Azərbaycana sərmayə qoymaq istəyən xaricdəki həmvətənlərimizə güzəştlər tətbiq olunacaq
Tarix: 30.11.2016 | Saat: 01:09:00 | E-mail | Çapa göndər


Milli Məclisin dünən keçirilən iclasında bir sıra qanunlara dəyişikliklər edildi. Bunlar "Bələdiyyələrin statusu haqqında", "Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında", "Azərbaycan Respublikasında dövlət dili haqqında", "Poçt haqqında", "Çayçılıq haqqında", "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında", "Teatr və teatr fəaliyyəti haqqında", "Dərman vasitələri haqqında" və "Bədən tərbiyəsi və idman haqqında" qanunlara dəyişikliklərdir. Layihələr ayrı-ayrılıqda səsə qoyularaq qəbul olundu.

İnternetdə Azərbaycan
Prezidentini təhqir
edənlər həbs oluna bilər

Azərbaycanda internet informasiya məkanında dövlət başçısının - Prezidentin şərəf və ləyaqətini ləkələmə və ya alçaltma cəhdi cinayət məsuliyyəti yaradacaq.
Baş prokuror Zakir Qaralovun Cinayət Məcəlləsinin 323.1-ci (Azərbaycan dövlətinin başçısının-Azərbaycan Respublikası Prezidentinin şərəf və ləyaqətini kütləvi çıxışda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində ləkələmə və ya alçaltma) maddəsinə əlavələrin edilməsi ilə bağlı təklifi Milli Məclisin dünən keçirilən iclasında müzakirə olundu.
Layihəyə əsasən, bu maddədə “və ya kütləvi informasiya vasitəsində” sözləri “kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında” sözləri ilə əvəz edilir. Buna görə qüvvədə olan sanksiya 500 manatdan 1000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmədir.
Qanuna 323.1-1 maddəsinin əlavə olunması da təklif edilir. Maddədə deyilir: “323.1-ci maddədə nəzərdə tutulmuş əməllər internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə törədildikdə, 1000 manatdan 1500 manata qədər cərimə və ya 3 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.
Layihə səsə qoyularaq qəbul olundu.

Saxta profil və adlarla yalan məlumat yayanlar cinayət məsuliyyətinə cəlb ediləcək
İclasda Azərbaycanda internet informasiya ehtiyatında saxta istifadəçi ad və ya hesablardan istifadə edərək böhtan və təhqirlərə yol verməyin cinayət məsuliyyəti sayılması təklifi müzakirə olundu. Qeyd edək ki, Baş prokuror Zakir Qaralov tərəfindən Cinayət Məcəlləsinə 148-1 (İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ay təhqir etmə) maddəsinin əlavə edilməsi təklif edilib. Yeni maddəyə əsasən, internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə 1000 manatdan 1500 manata qədər cərimə və ya 360 saatdan 480 saata qədər ictimai işlər, yaxud 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Yeni maddənin “Qeyd” hissəsində isə göstərilir ki, bu maddədə “saxta istifadəçi adlar, profil və ya hesablar” dedikdə internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə istifadəçinin şəxsiyyətini eyniləşdirməyə imkan verməyən, yəni ad, soyad və ya ata adına dair yalan məlumat yerləşdirilmiş və ya belə məlumatlar gizlədilmiş, habelə digər şəxsə aid məlumatlardan onun razılığı olmadan istifadə edilməklə yaradılmış istifadəçi adlar, profil və ya hesablar başa düşülür. Müvafiq olaraq Cinayət Prosessual Məcəlləsinə də uyğunlaşdırma düzəlişlər təklif edilir. Layihə səsə qoyularaq qəbul olundu.
Azərbaycanda sərmayə qoymaq istəyən xaricdə yaşayan azərbaycanlı iş adamlarına xüsusi gömrük və vergi güzəştlərinin edilməsi təklif olunub. Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev "Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında" qanuna düzəlişlər müzakirə olunan zaman bildirdi ki, dünya azərbaycanlılarının son qurultayında Prezidentin bununla bağlı çağırış etdiyini xatırlatdı: “Biz də dünyada yaşayan azərbaycanlı iş adamlarına vətənə sərmayə qoymaları ilə bağlı xüsusi güzəştlər etməliyik”. O qeyd etdi ki, xaricdə yaşayan azərbaycanlı iş adamlarından kim Azərbaycana sərmayə qoyacaqsa, ona vergi və gömrüklə bağlı xüsusi güzəştlər nəzərdə tutulmalıdır: “Prezidentin çağırışından sonra Diasporla İş üzrə Dövlət Komitəsi də bu məsələ ilə bağlı görüşlər keçirməlidir. Biz də bu işə qoşulaq və qanunvericiliyə bununla bağlı düzəlişlər edək ki, Azərbaycana sərmayə qoymaq istəyənlərin sayı və marağı artsın”.
Spiker Oqtay Əsədov isə bildirdi ki, qanundakı düzəlişlərdə “şərait yaradılması” fikri elə həmin şəxslərə qeyd olunan güzəştləri nəzərdə tutur.
Qanunun 5.3-cü maddəsinə təklif olunan dəyişiklikdə bildirilir ki, “Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilməsi barədə vəsatət qaldıran, xaricdə yaşayan azərbaycanlı müvafiq dövlət rüsumunu ödəməkdən azad edilir” cümləsində “müvafiq dövlət rüsumu ödəməkdən azad edilir” sözləri “tərəfindən dövlət rüsumunun ödənilməsi məsələsi “Dövlət rüsumu haqqında” qanunla tənzimlənir” sözləri ilə əvəz edilir. Beləliklə, xaricdə yaşayan azərbaycanlı Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunmaq üçün müraciət edən zaman ondan bununla bağlı qanuna müvafiq olaraq rüsum tələb olunacaq. Qanunun 6.2-ci maddəsinə edilən dəyişikliyə əsasən isə “Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardım göstərə bilərlər” cümləsində “yardım göstərə bilərlər” sözləri “yardımı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada göstərirlər” sözləri ilə əvəz edilir. Bununla da xaricdə yaşayan azərbaycanlılara sosial yardım göstərmək istəyən hər hansı bir dövlət orqanı bu sahə üzrə müvafiq icra hakimiyyətinin müəyyən etdiyi qayda olmadan göstərə bilməyəcək. Qanunun 7.1 və 11-ci maddələrində isə xaricdə yaşayan azərbaycanlılara xüsusi güzəştlər nəzərdə tutulur. Layihə səsə qoyularaq qəbul olundu.

