Müxalifətdə bir-birinə zidd blokların çoxalması hara aparır?
Tarix: 02.04.2013 | Saat: 23:36:00 | E-mail | Çapa göndər


Aydın Hüseynov: “Düşərgədə çoxlu
blokun olması onsuzda zəif olan müxalifətin uduzmasını daha da asanlaşdırır”


Prezident seçkisi yaxınlaşdıqca müxalifətdə təmsil olunan ayrı-ayrı qüvvələr də aktivləşməyə çalışır. Amma bu aktivlik düşərgədə bir-birinə zidd olan formatların ortaya çıxması ilə müşayiət olunur. Belə ki, hazırda “ictimai palata”da təmsil olunan Müsavat və AXCP-nin bir-birinə zidd olduğu və güzəştə getməyəcəyi aydındır.

Belə olduğu təqdirdə, bu iki partiya bir-birinə zidd mövqelərdən seçkiyə gedəcək və hərə öz namizədini irəli sürəcək. Müsavatın yan-yörəsindəki yeddi cırtdan partiya ilə ayrıca blok formalaşdıracağı da ağlabatandır. Əli Kərimli isə yəqin ki başqa bir blokda təmsil olunacaq. Bundan başqa, ADP sədri Sərdar Cəlaloğlu, Ümid Partiyasının sədri İqbal Ağazadə, Xalq Partiyasının sədri Pənah Hüseynin bir araya gəlməkdə olduğu başqa bir blokun ortaya çıxması gözlənilir. Həmçinin son günlər Yaşıllar Partiyasının sədri Mais Gülalıyev, VİP sədri Əli Əliyev, Ədalət Partiyasının sədri İlyas İsmayılovun daha başqa bir blok formalaşdıracağı gözlənilir. Artıq bununla bağlı mediaya açıqlama verilib. Bundan başqa “El” adlı hərəkat yaratdığını elan etmiş Eldar Namazovun da seçkidə öz bloku olacaq. Beləliklə, ən azından 5 müxalif seçki format ortada olacaq. Bunların sayının artacağı isə istisna edilmir. Buraya ayrıca şəxslər və partiyalar şəklində namizədliklərini irəli sürən müxalifləri də əlavə etmək lazımdır. Beləliklə, müxalifət bu qədər bloklara parçalanmış şəkildə seçkiyə gedir. Bu isə parçalanmış və ziddiyyətlərin əsiri olan müxalifət üçün seçkidə uğursuzluq deməkdir. Bu barədə “Palitra”ya fikirlərini bildirən Yeni Azərbaycan Partiyasının Qaradağ rayon təşkilatının və YAP Siyasi Şurasının üzvü Aydın Hüseynov bu məsələ ilə bağlı fikirlərini belə bildirir: “Əslində seçki ərəfəsində bütün siyasi qüvvələr öz qüvvələrini sınamaq üçün üzə çıxmağa çalışırlar. Azərbaycanda bu baxımdan demokratik şərait var və bu da həmin qüvvələrə seçki ilə bağlı təşkilatlanmaq imkanı verir. Bu, normal haldır. Amma sadəcə olaraq bu təşkilatlanmaların xarakteri, səviyyəsi və məqsədi burada əsas götürülməlidir. Prezident seçkiləri olan ildə özünü gündəmə gətirməyə çalışan müxalif siyasi qüvvələrin hədəflərinin nə olması əsasdır. Burada qeyd edərdim ki, müxalifətdə təmsil olunan və yaxud formalaşmaqda olan ayrı-ayrı bloklar əslində daha çox bir-birilərilə rəqabətə girməyə ümid edə bilərlər. Onlar yalnız ana müxalifətçilik uğrunda yarışda bir-birilərindən qabağa çıxa bilərlər. Çünki bu qədər çoxlu sayda blokun müxalifətdə təmsil olunması onsuzda zəif olan müxalifətin iqtidarla rəqabətdə uduzmasını daha da asanlaşdırır. Belə bir halda onlar seçkidə hər hansı uğur qazanmağa yox, yalnız müxalifətdəki cüzi səs uğruna yarışa bilərlər. Bu isə həmin səsləri bir az da parçalayacaq”.
