“Made in Azerbaijan” brendinə Naxçıvan töhfəsi
Tarix: 22.11.2016 | Saat: 18:21:00 | E-mail | Çapa göndər


Son illərdə yaranmış yeni iqtisadi şəraitdə ölkəmizin ixrac potensialının daha da artırılması və onun qeyri-neft məhsullarının çeşidləndirilməsi istiqamətində qəbul olunmuş mühüm qərarlar “Made in Azerbaijan” brendinin formalaşdırılması və onun dünyaya tanıdılması zərurətini bir daha ortaya qoyub.
Azərbaycanın öz milli brendinin yaradılması müstəqilliyimizin bəhrəsidir. Şübhəsiz, ötən əsrdə keçmiş ittifaq daxilindəki Azərbaycanın bir çox məhsulları brend şəklində, ancaq başqasının adı ilə xaricə ixrac olunub. Neftlə yanaşı, Azərbaycanda istehsal olunmuş çay, şərab, tütün, mineral sular, kondisionerlər və digər məhsullar təkcə ittifaqda deyil, xaricdə də tanınıb. Ancaq müstəqilliyimizin əldə olunması və iqtisadiyyatımızın güclənməsi ilə bu imkanlar daha da artıb və ixracatdakı brendləşmə günün zərurətinə çevrilib.
Brend və brendləşmə nədir? Şübhəsiz, bu mühüm iqtisadi anlayış oxucularımız üçün maraqlıdır. Brend hər hansı məhsul və ya xidmətin öz keyfiyyəti və faydalılığı ilə analoqlarından əhəmiyyətli dərəcədə fərqlənərək istehlakçı seçimində rəqibsiz hala gəlməsi, yəni öz adı ilə tanınmasıdır. Brend­ləşmə isə belə bir arzuedilən səviyyəyə çatmaq üçün aparılan uzunmüddətli və məqsədyönlü fəaliyyətdir. Göründüyü kimi, brend səviyyəsinə çatmaq heç də göydən düşən bir hədiyyə deyil, eyni zamanda istehsal imkanlarının və dünya bazarının tələbatlarının düzgün qiymətləndirilməsi ilə əldə olunan bir səviyyədir. Bu, kifayət qədər xərc və zəhmət tələb edən bir iş olsa da, bəhrəsi çoxdur. Belə ki, bu gün özünün yüksəkkeyfiyyətli məhsulları ilə dünya bazarında tamamən brendləşmiş yapon mallarına ödənilən məbləğin hardasa yarısı məhz onların marka dəyərinə görə ödənilir və bu da həmin ölkənin iqtisadiyyatına qatılan ikiqat güc deməkdir. Deməli, “Made in Azerbaijan”, yəni “Azərbaycanda istehsal olunmuşdur” brendinin formalaşdırılması, ölkəmizin iqtisadiyyatının daha da gücləndirilməsi üçün hər birimizin töhfəsi olmalı, bu barədə hər bir yerdə düşünməli, danışmalı, tanıtmalıyıq.
Müasir dünyada brend məhsullar geniş yayılıb. Bunlara hər yaşdan olan insanın yaxşı tanıdığı oyuncaqlardan avtomobillərə, ərzaq məhsullarından geyimlərə, universitetlərdən turizm mərkəzlərinə, pərakəndəçilərdən banklara, səhiyyə xidmətlərindən dərmanlara, mobil telefonlardan ətriyyat mallarına, mebellərdən müdafiə sənayesi məhsullarınadək mümkün ola bilən bütün sahələrdə rast gəlinir. Evdə, işdə, səyahətdə və digər sahələrdə istifadə olunan belə məhsul və xidmətlər özünün faydalılığı, estetikası və keyfiyyəti ilə seçilir, onlara dəyər verilir. Brend məhsullar həm də ölkəni tanıdır. Başqa sözlə, hamının dəyərini yüksək qiymətləndirdiyi hər hansı brendə məxsus mal və xidmətlər onun sahibi olan ölkədəki işgüzarlıqdan, burada beyin məhsuluna verilən dəyərdən, standartlara ciddi nəzarətdən, istehlakçı hüquqlarına hörmətdən, xidmətlər zamanı yüksək mədəniyyətdən xəbər verir. Bu baxımdan bir ölkəni təmsil edən brend məhsulu və onu istehsal edən firmanı həm də xoşməramlı missioner kimi qiymətləndirmək mümkündür. Məhz buna görə də ölkəmizi xarici bazarlarda təmsil edəcək hər bir məhsulu milli qürurumuz kimi görməli, bu istiqamətdə görülən hər bir işə layiqli töhfə verməliyik.