Azyaşlı uşağı olan
valideynlərə güzəşt olundu

Azərbaycanda 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlərin iş saatının azaldılması nəzərdə tutulur. Bu, Milli Məclisin dünən keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb. Dəyişikliyə əsasən, dövlət qulluğunda olan və 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün iş saatının həftədə 36 saat müəyyən edilməsi nəzərdə tutulub.
Dəyişikliklər səsverməyə çıxarılaraq qəbul edildi.

Hal şahidləri olmadan axtarış aparılmasına icazə veriləcək
Milli Məclisin iclasında "Məhkəmə və hakimlər haqqında" qanuna və Cinayət-Prosessual Məcəlləyə dəyişiklik müzakirə edilib. “Məhkəmələr və hakimlər haqqında” qanunun 101-ci maddəsinə edilən dəyişikliyə əsasən, hakim haqqında cinayət təqibinin həyata keçirilməsinə razılıq verilməsi barədə Azərbaycan Baş Prokurorunun təqdimatına daxil olduğu gündən 72 saat müddətində baxılacaq. Hazırda bu müddət 10 gündür. Məcəllənin 236.4 və 244.1-ci maddələrinə edilən düzəlişlərə görə isə hüquq-mühafizə orqanlarının hal şahidləri olmadan axtarış və müsadirə həyata keçirməsinə imkan veriləcək, eyni zamanda bundan sonra prosesin video çəkilişi aparılırsa, hüquq-mühafizə orqanları əməkdaşlarının hal şahidləri olmadan da axtarış və müsadirə həyata keçirə biləcəyini nəzərdə tutulacaq. Layihələr səsə qoyularaq qəbul olundu.

Dopinqlə mübarizəyə dair qanun qəbul olundu
İclasda “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarıldı. Qanun layihəsi barədə məlumat verən MM-in Gənclər və idman komitəsinin sədri Fuad Muradov bildirdi ki, Azərbaycanda dopinqlə mübarizə sahəsində qanunvericilik bazası olmadığı üçün problemlər olub və qanun bu boşluğu aradan qaldıracaq.
Ötən müddət ərzində komitənin dopinq problemini araşdırdığını deyən F. Muradov qeyd edib ki, müvafiq dövlət qurumlarının mütəxəssisləri cəlb edilməklə hazırlanan “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” yeni qanun layihəsi 8 fəsil, 42 maddədən ibarətdir. Layihədə dopinq nəzarətinin həyata keçirilməsi qaydaları, aşkarlanan pozuntular, idmançılara tibbi xidmətin göstərilməsi qaydaları və digər məsələlər əksini tapıb. Komitə sədrinin sözlərinə görə, qanun layihəsində Milli Antidopinq Agentliyinin (NADA) təsis edilməsi nəzərdə tutulur. Bu agentlik nəzdində apelyasiya komissiyasının, idman arbitrajının yaradılması təklif edilir.
Layihə səsə qoyularaq ikinci və üçüncü oxunuşda qəbul olundu.

Siqaret reklamı və tütün
şirkətlərinə sponsorluq
etmək qadağan olunur


Azərbaycanda tütün və tütün məmulatların reklamı qadağan olunur, tütün və tütün məmulatının istehsalı və (və ya) satışı ilə məşğul olan şəxslərə isə sponsorluq qadağan edilir. Bununla bağlı Milli Məclisin iclasında “Tütün və tütün məmulatı haqqında” qanuna əlavə və dəyişikliklər müzakirə olundu. Qanunun 20-ci maddəsinə təklif olunan dəyişikliyə əsasən, tütünün, tütün məmulatının və onların ləvazimatlarının, o cümlədən tənbəki çubuqlarının, qəlyanların, elektron siqaretlərin, siqaret kağızlarının, alışqanlarının reklamı qadağandır. Qanuna aşağıdakı məzmunda 20.3-cü maddə əlavə edilir: “Tütün və tütün məmulatının istehsalı və (və ya) satışı ilə məşğul olan şəxslər "Reklam haqqında" Azərbaycan Respublikası Qanununun 13.4-cü və 28-ci maddələrinə uyğun olaraq sponsor ola bilməzlər". Layihə səsə qoyularaq qəbul edildi.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“
21.09.2018
Ombudsman: “Yalnız müharibənin acısını yaşamış xalqlar sülhün dəyərini bilir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info