A.Hüseynov bildirdi ki, bu cür qüvvələr müxtəlif iddialarla çıxış etsələr də, reallıqda parçalanmış və pərakəndə, eyni zamanda bir-birilərilə çoxtərəfli ziddiyyət şəraitində seçkiyə gedirlər: “Bu baxımdan cəmiyyət müxalifətin hazırda hansı səviyyədə olduğunu çox yaxşı görür və qiymətini verir. İndiyə qədər onlar heç bir siyasi uğura nail olmayıblarsa və öz siyasi bacarıqlarını təsdiqlədə bilməyiblərsə, bundan sonra hər hansı bir imic qazanacaqlarına inanmaq çətindir”.
YAP Siyasi Şurasının üzvü bildirdi ki, həmin qüvvələrin iddialarının arxasında heç bir reallıq və əməli fəaliyyət dayanmır: “Onlar indiyə qədər verdikləri heç bir vədi doğrulda bilməyiblərsə və həmişə seçkilərdə uğursuzluqlara düçar olublarsa, hansı bloklarda birləşirlər, birləşsinlər, heç bir faydası yoxdur. Necə deyərlər, toplananların yerini dəyişəndə cəm dəyişmir. Hərçənd ki, müxalifətdə hazırda müxtəlif blokların yaranması və onların bir-birinə zidd olması ilə bağlı toplama yox, çıxma əməlindən və azalandan danışmağın yeri var. Hazırda müxalif partiya sədrlərinin açıqlamaları yalnız qəzet üzərində hay-küy yaratmaqdan, bir-birilərinə sataşmaqdan ibarətdir. Ona görə də cəmiyyət bunları qəbul etmir və hər şeyin yalan olduğunu görür. Bu cür köhnəlmiş metodlarla və “siyasi texnologiyalar”la cəmiyyətin diqqətini cəlb etmək olmaz. Bunlar fərqində deyillər ki, indiyə qədər cəmiyyəti aldadıblar və bircə dəfə də seçkilərdə qalib gələ bilməyiblər. Hazırda isə ən zəif dövrlərini yaşayırlar. Bunun bir səbəbi də odur ki, hazırkı iqtidar yalançı müxalifətin əksinə olaraq, verdiyi bütün vədləri yerinə yetirir, əhalinin sosial rifahı, iqtisadi inkişaf, modernləşmə sahəsində bütün vədlər yerinə yetirilir. Regionların inkişafı, gənclər, elm, təhsil və sair sahələrlə bağlı konkret dövlət proqramları icra edilir və bu sahələrdəki nailiyyətlər getdikcə daha da intensivləşməkdədir. Əhali sosial-iqtisadi nailiyyətləri gündən-günə öz həyatnda daha yüksək səviyyədə hiss edir. Ona görə də insanlarlımızın etimadı və inamı yalnız indiki iqtidaradır. Prezident İlham Əliyev hər bir azərbaycanlının Prezidenti olacağı ilə bağlı verdiyi sözü çoxdan sübut edib. Ölkənin bütün regionlarının sinxron inkişafı, sabitlik və tərəqqi də bundan xəbər verir. Belə olduğu təqdirdə, müxalifət necə alternativ qüvvə kimi çıxış edə bilər?”
A.Hüseynov qeyd etdi ki, seçki yaxınlaşdıqca müxalifət düşərgəsində canlanma görüntüsü daha da intensivləşəcək, amma bu görüntü, təbii ki, mahiyyətdən xəbər vermir. Çünki bu canlanma birinci növbədə müxalifətdəki bloklar arasında olan ziddiyyətlərlə ortaya çıxacaq ki, bu da daxili çaxnaşmalardan xəbər verir və sonda seçkidə müxalifətin məğlubiyyətinə və tam siyasi iflasına aparır.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10494

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info