Naxçıvan Muxtar Respublikası da özünün unikal təbii-mineral sərvətləri, turizm ehtiyatları və emal sənayesi məhsulları ilə yaxşı tanınır. Bundan əlavə, son illərdə muxtar respublikada özəl bölmənin inkişafına dövlət dəstəyinin daha da gücləndirilməsi yerli məhsulların istehsalını artırıb, ixrac imkanlarını genişləndirib. Qeyd edək ki, hazırda muxtar respublikada 344 növdə məhsula olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir. Bununla yanaşı, Naxçıvandakı bir çox müəssisə artıq xarici bazarlarda özünəməxsus yer tutmağa başlamışdır. Belə ki, bu gün muxtar respublikada fəaliyyət istiqamətinə görə 51 müəssisə ixrac qabiliyyətinə malikdir. Həmin müəssisələr tərəfindən 60 növdə məhsulun istehsalı həyata keçirilir. Bu gün muxtar respublikada qida məhsullarının ekspertizası üzrə beynəlxalq akkreditasiyadan keçmiş və İSO 17025-2005 tələblərinə cavab verən laboratoriya fəaliyyət göstərir ki, ixrac əməliyyatlarında tələb olunan bir sıra sertifikatlar məhz buradan təmin olunur. Naxçıvanda fəaliyyət göstərən şirkətlərə xarici bazarlara çıxışın təmin edilməsində ixrac təşviqlərinin verilməsi, onlara xarici bazarlara çıxış üçün müxtəlif dəstək mexanizmlərinin tətbiqi dairəsi genişlənir. Belə ki, artıq muxtar respublikada “İnvestisiya təşviqi sənədi”nin tətbiqinə başlanmışdır. Bununla yanaşı, Naxçıvanda istehsal olunmuş məhsulların xarici bazarlarda reklamı, onların dünyada qəbul olunmuş standartlar səviyyəsində dizaynı və başqa bu kimi məsələlər öz aktuallığını qoruyur. Qeyd edək ki, muxtar respublikamızda bu sahədə beynəlxalq keyfiyyət idarəetmə sistemləri (İSO) tətbiq olunur. Burada ixracatçılara logistik xidmətlərin göstərilməsi və daha sərfəli nəqliyyat yollarının müəyyən olunması, xarici ölkələrdə bazar araşdırılmalarının aparılması və vahid şəmsiyyə altında məhsulların satışının təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
Hazırda Naxçıvan Muxtar Respublikasında istehsal edilən çox sayda məhsul ixrac baxımından perspektivli hesab olunur. Məhsul ixracı marketinq və reklam işinin təşkili ilə birbaşa əlaqəlidir. Bu baxımdan sərgilərdə iştirak, reklam kampaniyalarının təşkili, təbliğat işləri xüsusi əhəmiyyət kəsb edir. Son illərdə muxtar respublikadan 1385 nəfərdən çox nümayəndə 62 xarici ölkə sahibkarları ilə keçirilmiş 256-dan çox yerli və beynəlxalq əhəmiyyətli sərgi, biznes-forum və konfranslarda iştirak etmişdir. Təkcə 2016-cı ilin ötən dövründə 140 nəfər 16 beynəlxalq əhəmiyyətli tədbirə qatılmışdır. Muxtar respublikada istehsal olunan bir sıra məhsullar Birləşmiş Ərəb Əmirliklərində və İran İslam Respublikasında keçirilmiş sərgilərdə nümayiş olunmuşdur. 2017-ci ildən etibarən bu kimi tədbirlərdə dövlət maliyyə dəstəyi ilə həyata keçiriləcək ticarət missiyaları çərçivəsində ixracatçı sahibkarların daha məqsədyönlü iştirakı nəzərdə tutulur.
