avropanın müxtəlif şəhərlərində erməni diasporu üzvlərinin iştirakı və maliyyə dəstəyi ilə ölkəmizlə bağlı təxribat xarakterli tədbirlərdə "əziz qonaq" kimi iştirak edir, hədyanlar, şər-böhtanlar yağdırırdılar. Yəqin ki, Kərimlinin başı onda bu cür zərərli işləri koordinasiya etməyə qarışdığı üçün o, Azərbaycan gənclərinin sosial şəbəkələrdə nə ilə məşğul olduqlarını bilməyib ki, bu gün sözügedən sayıqlamaları ilə gündəmdə qalmağa çalışır.
Beləliklə, sadalananlar fonunda belə bir qənaət hasil olur ki, siyasi mübarizənin bütün platformalarında məğlub olan Əli Kərimli, onun faktiki nəzarətində olan "Milli şura" üzvləri və digər dağıdıcılar artıq sosial şəbəkələrdə də Azərbaycanın sağlam gəncləri qarşısında öz "dərslərini alırlar". Xalqın imtina etdiyi, Azərbaycan siyasi palitrasının autsayderi hesab olunan bu dəstə sosial şəbəkələrdə də məğlub olurlar. Buna görə də gənclərin tənqidləri qarşısında dözümsüzlük nümayiş etdirərək şərhləri silir, şəbəkə istifadəçilərini bloklayırlar. Kərimli və ətrafındakılar artıq uduzan tərəf olmaqdan yorulub və fəal gənclərə qarşı hikkələrinin səbəblərindən biri də budur.
Aqşin Şahinoğlu




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Yaxın zamanlarda Slovakiyanın Azərbaycanda səfirliyinin açılması nəzərdə tutulur
13.11.2018
Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb
12.11.2018
Aİ nümayəndəsi: Azərbaycan yaxın zamanlarda insan kapitalının artırılmasına və inkişafına nail olacaq
12.11.2018
KİV-ləri Qərbdəki ayrı-ayrı qüvvələrin maraqlarına tabe etdirməyə çalışanlar...
12.11.2018
Lukaşenko: “Bizim qapılar Azərbaycan üçün açıqdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10463

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info