Naxçıvanın əsas ixrac məhsullarından məşhur mineral sularımızı, təbii duzu, vafli məmulatlarını, emal olunmuş ət və meyvə məhsullarını, qazlı aromatlaşdırılmış içkiləri, spirtli içkiləri, meyvə şirələrini, yüksəkkeyfiyyətli tikinti məhsullarını, o cümlədən Naxçıvan sementini, gips, gips lövhələr, məsaməli beton məmulatları və mərmər, travertin daş məmulatlarını, xam dəri, metal məmulatlarını, mebel və digər çox sayda məhsulları misal göstərmək olar. 2016-cı ildə muxtar respublikada istehsal olunan sement, gips, gips lövhələr, məsaməli beton, mebel dəstləri, döşək dəstləri, vafli məmulatları, dekorativ metal məmulatları Gürcüstana, yarımfabrikat dəri, mebel dəstləri, mərmər, travertin, mineral sular Türkiyəyə, məsaməli beton məmulatları İrana, mineral sular və tərəvəz məhsulları Ukraynaya, Litvaya, Birləşmiş Ərəb Əmirliklərinə, Rusiyaya ixrac olunub. Ümumilikdə, 2016-cı ilin 9 ayı ərzində muxtar respublikadan məhsul ixracının həcmi 302 milyon ABŞ dollarını ötüb.
Son illər muxtar respublikada ixrac potensiallı bölmənin inkişafına təkan verəcək yeni müəssisələrin yaradılması rəqabətədayanıqlı məhsulların sayını daha da artırıb. Cari il oktyabrın 31-də “Naxçıvan Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti üçün inşa olunmuş istehsal sahələri və anbarın istifadəyə verilməsi münasibətilə keçirilən tədbirdə bu məsələnin əhəmiyyətinə diqqətçəkən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri muxtar respublikada istehsal olunan məhsulların Naxçıvan brendi ilə xarici bazarlara çıxarılması və tanıdılması tapşırığını verib. Qeyd edək ki, brend yüksək potensialı olan digər bir sahə də turizmdir. Belə ki, Naxçıvanın “Badamlı” və “Sirab”ı kimi “Batabat” və “Əshabi-Kəhf”i də artıq brend kimi tanınmaqdadır. Muxtar respublikada beynəlxalq turizmin inkişaf etdirilməsi ilə adi mal və məhsul ixracından daha sərfəli olan turizm məhsulunun ixracı imkanı yaranır ki, bu da hazırkı dövrdə ölkəmizdə qeyri-neft sektorunun əsas prioritetləri arasındadır.
Şübhəsiz, hər ixrac məhsulu hələ brend deyildir. Ancaq unutmayaq ki, bu gün dünyada güclü brend kimi tanınan məhsulların istehsalçıları da bir vaxtlar xarici bazarlara çıxmaq üçün öz kövrək addımlarını atıblar, yardım və lobbiçilik dəstəyi alıb, beynəlxalq sərgi və yarmarkalarda iştirak edib, tanınıblar. Ancaq əldə olunan təcrübə və müşahidələr onu göstərir ki, insan üçün faydalı olan istənilən məhsulu xarici bazarlarda brend kimi tanıtmaq mümkündür. Bunun üçün isə uzunmüddətli iş və qətiyyət qədər milli məhsullarımıza öz marağımız da lazımdır.
Əli CABBAROV
"Şərq qapısı" qəzetinin əməkdaşı




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info